Məhkəmə qərarları › İş №1(003)-591/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-591/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-591/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Səmid oğlunun və X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Çiləgər yaşayış massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-207/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında Bakı şəhəri Xəzər rayonu Çiləgər yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 Səmid oğluna məxsus yarımtikili evin həyətyanı sahəsində olan ümumilikdə 3000 manat dəyərində 80 ədəd şifer materialından olan dam örtüyünü, 2 kub taxtanı, 1 ədəd dəmir seyf qapını, 260 metr uzunluğunda reykanı, 1 ədəd hamam qapısı və 1 ədəd nəfəsliyi gizli yolla talayaraq zərərçəkmiş şəxsə 3000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən məhv etmək məqsədilə 16 aprel 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri Xəzər rayonu Çiləgər yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi yaşayış evini evdə olan mebelə, paltarlara, döşəməyə əlində olan iki litrlik plastik qabdakı benzini töküb kibritlə od vurub qəsdən yandırmaqla zərərçəkmiş şəxs X2 2160 manat, Zərərçəkmiş şəxs1 12826 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 14986 manat dəyərində əmlakı - X4 məxsus “EMBAWOOD” markalı stol və stul dəstini, bir ədəd “SAMSUNG” markalı soyuducunu, bir ədəd “SAMSUNG” markalı paltaryuyan maşını, Türkiyə Cümhuriyyətinin istehsalı olan divan və kreslo dəstini, Türkiyə Cümhuriyyətinin istehsalı olan paltar dolabı və servantdan ibarət mebel dəstini, bir ədəd “SAMSUNG” markalı tozsoranı, Azərbaycan Respublikasının istehsalı olan 5 dəst yataq dəstini, Türkiyə Cümhuriyyətinin istehsalı olan iki ədəd 4×5 ölçüdə xalçanı, Azərbaycan istehsalı olan iki ədəd 4×1,60 ölçüdə xalçanı, Türkiyə Cümhuriyyətinin istehsalı olan bir ədəd elektrik ətçəkən maşını, Türkiyə Cümhuriyyətinin istehsalı olan bir ədəd mikrodalğalı sobanı və Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evini qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlər altında verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Səmid oğlu onun keçmiş bacanağıdır. Xəzər rayonu Çiləgər yaşayış massivində bibisi oğlu Zərərçəkmiş şəxs1 ona müvəqqəti olaraq istifadəyə verdiyi və yaşadığı evlə bir həyətyanı sahədə Vidadiyə məxsus yarımtikili ev vardır. Vidadiyə məxsus yarımtikili ev olan həyətyanı sahə ilə Nurəliyə məxsus evin olduğu həyətyanı sahə ayrılmamışdır və hasara alınmamışdır. Həmin yarımtikili evin tikilməsində və orada təmir işlərinin aparılmasında fəhlə kimi işləmişdir. 2023-cü ilin iyul ayında, dəqiq tarixi xatırlamır, Vidadiyə məxsus yarımtikili evin həyətyanı sahəsində olan 80 ədəd şifer materialından olan dam örtüyünü, 2 kub taxtanı, 1 ədəd dəmir seyf qapını, 260 metr uzunluğunda reykanı, 1 ədəd hamam qapısı və 1 ədəd nəfəsliyi oğurlamış, nömrəsini xatırlamadığı yolüstü yük maşını çağıraraq həmin əşyaları Çiləgər yaşayış massivində tanımadığı şəxslərə satmış və bundan ona ümumilikdə 150 manat qalmış, 10 manat isə tanımadığı yük maşının sürücüsünə zəhmət haqqı olaraq vermişdir. Qeyd edilən əşyaları satdığı şəxslər və yük maşınının sürücüsü həmin əşyaların oğurluq olduğunu bilməmiş və bu barədə onlara heç nə deməmişdir. Təqribən bir ildir ki, ailəsindən ayrılmışdır. Həmin nikahdan iki azyaşlı uşağı var. Bibisi oğlu Nurəli ona ailəsi ilə birlikdə yaşamaqdan ötrü Çiləgər yaşayış massivində yerləşən bir mərtəbəli, təmirli üç otaqlı evi müvəqqəti istifadəyə vermişdir. Ailəsi dağıldıqdan sonra arvadı Sevinc Tarverdiyeva və iki azyaşlı uşağı Lerik rayonunda yaşayır. Sevincin azyaşlı uşaqları ilə görüşməyə icazə verməməsi ona çox pis təsir etmiş, 16 aprel 2023-cü il tarixdə saat 14 radələrində spirtli içki qəbul etmiş, Sevincin Nurəliyə məxsus əvvəllər birgə yaşadıqları evdə cehizləri və paltarlarının olduğunu xatırlamış və həmin evi yandırmaq qərarına gəlmişdir. Həmin evdə özündən başqa heç kim yaşamamıdır. İki litrlik plastik qabda benzin əldə edərək Nurəliyə məxsus həmin evin qapısını üzərində olan açarla açaraq daxil olmuş və Sevincə məxsus mebellərə, döşəməyə benzin səpərək kibritlə od vuraraq yandırmış və çölə çıxmışdır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək yanğını söndürmüş, onlar getdikdən sonra bir daha həmin evə daxil olaraq Sevincə məxsus paltarları bir yerə yığaraq od vurub yandırmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Qeyd edilən cinayət hadisələrindən başqa heç bir cinayət hadisəsi törətməmişdir. Hazırkı açıq məhkəmə iclasında o, əsil həqiqəti söyləyir və bildirir ki, həmin oğurluğu etməmişdir. 2-ci Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları onu döyərək zorla həmin əməli boynuna qoymuşlar. Belə ki, PŞ-də ona fiziki təzyiqlər göstərilərək və hədə-qorxu gəlinərək özünə qarşı ifadə verməyə və etmədiyi cinayəti törətməsi barədə etirafedici ifadə verməyə məcbur edilmişdir. Onu döyən polis əməkdaşlarını tanımır, həm də döyülməyi barədə heç bir yerə şikayət etməmiş, hətta müdafiəçisinə, həmçinin barəsində qətimkan tədbirinin seçilən zaman prokurora da bildirməmişdir. Zərərçəkmiş şəxs1 məxsus, Xəzər rayonu Çiləgər yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evini və keçmiş arvadı Sevincə məxsus mebelləri, paltarları yandırdığını etiraf edir və bu əməldən peşman olmuşdur, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır və hazırda ailəsini bərpa etmək və həyat yoldaşı Sevinc ilə barışmaq istəyir. Bütün bunların nəzərə alınaraq törətdiyi cinayətə görə ona yüngül cəza verilməsini, törətmədiyi cinayətə görə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Ona məxsus Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən fərdi yaşayış evini təmir edərək dayısı oğlu Murada ailəsi ilə birlikdə yaşamaqdan ötrü müvəqqəti istifadəyə vermişdir. Həmin fərdi yaşayış evində olan əşyalar isə Muradın arvadı Sevinc Tarverdiyevaya məxsus əşyalar olmuş, orada ona məxsus əşyalar olmamışdır. Bir müddət keçdikdən sonra Murad arvadı Sevincdən rəsmi olaraq ayrılmış və həmin evdə tək yaşamağa başlamışdır. 16 aprel 2023cü il tarixdə Murad ona məxsus fərdi yaşayış evini Sevincə məxsus əşyalarlarla birlikdə qəsdən tam yandırmış, nəticədə ona ümumilikdə təqribən 15000 manat maddi ziyan dəymişdir. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Səmid oğlu göstərdi ki, ona məxsus Xəzər rayonu Çiləgər yaşayış massivində yerləşən 3,5 sot torpaq sahəsində yarımtikili ev var. Həmin yarımtikili ev Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığında yerləşir və hasarla ayrılmamışdır. Ona məxsus yarımtikilinin tikintisində istifadə olunacaq tikinti materialları olmuş, o, oraya çox nadir hallarda gəlmişdir. 2022-ci ilin iyul ayından sonra həmin yerə getməmişdir. 10 aprel 2023-cü il tarixdə günorta saatlarında qeyd edilən yarımtikilinin olduğu yerə gəldikdə yarımtikilinin yerləşdiyi həyətyanı sahədə olan 80 ədəd dam örtüyünün (şifer), iki kub taxtanın, dəmir seyf qapının, 260 metr uzunluğunda reykanın, bir ədəd hamam qapısının, bir ədəd nəfəsliyin oğurlandığını aşkar etmiş, həmin əşyaları keçmiş bacanağı Muradın oğurladığı məlum olmuşdur. Murad qeyd edilən həyətyanı sahədə az bir müddət fəhlə kimi işləmiş və o, onun zəhmət haqqını artıqlaması ilə vermişdir. Murad həmin yarımtikilinin yaxınlığında yerləşən Nurəliyə məxsus fərdi yaşayış evində müvəqqəti olaraq yaşamışdır. Ona məxsus yarımtikilinin yerləşdiyi həyətyanı sahə hasarla ayrılmadığına görə Murad həmin yerə rahatlıqla gedə bilmiş və ona yarımtikilinin olduğu yerə getməyə qadağa qoymamışdır. Amma Muradın oğurladığı əşyaları Murada nəzarət etməsindən ötrü etibar etməmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan iki qız övladı var. 2022-ci ildə Muraddan rəsmi olaraq ayrılmış, 2021-ci ildən ayrılana kimi Muradın qohumu Nurəliyə məxsus Xəzər rayonu Çiləgər yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamışdır. Orada yaşadıqlarına görə cehizləri də həmin evdə qalmışdır. Muraddan ayrılmağına baxmayaraq, onunla yenidən barışacaqlarına ümidi olmuş, ona görə də cehizlərini həmin evdən çıxartmamışdır. Muradın 16 aprel 2023-cü il tarixdə Nurəliyə məxsus həmin evi yandırması sonradan ona məlum olmuşdur. Həmin ev tam olaraq yanmış, orada olan ona məxsus “EMBAWOOD” şirkətinin istehsalı olan stol və stul dəsti, Türkiyə Cümhuriyyətinin istehsalı olan divan və kreslo dəsti, Türkiyə Cümhuriyyətinin istehsalı olan paltar dolabı və servantdan ibarət mebel dəsti, “SAMSUNG” markalı soyuducu, “SAMSUNG” markalı paltaryuyan maşın, “SAMSUNG” markalı tozsoran, Azərbaycan Respublikasının istehsalı olan beş dəst yataq dəsti, iki ədəd 4×1,60 ölçüdə toxunma xalça, iki ədəd Türkiyə Cümhuriyyətinin istehsalı olan 4×5 ölçüdə xalça, ətçəkən və Türkiyə Cümhuriyyətinin istehsalı olan mikrodalğalı sobadan ibarət olan mətbəx avadanlığı tamamilə yanaraq yararsız hala düşmüşdür. Həmin əşyalar 12 il bundan öncə atası tərəfindən ona cehiz olaraq alınmış, həmin vaxt atası həmin əşyalara təqribən 10000 manat pul xərcləmişdir. Yanğın nəticəsində ona ümumilikdə 10000 manat maddi ziyan dəymişdir. Lakin buna baxmayaraq, onun Murada qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, Muradı bağışlayır və ona cəza verilməsini istəmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid da zərərçəkmiş şəxs X1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə olunmuş kompleks məhkəmə-yanğın-texniki və məhkəməəmtəəşünaslıq ekspertizasının 05 iyul 2023-cü il tarixli, 10/4817-9/5039 nömrəli rəyindən görünür ki : Qərarın birinci, ikinci, üçüncü və dördüncü sualları üzrə: Bakı şəhəri, Xəzər rayonu, Çiləgər yaşayış massivində yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin yataq otağının daxilində, döşəmə səviyyəsində olmuşdur. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Xəzər rayonu, Çiləgər yaşayış massivində yerləşən fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyan 12826.00 manat təşkil edir. Qərarın beşinci sualı üzrə: Ekspertiza təyini haqqında qərarda və siyahıda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminənm 2160,0 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200,00 (iki yüz) manatdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 daxil olmuş 26 may 2023-cü il tarixli, 7787 nömrəli məktubdan görünür ki: xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1ndə qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə onun ifadəsi yerində yoxlanılmış, ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 05 iyun 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər Hərbi Məhkəməsinin 22 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Tərtər Hərbi Məhkəməsinin 06 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsinə əsasən 200,00 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 186.2.2-ci maddələri ilə elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlləri törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, oğurluq cinayətini törətməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xəzər RPİnin 2-ci PŞ-nə gətirildikdən sonra orada polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq özünə qarşı ifadə verməyə və etmədiyi cinayəti törətməsi barədə etirafedici ifadə verməyə məcbur edildiyini göstərmiş, lakin nə həmin vaxt, nə də sonradan bu barədə heç bir yerə şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmiş, müdafiəçisinin iştirakı ilə etirafedici ifadə vermiş, polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1 və 186.2.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1 və 186.2.2-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 17 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 200,00 (iki yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 38 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 13 saat) cəmi 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri – 200,00 (iki yüz) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar