Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-578/2021 08.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Lənkəran rayonunun Siyobili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonunun Siyobili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivi nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivi ərazisində yerləşən “Üç qardaş” adlanan marketin qarşısında X3 ilə aralarında yaranmış mübahisə zəminində Urşan Əliyevin sol qolunu burub yerə yıxaraq sol dirsəyin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının hemartrou xəsarətləri yetirib Urşan Əliyevin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 15 iyul 2021-ci il tarixdə, təxminən saat 22 radələrində Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivi ərazisində oğlu Əli ilə birlikdə yaşadıqları evə getmək məqsədilə taksiyə əyləşərək taksi sürücüsündən – sonradan adını bildiyi X1 onları “Üç qardaş” adlanan marketin qarşısına aparmağını istəmişlər. Həmin ünvana çatdıqda Əli taksi sürücüsünə 10 manat vermişdir ki, gediş haqqı olan 2 manatı çıxsın və o, pulu çıxana kimi onlar avtomobildən düşmüşlər. Sürücü pulu verib hərəkətə başlayarkən Əli pula baxıb bildirmişdir ki, taksi sürücüsü pulu düzgün qaytarmamışdır. Onlar dərhal fit verərək həmin taksi sürücüsünü dayandırmışlar. O, taksi sürücüsünə yaxınlaşaraq “bizi lox bilmisən” deyərək pulu düz qaytarmağını istəmiş, onun bu sözündən sonra sürücü ona verdikləri pula baxıb pulun 10 manat olduğunu görmüş və ona əlavə olaraq 5 manat pul qaytarmış, həmçinin bildirmişdir ki, avtomobilin salonu qaranlıq olduğuna görə pulun 10 manat olduğunu bilməmiş, buna görə pulu səhv qaytarmışdır. Həmin vaxt o, sərxoş vəziyyətdə olduğundan, fikirləşmişdir ki, taksi sürücüsü onun sərxoş vəziyyətdə olmağından istifadə edərək onları aldatmaq istəmişdir. Odur ki, sürücünün sözlərinə inanmamış və ona söyüşlə ağsaqqallığına hörmət qoymağını bildirmişdir. Onun bu sözü sürücünün xoşuna gəlməmiş, o da ona söyüşlə cavab qaytarmışdır. Bundan sonra o, sürücünü itələyib yerə yıxmış, bunu görən oğlu Əli gəlib onu ayırmış, sürücü yerdən qalxıb avtomobilinə əyləşərək çıxıb getmiş, o da oğlu ilə birlikdə öz yaşadıqları evə getmişlər. Törətdiyi bu əməldən peşman olaraq Urşan ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Urşanın ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, o, Lerik rayonu Mondigah kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşayır, taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazanaraq ailəsini dolandırır. 15 iyul 2021-ci il tarixdə saat 21:35 radələrində Binə qəsəbəsi Atçılıq massivi ərazisinin giriş hissəsində taksi fəaliyyəti ilə məşğul olan zaman tanımadığı iki nəfər şəxs ona məxsus “VAZ-2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək onları Atçılıq massivi ərazisində yerləşən ”Üç qardaş” adlanan marketin qarşısına aparmağını istəmişlər. Həmin şəxsləri dedikləri ünvana çatdırmış və onlardan biri ona pul verərək gediş haqqını çıxmağını istəmiş, o isə pulun 5 manat olduğunu güman edərək ona 3 manat qaytarmış, onları avtomobildən düşürdərək bir qədər aralaşmış, bu zaman həmin şəxslər fit verərək onu çağırmışlar. Avtomobili saxlamış, həmin şəxslərdən biri – sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “bizi lox bilmisən” deyərək pulu düz qaytarmağını istəmiş, o, dərhal ondan aldığı pula baxmış və görmüşdür ki, onun verdiyi pul 5 manat deyil, 10 manat imiş. Bundan sonra həmin şəxsə 5 manat qaytarmış, avtomobilin salonunun qaranlıq olduğunu və verdiyi pulun 10 manat olduğunu görmədiyini bildirərək üzrxahlıq etmək istəmiş, lakin o, ona imkan verməyərək nalayiq sözlərlə onun ünvanına söyüşlər söymüş, sol qolunu burub onu yerə yıxmış, bu zaman həmin şəxsin yanında olan digər şəxs onları ayırmış və oradan çıxıb getmişlər. Hazırda Semxan onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Semxandan heç bir şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Semxan barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 15 iyul 2021-ci il tarixdə, təxminən saat 22 radələrində Binə qəsəbəsi Atçılıq massivi ərazisində atası Semxan ilə birlikdə yaşadıqları evə getmək məqsədilə taksiyə əyləşmişlər və taksi sürücüsündən onları “Üç qardaş” adlanan marketin qarşısına aparmağını istəmişlər. Həmin ünvana çatdıqda o, taksi sürücüsünə 10 manat vermişdir ki, gediş haqqı olan 2 manatı çıxsın. Sürücü pulu çıxana kimi onlar avtomobildən düşmüşlər. Taksi sürücüsü pulu verib hərəkətə başlayarkən o, pula baxıb atasına bildirmişdir ki, sürücü pulu düzgün qaytarmamışdır. Onlar dərhal fit verərək həmin sürücünü dayandırmışlar. Atası Semxan sürücüyə yaxınlaşaraq “bizi lox bilmisən” deyərək pulu düz qaytarmağını istəmişdir. Atasının bu sözündən sonra sürücüsü ona verdikləri pula baxıb pulun 10 manat olduğunu görmüş və atasına əlavə olaraq 5 manat da qaytarmış, həmçinin bildirmişdir ki, avtomobilin salonu qaranlıq olduğuna görə pulun 10 manat olduğunu bilməmiş və buna görə pulu səhv qaytarmışdır. Həmin vaxt atası sərxoş vəziyyətdə olduğundan onun sözlərinə inanmamış və ona söyüşlə ağsaqqallığına hörmət qoymağını bildirmişdir. Atasının bu sözü sürücünün xoşuna gəlməmiş, o, da atasına söyüşlə cavab qaytarmışdır. Bundan sonra atası sürücünü itələyib yerə yıxmış, o, dərhal onları ayırmış, taksi sürücüsü yerdən qalxıb avtomobilinə əyləşmiş və oradan çıxıb getmişdir. O, da atası ilə birlikdə öz yaşadıqları evə getmişlər. Həmin vaxt orada atası Semxan, taksi sürücüsü və ondan başqa heç kim olmamışdır. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 iyul 2021-ci il tarixli 824 saylı rəyindən görünür ki, Urşan Əliyevin bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol dirsəyin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının hemartrou küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 15 iyul 2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Urşan Əliyevin bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 25 oktyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan və 21 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və zərərçəkmiş şəxs X3 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 08 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X2, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 05 (beş) iş saatına görə 30,00 (otuz) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 06 (altı) iş saatına görə 36 (otuz altı) manat olmaqla cəmi 66,00 (altmış altı) məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 30,00 (otuz) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 36,00 (otuz altı) manat olmaqla cəmi 66,00 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-578/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-578/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver