Məhkəmə qərarları › İş №1(003)-585/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-585/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-585/2021 15.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri T.Xasıyev küçəsi ev 4/4-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev küçəsi ev 4/17 mənzil 88-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə saat 00:33 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı şosesində Bakı şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən “X13”nin və yolun sol tərəfində yerləşən “Grandmart” marketin yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni “3.24 Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 110 km/saata qədər məhdudulaşdırılmış yol sahəsində 110 km/saatdan artıq, yəni 128 km/saat sürətlə hərəkətdə olmaqla, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola iti yerişlərlə keçən piyada X4 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ona alın nahiyəsinin, sağ və sol almacıq nahiyəsinin, burunun, alt çənənin, döş qəfəsinin ön səthinin sağ yarısının, döş qəfəsinin sol yan səthinin, qarının ön divarının sağ yarısının, sağ və sol dirsək nahiyəsinin, sağ əlin arxa səthinin, döş qəfəsinin arxa səthində sağ kürək nahiyəsinin, sol kürək nahiyəsinin, sol kürəkaltı nahiyənin, sağ və sol dizin ön səthinin, sol baldırın orta üçdə birinin ön səthinin sıyrıqları; sağ yanaq nahiyəsinin, sağ qalça darağı proyeksiyasının, sağ və sol kürək nahiyəsinin, sol baldırın orta üçdə birinin ön səthinin, sağ baldırın orta üçdə birinin bayır səthinin qançırları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan burun sümüyünün qapalı sınığı, sol Vİİ, Vİİİ, İX orta qoltuqaltı xətt üzrə qapalı, az yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş sol ağciyərin, qaraciyərin və dalağın cırılmaları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına AĞİR dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 02 avqust 2021-ci il saat 0:33 radələrində idarə etdiyi özünə məxsus olan “Hyundai Sonata” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı şosesində Bakı istiqamətində təxminən saatda 110 km sürətlə hərəkətdə olarkən tanışı Şahid də yanında sərnişin qismində olmuşdur. Yolun sağında yerləşən “X13”ni keçdikdən sonra “Grand market” ilə üzbəüz olan yerə çatarkən önündə gedən “Krossever” tipli avtomobilin anidən istiqamətini sola çəkdiyini görmüş, bu anda onun avtomobili ilə həmin avtomobil arasında təxminən 20-30 metr məsafə olmuşdur. Əvvəlcə nə baş verdiyi ona aydın olmamış, birdən onun yolunda bir şəxsin hərəkətdə olduğunu görmüş və onu vurmamaq üçün avtomobili sağa və ya sola çəkməyi barədə ani olaraq düşünmüş, daha sonra avtomobilin istiqamətini sola yönəltsə də, hadisənin qarşısını ala bilməmiş və avtomobilin sağ ön hissəsi ilə həmin şəxsi vurmuşdur. Zərbənin təsirindən həmin şəxs qalxaraq avtomobilin önünə çırpılmış, bu zaman o, idarəetməni qismən itirmiş, təxminən 60-70 metr sonra avtomobilin üstün, daha sonra arxa hissəsinə çırpılaraq yerə düşmüşdür. O, bir qədər irəlidə avtomobili saxlayaraq yerə düşmüş və təxminən 20 metr arxada qan içində bir qadın olduğunu görmüşdür. Əvvəlcə özünü itirsə də, sonra polisə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt onun idarə etdiyi avtomobilin sürəti ekspertiza rəyində göstərildiyi kimi 128 km/saat deyil, 110 km/saat olmuşdur. Hesab edir ki, avtomobillərin yüksək sürətlə hərəkət etmələri üçün nəzərdə tutulmuş həmin yolun hadisə baş verən hissəsində piyadalar üçün hər hansı bir keçid mövcud olmadığına görə oradan piyadalar keşməməlidir, əks təqdirdə oradakı intensiv hərəkət şəraitində sürücülərin iradələrindən asılı olmadan tez-tez ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verəcəkdir. Məhz buna görə baş vermiş həmin yol-nəqliyyat hadisəsində özünü təqsirli bilmir, lakin baş vermiş həmin hadisədən bir insan kimi bərk sarsılmışdır, mənəvi sarsıntı keçirir. Bu işdə təqsiri olduğuna görə yox, bir vicdanlı insan kimi humanistlik göstərərək zərərçəkmiş şəxsin hüquqi varisi vasitəsilə mərhumun ailəsinə maddi yardım göstərmişdir. Hazırda mərhumun hüquqi varisinin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Əvvəllər heç bir cinayət törətməmişdir. Bütün bunların nəzərə alınaraq onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X10 göstərdi ki, mərhum İlhamə Bayramova onun bacısıdır. Onlar uzun müddət Salyan rayonu Kürsəngi kəndində ata evində birlikdə yaşamışlar. İlhamə daha sonra Xalıq Bayramovla ailə həyatı qurmuş və Salyanda onunla birlikdə yaşamağa başlamışdır. Birgə nikahdan onların İsmayıl və Xalid adlı iki azyaşlı övladları vardır. Təxminən 2019-cu ildə onlar aralarında olan anlaşılmazlıqlar səbəbindən rəsmi qaydada boşanmışlar. İlhamə bundan sonra öz övladları ilə birlikdə dolanışığını təmin edib işləmək üçün Bakı şəhərinə köçmüş və Bakı şəhəri Binə qəsəbəsi Atçılıq yaşayış massivində kirayədə yaşamağa başlamışdır. Bu müddət ərzində İlhamə həmin ərazinin yaxınlığında yerləşən "Grand market" adlı marketdə satıcı işləmişdir. O, Salyan rayonunda yaşasa da, arada bir gəlib İlhaməgilə baş çəkirmiş. 02 avqust 2021-ci ildə İlhamənin oğlu Xalid ona zəng edərək anasının avtomobillə vurulması nəticəsində ölməsini bildirmişdir. Sonra öyrənmişdir ki, İlhamə 02 avqust 2021-ci il tarixdə naməlum səbəbdən işlədiyi marketə qayıtmaq məqsədi ilə yolu keçərkən "Hyundai Sonata" markalı avtomobil onu vururaq ölümünə səbəb olmuşdur. İlhamənin ölümü ailələrinə böyük itki olmuş, övladları kəskin travma almışlar. Hadisəni törədən - adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs əvvəlcə bu ağır faciəyə biganə qaldığı üçün, o, ondan şikayətçi olmuşdur. Lakin məhkəmənin gedişində ona dəymiş ziyan təqsirləndirilən şəxs tamamilə ödənilmiş, buna görə də o, Rahim ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 02 avqust 2021-ci il tarixdə saat 00:30 radələrində dostu Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı **-OG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Mərdəkan-Bakı şosesində Bakı istiqamətində təxminən saatda 110 km sürətlə hərəkətdə olmuşlar, o, ön sərnişin oturacağında əyləşmişdir. “Binə Atçılıq” adlanan ərazidə dönən yolu keçən kimi ümumi yolun sol hissəsində yerləşən “Grand market”in qarşısında anidən bir nəfərin avtomobilin önünə çıxdığını görmüşlər. Anidən həmin adam avtomobilin sağ tərəfinə çırpılmış, bundan sonra o, hadisənin şoku ilə nə baş verdiyini tam olaraq anlamamışdır. Bir qədər irəlidə Rahim avtomobili saxlamış, onlar düşüb yerdə qan içində bir qadın olduğunu görmüşlər. Rahim dərhal zəng edərək hadisə barədə polisə məlumat vermişdir. Hadisənin şokunda olduğu üçün o, hadisələri yalnız bu şəkildə dərk etmiş, onlar hərəkətdə olarkən önlərində avtomobil olub-olmamasına fikir verməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 02 avqust 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto-cədvəl və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Mərdəkan şosesinin Bakı istiqamətində yolun sağ hərəkət hissəsində baş vermişdir. Hadisə yerinə baxış yolun Bakı istiqamətində sağ tərəfdə dayandıqda aparılmışdır. Hadisə yolun sağında “X13”, solunda isə “Grandmart” marketin yaxınlığında baş vermişdir. Yol asfalt örtüklü, hamar və quru, eyni zamanda düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdi. Hadisə baş verən yerdə hərəkət iki istiqamətli olmaqla yolun tən ortasında əks istiqamətli yolları ayıran dəmir sədd vardır. Hadisənin baş verdiyi hərəkət istiqamətində beş zolaqlı yol mövcuddur. Beş zolaqlı yolun ümumi eni 20 metrdir, dəmir səddin quraşdırıldığı səkinin dibindən soldan birinci zolağın sol xəttinə kimi olan məsafə 0,80 metrdir. Soldan birinci zolağın eni 3,70 metr, soldan ikinci zolağın eni 3,70 metr, soldan üçüncü zolağın eni 3,70 metr, soldan dördüncü zolağın eni 3,70 metr, soldan 5-ci zolağın eni 4 metrdir. Beşinci zolağın sağ xəttindən səkinin dibinə qədər olan məsafə 0,40 metrdir. Hadisə yerində tormoz-əyləc izi yoxdur. Asfalt üzərində qan və şüşə qırıntıları vardır. Hadisə avtomobilin hərəkət zolağında, Bakı isiqamətində yolun sol tərəfdəki qurtaracağından 4,30 metr məsafədə baş vermişdir. Hadisədən sonra piyada vurulduğu yerdən 60 metr aralıda soldan ikinci zolağa düşmüş vəziyyətdədir, ölmüşdür. Piyadanın vurulduğu “Hyundai Sonata” minik markal **-OG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ hissəsi, qabaq kapotun sağ hissəsi, qabaq sağ fara, ön alınlıq şüşsinin sağ hissəsi sınmış və əzilmiş vəziyyətdədir. Avtomobilin arxa kapotunun sağ hissəsi əzilmiş vəziyyətdədir, burada və avtomobilin dam hissəsində qan ləkələri vardır. Hadisə nəqliyyat vasitələrinin maksimal sürətinin birinci hərəkət zolağında 110 km/saat, ikinci hərəkət zolağında 110 km/saat, üçüncü hərəkət zolağında 90 km/saat, dördüncü hərəkət zolağında isə 70 km/saat məhdudlaşdırıldığı yol nişanının təsiri zonasında baş vermişdir. Hadisənin baş verdiyi yerdə yol beş zolaqlıdır, lakin beşinci zolağın hansı hərəkət surəti ilə məhdudlaşdırıldığı müəyyən edilməmişdir. Baxış zamanı hadisə yerində ölmüş şəxsin 1986-cı ilə təvəllüdlü X7 olduğu müəyyən edildi. Baxış zamanı hadisə yerində ölmüş İlhamə Bayramovaya məxsus olduğu ehtimal edilən 01 ədəd əzilmiş vəziyyətdə smartfon telefon aşkar edilərək götürülmüşdür. Hadisə baş verən hərəkət istiqamətinin sol tərəfində elektrik dirəklərinə quraşdırılmış müşahidə kameralarının olduğu müəyyən edildi. Hadisə yerinin sxemi tərtib edilmiş, hadisə yerinin, o cümlədən “Hyundai Sonata” minik markalı **-OG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Hadisə yerinə baxış protokolu və tərtib edilmiş sxemlə müəyyən edilmişdir ki, piyada yolun hərəkət hissəsinə çıxdığı yerdən, yəni sürücü üçün təhlükənin yarandığı andan vurulduğu yerə qədər 15.70 metr məsafə qət etmişdir. DİN-in X5 xidmətinin 23 avqust 2021-ci il tarixli 003-11255-1221 saylı məktubu ilə göndərilmiş 01 ədəd diskə baxış zamanı N-113-001 nömrəli müşahidə kamerası ilə qeydə alınmış görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, həmin videogörüntü 20 dəqiqə 02 saniyədən ibarətdir. Videogörüntünün 12:43 saniyəsində görünür ki, yolun sağ hissəsində yerləşən “Kiosk”un yanında piyada yolu sağdan sola keçmək üçün sağ tərəfdən yolun hərəkət istiqamətinə çıxır. Piyada iti yeriş tempi ilə yolu sağdan sola keçməyə davam edir, videonun 12:50-ci dəqiqəsində “Hyundai Sonata” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil müşahidə kamerasının görüş bucağına daxil olur, videonun 12:54-cü dəqiqəsində həmin avtomobilin piyadanı vurması müşahidə edilir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 21 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki,

1. X3 meyitində aşkar edilmiş xəsarətlər alın nahiyəsinin, sağ və sol almacıq nahiyəsinin, burunun, alt çənənin, döş qəfəsinin ön səthinin sağ yarısının, döş qəfəsinin sol yan səthinin, qarının ön divarının sağ yarısının, sağ və sol dirsək nahiyəsinin, sağ əlin arxa səthinin, döş qəfəsinin arxa səthində sağ kürək nahiyəsinin, sol kürək nahiyəsinin, sol kürəkaltı nahiyənin, sağ və sol dizin ön səthinin, sol baldırın orta üçdə birinin ön səthinin sıyrıqları; sağ yanaq nahiyəsinin, sağ qalça darağı proyeksiyasının, sağ və sol kürək nahiyəsinin, sol baldırın orta üçdə birinin ön səthinin, sağ baldırın orta üçdə birinin bayır səthinin qançırları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan burun sümüyünün qapalı sınığı, sol Vİİ, Vİİİ, İX orta qoltuqaltı xətt üzrə qapalı, az yerdəyişən sınıqları, kəskin qanitirmə ilə nəticələnmiş sol ağciyərin, qaraciyərin və dalağın cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 02 avqust 2021-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlmatlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəli əlaqəlidirlər.

2. X1 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi və sol ağciyərin, qaraciyərin, dalağın cırılmaları nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur.

3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm X1 meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir.

4. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Kompleks videogörüntü və məhkəmə yol-nəqliyyat ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1.Ekspertizaya təqdim olunmuş şərti olaraq “1” kimi işarələnmiş “ZYKLEN” markalı DVD-R diskdə qeydə alınmış “N113-001-2021-08-02_00h20min00s000ms” adlı faylda olan videoyazıya görə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı **-OG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin tədqiq olunan məsafədə orta sürəti 128 km/saat olmuşdur. 2-3. “Hyundai Sonata” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, “Hyundai Sonata” markal avtomobili hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırlması” yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 110 km /saatdan artıq, yəni 128 km/saat sürətlə hərəkət etdirdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin ( 3,24 “Maksimum sürətin məhdudlaşdırlması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 200,00 (iki yüz) manatdır. Cinayət işinin materiallarına əlavə olunmuş 02 avqust 2021-ci il tarixli 1/1429 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş X2 şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs AC 583718 nömrəli sürcülük vəsiqəsinin surətindən görünür ki, onun “BC” kateqoriya üzrə avtomobilləri idarə etmək hüququ olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Xəzər RPİ-nin DYPŞ-yə verilmiş sorğuya verilmiş 28 oktyabr 2021-ci il tarixli 055-22658-1221 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi 15 sentyabr 2020-ci il tarixdə verilmiş və 15 sentyabr 2030-cu il tarixədək etibarlıdır. İstintaqı aparılan yol-nəqliyyat hadisəsinin baş verdiyi gün (02 avqust 2021) də daxil olmaqla Təqsirləndirilən şəxs hər hansı bir vaxt sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Xəzər RPİ-nin məsul növbətiçisi, polis polkovnik-leytenantı Nofəl Kərimovun raportu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə DİN-in “102” xidmətinə zəng edərək idarə etdiyi “Hyundai” markalı avtomobillə piyadanı vurması və piyadanın vəfat etməsi barədə məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 20 avqust 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, baş vermiş hadisədən sonrakı davranışını, dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 03 avqust 2021-ci il tarixdə isə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldğı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı üzərində qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200,00 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 ümumilikdə 20 iş saatına görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldğı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200,00 (iki yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar