Məhkəmə qərarları › İş №1(003)-586/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-586/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-586/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,539 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib hissələrə bölərək 04 ədəd gümüşü rəngli siqaret kağızına büküb hər birində 0,146 qram, 0,166 qram, 0,180 qram və 0,047 qram olmaqla “Sobranie” siqaret qutusuna qablaşdıraraq, həmçinin ümumi təmiz çəkisi 2,04 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib hissələrə bölərək 05 ədəd sarı rəngli kağıza büküb hər birində 0,18 qram, 0,42 qram, 0,34 qram, 0,47 qram və 0,63 qram olmaqla qablaşdıraraq üzərində saxlamaqla 02 fevral 2024- cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasının yaxınlığına kimi daşımış, həmin gün orada saat 20:30-da Xəzər RPİ- nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq PŞnin inzibati binasına aparılmış, saat 21:45-də Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərində şəxsi axtarış və baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində “Sobranie” siqaret qutusuna yığılmış halda 04 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş hər birində 0,146 qram, 0,166 qram, 0,180 qram, 0,047 qram olmaqla ümumi təmiz çəkisi 0,539 qram olan həmin kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və 05 ədəd sarı rəngli kağıza bükülmüş hər birində 0,18 qram, 0,42 qram, 0,34 qram, 0,47 qram və 0,63 qram olmaqla ümumi təmiz çəkisi 2,04 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin törədilməsində özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 02 fevral 2024-cü il tarixdə saat 20:30-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Polis Akademiyasının yaxınlığında dayanacaqda dayanıb üzü şəhər istiqamətinə getmək istəyərkən 3 nəfər mülki geyimli polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Tutulan zaman üzərində bir neçə büküm qurudulmuş marixuana olmuş, lakin metamfetamin olmamışdır. Bundan sonra ona təzyiqlər edilərək narkotik vasitə və metamfetamin satmasını etiraf etməsini tələb etmişlər. Təzyiqlərə tab gətirməyərək narkotik vasitə satdığını demişdir. Narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 oğlu bildirdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü o və şöbənin əməliyyat müvəkkilləri Şahid3 və mərhum Şahid1nndan ibarət əməliyyat qrupu yaradılmışdır. 02 fevral 2024-cü il tarixdə 20:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Polis akademiyasının yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Bu zaman o, üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün qaçmağa çalışmış və yol örtüyünün asfalt hissəsinə yıxılmışdır. Onu saxlayaraq 1-ci PŞ-nə gətirmişlər. Xəzər RPİnin 1-ci PŞ-nin inzibati binasında onların və vəkilin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində video çəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Sobranie” siqaret qutusunun daxilinə sıxılaraq yığılmış siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri təqdim edərək içində qurudulmuş marixuana və metamfetamin olduğunu, şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi cəmi 09 ədəd bükümə baxış keçirərkən 04 ədəd bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin və 05 ədəd sarı rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən öncə və şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki zor və psixi təzyiq göstərilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 verdiyi ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında 0302.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli aktdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirildiyi zaman sifət və əl nahiyyəsində olan xəsarət izləri onun polis əməkdaşlarından qaçmağa çalışdığı zaman yolun asfalt örtüyünə yıxılması nəticəsində əmələ gəlmişdir. Protokol Təqsirləndirilən şəxs oxunmuş, irad və etirazı olmamış və onun tərəfindən imzalanmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı A.İsayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 21:50-22:05 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən “Sobranie” siqaret qutusuna sıxılaraq yığılmış siqaretin gümüşü kağızına bükülmüş 04 ədəd bükümdə içində şüşə kristal formalı psixotrop maddəyə bənzər kütlələr və 05 ədəd sarı rəngli kağıza bükülmüş içərisində bitki mənşəli narkotik vasitəyə bənzər kütlələri təqdim etmişdir. Protokol Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı A.isayev tərəfindən tərtib edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi F.Cəfərov tərəfindən də imzalanmışdır. Protokol iştirakçılara oxunmuş və heç bir şikayət və ya təklif olmamışdır; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/186 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “1)imza Təqsirləndirilən şəxs...”, sözləri yazılmış bir ədəd kağız paketdə bir ədəd siqaret qutusunda 05 ədəd qəhvəyi rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) 0,18 qram, 2) 0,42 qram, 3) 0,34 qram, 4) 0,47 qram, 5) 0,63 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 2,04 qramdır. Tədqiqata təqdim olunmuş 05 (beş) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/759 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmişüzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N157” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, dörd -imza, Tərtib etdi: A.İsayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 04 ədəd bükümlərdəki təmiz çəkiləri 0,146 qram, 0,166 qram, 0,180 qram, 0,047 qram, ümumi təmiz çəkisi 0,539 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddələr metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1156 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2024cü il tarixli ptorokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli, 1156 saylı ekspert rəyi ilə tanış olmuş, heç bir etirazı olmadığını qeyd edərək imza etmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Şahid1 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər (Əzizbəyov) Rayon (Xalq) Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 93-3 M 2-ci hissəsi (köhnə redaksiyada) ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir; Bundan başqa o, Nizami Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2004cü il tarixində cəzasının sonu ilə azad olunmuşdur; Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur; Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixində cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixində cəza müddəti başa çatmışdır; - Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Şahid1 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad olunmuşdur; - Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması ilə bağlı aparılmış araşdırma zamanı həmin xüssusatlar öz təsdiqini tapmamış, polis əməkdaşlarının Təqsirləndirilən şəxs fiziki zor tətbiq etmələri müəyyən edilməmiş və material üzrə xx.xx.2024-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, axtarışa verilmişdir; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutularaq PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X3 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyrisəmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2023-cü il tarixində cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2023-cü il tarixində cəza müddəti başa çatmışdır) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs onun şübhəli şəxs kimi saxlanıldığı 01 gün, həbsdə saxlandığı 28 gün, cəmi 29 gün müddət təyin edilmiş qəti cəzaya hesablanmalı (CM-69.3), cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.3), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,459 qram psixotrop maddə olan metamfetamin, 1,59 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 181 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 28 (iyirmi səkkiz) gün olmaqla, cəmi 29 (iyirmi doqquz) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 03 (üç) il 05 (beş) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,459 qram psixotrop maddə olan metamfetamin və 1.89 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 181 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar