Məhkəmə qərarları › İş №1(003)-589/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-589/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-589/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İİ qrup əlil, əvvəllər məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının qalan çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Çiləgər qəsəbəsi Yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 233/2023 saylı 06 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 295/2023 saylı 21 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 589/2023 saylı 23 oktyabr 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 28 oktyabr 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə heroin əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,318 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 04 may 2023-cü il tarixdə səhər saatlarında Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu Çiləgər qəsəbəsi YYS-də yaşadığı evin yaxınlığında hərəkət edən zaman saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,318 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, o, uzun illər olar ki, “kakos” kimi tanıdığı narkotik vasitədən, yəni heroindən istifadə edir. Sonuncu dəfə 04 may 2023cü il tarixdə, səhər saatlarında Maştağa qəsəbəsi, tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün 01 ədəd gümüşü kağıza bükülü halda heroini almışdır, bir qismini istifadə etmiş, qalan hissəsini isə gələcəkdə istifadə etməsi üçün əynindəki tünd göy rəngli şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. 04 may 2023-cü il tarixdə saat 16:00 radələrində Çiləgər qəsəbəsində yaşadığı evin qabağında hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitənin istifadəsində şübhəli olduğunu bildirmiş və onu 2-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə ona hüquqları izah olunmuş və təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində içərisində narkotik vasitə heroin olan 01 ədəd gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddə narkotik vasitə olan “kakos” kimi tanıdığı heroindir, onu 04 may 2023-cü il tarixdə, səhər saatlarında Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün almışdır. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış götürmə keçirmişlər, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə olan heroin qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiq və ya psixoloji təsirə məruz qalmamışdır. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, özünü təqsirli bilmir, çünki, uzun müddət narkotikdən istifadə etmiş olsa da, hadisədən 1-2 ay əvvələ qədər istifadə etməmişdir. 04 may 2023-cü il tarixdə polis əməkdaşları onu Buzovna qəsəbəsində dispanserin yaxınlığında saxlayaraq 2-ci PŞ-nə dəvət etmişlər. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində ona təzyiq göstərilmiş, həmin 01 büküm narkotik vasitə heroin videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə həmin vaxt heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Özü İİ qrup əlildir, sağalmaz xəstəlikdən əziyyət çəkir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq barəsində ədalətli hökmün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 göstərdi ki, ərazi sakini olan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində onu Çiləgər qəsəbəsində saxlayaraq 2-ci PŞ-nə dəvət etmişlər. PŞ-də videoçəkilişlə və vəkilin iştirakı ilə ona üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, onu Maştağa qəsəbəsində 10 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, PŞ-nə aparılarkən və şöbədə olarkən ona qarşı hər hansı fiziki və psixolojo təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, 04 may 2023-cü il tarixdə Xəzər RPİ-nin 2-cü Polis Şöbəsinin inzibati binasında təhqiqatçı, polis mayoru Fariz Məmmədovun xidməti iş otağında Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üztə əməliyyat müvəkkili polkovnik-leytenantı Şahid1 və videoçəkilişi həyata keçirən polis sahə rəisi Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş bir ədəd bükümü araşdırmaya təqdim edərək həmin maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə, yəni narkotik vasitə olan heroin olduğunu, onu 04 may 2023-ci il tarixdə, səhər saatlarında Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını, bir hissəsini özü üçün istifadə etdiyini, qalan hissəsini isə gələcəkdə şəxsi istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Cibindən aşkar olunmuş 01 ədəd gümüşü kağıza bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bundan başqa əlavə axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş maddə və ya kütlə aşkar edilməmişdir. Sonda vəkil X6 müdafiə etdiyi Təqsirləndirilən şəxs sual verərək masanın üzərinə qoyaraq təqdim etdiyi 01 ədəd bükümün ona məxsus olub-olmamasını və saxlanılaraq Xəzər RPİ-nin 2-ci polis şöbəsinə dəvət olunarkən polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalıb-qalmamasını soruşduqda Təqsirləndirilən şəxs cavab verərək polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirir. Sonra müdafiəçi bundan artıq sualı olmadığını bildirir, təhqiqatçısı Fariz Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü kağıza bükülmüş büküm ağ rəngli boş zərfə qoyularaq qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs və üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 05 may 2023-cü il tarixli 6/2589 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Rsapublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 193” dairəvi möhür əksləri olan, və “... 3) Şübhəli şəxs ... Təqsirləndirilən şəxs ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,318 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Ümumi çəkisi 0,318 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,100 qramı tədqiqata sərf edilmiş, 0,268 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,00 (səksən bir) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 26 may 2022-ci il tarixli, 3243 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psxitrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə norkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qararı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona norkomaniyadan məcburi müalicə tətəbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,318 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,268 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X8 tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixli 1619 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs F-11-opioidlərin qəbulundan yaranan psixi və davranış pozğunluqları diaqnozu ilə 01 sentyabr 1999-cu il tarixdən Bakl şəhər Narkoloji Mərkəzində qeydiyyatdadır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilən sonuncu müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİ qrup əlildir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı CÇM tərəfindən qəbul edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” 20 noyabr 2023-cü il tarixli Qərarın surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə Əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 24 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə Əsasən cəzadan azad edilmiş, barəsində Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi hazırda icraatdadır. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə uyğun olaraq, Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü kimi, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq daşıması faktı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması aşkar edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psxitrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə norkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qararı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona norkomaniyadan məcburi müalicə tətəbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xəzər RPİ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, Xəzər RPİ-də olarkən ona hədə-qorxu gəlinməsi, qorxudulması barədə sonradan da şikayət etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X3 himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-233/2023 saylı 06 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-295/2023 saylı 21 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-589/2023 saylı 23 oktyabr 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı barədə rəsmi qaydada bildiriş təqdim edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyinə görə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 01 noyabr 2023-cü il tarixli 3-16-17/40/2-6105/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 23 oktyabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 5 (beş) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutularaq saxlanıldığı 28 oktyabr 2023cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,268 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,00 (səksən bir) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 9 iş saatına görə 54,00 (əlli dörd) manat olmaqla ümumilikdə 174,00 (yüz yetmiş dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 2 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutularaq saxlanıldığı 28 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,268 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 81,00 (səksən bir) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 54,00 (əlli dörd) manat olmaqla ümumilikdə 174,00 (yüz yetmiş dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar