Məhkəmə qərarları › İş №1(003)-572/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-572/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-572/2021 08.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 31 avqust 1988-ci il tarixdə Şamaxı rayonunun Bədəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, xadimə işləyən, əvvəllər məhkum olunmamış, Qobustan rayonunun Bədəlli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Məmmədhüseynov küçəsindəki beşmərtəbəli binada kirayənişin yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 iyul 2021-ci il tarixindən 17 iyul 2021-ci il tarixinədək olan müddət ərzində xadimə işlədiyi Zərərçəkmiş şəxs məxsus Xəzər rayonu Mərdəkan qəsəbəsi Hacı Aslanov küçəsində yerləşən 164 S nömrəli bağ evinin yataq otağında təmizlik edərkən otaqdakı şkafdan 4800 manat pulu, 1190 manat ekvivalentində 700 ABŞ dollarını, güzgülü termonun qarşısından 350 manat dəyərində 3,87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində açıq bənövşəyi rəngli və ümumilikdə 22 ədəd hər biri 0,004 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli brilyant qaşlar olan, qırmızımtılsarı rəngli üzük-kulon dəstini, 300 manat dəyərində 4,11 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğanı, Zərərçəkmiş şəxs məxsus pul kisəsinin içindən isə 687 manat ekvivalentində 30000 (otuz min) Rus rublunu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 7327 (yeddi min üç yüz iyirmi yeddi) manat məğləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, dolanışıq məqsədi ilə iş axtardığı üçün istixanada işləyən keçmiş iş yoldaşı Gülanənin vasitəsilə Mərdəkan qəsəbəsində bağ evində xadimə işinin olmasını öyrəndikdən sonra həmin işə müraciət etmişdir. 03 iyul 2021-ci il tarixdə onun mobil nömrəsinə həmin bağ evinin sahibi Zərərçəkmiş şəxs həyat yoldaşı Nazən xanım zəng edərək çağırmış, o da bağ evinə gələrək onunla görüşmüş və onu bəyənmişlər. Danışıqlarına əsasən, o, hər gün saat 10:00-dan axşam saat 22:00 radələrinədək həmin bağ evində xadimə kimi işləmək müqabilində aylıq 500 manat əmək haqqı alacaqmış. Şərtlər ona uyğun olduğu üçün razılaşmış və 04 iyul 2021-ci il tarixindən etibarən orada işləməyə başlamışdır. Təxminən 10 iyul 2021-ci il tarixdə o, evin yataq otağını təmizləyərkən otaqdakı termo şkafının siyirməsinin içərisində dollar və manatla pullar olmasını görmüş, lakin həmin vaxt oradan pul götürməmişdir. Bundan 2-3 gün sonra o, yenə evdə iş görərkən kreditləri və borcları olduğu üçün pula ehtiyacı olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Evdə tək olanda yataq otağında təmizlik edərkən şkafın içindən manatla olan pulların bir hissəsini, rus rubllarının bir hissəsini, daha sonrakı günlərdə dollarlardan bir hissəsini və sonuncu dəfə 17 iyul 2021-ci il tarixdə təxminən saat 16 radələrində güzgülü termonun siyirməsindəki zərfin içində olan pulların arasından 100 dolları, 300 manat pulu, həmin termonun üzərindən 01 ədəd qaşlı qızıl üzüyü, 1 ədəd klonu və 1 cüt qaşlı qızıl sırğanı gizlicə götürüb oğurlamışdır. Həmin gün ona tez getməyə icazə verdiklərindən, saat 17 radələrində çıxıb öz evinə getmiş və İlqar müəllimin işçisi Turaba da zəng edib səhərisi gün işi olduğunu deyərək icazə almışdır. Etdiyi oğurluğun üstünün açılacağından narahat olduğuna görə daha həmin evə işləməyə getməmişdir. Turab və İlqar müəllim dəfələrlə zəng edərək onu işə çağırsalar da, o, müxtəlif bəhanələr gətirərək ora getməkdən yayınmışdır. Sonra isə etdiyi oğurluğun üstü açılmış və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları onun yerini müəyyən edərək şöbəyə aparıb izahatını aldıqda, o, törətdiyi əməli səmimi etiraf etmişdir. 1 ədəd qaşlı qızıl üzüyü, 1 ədəd klonu və 1 cüt qaşlı qızıl sırğanı Binə qəsəbəsində yaşadığı ərazidə yerləşən qızıl alqı-satqısı mağazasına satmış və əvəzində qızıl-zinət əşyaları almışdır. Oğurladığı pulları götürərkən saymamış, hissəhissə borclarına vermişdir. Belə ki, həmin puldan 100 manatı “Unibank”a, 338 manatı “Soliton” mağazasına ödəmiş, 350 manata bacısı oğluna “Samsung A 50” markalı mobil telefon almış, 1000 manatı özünə və uşaqlarına xərcləmiş, 960 manata bəzi qızıl-zinət əşyaları almış, 3900 manatı rəfiqəsi Nuranəyə borc vermiş, qalıq qalan 1028 manat pulu isə 1-ci PŞ-də təhvil vermişdir. İlk dəfə törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır və hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ittiham aktında göstərilən ünvanına dəfələrlə çağırış vərəqəsi, mobil telefonuna isə “sms” göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclaslarına gəlməmiş, telefonla əlaqə saxlayaraq hazırda Moskva şəhərində olması ilə əlaqədar üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, onun Xəzər rayonu Mərdəkan qəsəbəsi Hacı Aslanov küçəsində yerləşən 164 S nömrəli bağ evində xadimə işləmiş Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixindən 17 iyul 2021-ci il tarixinədək olan müddət ərzində evin yataq otağında təmizlik edərkən otaqdakı şkafdan 4800 manat pulu, 1190 manat ekvivalentində 700 ABŞ dollarını, güzgülü termonun qarşısından 350 manat dəyərində 3,87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində açıq bənövşəyi rəngli və ümumilikdə 22 ədəd hər biri 0,004 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli brilyant qaşlar olan, qırmızımtıl-sarı rəngli üzük-kulon dəstini, 300 manat dəyərində 4,11 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğanı, 687 manat ekvivalentində 30000 (otuz min) Rus rublunu isə onun pul kisəsinin içindən gizli olaraq talayıb ona 7327 (yeddi min üç yüz iyirmi yeddi) manat məğləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, 2016-ci il tarixindən rəsmi olaraq lisensiya almaqla Binə qəsəbəsi “Ağsaray” TM-də qızıl mağazasını icarə əsasında işlədir, qızılların alqı-satqısı məşğul olur. 28 iyul 2021-ci il tarixdə təxminən saat 18 radələrində o, qızıl dükanında iş yerində olarkən bir nəfər təxminən 30 yaşlarında qadın 1 ədəd qızıl sirkon qaşlı üzük və 1 ədəd qızıl sirkon qaşlı klonu satmaq istədiyini bildirmiş və təqdim etmişdir, o da götürüb həmin qızılları 135 manata qiymətləndirmiş, daha sonra isə həmin qadın 1 cüt sirkon qaşlı sırğanı təqdim etmiş və o, həmin qızılı da ölçmüş və sırğaları 202 manata qiymətləndirmişdir. Həmin qızılların hamısı 585 əyyarlı olmuşdur. Beləliklə, o, həmin qadından 1 ədəd qızıl sirkon qaşlı üzük və 1 ədəd qızıl sirkon qaşlı klonu, 1 cüt sirkon qaşlı sırğanı ümumilikdə 337 manata almış və şəxsiyyət vəsiqəsinin surətini alaraq öz xətti ilə üzərində qeydlər apartdırıb, imzalatdırmış, vəsiqəni aldıqda ona məlum olmuşdur ki, həmin qadın Təqsirləndirilən şəxsdır. Sonradan Günel ondan başqa qızıl almaq istədiyini demiş və özü bəyəndikdən sonra o, 1 ədəd sirkon qaşlı qızıl üzüyü, 1 ədəd qızıl klonu və 1 cüt qaşsız qızıl sırğanı 700 manata hesablayıb ona satmış, Günel də ona həmin məbləğdə pulu ödəyib qeyd edilən qızılları almışdır. O, Güneldən 1 ədəd qızıl sirkon qaşlı üzüyü və 1 ədəd qızıl sirkon qaşlı klonu, 1 cüt sirkon qaşlı sırğanı alarkən onların oğurluq yolu ilə əldə edilməsini bilməmişdir. 29 iyul 2021-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PB-nin əməkdaşları ona zəng edərək onun Güneldən aldığı qızılların oğurluq olmasını və qaytarmaq lazım olduğunu bildirmiş, o da könüllü olaraq Xəzər RPİ-nin İŞ-nə gələrək həmin 1 ədəd qızıl sirkon qaşlı üzüyü, 1 ədəd qızıl sirkon qaşlı klonu, 1 cüt sirkon qaşlı sırğanı istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, o, dolanışıq məqsədi ilə fərdi əməklə və təmir-tikinti işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs 2005-ci ildən tikinti işləri görərkən tanımış və onunla yaxın münasibəti, dostluğu yaranmışdır. Rusiya FR-nın vətəndaşı olan və orada yaşayan İlqar müəllim 21 iyun 2021-ci il tarixdə Bakı şəhərinə gəlmiş və Mərdəkan qəsəbəsi Hacı Aslanov küçəsindəki bağ evində ailə üzvləri ilə qalmağa başlamışdır. İlqar müəllim Bakıya gəldikdən sonra onunla görüşdükdə Mərdəkanda yaşadığı - anasından qalmış evdə işləmək üçün qadın xadimə, qulluqçu tapmağı ona tapşırmış, o da tanışlarının vasitəsi ilə soraqlaşıb 29 iyul 2021-ci il tarixdə xadimə işləmək istəyən bir nəfər qadının mobil nömrəsini İlqar müəllimə vermişdir. İlqar müəllim də həyat yoldaşı Nazən xanıma həmin nömrəni vermişdir ki, danışsın və bəyənsə, evə çağırsın. Nazən xanım danışıb, razılıq verdikdən sonra 04 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs həmin bağ evinə gələrək qulluqçu-xadimə kimi işləməyə başlamışdır. Təxminən 2021-ci ilin iyul ayının 20-si ərəfəsində o, İlqar müəllimin evinə qonaq getdikdə İlqar müəllim ona evinə xadiməçi kimi işləməyə gələn Günel adlı qadının evindən pullarını və qızılları oğurlamasını bildirmişdir. Bundan sonra bir müddət İlqar müəllim Günelin oğurladığı pulları və qızılları könüllü olaraq qaytarmasını gözləsə də, Günelin vurduğu ziyanları ödəməməsini görüb 30 iyul 2021-ci il tarixdə Xəzər RPİ-nin 1ci PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. İş materiallarında olan kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəməəmtəəşünaslıq ekspertizasının 07 sentyabr 2021-ci il tarixli 9/3733 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 1) 3,87 qram kütləli, üzərində açıq bənövşəyi rəngli və ümumilikdə 22 ədəd rəngsiz şəffaf qaşlar olan, qırmızımtıl-sarı rəngli üzük-kulonun dəsti 583/585 əyyarlı qızıldan hazırlanmışdır. Üzərində olan rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddirbrilyantdır. Qaşların 22 ədədi hər biri 0,04 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətlidir.; 2) 4,11 qram kütləli, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğa 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyil. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla təqdim edilən zərgərlik məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 650,00 manat müəyyən olunur. O cümlədən: - 3,87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində açıq bənövşəyi rəngli və ümumilikdə 22 ədəd hər biri 0,004 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli brilyant qaşlar olan, qırmızımtıl-sarı rəngli üzük kulon dəsti 350,00 manat; - 4,11 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğa 300,00 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bağ evindən oğurladığı pullardan qalıq qalan və üzərində saxladığı 1028 manat pul Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən götürülərək fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ilkin araşdırma zamanı Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən 30 iyul 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs evinə hər hansı qanunsuz olaraq daxil olma faktı aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 30 iyul 2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Əkpərov X3 Günel Tarif qızı tərəfindən ona satılmış oğurluq yolu ilə əldə edilmiş 01 cüt sadə sirkon qaşlı qızıl sırğanı, 1 ədəd bənovşəyi sirkon qaşlı üzüyü və eyni qaşlı 01 ədəd qızıl klonu və şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim etmişdir. Həmin “A4” formatlı vərəqə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin vərəqdə X1 AZE ********* şəxsiyyət vəsiqəsinin surətinin altında “qızılı satdım, 585 əyarda, 2,69 qram 135 m, bir üzük, bir klon, bir sırğa, 3,8 q 202 m sözləri əlyazma xətti ilə yazılıb, imza edilib. Təqsirləndirilən şəxs tərəfindən Şahid1 28 iyun 2021-ci il tarixdə satılmış 01 cüt sadə sirkon qaşlı qızıl sırğa, 1 ədəd bənövşəyi sirkon qaşlı üzük və eyni qaşlı 01 ədəd qızıl klon və şəxsiyyət vəsiqəsinin surəti götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı baxış keçirilərkən Zərərçəkmiş şəxs ona təqdim edilmiş 01 cüt sadə sirkon qaşlı qızıl sırğanı, 1 ədəd bənövşəyi sirkon qaşlı üzük və bənövşəyi sirkon qaşlı 01 ədəd qızıl klonu əlamətlərindən tanıdığını və onun evindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qızıl-zinət əşyaları olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, cinayət işi üzrə İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 3,87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində açıq bənövşəyi rəngli və ümumilikdə 22 ədəd hər biri 0,004 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli brilyant qaşlar olan, qırmızımtıl-sarı rəngli üzük - kulon dəsti, 4,11 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğa və 1028 manat pul maddi sübut kimi tanınaraq sahibinə - Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılıb notarial qaydada təsdiq olunaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2021-ci il tarixdə ona CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Məmmədhüseynov küçəsindəki beş mərtəbəli binada kirayənişin yaşadığı mənzildə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutlar – cinayət işi üzrə İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 3,87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində açıq bənövşəyi rəngli və ümumilikdə 22 ədəd hər biri 0,004 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli brilyant qaşlar olan, qırmızımtıl-sarı rəngli üzük - kulon dəsti, 4,11 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğa və 1028 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 100,00 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 30 iyul 2021-ci il tarixdən 31 iyul 2021ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Məmmədhüseynov küçəsindəki beşmərtəbəli binada kirayənişin yaşadığı mənzili axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – cinayət işi üzrə İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 3,87 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində açıq bənövşəyi rəngli və ümumilikdə 22 ədəd hər biri 0,004 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli brilyant qaşlar olan, qırmızımtıl-sarı rəngli üzük - kulon dəsti, 4,11 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 cüt sırğa və 1028 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar