Məhkəmə qərarları › İş №1(003)-574/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-574/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-574/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 9,93 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 4,52 qram, 1,35 qram, 1,62 qram və 2,44 qram olmaqla əldə edib 01 ədədi şəffaf rəngli sellofana, 03 ədədi isə siqaretin gümüşü rəngli kağızına bükülmüş halda qara rəngli pul kisəsinin içərisində üzərində saxlamaqla 04 avqust 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "Atçılıq" yaşayış massivində yerləşən "Hacının dükan” adlanan əraziyə daşımış, həmin gün orada saat 18:30 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər rayon polis idarəsinin 2-ci PŞ-nin əməkdaşları tərəfindən xidmət aparılarkən həmin ərazidə törədilmiş oğurluq hadisəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər rayonu Zuğulba qəsəbəsi Zuğulba prospekti 100 ünvanda yerləşən 2-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, saat 18:45 radələrində Xəzər rayon Pİ-nin 2-ci PŞ-nin Növbətçi Hissəsinə təhfil verildiyi vaxt həmin otaqda növbətçi polis əməkdaşları tərəfindən üzərinə videoçəkilişdən istifadə etməklə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ arxa cibində 01 ədədi şəffaf rəngli sellofana, 03 ədədi isə siqaretin gümüşü rəngli kağızına bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 4,52 gram, 1,35 qram, 1,62 qram va 2,44 qram olmaqla ümumi təmiz çəkisi 9,93 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana qara rəngli pul kisəsinin içərisində cəmi 04 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, üzdən tanıdığı lakin, adını bilmədiyi şəxsdən özü üçün marixuana almışdır. Həmin marixuananı o, toy məclisində istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün sinif yoldaşı və həmkəndlisi Şahid4la görüşüblər Binə qəsəbəsində yerləşən “Hacının dükanı” adlanan yerin yaxınlığında olan zaman mülkü geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onları yaşadıqları evin yaxınlığında baş vermiş oğurluq hadisəsi ilə bağlı polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun baş vermiş oğurluqla əlaqəsi olmadığı müəyyən edilmişdir. Onlar onunla fərdi söhbət edən zaman üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predimet olub-olmaması soruşulduqda üzərində 4 büküm qurudulmuş marixuana olduğunu bildirmişdir. Videoçəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı o, əynində olan boz rəngli şalvarın sol cibindən ona məxsus mobil telefonu və arxa sağ cibində olan pul qabının içərisində saxladığı 4 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ona qarşı heç bir təzyiq edilməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid2 bildirdi ki, 04 avqust 2025-ci il tarixdə xidməti ərazidə baş vermiş oğurluqlarla bağlı 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili X4 və 2-ci PŞ-nin sahə rəisi, polis kapitanı Şahid1 ilə birlikdə xidmət apararkən Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən “Hacının dükanı” adlı yerin yaxınlığında iki nəfər şübhəli şəxsin onları görən kimi istiqamətlərini dəyişdiyini görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman onlar şübhəli hərəkətlər edərək sorğu- sualdan yayınmağa çalışmışlar. Onlardan özlərini təqdim etmələri istənildikdə həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid4 kimi təqdim etmişdir. Bundan sonra onları polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişlər. Onlara üzərlərinə videoçəkilişlə baxış keçirilməsi zərurətini izah etmişlər. Sonra baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan boz rəngli şalvarın arxa sağ cibindən qara rəngli pul qabını çıxarıb onun içərisində olan 4 ədəd bükümü təqdim etmiş və içində marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxs fiziki və ya psixoloji təsir edilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi, polis kapitanı Şahid1 və 2-ci PŞ-nin sahə rəisi Şahid3 Nizam oğlu məhkəmə iclasında iştirak etmədikləri üçün onların ifadələri elan edilmişdir. Şahid1 və Şahid3 Nizam oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadələrində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişlər. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 04 avqust 2025-ci il tarixdə onun doğum günü olduğundan sinif yoldaşı və həmkəndlisi Təqsirləndirilən şəxs ilə həmin gün axşam saatlarında görüşməyi planlaşdırmışlar. O, Təqsirləndirilən şəxslə yaşadıqları ərazi olan Binə qəsəbəsi, Atçlılq YYS-də Hacının dükanının yaxınlığında görümüşlər. Onlar görüşüb birlikdə dəniz kənarına gedən zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin ərazidə oğurluq olduğunu və həmin oğurluqda onların şübhəli olduqlarını deyərək onları Xəzər RPİ-nin 2- ci PŞ-ə dəvət etmişlər. Onlar da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Növbətçi Hissədə onlara üzərlərində qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olub-olmadığını, olduğu təqdirdə təhvil verilməsi təklif edildikdə o,üzərində olan mobil telefonu təqdim edərək üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə pul kisəsində olan dörd büküm qurudulmuş marixuananı çıxarıb verərək öz istifadəsi üçün aldığını bildirmişdir. O, qeyd etmişdir ki, həmin marixuana bükümlərini alması üçün Təqsirləndirilən şəxs pul verməmiş, həmin gün onun ad günü olduğundan onlar Şənliklə dəniz qırağına gedib oturub biryerdə çay içmək fıkrləri varmış. Şənliyin üzərində narkotik vastə olduğundan xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanan zaman üzərindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş və 03 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qurudulmuş marixuana bitkisinə bənzər bükümlər, Poco F3” markalı qara rəngli telefon və pul kisəsindən 01 ədəd 50 azn əskinaz. 01 ədəd 5 azn əskinaz, 01 ədəd 1 əskinaz, 01 ədəd 1 ABD dolları əskinaz, 2 ABD dolları əskinaz. 5 ABD dolları əskinaz aşkar edilərək götürülməklə qablaşdırılmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 19:50-19:56 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan şalvarının arxa sağ cibindən qara rəngli pul qabını çıxarıb onun içərisində olan 04 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içində qurudulmuş marixuana olduğunu bildirmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-7/1042/2025 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdə 01 (bir) ədəd sellofan bükülüdə və 03(üç) ədəd gümüşü rəngli kağız bükülülərdə ayrı- ayrı təmiz çəkiləri: 4.52 qram; 1.35 qrm; 1.62 qram; 2.44 qram olan bitki mənmənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 9.93 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan video görüntü, təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 5077 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» adlı İ siyahıya əsasən təmiz çəkisi 9,93 qram olan qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, etdiyi əməldən peşman olaraq səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 9,73 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 78 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 9,73 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 78 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 165 manat olmaqla, cəmi 385 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar