Məhkəmə qərarları › İş №1(003)-59/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-59/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-59/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1968-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Siyəzən rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaq təcridxanasında qadağan olunmuş əşyanı saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Siyəzən rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində Siyəzən rayon Məhkəməsinin 17 aprel 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılmışdır. 25 iyul 2021-ci il tarixdə məhkəmə prosesinə cəlb edildiyindən Siyəzən RPŞ-nin Müvəqqəti saxlama yerinə keçirilmiş və 28 iyul 2021-ci il tarixdə təcridxanaya etap olunarkən naməlum mənbədən əldə etdiyi və daxili orqanında gizlətdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na əsasən qadağan olunmuş əşya olan narkotik vasitəni təcridxanaya keçirərək saxlamış və daşımışdır. 29 iyul 2021-ci il tarixdə, saat 09:00 radələrində təcridxananın əməkdaşları tərəfindən onunla aparılan profilaktiki söhbətlərdən sonra düz bağırsağında gizlədərək gəzdirdiyi bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,447 qram narkotik vasitə hesab olunan “tiryək” onda aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Siyəzən rayon Məhkəməsinin 17 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün 19 aprel 2021-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına yerləşdirilmişdir. 25 iyul 2021-ci il tarixdə Siyəzən RPŞ-nin MSY-nə aparılmış və 28 iyul 2021-ci il tarixdə geri təcridxanaya etap olunan zaman konvoy maşınına minərkən yerdə 1 ədəd sellofan bükümünü görmüş və narkotik vasitə olduğunu bilmişdir. Mühafizəçinin başı qarışıq olduğundan həmin bükümü yerdən götürərək udmuşdur. 29 iyul 2021-ci il tarixdə, saat 09 radələrində 3 saylı İstintaq təcridxanasının əməkdaşları onunla fərdi söhbət apardıqdan sonra əməkdaşlara bir ədəd sellofan bükümdə narkotik vasitəni yerdən taparaq udmasını və təcridxanaya keçirməsini etiraf etmişdir. Bundan sonra həmin sellofan bükülünü təbii yola çıxararaq əməkdaşlara təhvil vermişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri onun əməlini etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid2 Uyandur oğlu göstərdi ki, Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının Əməliyyat bölməsinin rəisi vəzifəsində işləyir. 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs 25 iyul 2021-ci il tarixdə Siyəzən rayon Polis şöbəsinin MSY-nin etap olunmuş və 28 iyul 2021-ci il tarixdə, saat 14:30 radələrində konvoy tərəfindən təcridxanaya qaytarılaraq cərimə təcridxanasında saxlanılmışdır. 29 iyul 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında saat 09:00 radələrində Təqsirləndirilən şəxsla aparılmış söhbət əsasında o, düz bağırsağında gizlətdiyi 1 ədəd sellofan bükülünü təqdim edərək içində narkotik vasitə tiryək olduğunu, Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən tapıb udaraq təcridxanaya keçirdiyini bildirmişdir. Həmin bükülü hal şahidlərin iştirakı ilə qablaşdırılmış və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahidlər Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının Rejim-nəzarət şöbəsinin nəzarətçiləri Şahid1 və Şahid3 Şahid2 Uyandur oğlunun ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na əlavə edilən “Həbs edilmiş şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların” siyahısından görünür ki, narkotik vasitələr həbsdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 29 iyul 2021-ci il tarixli, 6/3163 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş…» yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,447 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. “Tiryək” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qununi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,397 qram qalıq qalmışdır”. İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 13 avqust 2021-ci il tarixli, 6/3435 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,397 qram tünd qəhvəyi rəngli spesifik tiryək iyli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitədir – tiryəkdir. “Tiryək” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qununi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,347 qram qalıq qalmışdır. İlkin tədqiqat zamanı narkotik vasitə tiryəkin təmiz çəkisi 0,447 qram olmuşdur”. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 27 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1968-ci ildə Siyəzən şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 1) Siyəzən rayon Məhkəməsinin 18 sentyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 1 il 1 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 fevral 2015-ci il tarixli qərarına əsasən 5 ay vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 3) Siyəzən rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 07 iyul 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Siyəzən rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 15 aprel 2021-ci il tarixdən hesab edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməli Siyəzən rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü qəbul edilməmiş törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Siyəzən rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 4 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 15 aprel 2021-ci il tarixdən hesab olunmalıdır. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi İstintaq idarəsinin müstəntiqi Tariyel Quliyevin 26 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə tiryəkin ekpertizadan sonrakı qalığı 0,347 qram maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xəzər RPİnin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə tiryəkin ekpertizadan sonrakı qalığı 0,347 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Siyəzən rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 4 (dörd) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 15 aprel 2021-ci il tarixdən hesab edilsin. İş üzrə 153,70 (yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə tiryəkin ekpertizadan sonrakı qalığı 0,347 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********,hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar