Məhkəmə qərarları › İş №1(003)-58/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-58/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-58/2021 02.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştrakı ilə X10 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X10 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmələri, ona dəymiş maddi zərərə görə 1000 (bir min) manat və mənəvi zərərə görə 10000 (on min) manat təzminatın X9 və X6 onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsillidir, yaşadığı Zirə qəsəbəsində uzun illərdir mövsümi ticarətlə məşğul olaraq ailəsini dolandırır. Həmkəndlisi, bir qəsəbədə yaşadığı, əvvəldən heç bir tanışlığı olmayan X8 tərəfindən gözləmədiyi halda, ticarətlə məşğul olduğu yerdə, onu tanıyan insanların (kütlənin) içərisində şərəf və ləyaqəti alçaldılaraq, eyni zamanda işgüzar nüfuzuna zərbə vurularaq nalayiq formada təhqir olunmuşdur. Belə ki, onunla heç bir ədavəti olmadığı halda, demək olar ki, hər gün işlədiyi əraziyə gələrək onun fəaliyyətinə mane olur, onun barəsində əsassız olaraq müvafiq orqanlara şər və böhtan xarakterli ərizələr yazır (həmin yazıların böhtan xarakterli olması aidiyyəti orqanların araşdırması zamanı öz əksini tapmışdır), eyni zamanda onun ticarət apardığı yerə gələrək insanların içərisində ona qarşı nalayiq ifadələr işlədərək onun bu ərazidə işləməyinə imkan verməyəcəyini bildirir ki, bu da onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirir. Belə bir böhtan mənəvi və fiziki sarsıntılarının dərəcəsinə mənfi təsir göstərmiş, şərəf və ləyaqəti “ayaqlar” altına sərilmiş, işgüzar nüfuzuna, eyni zamanda ərazidə fəaliyyət göstərən və onun illərlə müştərisi olan insanların qarşısında illər bahasına qazandığı hörmət və ehtiram, necə deyərlər, puç edilmiş, sağlamlığı ilə bağlı ciddi problemləri yaranmışdır. Bu məsələ ilə bağlı bir aydan çox o, fəaliyyət göstərə bilməmişdir ki, bu da ailəni dolandırmaqda onu maddi cəhətdən çətin duruma salmışdır. Hesab edir ki, şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması ona maddi və mənəvi zərər vurmuş, psixi sarsıntılar keçirməyinə səbəb olmuşdur. Buna dair mötəbər sübutları məhkəməyə təqdim edəcəkdir. Fəaliyyət göstərmədiyi müddətdə bu hadisə ilə bağlı həkimlərə və əsəblə bağlı dərman preparatlarına 1000 manat xərci çıxmış, ona vurulan mənəvi ziyanın əvəzini isə 10000 manat dəyərində qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinə əsasən, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. Odur ki, bütün bu dediklərini nəzərə alaraq işə obyektiv və ədalətli baxmağı xahiş edir. Çünki, o, həqiqətən haqlı olaraq öz şikayətini müdafiə edir. Onun məqsədi kimisə şərləmək və onu qanunsuz azadlıqdan məhrum etməyə nail olmaq deyil. Onun məqsədi pozulmuş hüquqlarının müdafiəsi və bərpası, ədalətin bərpa olması və bir zərərçəkmiş kimi ona dəymiş maddi və mənəvi zərərin ödənilməsidir. Xüsusi ittiham qaydasında şikayəti olduqca həssas bir məsələyə, həm şəxsi, həm ailə dəyərlərinə toxunduğu üçün, təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş Cinayət Məcəlləsinin xüsusi hissəsinin dispozisiyasında nəzərdə tutulmuş ən sərt cəzanın tətbiq olunması məqsədilə məhkəmədən təqsirləndirilən şəxslər X12 oğlunun və X7 barəsində qanunvericiliyə əsasən Cinayət Məcəlləsinin 147- 148-ci maddələrində nəzərdə tutulmuş ən sərt cəzanın tətbiq edilməsini, həkimlərə və əsəblə bağlı dərman preparatlarına xərclədiyi 1000 (min) manat və ona vurulan mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat pulun təqsirləndirilən şəxslər X12 oğlundan və X6 tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək ərizədə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 və X11 məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmiş, lakin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 onlayn ərizə ilə məhkəməyə müraciət edərək dünyada yayılmış “Covid-19” virusu ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Həmçinin, X13 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xüsusi ittihamçı Abusətdar Fəxrəddin ilə heç bir zaman əlaqəsi olmamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verməsinə baxmayaraq cavabdehin ərizəsində qeyd etdiyi bütün xüsusatlar ona qarşı deyilən yalan məlumatlardır. Şikayətçinin ilk növbədə özünün də qeyd etdiyi kimi, onun səyyar (mövsümi) ticarəti qanunla nəzərdə tutulmuş qaydada və ölkədə və dünyada baş verən “Covid-19” virusunun tüğyan etdiyi bir zamanda və pandemiyadan da əlavə, ölkənin qərarlarına zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qararı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 20.1-ci bəndinə əsasən səyyar (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazirlərdə həyata keçirilə bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddasinin 4-cü bəndinə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr, idarələr, təşkilatlar və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, avtonəqliyyat vasitələrinin zərərli tullantılarından ətraf mühitin qorunması sahəsində qüvvədə olan qaydaların, normativlərin və standartların tələblərinə riayəf edilməsində dövlət nəzarətini təmin etmək polis əməkdaşlarının və digər qurumların vəzifələrindən biridir. Bəhs edilən və öz təsdiqini tapmış küçə ticarətinin bütün zərərli fəaliyyətini əsas gətirərək və Dövlətə zərər vuraraq qanunsuz fəaliyyət göstərməsi cənab Prezidentin gedən müharibə şəraitində qərarlarınına əməl edilməməsi Prezidentin siyasətinə xələl gətirir. O da bunun üçün və ən başlıca olaraq Azərbaycan vətandaşı olaraq Azərbaycan Respublikasının qərarlarının tərəfdarı olaraq adını belə bilmədiyi şəxs haqqında yalnız qanunsuz və həyati təhlükə mənbəyi olduğu üçün xüsusi dövlət orqanlarına müraciət etmiş və müraciətində şər-böhtan olmadığı öz əksini cavab məktublarında və vizual olaraq da dövlət orqanlarının əməkdaşları gözləri ilə görüb şahidi olmuşlar. Dövlət orqanları tərəfindən də qanunsuz olan bu ticarətin qarşısı tam olaraq alınmışdır. Həmin şəxslə bir dəfə də olsun tanışlığı olmamış və barəsində qaldırdığı xüsusi ittiham şikayəti belə qanunda göstərilən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür, kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Abusətdar Fəxrəddin adlı şəxs öz şəxsi nömrəsindən (+**********71) Zirə sakininə zəng etdirərək ona təziqlər etmiş, hətta dövlət əleyhinə “20 Yanvar” günündə Prezident iqamətgahı qarşsında təbliğat aparacağı ilə Polisi, dolayısı ilə də onu hədələmişdir. Bu barədə məlumatı polis əməkdaşı Firudin Həsənov (+**********44) bildirmişdir. Abusətdar Fəxrəddin adlı şəxsin öz ərizəsində qeyd etdiyi kimi, o, əraziyə gəlib onunla nalayiq ifadələr işlətdiyini deyərək ona birmənalı şəkildə şər-böhtan atmasıyla yanaşı səhhətinə mənəvi zərər vurmuşdur. Atdığı böhtanın sübuta yetirilməsi üçün “GBS” kabel Zavodunun yaxınlıqında yerləşən birbaşa şəkildə həmin ərazini çəkən TŞK kameralarının açılıb baxılmasını tələb edir və həmin böhtana görə məhkəmə öz təşəbbüsü ilə cinayət qanuni ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. Və bundan əlavə, onun avtomaşınına məxsus video qeydiyyatçıda da bunu subuta yetirmək olar ki, həmin şəxs ona qarşı şər-böhtan atmışdır. Qeyd olunanlara əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanılmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğundan və qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin öz fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamin manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətçi hansı böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması, həmçinin, hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması göstərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə X10 və X7 hansı hərəkət və hərəkətsizliyinin Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkət və hərəkətsizliyinin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət tərkibini yaratması göstərilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Xüsusi ittihamçı X1 X10 və X7 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhər Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar