Məhkəmə qərarları › İş №1(003)-573/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-573/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-573/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında video-görüntü vasitəsilə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 09 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyindəki qara rəngli şalvarının sağ qabaq cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artiq miqdarda 1 ədəd bükümdə ümumi təmiz çəkisi 3,251 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhməməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazırda Ədliyyə Nazirliyinin X2 cəza çəkir. 2021-ci ilin fevral ayında öz ərizəsi ilə 3 saylı X1 Müalicə Müəssisəsinə təsərrüfat xidmətində işləmək üçün gətirilmiş, rejim qaydaları, hüquq və vəzifələri ona izah olunmuşdur. 08 sentyabr 2021-ci il tarixdə müəssisəyə təzə gətirilən və saxlanılan qəbul şöbəsinin qabağında tanımadığı və üstlərində hələ axtarış aparılmamış bir neçə məhkumun dayandığı yerdə 1 ədəd ağ rəngli sellofanda büküm görmüş, kənarda dayanaraq hamı gedəndən sonra həmin bükümü götürüb şalvarının sağ cibinə qoymuşdur. Sonra təklikdə həmin bükümü açan zaman əvvəllər psixotrop maddələrin istifadəçisi olduğu üçün sellofanın içindəki kristalşəkilli maddənin “şüşə” kimi bilinən metamfetamin olduğunu görmüş, gələcəkdə özünün qəbul etməsi məqsədi ilə bükümü bağlayıb yenidən cibinə qoyub saxlamışdır. 09 sentyabr 2021-ci il tarixdə müəssisə əməkdaşları onu xidməti otağa dəvət edərək hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişlər. Bu zaman əynindəki qara rəngli şalvarın sağ qabaq cibində olan həmin sellofan içərisində metamfetamin olan bükülü aşkar edilərək götürülmüşdür. Sorğu zamanı bildirmişdir ki, həmin maddə psixotrop maddə olan metamfetamindir və onu müəssisə ərazisindən tapmışdır. Sonra həmin maddə onun iştirakı ilə qablaşdırılmış, üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin X3 əməliyyat şöbəsinin böyük inspektoru X7 göstərdi ki, o, 09 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edib üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs ƏŞ-nin rəisi vəzifəsini icra edən Ruslan Aslanovun xidməti otağına dəvət edərək orada onun, Ruslan Aslanovun, ƏŞ-nin inspektoru Şahid4 və müəssisənin X8 böyük nəzarətçisi Şahid5 və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə üzərində axtarış-baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan-qabaq cibindən bir ədəd sellofana bükülü vəziyyətdə ağ rəngli kristallik şəkilli maddələr aşkar edilmiş, ondan bu maddənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, bildirmişdir ki, həmin maddə “şüşə” adlandırılan psixotrop maddə - metamfetamindir və onu bir gün əvvəl müəssisənin ərazisində yerdən tapmış, özü qəbul etməsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan maddə kağız zərfə qoyularaq möhürlənib götürülmüş, axtarış barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 əməliyyat şöbəsinin inspektoru Şahid4 və həmin Müəssisəsinin RNŞ-ni böyük nəzarətçisi Şahid5 elan edilmiş ifadələri ilə onların da şahid X5 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmələri müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 yeməkxana müdiri Şahid1 Lətif oğlu göstərdi ki, 09 sentyabr 2021-ci il tarixdə müəssisənin əməkdaşlarının dəvəti ilə xidməti otağa gedərkən orada müəssisənin əməliyyat şöbəsinin əməkdaşları Ruslan Aslanov, Rantiq Qələndrov, X6 nəzarətçisi Şahid5 olmuşdur. Sonra həmin otağa müəssisənin yataqxana müdiri işləyən Şahid2, daha sonra isə Təqsirləndirilən şəxs gəlmişdir. Həmin otaqda onun və Şahid2 hal şahidləri ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış aparılarkən sonuncunun əynindəki qara rəngli şalvarının sağ yan-qabaq cibindən bir ədəd sellofana bükülü vəziyyətdə ağ rəngli kristallik şəkilli maddələr aşkar edilmişdir. Abdulla Hüsyenzadədən bu maddənin nə olduğunu və haradan əldə etldiyini soruşduqda, o, bildirmişdir ki, həmin maddə “şüşə” adlandırılan psixotrop maddə - metamfetamindir və həmin maddəni bir gün əvvəl müəssisənin ərazisində yerdən tapmış, özü qəbul etməsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan maddə kağız zərfə qoyularaq möhürlənib götürülmüş, axtarış barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 yataqxana müdiri Şahid2 da Şahid1 Lətif oğlunun ifadəsinə uyğun məzmunda ifadə verməklə onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan axtarış-baxış keçirilməsi haqqında 09 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ qabaq cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artiq miqdarda 1 ədəd bükümdə ümumi təmiz çəkisi 3,251 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 6/3976 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində PX X4 məxsus “Zərflər üçün” möhür əksi, “...Məhkum Təqsirləndirilən şəxs oğlu...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,251 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 3,251 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 3,201 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz, doxsan) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış əlavə məhkəmə-kimyəvi ekspertizasının 05 oktyabr 2021-ci il tarixli 6/4303 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Məhkum Təqsirləndirilən şəxs oğlu...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,201 qram ağ rəngli kristallik hissəciklərdən kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 08 sentyabr 2021-ci il tarixli 6/3976№-li ekspert arayışına əsasən tədqiqat zamanı metamfetaminin təmiz çəkisi 3,251 qram olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manatdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahıİ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 3696 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş, və ekspertizadan sonra qalıq qalan 3,151 qram psixotrop maddə - metamfetamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 07 oktyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hal-hazırda Ədliyyə Nazirliyinin X2 cəza çəkir, 24 noyabr 2021-ci il tarixə 10 (on) ay 29 (iyirmi doqquz) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 24 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 24 noyabr 2021-cı il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, hazırda həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 3,151 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 191,72 (bir yüz doxsan bir, yetmiş iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının 24 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 24 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, hazırda həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 3,151 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 191,72 (bir yüz doxsan bir, yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar