Məhkəmə qərarları › İş №1(003)-597/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-597/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-597/2021 22.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 33-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 may 2020-ci il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs X3 adına Azərbaycan Respublikası Əmlak məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışlı Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi “Sahil” b/y-nin 0,058221 ha ölçüdə olan 50 saylı bağ-torpaq sahəsinin özünə məxsus olmasını deyib inandıraraq həmin torpaq sahəsinə aid heç bir sənəd vermədən verdiyi vədi yerinə yetirməyib etibardan sui-istifadə edib aldadaraq 13000 manata satıb Zərərçəkmiş şəxs 13000 manat yəni, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, mərhum atası X9 2011-ci ildə Zərərçəkmiş şəxs mərhum qardaşından, sonuncuya Binə sovxozundan çıxarış sənədi əsasında verilmiş, Xəzər rayonu Dres qəsəbəsində 6 sot torpaq sahəsini almış, sonradan atası vəfat etdiyi üçün o və digər ailə üzvləri həmin torpaq sahəsində tikinti aparmamışlar. 2020-ci ilin əvvəllərində o, həmin torpaq sahəsinə baxmağa getdikdə torpağın başqası tərəfindən daş hasara alınıb darvaza qoyularaq zəbt edildiyini görmüşdür. Bu səbəbdən Xəzər RPİ-nin 1-ci PŞ-nə o və anası X4 ərizə ilə müraciət etmiş və araşdırma aparılmışdır. O, İmana həmin torpaq sahəsini almasını təklif etmiş, İman da razılaşmış və 05 may 2020-ci il tarixdə İmandan Dres yaşayış massivi A.İldırım küçəsi döngə 7 ünvanında işlətdiyi mağazada iki nəfərin şahidliyi ilə 13000 manat pul almışdır. Bu zaman o, torpaq sahəsini satması barədə dəftər vərəqində əlyazma ilə qeyd yazaraq torpağı 16000 manata satdığını və İmandan bu məbləğdə pul almış olduğunu göstərmişdir. Çünki İman ondan torpaq sahəsinə dair sənədləri istədikdə, o, guya sənədləri itirmiş oldluğunu bildirib, yeni nüsxələrini ona verəcəyini vəd etdiyinə görə İman da belə şərt qoymuşdur ki, torpaq sahəsində tikinti aparacaq, gələcəkdə sənədləri verməsə, o, həm torpaq üçün verdiyi pulu, həm də tikintiyə sərf ediyi pulu ödəməlidir. O da bu şərtlə razılaşaraq həmin vərəqdə torpaq sahəsinə görə İmandan 16000 manat almış olduğunu göstərmişdir. Daha sonra isə 1-ci PŞ-də araşdırma zamanı ona məlum olmuşdur ki, bu torpaq sahəsinə X1 və ona çıxarış da verilmişdir. Bu səbəbdən İmana bu barədə məlumat vermiş və hətta İman o, torpaq sahəsini Səltənətdən 12000 manatdan baha qiymətə alacağını və əlavə pulu özü ödəcəyini bildirmişdir. Hətta İman özü təklif etmişdir ki, həmin ərəfədə Səltənət Mustafayeva xaricdə olduğuna görə bu məsələni sonuncu 2022-ci ilin yanvar ayında Azərbaycana gələndən sonra həll etsinlər. Beləliklə, o, Zərərçəkmiş şəxs Şüvəlan DRES massivindəki 6 sot torpaq sahəsini 16000 manata deyil, 13000 manata satmış və həmin pulu ailəsinin xəstəxana xərclərinə ödəmişdir. İlk dəfə törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı məhkəmənin gedişində tamamilə ödəyərək onunla barışmışdır və hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Mayak deyilən ərazidən torpaq sahəsi alıb ev tikdirmək qərarına gələrək həmin ərazidə torpaq sahəsi axtarmağa başlamış, bu zaman orada tanışı Təqsirləndirilən şəxs məxsus 6 sot toraq sahəsi olduğunu öyrənmişdir. 2020-ci ilin may ayının əvvələrində işlədiyi, Dres qəsəbəsi A.İldırım küçəsi 7 ünvanda yerşləşən geyim əşyaları mağazasında Təqsirləndirilən şəxs onun “Mayak” ərazisində topaq sahəsi olub-olmadığını və əgər varsa, oranı satıbsatmadığını soruşmuş, Emin də orada mərhumun atasından miras qalan daş hasarlı, darvazalı 6 sot torpaq sahəsi olduğunu bildirərək bu torpaq sahəsini ona 13000 manata təklif etmişdir. O, təklif edilən qiymətlə razılaşmış və Emindən torpaq sahəsinin satılmasına digər ailə üzvlərinin də razılığının olmasını istədiyini bildirmişdir. 05 may 2020-ci il tarixdə Emin onun yanına mağazaya gəlmiş və orada tanışları Elnur və Elmanın şahidliyi ilə Eminə 11500 manat pul vermişdir. Həmin vaxt Emin bildirmişdir ki, torpağa aid sənədləri itirmiş, lakin tezliklə yeni nüsxələrini çıxarıb ona təqdim edəcəkdir. Buna görə o, Eminə torpaq sahəsində tikinti işləri aparacağını və 3000 manat xərcləyəcəyini bildirib, əgər gələcəkdə sənədlər verilməsə torpağın pulunu geri almaqla yanaşı çəkdiyi 3000 manatı da ondan tələb etədəcəyini şərt qoymuş bu məqsədlə də, Təqsirləndirilən şəxs dəftər vərəqinə torpağa görə ondan 16000 manat pul alması barədə qeyd yazdırmış və şahidlər də imza etmşlər. Bundan bir müddət sonra isə Eminə 1500 manat da pul verərək torpaq üçün 13000 manatı tam ödəmişdir. Daha sonra isə 3000 manat xərc çəkərək orada 1 otaqlı ev tikmiş və təmir etmişdir. Tikinti işlərini qurtardıqdan təxminən 25 gün sonra darvazanın kilidinin sındırıldığını görüb Eminə zəng edərək bu barədə bildirmiş, Emin isə bunu məhəllə uşaqlarının sındırmış olduğunu deyərək tezliklə məsələni yoluna qoyacağını vəd etmişdir. Lakin sonradan məlum olmuşdur ki, qıfılı torpaq sahəsinin əsl sahibi qırmışdır. Bu səbəbdən o, Emindən torpağın sənədlərini gətirməsini tələb etməyə başlamış, lakin Emin hər dəfə müxtəlif bəhanələr gətirərək sənədləri verməmişdir. Sonradan isə özü maraqlanaraq öyrənmişdir ki, Emin ona satdığı torpaq sahəsi Səltənət adlı xanma məxsusdur. Bu barədə Eminə dedikdə, o, Səltənəti özü yola gətirəcəyini vəd etmişdir. Bir müddət keçməsinə baxmayaraq, Eminin Səltənəti razı sala bilmədiyini görüb Emindən pulunu qaytarmasını tələb etsə də, Emin onun pulunu qaytarmamışdır. Emin ona dəymiş ziyanı hazırda tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid Mirzağa oğlu da Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 15 dekabr 2021-ci il tarixli Ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 13 oktyabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 33-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Əfəndiyev küçəsi ev 33 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar