Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-584/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 11:20 X11 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi - X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Seneqal Respublikasının Mbacke şəhərində doğulmuş, Seneqal Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işsiz, Seneqal Respublikasının Mbacke şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs Avropa ölkələrinə qanunsuz olaraq getmək məqsədilə Seneqal Respublikasında olarkən vətəndaşı olmadığı halda özünün anket məlumatları (adı - Diagne, doğum tarixi - 20 oktyabr 1989-cu il) və öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış FS894326 nömrəli Braziliya Federativ Respublikasının vətəndaşı pasportunu qəsdən, qanunsuz olaraq əldə edib, 24 oktyabr 2025-ci il tarixdə G90305 nömrəli Nepal-Şarja-Bakı aviareysi ilə X2 Azərbaycan Respublikasına gəlmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “X9 Aeroportu” sərhəd nəzarəti məntəqəsinə gələrək, qeyd olunan tarixdə, saat 10:50-də həmin pasportdan bilə-bilə, qəsdən istifadə edib sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq X2 Azərbaycan Respublikasına keçməyə cəhd göstərərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 20 oktyabr 1989-cu ildə ildə Seneqal Respublikasının Mbacke şəhərində anadan olmuşdur. Evlidir, Seneqal Respublikasının Mbacke şəhərində yaşayır. Seneqal Respublikasında yaşayış səviyyəsi aşağı olduğu üçün Avropa ölkələrinin birinə getmək istəmişdir. Bu barədə tanışlarına deyərkən onu Abu adlı şəxslə tanış etmişlər. Abu adlı şəxslə telefon əlaqəsi saxlamış, 2-3 min ABŞ dolları ödəyəcəyi əvəzində Braziliya Respublikasına məxsus pasportu alacağı barədə razılaşmış, daha sonra qeyd olunmuş pulu ödədikdən sonra dostu vasitəsi ilə pasportu ondan almışdır. Pasportu aldıqdan sonra Bakı şəhərinə, buradan isə İspaniya Krallığında yaşayan qardaşının yanına gedə biləcəyini bildirmişlər. O, xx.xx.2025-ci il tarixdə Braziliya Respublikasına məxsus pasportla Nepalın Katmandu şəhərinə, xx.xx.2025-ci il tarixdə isə Katmandu-Şarja-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. “Heydər Əliyev" X5rkən üzərində olan Braziliya Respublikasına məxsus FS894326 pasportunu sərhədçiyə təqdim etmişdir. Sərhədçi pasportu yoxlayan zaman saxta olduğunu aşkar etmiş, daha sonra söhbət zamanı üzərində olan Seneqal Respublikasına məxsus A03434227 nömrəli pasportunu da sərhədçiyə təqdim etmiş, xx.xx.2025-ci il tarixdə, saat 10:50 radələrində saxlanılmışdır.Törətdiyi əməldən peşimandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər Əliyev” X10 sərhəd nəzarəti şöbəsində nəzarətçi vəzifəsində işləyir. 24 oktyabr 2025-ci il tarixdə saat 09:00-dan 20:00 tarixədək “Heydər Əliyev” X10 SNŞ-də sərhəd naryadı xidmətinə təyin olmuşdur. Xidmətdə olduğu zaman saat 10:50 radələrində terminal-1 uçub gəlmə xəttində “sənədlərin yoxlanışı" sərhəd naryadı xidmətində olarkən R-G90305 saylı Şarjah-Bakı aviareysi ilə X2 Azərbaycan Respublikasına gələn 20 oktyabr 1989-cu il təvəllüdlü Braziliya Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi FS894326 nömrəli Braziliya Respublikasına məxsus pasportu rəsmiləşdirilən zaman pasportun saxta olması şübhə doğurduğu üçün növbə rəisi Şahid1 məruzə etmişdir. O dərhal yanına gəlib təqdim edilmiş FS894326 nömrəli pasportu və şəxsiyyət vəsiqəsini yenidən yoxladıqdan sonra onların saxta olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı vətəndaşın 20 oktyabr 1989-cu il təvəllüdlü Seneqal Respubluikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bu barədə aidiyyəti üzrə məruzə olunduqdan sonra vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində “X9 Hava Limanı” sərhəd nəzarəti şöbəsində sərhədçilər tərəfindən saxlanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər Əliyev” X10 sərhəd nəzarəti şöbəsində nəzarətçi 24 oktyabr 2025-ci il tarixdə R-G90305 saylı Şarjah-Bakı aviareysi ilə X2 Azərbaycan Respublikasına gələn 20 oktyabr 1989-cu il təvəllüdlü Braziliya Respublikası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi FS894326 nömrəli Braziliya Respublikasına məxsus pasportu rəsmiləşdirilən zaman pasportun saxta olmasının şübhə doğurduğunu bildirmişdir. FS894326 nömrəli pasportu və şəxsiyyət vəsiqəsini yoxladıqdan sonra onların saxta olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs yoxlama zamanı digər pasportunu, yəni Seneqal Respublikasına məxsus A03434227 nömrəli pasportu da təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-16-1658/25 nömrəli məktubundan görünür ki, 24 oktyabr 2025-ci il tarixdə, saat 10:50-də X7 Azərbaycan Respublikasına gələn, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “sənədlərin yoxlanışı" sərhəd naryadına təqdim etdiyi FS894326 nömrəli Braziliya Respublikasının pasportu saxta olduğu üçün saxlanılmışdır İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Arxiv-uçotu idarəsində heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş məktubdan görünür ki, Seneqal Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/1053 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan FS894326 nömrəli Braziliya Federativ Respublikasına məxsus pasporta və G880335-Q nömrəli İD karta oxşar sənədlər xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsi ilə şırnaqlı çap üsulu ilə hazırlanmışdır və müvafiq olaraq Braziliya Federativ Respublikasına məxsus pasportla və eyniləşdirici kartla eynilik təşkil etmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 24 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1, 320.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 27 oktyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş 02 dekabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli qərarla FS894326 nömrəli Braziliya Respublikasına məxsus pasport və G880335-Q nömrəli İD kart maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29, 318.1-ci və 320.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin və 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan FS894326 nömrəli Braziliya Respublikasına məxsus pasport və G880335-Q nömrəli İD kart cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə və 320.2-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsə qəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmaqla 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 24 oktyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan FS894326 nömrəli Braziliya Respublikasına məxsus pasport və G880335-Q nömrəli İD kart cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(003)-584/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-584/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver