Məhkəmə qərarları › İş №1(003)-585/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-585/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-585/2023 21.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid qəsdlə özgənin əmlakını ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakı talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə 2019-cu ilin fevral ayının əvvələrindən sonuna kimi olan müddət ərzində Zərərçəkmiş şəxs və qohumlarına sosial müavinət düzəldəcəyi adı ilə aldadaraq, sonuncudan hissə-hissə olmaqla 4 dəfəyə ümumilikdə 9000 manat pulu ünvan 3 ünvanında fəaliyyət göstərən “404” adlı mağazada alaraq ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs həmyerlisidir, onu 15 ildən çoxdur tanıyır və yaxşı münasibətləri vardır. Çoxlu borcları yaranmış, maddi sıxıntıları olmuş, buna görə də özünə məxsus avtomobilini satmış, həmçinin özündə olan pulla həmin borclarını ödəmişdir. Ona yenə pul lazım olmuş, çıxılmaz vəziyyətdə olduğuna görə Kamilə bildirmişdir ki, 300 manat müqabilində sosial müavinət düzəldə bilir. Kamil də özünün və qohumlarının sosial müavinətə ehtiyaclarının olduqlarını, onunla bu barədə ətraflı danışacağını demiş, sonra isə ümumilikdə özü də daxil olmaqla 30 qohumunun sosial müavinət düzəltmək istədiklərini bildirmişdir. O, həmin məsələnin 9000 manata əmələ gələcəyini bildirmiş, Kamil də demişdir ki, sosial müavinət istəyən qohumlarının bir qismi rayondadır, digər qismi isə bir neçə gün ərzində pul əldə edib ona verəcək. Buna görə də Kamil ümumilikdə 30 qohumunun sosial müavinət düzəltmək üçün pullarını ona hissə-hissə olmaqla 2019-cü ilin fevral ayında 4 dəfəyə vermişdir. Həmin pulla borclarını qaytarmış, fikirləşmişdir ki, Kamil onun tanışıdır, barəsində şikayət etməz, o da hissə-hissə olmaqla həmin pulu ona qaytarar. Əvvəlcədən razılaşmışlar ki, 9000 manat tam yığılandan sonra müvafiq şəxslə görüşəcək və tam pulu ona verəcək. Sonradan maddi durumu pis olduğuna görə həmin məbləği qaytara bilməmişdir. İlk dəfə törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı məhkəmənin gedişində tamamilə ödəyərək onunla barışmışdır və hazırda onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs həmyerlisidir, onu 15 ildən çoxdur tanıyır, yaxşı münasibətləri olmuşdur. Namiq onun maddi durumunun pis olduğunu bilmiş və görüşlərinin birində ona sosial müavinət düzəltməyi təklif etmişdir. Namiqdən hansı şərtlərlə sosial müavinət düzəldəcəyi ilə maraqlanmış, Namiq ilkin olaraq sənədləşmə işi üçün 300 manat lazım olduğunu, müəyyən sənədlər toplayandan və qeyd olunan məbləği verəndən sonra, 1 il müddətində hər ay 150 manat alacağını bildirmişdir. Namiqin dediklərinə inanıb, qohumlarına da sosial müavinət düzəltməyi təklif eləmişdir. Niyyəti onların da aylıq sosial müavinət alıb rifahlarını yaxşıladırmaqdan ibarət olmuşdur. Qohumlar və ətrafında olan tanışları ona inandıqları üçün razılaşmışdır. Özü də daxil olmaqla Namiq 30 nəfər üçün sosial müavinət düzəltməli imiş. Belə ki, pulu Namiqə tam şəkildə verəndən sonra o, özü kiməsə pulu verməli və onların sosial müavnətlərini düzəltməli imiş. Razılaşmalarına əsasən Namiqə ümumilikdə 9000 manat pul verməli idi. Qohumlarının heç biri Təqsirləndirilən şəxs görmədən, sənədlərinin surətini və 300 manatı ona vermiş, o da həmin pulu 2019-cü ilin fevral ayının əvvələrindən sonuna kimi 4 dəfəyə işlədiyi Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 1 ünvanında fəaliyyət göstərən avtomobil ehtiyat hissələri satılan, satıcı kimi işlədiyi “404” adlı mağazada Namiqə vermişdir. Qohumlarının bir qismi rayonda olduqları üçün, bir qismi pulu gec düzəltdiklərinə görə pulu hissə-hissə olmaqla Namiqə ilkin olaraq 4000 manat, ikinci dəfə 2000 manat, sonra 3 dəfəyə hər dəfəsində 1000 manat pul vermişdir. Lakin sonradan aldadıldığını görüb, Namiqdən pulunu tələb eləməyə başlamış, Namiq isə 800 manat pul qaytarmışdır. Məcbur olub qohumlarının pulunu özü qaytarmışdır. Həmin vaxtdan sonra Namiqi görə bilməmişdir. Bir müddət tanışlıq xətrinə şikayət etməmiş, düşünmüşdür ki, Namiq bəlkə onun pulunu qaytarar. Namiqin onunla heç bir əlaqəyə çıxmadığını görüb Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə şikayət etmişdir. Namiq ona dəymiş ziyanı hazırda ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 21 avqust 2023-cü il tarixli Ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 23 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 17 iyun 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 16 iyun 2023cü il tarixdən 17 iyun 2023-cü il tarixə qədər 1 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2da çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 7 iş saatına görə 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 162,00 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 16 iyun 2023-cü il tarixdən 17 iyun 2023-cü il tarixədək saxlanıldığı 1 (gün) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X2 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 162,00 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar