Məhkəmə qərarları › İş №1(003)-582/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-582/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-582/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs uzun illər onunla mütəmadi olaraq yaxın intim münasibətdə olmuş tanışı Zərərçəkmiş şəxs son vaxtlar belə münasibətdən hansı səbəbdən yayındığına aydınlıq gətirilməsi üçün onu izləyib 07 mart 2024-cü il tarixdə saat 12 radələrində S.Sübhanovanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 259 saylı orta məktəbin qarşısında birlikdə gəldiyi dostu Şahid idarə etdiyi “kia” markalı **-RT-*** d.q.n.-lı avtomobilə arxa oturacağa mindirib Xəzər RPİ-nin Mərdəkan qəsəbəsində yerləşən 1-ci PŞ-nin yaxınlığına gətirərək ondan narazılığı varsa polisə şikayət etməsini deyib Zərərçəkmiş şəxs bundan imtina etdikdə mübahisə yaratmış, Şahid onun deməsi ilə avtomobili Xəzər rayonu, Türkan qəsəbəsinə onun evinə sürdüyü vaxt şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı yolda hərəkətdə olarkən Zərərçəkmiş şəxs ondan imtina etdiyi üçün cəzalandırıb qəsdən qisas almaq məqsədi ilə avtomobilin salonunda arxa oturacaqda birlikdə əyləşdikləri vaxt Zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına nalayiq ifadələr, söyüşlər işlədərək qəflətən ani olaraq yumruqla və ayağından çıxartdığı ayaqqabısının tayı ilə onun sifət və bədəninin müxtəlif nahiyyələrinə bir-neçə dəfə zərbələr vurub ona alt dodağının selikli qişasının qansızması, sol ağız bucağının, alt dodağının sol saidin, hər iki kürəyin, sol budun, sol dizinin qançırları, boynun sıyrığı və nöqtəşəkilli qansızması ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 07 mart 2024-cü il tarixdə günorta saatlarında qeyri-rəsmi münasibətdə olduğu Şəms adlı xanımı Balaxanı qəsəbəsi, 259 saylı məktəbin qarşısından götürmək üçün dostu Turala məxsus olan kia markalı avtomobillə məktəbin qarşısına getmişlər. Şəmsi məktəbin qarşısında gördükdə maşına dəvət etmiş daha sonra avtomobillə ondan aqressiv olduğu üçün Şəmsi 1-ci PŞ-nin qarşısına gətirmişdir ki, ondan hər hansı şikayəti varsa polisə bu barədə bildirsin. Lakin, Şəms maşından enməmiş və onlar birlikdə Türkan qəsəbəsində Turala məxsus evə gəlmişlər. Orada təxmini 10-15 dəqiqə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs ona bildirmişdir ki, “dişim ağrıyır mənə dərman al”. Daha sonra Təqsirləndirilən şəxs Turalla birlikdə yenidən Turala məxsus və onun idarə etdiyi kia markalı avtomobillə Zərərçəkmiş şəxsi Balaxanı qəsəbəsində yerləşən 259 sayllı məktəbin qarşısına gətirmişlər. Yolda Zərərçəkmiş şəxs dişi ağrıdığı üçün dərman da almışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibəti var və təxminən 8 ilə yaxındır ki, həmin şəxsi Türkan qəsəbəsindən tanıyır. Rayizlə birlikdə müxtəlif vaxtlarda görüşərək cinsi əlaqədə olmuşlar. Sonuncu dəfə təxminən 2 ay əvvəl onunla münasibətləri soyumuşdu. 07 mart 2024-cü il tarixdə oğlu Ayxanı Balaxanı qəsəbəsində yerləşən 259 saylı məktəbə dərsə aparmışdır. Təxminən saat 12:00 radələrində övladını dərsə qoyub məktəbdən çıxdıqdan sonra məktəbin qarşısında markasını bilmədiyi qırmızı rəngli avtomobildən Rayiz düşmüş, ona yaxınlaşıb əlindən tutaraq Zərərçəkmiş şəxs maşına dəvət etmişdir. Bu zaman avtomobili Rayizin dostu “Tural” adlı şəxs idarə edirmiş. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəl 1-ci PŞ-nin qarşısına gətirmişdir ki, “əgər məndən narazılığın varsa şikayət et” deyib. O qorxusundan hər şeyin qaydasında olduğunu bildirmiş və Türkan qəsəbəsində yerləşən Turalın evinə gəlmişlər. Rayiz maşının içində onu əli ilə yumruqla sifət nahiyyəsindən vurmuşdur. Orada onunla cinsi əlaqədə olmaq istəsə də Tural “mənim evimdə olmaz” deyərək icazə verməmişdir və onun evində onu vurmasına imkan verməmişdir. Daha sonra Rayiz onu avtomobilə əyləşdirmiş, Turalın evindən çıxaraq Balaxanı qəsəbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs onu maşından düşürtmüş və bədənindəki xəsarətə görə kim soruşsa “ağacdan yıxılmışam” söyləməyini əmr etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Firkət oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4,5 ilə yaxındır ki, Türkan kəndindən tanıyır. Şəms adlı xanımı onun vasitəsi ilə tanıyır və onların 9 ilə yaxındır ki, münasibətlərinin olmasından xəbəri var. Şahid Təqsirləndirilən şəxs dəfələrlə Şəmsin həyat yoldaşı olduğu üçün onunla münasibətini kəsməyini bildirmişdir. Lakin Rayiz ona əhəmiyyət verməyib. Sonuncu hadisə ilə əlaqədar qeyd etmişdir ki, 07 mart 2024-cü il tarixdə günorta saatlarında Rayiz ona Balaxanı qəsəbəsinə Şəmsi görməyi üçün birlikdə getməsini xahiş etmişdir. Balaxanıda 259 saylı məktəbin qarşısında avtomobili saxlamağını xahiş etmiş və maşından düşmədən pəncərəni açıb Şəmsə maşına əyləşməsini bildirmişdir. Onların arasında maşında mübahisə olmuş və Rayiz şillə ilə Şəmsin sifət nahiyyəsindən xəsarət yetirmişdir. Onların Turalın idarə etdiyi kia markalı avtomobillə 1-ci PŞ-nin qarşısına gəlmiş və Rayiz ona “ondan hər hansı şikayəti varsa bu barədə polisə bildirməyini” istəmişdir. Lakin Şəms maşından enməmiş və onlar Turala məxsus olan Türkan qəsəbəsindəki nömrəsiz evə gəlmişlər. Orada Şahid Rayiz və Şəmsə çay təklif etmiş, 10-15 dəqiqə evdə qaldıqdan sonra özünə məxsus kia markalı avtomobillə Təqsirləndirilən şəxslə birlikdə yenidən Şəmsi Balaxanı qəsəbəsində 259 saylı məktəbin qarşısına gətirmişlər. Yolda Rayiz onun üçün dişi ağrıdığına görə dərman da almışdır. Balaxanıya qayıdarkən heç bir xəsarət və mübahisə olmamışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 09 mart 2024-cü il tarixli, 218 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - alt dodağın selikli qişasının qansızması, sol ağız bucağının, alt dodağının, sol saidin, hər iki kürəyin, sol budun, sol dizin qançırları, boynun sıyrığı və nöqtəşəkilli qansızması küt əşya (əşyalar) təsirindən törənmiş törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə cərimə cəzasını ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər RPİ-nin icraatında olmuş AR CMnin 128-ci maddəsi ilə tədqiq edilmiş ********* saylı materiala xx.xx.2019-cu il tarixdə AR CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 239/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 265829/17 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-239/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 06 müddətə azadlığın məhdudlaşdırılmaı cəzası xx.xx.2024-cü il tarixdə bitdiyi üçün Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 415/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(008)-415/2024 saylı məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-415/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2024cü il tarixli, 1(008)-415/2024 saylı hökmü üzrə verilmiş göstəriş Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmamışdır. İş materiallarına əlavə olunmuş 01 aprel 2024-cü il tarixli şübhəli şəxs barəsində axtarış elan olunması, tutulması və cinayət işi üzrə icraatında dayandırılması haqqında qərardan görünür ki, cinayəti törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işinin icraatının dayandırılması qərara alınmşdır. İş materiallarına əlavə olunmuş 03 may 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarına əlavə olunmuş 04 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 04 may 2024-cü il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-415/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırki iş üzrə cinayət əməli isə təqsirləndirilən şəxs tərəfindən 07 mart 2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 04 (dörd) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar