Məhkəmə qərarları › İş №1(003)-593/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-593/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-593/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində ünvan 3l 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Alov Dönər”-in qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib silah qismində istifadə etdiyi bıçaqla qəsdən ictimai qaydanın pozulmasının qarşısını alan X1 döş qəfəsi nahiyəsinə, Zərərçəkmiş şəxs2 isə sağ qol və dodaq nahiyəsinə zərbə vurmaqla ictimai qaydanın pozulmasının qarşısını alan X4 döş qəfəsinin ön divarının və sol qasıq nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli zərərvurmaya aid, Zərərçəkmiş şəxs2 üst və alt dodağın, sağ bazunun, sağ əlin kəsilmiş yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. 17 aprel 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Alov dönər”-ə dönər almaq üçün getmiş, dönər sifariş vermiş və gözləmişdir. Sifarişini gözlədiyi zaman orada olan adını sonradan bildiyi Maqsud adlı kuryer ona kobud tərzdə “əl-ayağa dolaşma, çəkil dur qıraqda” demiş və bu sözlər onun xoşuna gəlməmişdir. Bu səbəbdən Maqsudla aralarında söz mübahisəsi baş vermişdir. Maqsudla aralarında olan mübahisəni aydınlaşdırmaq üçün Maqsudu dönərxanadan çölə çağırmış, bu zaman orada olan Ümid adlı şəxs onu sakitləşdirməyə çalışmışdır. Maqsud ona əhəmiyyət verməməyə çalışmış, Maqsudun ona yola verdiyini zənn etmişdir. Bu vəziyyət onu daha da əsəbiləşdirmişdir. Dönərxananın qarşısında dönərxanadan çölə çıxmayanın ünvanına söyüş işlətmiş, Maqsudla dönərxananın qarşısında mübahisə edərkən Elmin adlı dönərxananın dönərçisi onlara yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışdır. Maqsudun ünvanına söyüş söymüş, bundan sonra cibindən bıçağı çıxardaraq onları ayırmaq istəyən dönərçi Elminin bədənin döş qəfəsi nahiyəsinə bıçaqla xəsarət yetirmiş, daha sonra üstünə gələn Maqsudun dodaq və sağ qol nahiyəsinə xəsarət yetirmişdir. Dönərxananın kuryeri onunla kobud tərzdə danışdığına və ona yumruq zərbəsi vurduğuna görə bıçaqla xəsarət yetirmiş, onu öldürmək niyyətində olmamış, dönərçi isə araya girdiyinə görə xəsarət almışdır. Məqsədi dönərçiyə deyil, kuryerə xəsarət yetirmək olmuşdur. Xəsarət yetirdiyi bıçaq adi mətbəx bıçağı olmuş, dəstəyi qırmızı və qara rəngli izolentlə sarılmış, dönərxananın yaxınlığında yerləşən sexdə işlədiyinə görə həmin bıçaq işlə bağlı çox vaxt üzərində olmuş, həmin bıçağı hadisə baş verdikdən sonra Buzovna-Maştağa yolunda yolun kənarında kolluğa atmış, həyəcanlı olduğundan həmin yeri xatırlamamışdır. Baş vermiş hadisə təqribən 15 dəqiqə davam etmiş, hadisə baş verən yer dönərxananın qarşısı olduğuna görə ətrafda kənar şəxslər olmuş, lakin həmin şəxslərin kim olduqlarını xatırlamır. İlk dəfə törətdiyi əməldən peşmandır, hazırda hər iki zərərçəkmiş şəxslə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Özü bir neçə xəstəlikdən əziyyət çəkir, mütəmadi olaraq müayinə və müalicə olunur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 göstərdi ki, o, Buzovna qəsəbəsində yerləşən “Alov dönər”-in dönərçisi vəzifəsində işləyir. 17 aprel 2023-cü il tarixdə saat 14 radələrində işdə olmuş, bu zaman adını sonradan bildiyi İlkin adlı bir müştəri gəlmiş və dönər sifariş vermişdir. Dönərxanada kuryer işləyən Maqsud İlkinə dönər hazır olana kimi oturub gözləməyi, bir-birilərinin əl-ayağına dolaşmamağı bildirmişdir. Maqsudun sözləri İlkinin xətrinə dəymiş və aralarında söz mübahisəsi yaranmışdır. Dönərxananın xəzinədarı Ümidlə birlikdə İlkini sakitləşdirməyə çalışsalar da, İlkin sakitləşməmiş və uca səslə söyüşlər söyməyə başlamışdır. Ümid dönərxanada qalmış, Maqsud və İlkin isə dönərxananın qarşısına çıxmışdır. Daha sonra özü onların yanına getmişdir. Araya girərək onları sakitləşdirməyə çalışmış, İlkin cibindən bıçaq çıxararaq onun döş qəfəs nahiyəsinə bıçaqla vurmuş, sonra əlində olan bıçaqla Maqsudun dodaq və sağ qol nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra İlkin oradan çıxıb getmişdir. İlkinlə Maqsud arasında dava təqribən 15 dəqiqə davam etmişdir. Həmin an həyəcanlı olduğundan İlkinin ona və Maqsuda xəsarət yetirdiyi bıçağın əlamətlərinə diqqət yetirə bilməmişdir. Hadisə baş verən zaman ətrafda kənar şəxslər olmuş, lakin həmin şəxslərin kim olduqlarını xatırlamır. Hazırda İlkin ilə barışmışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunun nəzərə alınaraq İlkinə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Buzovna qəsəbəsində yerləşən “Alov dönər”-in kuryeri vəzifəsində işləyir. 17 aprel 2023-cü il tarixdə saat 14 radələrində işdə olmuş, bu zaman adını sonradan bildiyi İlkin adlı bir müştəri gələrək dönər sifariş vermişdir. İlkinə dönər hazır olana kimi oturub gözləməyi, bir-birilərinin əl-ayağına dolaşmamamağı bildirmişdir. Sözləri İlkinin xətrinə dəymiş və aralarında söz mübahisəsi yaranmışdır. Orada olan dönərxananın dönərçisi Elmin və dönərxananın xəzinədarı Ümid İlkini sakitləşdirməyə çalışsalar da, İlkin sakitləşməmiş, uca səslə söyüşlər söyməyə başlamışdır. Ümid dönərxanada qalmış, özü və İlkin isə dönərxananın qarşısına çıxmışdır. Daha sonra Elmin də onların yanına gəlmişdir. Elmin araya girərək onları sakitləşdirməyə çalışmışdır. İlkin cibindən bıçaq çıxararaq Elminin döş qəfəsi nahiyəsinə bıçaqla vurmuş, sonra əlində olan bıçaqla onun dodaq və sağ qol nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra İlkin oradan çıxıb getmişdir. İlkinlə aralarında olan dava təqribən 15 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman ətrafda kənar şəxslər olmuş, lakin həmin şəxslərin kim olduqlarını xatırlamır. Hazırda İlkin ilə barışmışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunun nəzərə alınaraq İlkinə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, Buzovna qəsəbəsində yerləşən “Alov dönər”-in xəzinədarı vəzifəsində işləyir. 17 aprel 2023-cü il tarixdə saat 14 radələrində işdə olmuş, bu zaman adını sonradan bildiyi İlkin adlı bir müştəri gələrək dönər sifariş vermişdir. Bu vaxt “Alov dönər”-in sifarişlərini ünvana çatdıran kuryer Maqsud da orada olmuş, Maqsudla İlkin arasında sözlə mübahisə yaranmışdır. Orada İlkini sakitləşdirməyə çalışmış, İlkin Maqsudu çölə söhbət etmək üçün dəvət etmişdir. Maqsudla İlkin dönərxanadan çölə çıxmış, özü isə dönərxanada qalmışdır. Həmin şəxs dönərxananın qarşısında uca səslə söyüş söyməyə başlamışdır. Onun çağırışına gəlməyərək dönərxanadan çıxmayan şəxslərin ünvanına var-yox söyüşü söymüşdür. Bu zaman dönərxanada dönərçi işləyən Elmin də həmin şəxsi sakitləşdirmək üçün çölə çıxmışdır. Özü isə dönərxanada qalmışdır. Bir müddətdən sonra dönərxananın yaxınlığında İlkinin Maqsud və Elminə bıçaqla xəsarət yetirdiyi ona məlum olmuşdur. Dönərxananın yaxınlığına hadisə baş verən yerə xeyli adam toplaşmış, dönərxanada olduğuna və müştərilərə başı qarışdığına görə çölə çıxa bilməmiş və İlkinin Maqsud və Elminə xəsarət yetirməsini görə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18 may 2023-cü il tarixli, 382 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – üst və alt dodağın, sağ bazunun, sağ əlin kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddətləri onun “Bakı şəhər Təcili və X3 Stansiyası” X9 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07 iyul 2023-cü il tarixli, 718 saylı rəyindən görünür ki, E.H.Cəlilovun bədəni üzərində döş qəfəsinin ön divarının daxilə nüfuz etməyən 1 ədəd, sol qasıq nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin ola bilsin bıçağın təsirindən onun “X8” X9 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, E.H.Cəlilovun bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Buzovna qəsəbəsində yerləşən “Alov dönər”-in qarşısında baş vermişdir. İş materiallarında olan “Medistyle” hospital və “Baku City” hospital tərəfindən tərtib edilmiş müvafiq tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs bir sıra xəstəliklərdən əziyyət çəkir, həmin tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən 05 iyun 2023cü il tarixdə alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etməsi məhkəmə baxışı zamanı özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, üzləşdirmə protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını və onların ondan heç bir şikayətlərinin və tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 30 iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 7 iş saatına görə 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 242,00 (iki yüz qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X2 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 42,00 (qırx iki) manat olmaqla ümumilikdə 242,00 (iki yüz qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar