Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-580/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 16 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi - 0,396 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 23 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «Bazar Store» mağazasının yaxınlığına kimi daşımış, həmin gün orada saat 12:15-də Xəzər RPİ-nin 3-cü PŞ-nin və DYPŞ-nin əməkdaşları tərəfindən idarə etdiyi «Merjedes Benz» markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 13:50-də Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ cibindən şəffaf sellofan kəsiyinə bükülmüş təmiz çəkisi - 0,396 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, marşrutda sürücü işləyir. Səhər-səhər marşurtla iki dəfə dövr etmişdir. Hər gün səhər saatlarında təxminən 06:00-06:10 radələrində marşrutla əlaqədar evdən çıxırmış. O, Binə qəsəbəsində “parniklərin ərazisi” deyilən yerdən sərnişinləri götürərək Binə qəsəbəsinin mərkəzinə doğru sərnişin daşıma ilə məşğul olmuşdur. Həmin gün, yəni 23 aprel 2024-cü il tarixdə saat 8-ə işləmiş ikinci dövriyyə üçün Binə qəsəbəsinə gəlmiş və yenidən qayıtmışdır. Təxminən saat 10:00-10:10 radələrində Binə qəsəbəsinin mərkəzinə gələrək sərnişinləri “Bazar Store” marketin qarşısında düşürmüşdür. Maşını digər tərəfə, yəni Buta marketin qarşısında saxlamaq üçün sürmüşdür. Bu zaman svetofora çatmamış 3 nəfər şəxs, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları, Hüseyn, Kənan və Fərid maşını yolun ortasında saxlamışlar. Hüseyn maşının sağ qapısını açıb maşına daxil olmuşdur. Kənan və Fərid isə maşının digər tərəfində yolun ortasında onun əllərini qandallamışdır. Bu olan hadisələr hamısı 7196 və 7037 saylı Təhlükəsizlik Şəhər Kameralarının yaxınlığında baş vermişdir. Kameralar vasitəsilə çəkilmişdir. Bundan sonra onu düşürüb gətirib sürdüyü maşının arxasında oturtmuşlar. Hüseyn də onun sürdüyü maşını sürüb Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirmişdir. Bundan sonra təhqiqatçı Vüsal 01 büküm narkotik vasitə onun qabağına qoyulmuş və demişdirlər ki, bu narkotik səndən çıxıb. Halbuki onun üzərində heç nə olmamışdır. Həmin bükümdə şəffaf sellofanın içərisində nə isə var imiş. Sonradan çəkiliş etmişlər. Guya ki, onu Xəzər DYPŞ-nin əməkdaşı saxlamış, o, narkotik vasitəni daşımış, sonradan şöbəyə dəvət olunmuş və üzərində narkotik vasitə olmuşdur. Halbuki o saxlanılan zaman Xəzər DYPŞ-nin əməkdaşı Elsevər orada olmamışdır. Ümumiyyətlə, Xəzər DYPŞ-nin əməkdaşı Elsevər onun saxlanmasında belə iştirak etməmişdir. Onu Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin 3 əməkdaşı, yəni Hüseyn, Fərid və Kənan adlı polis əməkdaşları saxlamışdır. Xəzər DYPŞ-nin əməkdaşı Elsevər sonradan, yəni videoçəkiliş zamanı Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gəlmişdir. Əlavə olaraq qed edilmişdir ki, ona fiziki zor tətbiq edilməsə də, lakin psixoloji zor və təzyiq tətbiq edilmişdir. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Binə qəsəbəsində “Mərkəz” deyilən ərazidə sıxlığın aradan qaldırılması üçün xidmət aparırmış. Həmin zaman post patrul xidmətinin əməkdaşları və sahə müvəkkili də ərazidə xidmətdə idi. Marşrut boyu hərəkət edən avtomaşının sürücüsü təqsirləndirilən şəxs saxlanıldı. Sürücünün nə sürücülük hüququ ilə bağlı, nə də ki avtomaşınla bağlı. heç bir sənədi olmamışdır. Saxlanıldıqdan sonra həmin sürücü Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsində sürücünün üzərinə baxış keçirilmişdir. Baxış zamanı sürücünün üzərində olan boz cins şalvarının cibindən kütlə aşkar edilmişdir. Bununla bağlı ona sual verilən zaman bildirdi ki, öz şəxsi istifadəsi üçün həmin maddəni əldə etmişdir. Polis Şöbəsində sürücü həddindən artıq şübhə doğurduğu üçün həkim müayinəsinə də aparıldı. Həkim müayinəsi zamanı məlum oldu ki, sürücü narkotik vasitənin təsiri altında avtomaşını idarə edir. Bundan sonra sürücü barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edildi. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq şahid Elsevər Hümbətov göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman post patrul xidmətinin əməkdaşları və sahə müvəkkili Fərid də orada olmuşdur. Təqsirləndiirlən şəxsin saxlanıldığı yer Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin 300-400 metr yaxınlığında yerləşir. Təqsirləndirilən şəxsin nə zaman saxlanıldığı, yəni dəqiq saxlanıldığı vaxt barədə dəqiq məlumatı olmamışdır. Sürücü özünü şübhəli apardığı üçün şəxsiyyətini müəyyən etmək üçün şöbəyə dəvət edilmişdir. Şöbədə onun şəxsiyyəti müəyyən edildikdən sonra sürücünün üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı sürücünün üzərində olan boz cins şalvarının cibindən kütlə aşkar edilmişdir. Daha sonra şəxsin narktoik vasitənin təsiri altında avtomaşın idarə etdiyindən şübhələndiyi üçün təqsirləndirilən şəxsi tibbi müayinə üçün Maştağada yerləşən narkoloji dispanserə aparmışdır. Tibbi müayinə bitdikdən sonra narkoloji akt tərtib edilmiş və daha sonra onun tərəfindən təqsirləndirilən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334-1.1-ci maddələri ilə tərtib edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, anten məlumatlarını təsdiq edir və inzibati xəta haqqında protokol tərtib etdiyi vaxtı əsas hesab edir. Bundan başqa bildirmişdir ki, təqsirləndirilən şəxsin saxlanılma saatı təhqiqatçı tərəfindən səhv qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il aprel ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin mərkəzi hissəsində Xəzər RPİ-nin DYPŞ-nin əməkdaşı ilə birlikdə baş vermiş tıxacla əlaqədar olaraq əhalinin və avtomobillərin sıxlığının qarşısının alınması məqsədilə reyd keçirilmişdir. Bu zaman təqsirləndirilən şəxs həmin ərazidə mikroavtobus idarə edirmiş. Həmin şəxsin hərəkətləri şübhə yaratdığı üçün Xəzər RPİ-nin DYPŞ YPX-nın əməkdaşı ilə birlikdə ona yaxınlaşmışdır. Özlərini təqdim etmiş və sürücü də özünü təqdimetsə də, lakin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün təqsirləndirilən şəxsi polis şöbəsinə dəvət etmişlər. Təqsirləndiirlən şəxs heç bir müqavimət göstərməyərək və heç bir etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Daha sonra şöbədə təhqiqatçının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildi və baxış zamanı üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Videoçəkiliş olduqdan sonra xidməti əraziyə qayıtmışdır. Həmin çəkilişdən sonra baş verənlərlə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, təqsirləndirilən şəxsin saxlanılma saatını təxmini demiş, dəqiq vaxtı tam bilmir. Təqsirləndirilən şəxs saxlanılan zaman orada olmuşdur və bunu təqsirləndirilən şəxsin özü də təsdiq edə bilər. Əlavə olaraq qeyd etmişdir ki, saat fərqi barəsində heç nə deyə bilmir. Həmin vaxtı telefon ustada olmuşdur. İstifadəsində olan telefon hadisədən bir gün qabaq ustaya vermişdir. Telefonu hadisə baş verən günün axşamı ustadan götürməli imiş. Lakin telefonu bir gün sonra götürmüşdür. Anten məlumatlarında olan saat fərqi barədə heç bir məlumatı yoxdur. Həmin məlumatları təhqiqatçı qeyd etdiyi üçün təqsirləndirilən şəxsin saxlanılma saatı səhv olar bilər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2222 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244» dairəvi möhür əksi olan, «saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 2695 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək 02 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 67.1 və 68.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək barəsində qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(057)-862/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və xx.xx.2024-cü il tarixdı başa çatan 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan 23 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə, saat 12:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni 2 gün bundan əvvəl Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, bir qismini istifadə etdiyini, qalanını isə özündə sonradan istifadə etmək üçün saxladığını bildirmişdir. Axtarış və götürmə barədə protokol tərtib edilmiş, şahidlər, müdafiəçi və saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarına olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsi narıncı rəngli, Mercedes Benz markalı, 10OX821 dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusudur. 2 qapısı vardır. Bir neçə cızilmiş və sonradan başqa rəng ilə boyanmış detalları vardır. Mikroavtobus sərnişin daşımaq üçün nəzərdə tutulmuşdur. 11+1 sayda oturacaqları vardır. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan olunmuş heç bir psixotrop vasitə və ya narkotik maddə aşkar olunmamışdır. Mikroavtobusa baxış gündüz şəraitində xx.xx.2024-cü il tarixdə, saat 14:40-dan 15:20-dək aparıldı. Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, şahidlər, müdafiəçi və saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inziati tənbeh vermə haqqında qərardan görünür ki, X5 AR İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə, yəni nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 327.1, 332.1 və 334-1.1-ci maddələri ilə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixdə, saat 11:50 radələrində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 23 aprel 2024-cü il tarixli, 1/379 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:50-də müayinəsi zamanı narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti narkotik qəbulu nəticəsində yaranmış sərxoşluq müəyyən edilmişdir. Belə ki, həmin aktdan görünür ki, AMP (+), MET (+) və MOP (+) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi Mirəziz Mirəliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-3/2-1685/2024 saylı məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ-7037 və TŞ-7196 saylı kameralarının xx.xx.2024-cü il tarixdə saat 09:00-dan saat 13:00-dək olan müddət ərzindəki videogörüntüləri arxivlərin saxlanma müddətləri bitdiyindən təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, BKC/LGL-10446/24 saylı məktub və ona əlavə edilmiş kağız daşıyıcıdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 23 aprel 2024-cü il tarixə olan anten məlumatları bağlı o, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 08:49:01 radələrində ünvan 3 ünvanında olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 16284 saylı məktub və ona əlavə edilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 23 aprel 2024-cü il tarixə olan anten məlumatları (sms məlumatları) ilə bağlı o, xx.xx.2024-cü il tarixdə, saat 12:05:51 radələrində ünvan 4 ünvanında olmuşdur. Sms məlumatarından görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi xx.xx.2024-cü il tarixdə, saat 13:53:52 radələrində Binə qəsəbəsi ünvanında olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 16284 saylı məktub və ona əlavə edilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 23 aprel 2024-cü il tarixə olan anten məlumatları (zəng məlumatları) bağlı o, xx.xx.2024cü il tarixdə, saat 12:00:38 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 125 ünvanında, saat 12:26:58 radələrində isə ünvan 6 ünvanında olmuşdur. Zəng məlumatarından görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi xx.xx.2024-cü il tarixdə, saat 13:33:41 radələrində Binə qəsəbəsi ünvanında olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 16284 saylı məktub və ona əlavə edilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 23 aprel 2024-cü il tarixə olan anten məlumatları (sms məlumatları) bağlı o, xx.xx.2024-cü il tarixdə, saat 11:49:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Aqrotexservis ASC ünvanında olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 16284 saylı məktub və ona əlavə edilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 23 aprel 2024-cü il tarixə olan anten məlumatları (zəng məlumatları) ilə bağlı o, xx.xx.2024-cü il tarixdə, saat 11:49:21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Aqrotexservis ASC ünvanında olmuşdur. Zəng məlumatarından görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi xx.xx.2024-cü il tarixdə, saat 14:37:05 radələrində Binə qəsəbəsi ünvanında olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə AR CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndiirlən şəxsin ifadəsindən - Şahid ifadələrindən - Şəxsi axtarış, baxış və götürmə protokolundan - Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan - Ekspertiza rəylərindən ibarətdir. Müdafiə tərəfinin vəsatətləri və məhkəmənin təşəbbüsü əsasında əldə edilmiş sübutlar: - "xxxx" MMC tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 16284 saylı anten məlumatlara dair CD diskdən - "xxxx" MMC tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, BKC/LGL- 10446/24 saylı məktub və ona əlavə edilmiş kağız daşıyıcıdan - Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 23 aprel 2024-cü il tarixli, 1/379 saylı aktdan - xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan ibarətdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. AR CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə istintaqı zamanı hər iki şahid öz ifadələrində qeyd etmişdirlər ki, onlar 23 aprel 2024-cü il tarixdə, saat 12:15-də Təqsirləndirilən şəxs Binə qəsəbəsində “Mərkəz” deyilən ərazidə saxlayaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirmişdirlər. Polis Şöbəsində olarkən saat 13:50-dən saat 14:15-dək onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Şahid Elsevər Hümbətov həmçinin qeyd etmişdir ki, şəxsin narktoik vasitənin təsiri altında avtomaşın idarə etdiyindən şübhələndiyi üçün onu tibbi müayinə üçün Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə aparmışdır. Tibbi müayinə zamanı narkotik vasitə aşkar olunduğundan onun barəsində 23 aprel 2024-cü il tarixdə, saat 11:50-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334-1.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı əldə edilmiş şahid Elsevər Hümbətova məxsus 050 399-99-94 saylı mobil telefonun anten məlumatalarına görə o, 23 aprel 2024-cü il tarixdə, saat 11:42-dən saat 12:16-ya kimi Maştağa qəsəbəsində, saat 12:16-dan 13:07-yə kimii Buzovna qəsəbəsində, saat 13:07-dən 14:37-yə kimi Qala qəsəbəsində, saat 14:37-dən 14:45-ə kimi Binə qəsəbəsində olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin saxlandığı (saat 12:15), habelə üzərinə baxış keçirildiyi (saat 13:50-14:15) zaman şahid Elsevər Hümbətov orda olmamışdır. Məhkəmə istintaqı zamanı əldə edilmiş Şahid1 məxsus 050 412-12-68 saylı mobil telefonun anten məlumatalarına görə o, 23 aprel 2024-cü il tarixdə, saat 10:00dan saat 11:24-ə kimi Binə qəsəbəsində, saat 11:24-dən 11:42-yə kimi Aeroport yolunda, saat 11:42-dən 12:00-a kimi 28 May küçəsində, saat 12:00-dan 13:33-ə kimi Neftçilər prospekti və Nizami küçəsində, saat 13:33-dən 14:29-a kimi Binə qəsəbəsində olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin saxlandığı (saat 12:15) zaman Şahid1 orda olmamışdır. Eynu zamanda qeyd etmək lazımdır ki, iş materiallarında təsirləndirilən şəxsin 23 aprel 2024-cü il tarixdə, saat 12:15-də saxlanıldığı qeyd edilmişdir. Lakin şahid Elsevər Hümbətov məhkəmə istintaqı zamanı bildirmişdir ki, şəxsi axtarış və baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs tibbi müayinədən keçməsi üçün Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə aparmışdır.Tibbi müayinə zamanı narkotik vasitə aşkar olunduğundan onun barəsində 23 aprel 2024-cü il tarixdə, saat 11:50-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 334-1.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun tarixi, onun saxlanıldığı və şəxsi axtarış baxış keçirilməsi tarixindən əvvəldir. Belə ki, şahidlərin təsdiq etdiyi ifadələrdən də göründüyü kimi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra üzərində şəxsi axtarış və götürmənin aparılması qeyri mümkündür. Belə olan halda təqsirləndirlən şəxsin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokolu inzibati xəta haqqında protokoldan daha öncə tərtib olunmalı idi. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şahid ifadələri və şəxsi axtarış baxış protokolu sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2222 saylı rəyindən görünür ki, məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim olunmuş tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244» dairəvi möhür əksi olan, «saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən videoçəkilişdən öncə psixi zora məruz qaldığı üçün ibtidai istintaq zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, onun üzərində psixotrop maddə olmamışdır. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyi yalnız faktı təsdiq edir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin növü qeyd edilsə də, lakin aşkar edilənlərin kimə məxsus olması müəyyən olunmur. Bu səbəbdən də ekspert rəyi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə həm ibtidai istintaq orqanı tərəfindən, həm müdafiə tərəfindən təqdim edilmiş, həmçinin müdafiə tərəfinin vəsatətləri əsasında əldə edilmiş sübutları bütünlükdə tədqiq edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittiham sübuta yetmir, bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra ümumi çəkisi 0,346 qram psixotrop maddə olan metamfetaminin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilsin, habelə maddi sübut qismində tanınaraq 0,346 qram psixotrop maddə olan metamfetamin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-580/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-580/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver