Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-60/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Saatlı rayonu, Qara Nuru kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-160/2023 nömrəli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 969/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə endirilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Saatlı rayonu, Qara Nuru Ərazi D, Qara Nuru kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən “Qələbə 44” mağazasına dam örtüyünü sındırmaqla qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən mağazadan ümumi dəyəri 1400 manat 50 qəpik təşkil edən “Sabrania” ağ qalın markalı 12 qutu 1 qutunun dəyəri 4 manat 50 qəpik olmaqla 54 manat dəyərində siqareti, “Sabrania” kompakt markalı 21 qutu 1 qutunun dəyəri 4 manat 50 qəpik olmaqla 94 manat 50 qəpik dəyərində siqareti, “Sabrania” ağ nazik markalı 17 qutu 1 qutunun dəyəri 4 manat 50 qəpik olmaqla 76 manat 50 qəpik dəyərində siqareti, “Sabrania” göy nazik markalı 14 qutu 1 qutunun dəyəri 4 manat 50 qəpik olmaqla 63 manat dəyərində siqareti, “Sabrania” ağ nazik şirin markalı 25 qutu 1 qutunun dəyəri 4 manat 50 qəpik olmaqla 112 manat 50 qəpik dəyərində siqareti, “Vinston” göy kompakt markalı 10 qutu 1 qutunun dəyəri 4 manat olmaqla 40 manat dəyərində siqareti, “Vinston” boz kompakt markalı 30 qutu 1 qutunun dəyəri 4 manat olmaqla 120 manat dəyərində siqareti, “Vinston” boz nazik markalı 15 qutu 1 qutunun dəyəri 4 manat olmaqla 60 manat dəyərində siqareti, “Vinston” kompakt şirin markalı 18 qutu 1 qutunun dəyəri 4 manat olmaqla 72 manat dəyərində siqareti, “Kent 8” markalı 15 qutu 1 qutunun dəyəri 4 manat 20 qəpik olmaqla 63 manat dəyərində siqareti, “Kent 4” markalı 30 qutu 1 qutunun dəyəri 4 manat 20 qəpik olmaqla 126 manat dəyərində siqareti, “Kent 1” markalı 16 qutu 1 qutunun dəyəri 4 manat 20 qəpik olmaqla 67 manat 20 qəpik dəyərində siqareti, 3 ədəd bir ədədinin dəyəri 25 manat olan ümumi dəyəri 75 manat təşkil edən elektron siqaretləri, “Dunhill” kompakt markalı 12 qutu 1 qutunun dəyəri 4 manat 50 qəpik olmaqla 54 manat dəyərində siqareti, “Dunhill” göy nazik markalı 10 qutu 1 qutunun dəyəri 4 manat 50 qəpik olmaqla 45 manat dəyərində siqareti, “Klassik” kompakt markalı 22 qutu 1 qutunun dəyəri 3 manat 10 qəpik olmaqla 68 manat 20 qəpik dəyərində siqareti, “Vikeroy” nazik markalı 40 qutu 1 qutunun dəyəri 2 manat 60 qəpik olmaqla 104 manat dəyərində siqareti və “Rotmons” kompakt markalı 33 qutu 1 qutunun dəyəri 3 manat 20 qəpik olmaqla 105 manat 60 qəpik dəyərində siqaretləri və kassanın alt hissəsindən 485 manat nağd pulu gizli götürüb aparmaqla əldə edib Zərərçəkmiş şəxs ümumilikdə 1885 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə spritli içki qəbul etmiş və özünü idarə edə bilməyəcək dərəcədə sərxoş olmuşdur. “Qələbə 44” mağazasından oğurluq etmək qərarına gəlmiş və mağazaya arxadan damına qalxaraq oradan dam örtüyünü sındıraraq mağazaya daxil olaraq, pul və qutuda olan siqaretləri oğurlamışdır. Hazırda əməlindən peşmandır. Təqsirləndirilən şəxs son sözündə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Qələbə 44” adlı mağazası ona məxsusdur. Mağaza mühafizə polisi tərəfindən qorunur. Buna baxmayaraq mağazadan müxtəlif tarixlərdə 2 dəfə oğurluq olunmuşdur. Təqsirləndirilən şəxs mağazanın 40 kv.metr ölçüdə tavan hissəsini yararsız hala salmışdır. Həmçinin 500 manata yaxın pulu oğurlamışdır. Çünki, hər axşam həmin 500 manatlıq xırda pulu səhər mağazadan mal alacaq şəxslərə xırda pul qaytarmaq üçün kassada saxlamışdır. Həmin pulu da oğurlamışdır. Üstəlik siqaretləri də oğurlamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçi olmaqla, ona dəymiş ziyanın ödənilməsini tələb edir. İş materiallarında olan:- -“Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X10 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxsə ittiham elan etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 07 ay 15 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 305-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 01 ay 08 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. -“Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:30-da Təqsirləndirilən şəxs axtarışda olması əsası ilə tutulmuşdur. -“Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 02 ədəd videofayl vardır. Diskdə olan 1-ci videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 43 saniyədir, görüntüdə qapalı məkanda 1 nəfər şəxsin yerdə oturaraq piştaxtanın altından sellofan torba götürdüyü, həmin sellofan torbanı açaraq oturduğu yerdə olan vitrindən siqaretləri həmin sellofan torbaya yığdığı görünür. Diskdə olan 2-ci videofayla baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü cəmi 46 saniyədir, görüntüdə mağazanın içərisi görsənir, görüntünün 19-cu saniyəsində bir nəfərin gələrək kassanın qarşısında əyləşdiyi və kassanın alt hissəsindən bir yerə yığılmış pulları götürdüyü görünür. Təqsirləndirilən şəxs hər iki görüntüyə baxdıqdan sonra bldirmişdir ki, görüntüdə olan siqaretləri sellofan torbaya yığan və kassanın alt hissəsindən pulu götürən şəxs onun özüdür. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş:- -Xəzər Rayon Məhkəməsinin 4(003)-731/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təqdim olunması qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Naziliyi Penitensiar Xidmətin 3 X5 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsinin 4(003)-731/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-in 177.2.3-cümaddəsi ilə təqirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Naziliyi Penitensiar Xidmətin X3 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cümaddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə 3 saylı X1 Müalicə Müəssisəsinə keçirilmişdir. -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:20-də Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu əməli etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-969/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 01 ay 08 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona minumum həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək və 08 avqust 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 04 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmənin əvvəli xx.xx.2025-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə cəzaçəkmənin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması qənaətinə gələrək qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş digər cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq 48 saat şübhəli şəxs qismində saxlanıldıqdan sonra barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq həbsdən azad edilməmiş və istintaq təcridxanasına təhvil verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli digər cinayət işi üzrə 48 saat müddətin bitdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək və 08 avqust 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2025-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 manat, ümumilikdə 230 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-60/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-60/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver