Məhkəmə qərarları › İş №1(003)-600/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-600/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-600/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1987-ci il tarixdə Lerik rayonunun Blaband kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lerik rayonunun Blaband kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən zərəçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən avtomobil təmiri emalatxanasında avtomobil təmiri ilə bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əlində olan taxta parçası ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbə endirərək ona burunun, sağ dirsəyin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol mil-bilək oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, hal-hazırda özünə məxsus, qırmızı rəngli “Chevrolet Cruze” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili 2022-ci ilin iyul ayında Bakı şəhəri Xəzər rayonu Südçülük sovxozunda yerləşən avtomobil ustası Əli kimi tanıdığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtomobil təmiri emalatxanasına aparmış, Əliqulu ilə həmin avtomobili təmir etmək üçün 200 manata razılaşmışdır. Bu günə kimi hissə-hissə ona 100 manat pul vermiş, 100 manat isə borclu qalmışdır. 24 iyul 2022-ci il tarixdə Əliqulunun işlədiyi təmir emalatxanasına gəlmiş, avtomobili yoxlamaq üçün avtomobili sürmüş və yenidən emalatxanaya qayıtmışdır. Əliquluya avtomobildən səs gəldiyini və avtomobilin nasaz olduğunu bildirmişdir. Əliquluya avtomobilə oturaraq işə salıb sürməyi və nasazlığın harada olduğunu aşkar etməyi təklif etmişdir. Əliqulu isə ona “sənin kimi oğlanın maşınına minmərəm” deyərək ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Əliqulu əlində olan ona məlum olmayan alətlə üstünə gəlmiş və ona məxsus avtomobili təkidlə sürməyəcəyini bildirmişdir. Belə olan halda ona pul verməyəcəyini bildirmişdir. Daha sonra digər bir şəxs avtomobili sürmüş, avtomobilin təkər boltları bağlanmadığına görə avtomobildən səs gəlməyi məlum olmuşdur. Əliqulu onun ünvanına var-yox söyüşü söyərək üstünə gəlmişdir. Həmin vaxt onun əlində döşəmə silən taxta olmuş, Əliqulu əlində olan döşəmə silən taxta taxta ilə onun alın nahiyəsinə qəsdən bir zərbə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Əliqulunun əlindən döşəmə silən taxtanı alaraq onun özünə vurmuşdur. Döşəmə silən taxtanın Əliqulunun bədəninin hansı nahiyyəsinə dəyməyini xatırlamamış, bundan sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. Hadisə 24 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən Əliqulunun işlədiyi avtomobil təmiri emalatxanasında baş vermişdir. Zərərçəkmiş şəxsla aralarında olan mübahisə 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı Əliqulu onun ünvanına nalayiq ifadə işlətdikdən sonra onun cavabını vermişdir. Törətdiyi bu əməldən peşman olaraq Əliqulu ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Əliqulunun ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən avtomobil təmiri emalatxanasında çilingər işləyir. 2022-ci ilin iyul ayının ortalarında işlədiyi avtomobil təmiri emalatxanasına Vilayət adlı şəxs gələrək istifadəsində olan “Chevrolet Cruze” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili təmirə gətirmiş, avtomobili müayinə etdikdən sonra Vilayətə avtomobilin mühərrikində nasazlıq olduğunu bildirmiş, Vilayətlə aralarında həmin avtomobilin nasazlığını 200 manata aradan qaldırmağa razılaşmış, avtomobilin mühərrikinində olan nasazlığı təqribən bir həftəyə aradan qaldırmışdır. 24 iyul 2022-ci il tarixdə Vilayət avtomobili ondan təhvil almağa gəlmiş, Vilayət avtomobili yoxlamaq üçün işə salaraq avtomobili sürüb oradan uzaqlaşmışdır. “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Vilayətə səs atmış, bir müddət sonra Vilayət gəlmiş, həmin avtomobillə rayona gedəcəyini, bir müddət avtomobili sürüb yoxladıqdan sonra Bakı şəhərinə gələrək pulunu ödəyəcəyini bildirmişdir. Vilayəti gözləyə bilməyəcəyini deyərək zəhmət haqqını ödəməyini tələb etmiş, Vilayət ona pul düşmədiyini dediyinə görə ona “əgər bir kişi digər kişinin haqqını yeyirsə, o kişi deyil, nakişidir” demişdir. Bu sözü dedikdən sonra aralarında mübahisə yaranmış və Vilayət yerdən taxta parçası götürərək onun sol əlidən, sağ qolunun dirsək nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin zaman yıxılmış və bel nahiyəsindən xəsarət almışdır. Eldar adlı şəxs onları ayırmaq istəyərkən xəsarət almışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmiş və onun ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir. Sadəcə olaraq onun zəhmət haqqını ödəmədiyinə görə ona “əgər bir kişi digər kişinin haqqını yeyirsə, o kişi deyil, nakişidir” demişdir. Bundan başqa, ona heç nə deməmişdir. Aralarında mübahisə təqribən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ona 24 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən işlədiyi avtomobil təmiri emalatxanasında xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirən zaman orada özü və Vilayətdən başqa həmin emalatxanada işləyən Eldar adlı şəxs ollmuş, digər şəxslərin orada olub-olmadığını xatırlamamışdır. Hazırda Vilayət onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Vilayətdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Vilayət barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən avtomobil təmiri emalatxanasında çilingər işləyir. 2022-ci ilin iyul ayının ortalarında işlədiyi avtomobil təmiri emalatxanasına Vilayət adlı şəxs istifadəsində olan “Chevrolet Cruze” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili təmirə gətirmişdir. Əliqulu avtomobili müayinə etdikdən sonra Vilayətə avtomobilin mühərrikində nasazlıq olduğunu bildirmiş, Vilayətlə aralarında həmin avtomobilin nasazlığını 200 manata aradan qaldırmağa razılaşmışdır. Əliqulu avtomobilin mühərrikində olan nasazlığı təqribən bir həftəyə aradan qaldırmışdır. Əliquluya bu işdə kömək etmişdir. 24 iyul 2022ci il tarixdə Vilayət avtomobili Əliquludan təhvil almağa gəlmiş, Vilayət avtomobili yoxlamaq üçün işə salaraq avtomobili sürüb oradan uzaqlaşmışdır. Bir müddət sonra Vilayət gələrək həmin avtomobillə rayona gedəcəyini, bir müddət avtomobili sürüb yoxladıqdan sonra Bakı şəhərinə qayıdıb Əliquluya pul ödəyəcəyini bildirmişdir. Əliqulu onunla razılaşmamış, gözləyə bilməyəcəyini deyərək zəhmət haqqını ödəməyini tələb etmişdir. Vilayət ona pul düşmədiyini dediyinə görə Əliqulu “əgər bir kişi digər kişinin haqqını yeyirsə, o kişi deyil, nakişidir” demişdir. Bu sözü dedikdən sonra Əlilqulu ilə Vilayət arasında sözlə mübahisə yaranmış, Vilayət Əliquluya pul ödəmədiyinə görə Vilayət Əliqulunun ünvanına nalayiq ifadə işlətmiş, bundan sonra Vilayət yerdən taxta parçası (şvabra) götürərək onun sol əlindən, sağ qolunun dirsək nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin zaman Əliqulu yıxılaraq bel nahiyəsindən xəsarət almışdır. Onları ayırmış, onları ayırarkən xəsarət almamışdır. Əliqulunun Vilayətə xəsarət yetiribyetirməməsinə fikir verməmişdir. Əliqulu ilə Vilayət arasında mübahisə təqribən 10 dəqiqə davam etmişdir. Əliyev X1 24 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən işlədiyi avtomobil təmiri emalatxanasında xəsarət yetirmişdir. Əliyev X2 xəsarət yetirən zaman orada ondan başqa heç kim olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 908 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – burnun, sağ dirsəyin qançırları, ağır sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol mil-bilək oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə polzulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan 18 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Bakı Hərbi Məhkəməsinin 14 may 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 33.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 12 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Naib Şərifovun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X3 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 (on iki) iş saatına görə 72,00 (yetmiş iki) manat, ümumilikdə 162,00 (bir altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə 90,00 (doxsan) manat və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72,00 (yetmiş iki) manat, ümumilikdə 162,00 (bir yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar