Məhkəmə qərarları › İş №1(003)-587/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-587/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-587/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-342/2021 saylı 17 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 avqust 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Mərdəkan çimərliyində yerləşən “Qazilər” istirahət mərkəzində Zərərçəkmiş şəxs məxsus idman çantasının içərisindən sonuncuya məxsus qiyməti 800 manat olan bir ədəd “İphone XS” markalı mobil telefonu üzərindəki qiyməti 10 manat olan GSM kartı ilə birlikdə, qiyməti 2850 manat olan bir ədəd “İphone 12 Pro Max” markalı mobil telefonu üzərindəki qiyməti 300 manat olan GSM kartı ilə birlikdə, pul kisəsinin içərisindən 2100 manat nağd pulu, həmin yerdə saxlanılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “BMW” markalı **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sol qapısının cibindən qiyməti 6000 manat olan bir ədəd “Vertu Signature” markalı mobil telefonu, pul qabının içərisindən həmin tarixə məzənnəsi 85 manat olan 50 ABŞ dollarını, qolaltı hissəsindən isə qiyməti 350 manat olan bir ədəd istifadədə olmuş alt hissəsində “Vacheron Constantin” 176.8.38.S ******* və sair olan, süni dəri materialdan hazırlanmış göy rəngli qolbağlı, qızılı-göy rəngli, orijinal olmayan kişi qol saatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 12495 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər iki dəfə oğurluq etdiyinə görə məhkum olunmuş, 2020-ci ilin yay aylarında cəzasının sonu ilə azad edilmiş, azadlığa çıxandan sonra bir müddət təkər təmiri ilə məşğul olub çörək pulu qazanmış, lakin qazancı yaxşı olmamış, maddi vəziyyəti pis olmuşdur. Buna görə də oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Xəzər rayonu ərazisində yerləşən çimərliyə istirahət etməyə gələnlərin əşyalarını oğurlamağı planlaşdırmışdır. Çünki əvvəl etdiyi oğurluq cinayətlərindən birini məhz bu üsulla etmiş və çimərlikdən oğurluq etmək onun üçün çox rahat olmuşdur. 07 avqust 2021-ci il tarixdə saat 14 radələrində oğurluq etmək üçün Mərdəkan qəsəbə çimərliyində yerləşən “Qazilər” istirahət mərkəzinə getmiş, həmin vaxt bir cavan oğlanla bir cavan qadının orada istirahət etdiklərini, telefonla şəkil, ya video çəkdiklərini, ətrafda isə heç kimin olmadığını görmüşdür. Onları kənardan izləməyə başlamış, saat 15 radələrində onların hər ikisi dənizə girmiş və bir qədər suyun dərin olan hissəsinə getmişlər. Həmin şəxslərin başlarının qarışıq olmasından istifadə edib ətrafa göz gəzdirərək onların əyləşdiyi besedkaya yaxınlaşmış, besedkanın içərisində olan idman çantasının içərisindən bir ədəd “İphone XS” markalı və bir ədəd “İphone 12 Pro Max” markalı mobil telefonları və pul kisəsinin içərisində olan pulları götürmüş, sonra idman çantasının içərisində olan avtomobilin pultu ilə “BMW” markalı avtomobilin qapısını açıb pultu idman çantasının içərisinə qoymuş, daha sonra avtomobilə daxil olub avtomobilin qabaq sol qapısının cibindəki pul qabının içərisində olan ümumilikdə 18 ABŞ dollarını, qolaltı hissəsinin üzərindən isə bir ədəd qol saatını götürüb avtomobildən çıxaraq cibinə qoyub həmin yerdən uzaqlaşmış və piyada dənizin kənarı ilə öz yaşadığı Buzovna qəsəbəsinə doğru getmişdir. Yolda oğurladığı pulları saymış, görmüşdür ki, idman çantasının içərisindən ümumilikdə 700 manat pul götürmüşdür. Həmin günün səhərisi oğurladığı “İphone 12 Pro Max” markalı mobil telefonu “Lalafo” vasitəsi ilə 300 manata satışa qoymuş, bir gün sonra hazırda nömrəsini xatırlamadığı bir nəfər şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək telefon barədə soruşmuş, o, ona telefonun oğurluq olduğunu bildirmiş, həmin şəxs də 200 manat verib almaq istədiyini, onun üçün problem olmadığını, söküb hissələrin satacağını demiş, bu zaman o, həmin şəxsə bir dənə də “İphone XS” markalı oğurluq mobil telefonunun olduğunu, ona da 100 manat versə ikisini birlikdə 300 manata satacağını demiş, o da onunla razılaşmışdır. Bundan sonra, o, həmin gün, yəni 09 avqust 2021-ci il saat 18 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığında arıq bədən quruluşlu, uzun boylu, təxminən 30 yaşı olan həmin cavan oğlanla görüşmüş və oğurladığı mobil telefonların ikisini birlikdə 300 manata ona satmış, əldə etdiyi pulların hamısını şəxsi ehtiyaclarına xərcləmiş, oğurladığı əşyalardan qalan bir ədəd qol saatını şübhəli şəxs qismində saxlanılqdıqdan sonra polis əməkdaşına təqdim etmişdir. Törətdiyi əməldən peşman olmuş, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə və onunla barışıq əldə edə bilməmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 07 avqust 2021-ci il tarixdə təxinən saat 11 radələrində nişanlısı Şahid ilə birlikdə istirahət etmək üçün Mərdəkan qəsəbəsində yerləşən çimərliyə getmişlər. O, həmin yerdə 18-ci besedkanı götürmüş və onlar orada əyləşmişlər. İdarə etdiyi özünə məxsus “BMW” markalı **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili də əyləşdikləri besedkanın yanında saxlamışdır. Saat 13 radələrində həmin yerdə işləyən ofisianta yemək sifariş etmiş, oturub yeyib-içmişlər. Təxminən saat 14:30-da çimmək üçün dənizə gedib əyləşdikləri yerə geri qayıdarkən görmüşdür ki, besedkada idman çantasının içərisinə qoyduğu “İphone XS” markalı mobil telefonu, “İphone 12 Pro Max” markalı mobil telefonu, eləcə də pul kisəsinin içərisində olan 2100 manat pulu yerində yoxdur. Başa düşmüşdür ki, mobil telefonları və pulu oğurlanmışdır. Bundan sonra idman çantasının içərisində olan avtomobilinin pultunu götürərək avtomobilinin qapısını açarkən görmüşdür ki, qabaq sol qapının cibinə qoyduğu pul qabı ayaq altına atılmışdır. Başa düşmüşdür ki, avtomobilindən oğurluq edilmişdir. Avtomobilə göz gəzdirmiş və görmüşdür ki, avtomobilin qabaq sol qapısının cibinə qoyduğu “Vertu Signature” markalı mobil telefonu və həmin yerdə pul qabının içərisində olan təxminən 50 ABŞ dolları pulu, avtomobilin qol altı hissəsindən isə ona məxsus bir ədəd “Vacheron Constantin” markalı saatı oğurlanmışdır. Bundan sonra, o, bu barədə ərazidə xidmət aparan polis əməkdaşlarına müraciət etmiş və hadisə barədə məlumat vermişdir. “İphone 12 Pro Max” markalı mobil telefonunun üzərində 300 manata aldığı ***-***-**-** saylı nömrə, “İphone XS” markalı mobil telefonun üzərində 10 manata aldığı ***-***-**-** saylı nömrə, “Vertu Signature” markalı mobil telefonun üzərində isə ona pay verilmiş ***-***-**-** saylı nömrə olmuş, ancaq “Vertu Signature” markalı mobil telefonun üzərində olan nömrəni telefonu oğurlayan şəxs üzərindən çıxardaraq avtomobilin içərisində atmışdır. Oğurluq nəticəsində ona dəymiş ziyan tam ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın tam ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid da Zərərçəkmiş şəxs ifadəsinə uyğun məzmunda ifadə verməklə onun göstərdiklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş “maddi sübutun götürülməsi” barədə 16 avqust 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd “Vacheron Constantin” markalı qol saatı Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 oktyabr 2021-ci il tarixli 9/7252 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd alt hissəsində “Vacheron Constantin” 176.8.38.S ******* və sair yazılar olan, süni dəri materialdan hazırlanmış göy rəngli qolbağlı, qızılı-göy rəngli, orijinal olmayan kişi qol saatının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 350,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. İş materiallarına əlavə olunmuş 15 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarımla 16 avqust 2021-ci il tarixli götürmə aparılması haqqında protokolla Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Vacheron Constantin” markalı saat maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 21 oktyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Əliyev X1 Hərbi Məhkəməsinin 27 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinmiş və ona ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il sınaq müddəti müəyyən edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.1 və 177.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 11 (on bir) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 68.1.3 və 67.1-ci maddələrinə əsasən 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli qərarı ilə CM-nin 68.1.3-cü maddəsi ilə cəza müddəti yenidən hesablanmaqla, 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərarı ilə 22 (iyirmi iki) gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, 09 sentyabr 2020ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqrarda maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etsə də, bir ədəd “Vertu Signature” markalı mobil telefonu oğurlamadığını, eləcə də oğurladığı pulların müvafiq olaraq 2100 manat deyil, 700 manat olduğunu, 50 ABŞ dolları deyil, 18 ABŞ dolları olduğunu göstərmiş, lakin onun göstərdikləri zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin materialları ilə təkzib edilir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə kimi qiymətləndirilməklə cinayət məsuliyyətindən və mülki tələbdən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-342/2021 saylı 17 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 16 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 16 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Zərərçəkmiş şəxs məxsus “Vacheron Constantin” markalı saatın ona qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 16 avqust 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Zərərçəkmiş şəxs məxsus “Vacheron Constantin” markalı saatın ona qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar