Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-576/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın tətbiq edilərək ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, həmin şəxs sosial şəbəkələr, mesajlaşma vasitələri və üçüncü şəxslərlə kommunikasiya kanalları vasitəsilə onun barəsində aldatma, dələduzluq və digər cinayət xarakterli əməllər törətməyi barədə əsassız və uydurma məlumatlar paylaşmaqla, cəmiyyət arasında onun etibarını sarsıtmağa, nüfuzuna xələl gətirməyə və şəxsi-işgüzar reputasiyasına ziyan vurmağa yönəlmiş məqsədli fəaliyyət həyata keçirmişlər. Onların bu koordinasiyalı fəaliyyəti ona həm mənəvi ziyan vurmuş, həm də işgüzar münasibətlərinə, kommersiya fəaliyyətinə ciddi zərər yetirmişdir. Belə ki, 10 noyabr tarixində o, ünvan 1 ünvanda olduğu zaman oğlu ona bildirmişdir ki, "Tik-Tok" platformasında "azərbaycan realllığı", "info plyus", "zamiq quliyev" və digər xəbər saytlarında barəsində onun nüfuzuna xələl gətirən məlumatlar yayılıb, paylaşımlar edilib. Həmin saytların redaksiyası ilə əlaqə saxladıqdan sonra, heç bir hüquqi əsası olmayan nümayiş olunmuş məlumatların təkzibi dərc edilmişdir. Mediadan istifadəsi tükəndikdən sonra sakitləşməyən Emin Məliksoy, sonucu dəfə 09 noyabr 2025-ci il tarixdə ona pul verməyəcəyi tədqirdə və onunla razılaşmayacağı tədqirdə, rüsvayedici videoları paylaşacağı ilə hədələdi, ailəsini küçə söyüşləri ilə təhqir edərək, onu təhdid etməyə çalışırdı. Bundan sonra həmrəy olduğu şəxslərin köməkiliyi və məsləhətləri ilə, Məliksoya aid "Tik-Tok" platformasında "Bakı Avto" adlı hesabdan açıq şəkildə onu "Maşənnik", "Dələduz" "Yalançı", "Faizlə pul verən", "Fırıldaqçı", müxtəlif mənşəyi bəlli olmayan səhifələrədən şərh bölümündə onun ailəsinə və ona təhqir və böhtan xarakterli şərhlərlə zəngin yalan və əsassız ifadələrlə təqdim etmiş, bu məlumatları geniş auditoriyaya çatdırmış, bununla da onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ciddi zərər vurmuşdur. "Tik-Tok" platformasında "Bakı Avto" adlı hesabdan yayılan məlumatlar tam şəkildə böhtandır, heç bir hüquqi və faktiki əsas yoxdur. X3 həmin akkauntun sahibi olması vizual əlamətlərlə (əlindəki "$" (Dollar)) işarəli döyməsi görüntüsü ilə təsdiqlənir. 15 noyabr 2025-ci il tarixdə tərəfindən Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Bölməsində təhqiqat araşdırması aparılıb və o, İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsi ilə təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin 15 noyabr 2025-ci il tarixli 3(003)-2535/2025 saylı qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunmuşdur. Proses zamanı Məliksoy Emin özü "Tik-Tok" platformasında "Bakı Avto" adlı hesabından yayılan məlumatların onun tərəfindən yayılmasını etiraf etmişdir. Xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X5 və xüsusi ittiham qaydasında verən şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə hazırlıq iclasının onların iştirakları olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən məhkəmə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət verən X1 şikayəti əsassızdır. Belə ki, şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyini, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini qeyd etməmiş, həmçinin şikayətin dəlillərini təsdiq edən sübutları əks etdirməmişdir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Əlavə olaraq məhkəmə qeyd edir ki, şikayətçi aidiyyət qaydalarına da əməl etməmişdir. Belə ki, barəsində şikayət verilmiş şəxsin yaşayış yeri Xəzər rayonu ərazisində deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 299, 300.1.3, 302.1.7, 302.2.3 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-576/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-576/2025
11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver