Məhkəmə qərarları › İş №1(003)-585/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-585/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-585/2024 19.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev 127 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Naxçıvan” adlı kafedə qardaşı İlqar Əsgərov da orada olmaqla öz dostları ilə yeyib-içdiyi vaxt, digər stolda öz dostları ilə yeyib-içən, əvvəlcədən tanımaqla yaxşı münasibətdə olduqları Zərərçəkmiş şəxs telefonla danışması adı ilə başqa otağa çağırdığı qardaşı İlqar Əsgərovla kobud danışmasını və ona qarşı zorakı hərəkətlərindən əl çəkməsini tələb etdiyi vaxt ona əsəbi cavab verən Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib etiraz əlaməti olaraq Zərərçəkmiş şəxs cəzalandırmaq üçün ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ucadan nalayiq təhqiramiz ifadələr işlədərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməyərək, kafedəki insanlarda qorxu və narahatlıq yaradaraq, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub zor tətbiq edərək ətrafdakı şəxslərin gözü qarşısında üzərində olan istintaqla müəyyənləşdirilməsi mümkün olmayan bıçağı çıxardıb silah qismində əşya kimi istifadə etməklə Zərərçəkmiş şəxs bel nahiyyəsindən və sağrı nahiyyəsindən bir neçə dəfə bıçaqla vurub bel nahiyyəsinin daxilə nüfuz etməyən 3 ədəd və sağrı nahiyyəsinin 2 ədəd (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən və sağlamlığının qısa müddətə pozulmasına səbəb olub sağlamlığına yüngül dərəcəli zərər vuran xəsarətlər yetirib silah qismində istifadə olunan əşya kimi bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Binə qəsəbəsinə köçəndən sonra tanımış, münasibətləri yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində fəaliyyət göstərən “Naxçıvan” adlı kafedə oturub, yeyib-içmişlər. İlham da həmin vaxtı kafedə olmuşdur. Bir qədər sonra İlham onun qardaşı İlqara yaxınlaşmış, onu kafenin içərisində olan otağa telefonla danışmağa dəvət etmişdir. Bu zaman İlham qardaşı ilə kobud davrandığından aralarında mübahisə baş vermiş və o, İlhamı yumruqla vurmuşdur. Həmin vaxt kafedə olan şəxslər onları aralamışlar. Bundan sonra o, oradan çıxıb getmişdir. İlhamı bıçaqla vurmamışdır. Əlavə olaraq təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, himayəsində azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, X4 və qardaşı Təqsirləndirilən şəxs çoxdan tanıyır, aralarında heç bir düşmənçilik olmamışdır. İlqar ilə münasibətləri daha yaxşı olmuş, sonuncunun ona müəyyən qədər borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində “Naxçıvan” adlı kafedə tanışları Həsənəli və Azər ilə birlikdə yemək yemişlər. Həmin vaxtı İlqar yan stolda qardaşı Eldar və Firuddin adlı şəxslə oturmuşdur. Bir qədər sonra İlqardan borcunu istəmək üçün sonuncunun əyləşdiyi masaya yaxınlaşmış, ona borcunun olmasını kənar şəxslərin bilməməsi üçün yalandan guya onu telefonla danışdırmaq adı ilə kənara dəvət eləmişdir. İlqar isə özünü bilməməzliyə qoyub onunla kənar otağa keçməmişdir. Bu səbəbdən əsəbləşib öz mobil telefonunu yerə çırpmışdır. Bu zaman Eldar onu kafedən kənara çıxardıb hansı səbəbə qardaşı ilə kobud danışdığını soruşmuşdur. O, isə İlqarla aralarında olan məsələyə qarışmamasını tövsiyyə eləmişdir. Buna baxmayaraq Eldar bildirmişdir ki, İlqar onun qardaşıdır, müdaxilə də etmək borcudu. Bu səbəbdən Eldara demişdir ki, əgər İlqar onun qardaşıdırsa ona olan borcunu qaytarsın. Eldar pulun batdığını deyib, borcu qaytarmayacağını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, kənar şəxslər onları dava eləməyə qoymamışlar. Bundan sonra kafeyə daxil olub, Azər və Həsənəli ilə masaya əyləşib danışmağa başlamışlar. Eldar ona yaxınlaşıb, kafedə olan otaqların birinə söhbət eləməyə dəvət eləmişdir. O, Eldara söhbətini sabah davam etdirməyi təklif eləmişdir. Eldar yaxasından yapışıb, onu ayağa qaldırmış, və bıçaqla bir neçə dəfə onu vurmuşdur. Kafedə olan digər şəxslər Eldarı tutub kənara çıxartmışlar. O, ilk olaraq kafedən çıxmış, Həsənəli və Azərin köməkliyi ilə evə getmişdir. İlkin tibbi yardım alsada, ağrılarının gecə kəskinləşdiyini görüb, Sabunçu rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Sonradan təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onlar barışmışlar. Bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Eldar onun qardaşıdır. Zərərçəkmiş şəxs 7-8 il olar tanıyır və münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində fəaliyyət göstərən “Naxçıvan” adlı kafedə oturub, yeyib spirtli içki qəbul edirmiş. Oda həmin kafedə masaların birində oturub çay içirmiş. Saat 19 radələrində İlham onun əyləşdiyi masaya yaxınlaşmış və telefonla zəng etməyini demişdir. O, İlhama sonra danışacağını demişdir. Buna baxmayaraq onun danışmaq istəmədiyini görüb ünvanına nalayiq ifadələr işlətmişdir. O, İlhamın sərxoş olduğuna görə söyüşlərinə cavab verməmişdir. İlham kafenin çıxışı istiqamətinə gedib yenidən geri qayıtmış və mübahisə etmişdir. Bundan sonra kafedə olan şəxslər onları aralamışlar. Qardaşı Eldarın hansı şəraitdə İlhamı vurmasını görməmişdir. Sonradan eşitmişdir ki, Eldar bıçaqla İlhamı vurmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “Naxçıvan” adlı kafe ona məxsusdur, özü işlədir. İlqar, İlham və Eldarı müştəri kimi tanıyır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində İlham ilə İlqar arasında ona məxsus kafedə mübahisə düşmüşdür. İlham kafedə Həsənəli, Azər ilə birlikdə yeyib spirtli içki içdikdən sonra İlqara yaxınlaşmış və telefonla danışmağı xahiş etmişdir. Belə ki, ilkin olaraq onların arasında sözlə mübahisə düşmüş, Mübahisəyə Eldar da müdaxilə etmiş və orada olan müştərilər onları aralamışdır. Eldar bir neçə dəqiqə sonra İlhamı kafedə olan otaqların birinə dəvət eləmişdir. İlham isə getməmişdir. Bu zaman onların arasında dartışma başlamış, Eldar üzərində olan bıçaq ilə bir neçə dəfə İlhamın bel nahiyyəsinə və sağrı nahiyyəsinə zərbələr endirmişdir. Bundan sonra onları aralamışlar. İlhamın bel və arxa nahiyyəsinə baxan zaman xəsarətlər aldığını görmüşdür. Məhkəmə iclasında iştirak edən Şahid3 şahid qismində verdiyi ifadəsində qeyd etmişdir ki, ustadır, laminat vurur. İlqar, İlham və Eldarı qonşu kimi tanıyır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində “Naxçıvan” adlı kafeyə laminat vurmağa getmişdir. Saat 19 radələrində İlham ilə İlqar arasında kafedə mübahisə düşdüyünü görmüşdür. Mübahisəyə Eldar da müdaxilə etmiş və orada olan müştərilər onları aralamışdır. Eldar bir neçə dəqiqə sonra İlhamı kafedə olan otaqların birinə dəvət etmiş, İlham isə getməmişdir. Bu zaman onların arasında mübahisə başlamışdər. Sonra bilmişdir ki, Eldar bıçaqla İlhamı vurub. Məhkəmə iclasında iştirak edən Şahid5 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Binə qəsəbəsində fəaliyyət göstərən «Naxçıvan» adlı kafeyə getmiş, tanışları Azər və İlhamla birlikdə oturmuşdur. Sonradan İlham, Azər digər masada olan İlqar və İlqarın qardaşı Eldar çölə çıxmışlar, o, kafenin içində olmuşdur. O, çöldə səs-küy eşidsədə çölə çıxmamışdır. Sonra eşitmişdir ki, İlhamla Eldar və İlqar arasında nə isə mübahisə olmuşdur. O, İlhamın kafenin içərisiən girdiyini görüb İlhamı öz yanına çağırmışdırki, kənarda dursun. Təxminən 7-8 dəqiqə keçmişdir ki, Eldar içəri girib onun yanında əyləşən İlhama demişdir ki, ayağa dursun işim var. Bu an İlham ayağa duranda Eldar əlində nəyləsə İlhamın belinə vurmuşdur. Eldarın bel hissəsindən əlləri ilə tutub kənardaşdırmağa çalışdıqda sonuncunun əlində olan bıçağa oxşatdığı, lakin dəqiq modelini və rəngini görmədiyi əşya yerə düşmüşdür. Kafenin içində olan tanımadığı şəxslərdə yaxınlaşıb Eldarı kənarlaşdırmışlar. O, Azərlə birlikdə İlhamın ağrısı olduğun görüb onu yaxın olduğu üçün piyada öz evlərinə aparmış, evdə İlhamın bel hissəsində bıçaq izləri olduğunu və xəsarət aldığını görmüşdür. Məhkəmə iclasında iştirak edən Şahid4 Ələddin oğlu şahid qismində verdiyi ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, toplanmış material üzrə CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 83 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər bel nahiyyəsinin daxilə nüfuz etməyən 5 ədəd, sağrı nahiyyəsinin 2 ədəd kəsilmiş-deşilmiş yaraları deşici-kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun “X9”-nə müraciətindən az əvvəl olmaqla, xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddilər. Hadisə haqqında məlumatlar, qeyd olunan xəsarətlərinxarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tariində şübhəli şəxs qismində tutulmuşdur; - Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən bıçaqla vurmasını etiraf etmiş və “əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 221.3-cü maddəsinə tövsif edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi M.Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən bıçaqla vurmasını etiraf etmiş və “əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Bundan başqa o, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.5, 68.1.1-1-ci maddələri tətbiq olunmaqla 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin olunmuş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilərək 02 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur; Bundan başqa Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, ona dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı şikayəti yoxdur; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 28.0302024-cü il tarixində başa çatmış və məhkum Təqsirləndirilən şəxs həmin tarixdə qeydiyyatdan çıxarılmışdır; - AZ-İİİ № 571030 saylı doğum haqqında şəhadətnamənin surətinmən müəyyən edilir ki, xx.xx.2015-ci il təvəllüdlü Əsgərov İsmayıl - Təqsirləndirilən şəxs oğludur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (CM-nin 59.1.4), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəməsi (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışması (CM-nin 59.1.12) cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilir. Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunması ilə bağlı, həmin qərar üzrə yaranmış məhkumluğu cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı müddət cəzasına hesablanmalı (CM-69.3) barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 07 saat vaxta görə 42 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar