Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-604/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs Xosroy oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum edilmiş, məhkumluğu olan, Lerik rayonu, Rəzgov kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7, nömrəsiz fərdi ev ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimklan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sultan hamamı”nda birgə quraşdırdıqları avadanlıqlar qısa müddətdə xarab olduqdan sonra, onunla birgə işləmiş Zərərçəkmiş şəxs Xosroy oğlunun ondan xəbərsiz götürüb satdığı həmin avadanlıqların pulunu və hamam sahibindən aldıqları pulun ona çatan hissəsini geri qaytarmaqdan imtina edib söhbətdən yayındığı üçün məsələni aydınlaşdırmaqdan ötrü 24 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidəki ictimai yer olan küçədə görüşdükləri vaxt Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib etiraz əlaməti olaraq oradakı digər şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, ucadan nalayiq təhqiramiz ifadələr işlədərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməyərək, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub Zərərçəkmiş şəxs Xosroy oğlunun baş nahiyyəsindən qəsdən iki dəfə yumruq zərbəsi vuraraq ona təpə nahiyyəsinin hematoması, sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyəsinin qançırı və əzilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs Xosroy oğlunun üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2 ildir ki, Qulunu tanıyır. Qulu təhlükəsizlik kamerası quraşdırma üzrə usta olmuşdur. O, isə elektron avadanlıqların quraşdırılması işi ilə məşğul olur. Bir müddət onlar birlikdə işləmişlər. 2023-cü ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Sultan” adlanan hamamda inventor quraşdırmışlar. Lakin quraşdırdıqdan 2 gün sonra aparat partlamışdır. Yenidən təmir etsələr də nəticəsi olmamışdır. Daha sonra hamamın sahibi olan Alim adlı şəxs nəticə olmadığına görə verdiyi 3200 manatı pulu ondan geri tələb etmişdir. 2023-cü ilin dekabr ayında pulu düzəldərək, Alimə verib quraşdırdığı avadanlıqları götürmək istəyərkən sonuncu Qulunun bir müddət əvvəl avadanlıqları pulunu qaytarmaq üçün satmaq məqsədi ilə götürdüyünü bildirmişdir. O, Qulu ilə əlaqə saxlayıb avadanlıqlar barədə soruşanda Qulu əşyaları qaytaracağını desə də müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. 24 yanvar 2024-cü il tarixdə dayısı İman bu məsələni aydınlaşdırmaq üçün Qulunu Binə qəsəbəsinə çağırmışdır. Axşam saat 21 radələrində dayısı Qulu ilə birlikdə yaşadığı məhləyə gəlib onu evdən bayıra çağırmışlar. Bayıra çıxan zaman qardaşı Amid, dayısı İman, əmisi Aydın və Qulunun bayırda olduğunu görmüşdür. Quluyla söhbət əsnasında ona demişdir ki, bu məsələni yoluna qoymaq lazımdır. Lakin Qulu məsələni həll etməkdən boyun qaçırmış və söhbətdən yayınaraq gülməyə başlamışdır. Qulunun bu hərəkəti onu qıcıqlandırmış və söhbətləri mübahisəyə çevrilmişdir. Mübahisə əsnasında Quluyla o əlbəyaxa olmuşlar. Bu əsnada yumruqla Qulunun sifət nahiyəsindən zərbə vurmuşdur. Qardaşı, əmisi və dayısı onları aralamışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Xosroy oğlu qeyd etdi ki, bir neçə il olar ki, Təqsirləndirilən şəxs tanıyır. 2023-cü ilin avqust ayında Aqil Nizami rayonu ərazisində yerləşən “Sultan” adlı hamama elektron avadanlıqlar quraşdırmaq məqsədi ilə Alim adlı şəxslə danışmışdır. Aqil ümumi işin qiymətini 7.000 manat danışmış və ilkin olaraq Alim Aqilə 3.200 manat pul vermişdir. Aqil həmin puldan ona 400 manat vermişdir. 2023-cü ilin avqust ayından həmin ilin sentyabr ayının 28-nə qədər elektron avadanlıqları həmin hamama quraşdırmışlar. Lakin quraşdırdıqları avadanlıq Aqilin səhvi ucbatından keyfiyyətsiz çıxmış və yanmışdır. Bunu görən Alim verdiyi pulu Aqildən geri istəmişdir. Aqil torpaq satıb pulunu qaytaracağını demişdir. Bir müddətdən sonra Alim onu obyektə çağıraraq burada qalan avadanlığı satıb pul əldə etmək üçün götürməyini xahiş demiş, o, da həmin avadanlıqları götürmüşdür. O, da həmin avadanlıqlardan kabeli 70 manata satmış və üstünü düzəldib 200 manat edərək Alimə qaytarmışdır. Daha sonra Aqillə danışıb Alimin pulunu qaytarmaq lazım olduğunu demişdir. Lakin Aqil qaytaracağını desə də müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Bundan sonra Alim Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi yazmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Aqilin dayısı İman ona zəng edərək Aqilin yaşadığı evə çağırmışdır. O, Aqilin yaşadığı evin qarşısında dayısı İmanla və əmisi Aydınla söhbət edərkən Aqil və qardaşı üstünə hücum çəkmişdir. Bu zaman Aqil yumruqla sifət nahiyəsindən vurmuşdur. Aqilin dayısı və əmisi onları ayırmış və onu uzaqlaşdırmışlar. O, da oradan uzaqlaşandan sonra bu barədə polisə məlumat vermişdir. Hal-hazırda barışmamışlar və Aqildən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 qeyd etdi ki, Aqil və Amil onun bacısının uşaqlarıdır. Aqil obyektlərə elektron avadanlıqlar quraşdırılması işi ilə məşğul olmuşdur. Həmin məşğuliyyət əsasında Qulu adlı şəxslə tanış olmuşdur. Sifariş əsasında Aqil və Qulu evlərə və ictimai iaşə obyektlərinə elektron avadanlıqlar quraşdırmışlar. Aqilin dediklərindən bilmişdir ki, 2023-cü ilin avqust ayından həmin ilin sentyabr ayınadək olan müddət ərzində onlar “Sultan” adlı hamamda inventor quraşdırmışlar. Quraşdırdıqdan 2 gün sonra aparat partlamışdır. Yenidən təmir etsələr də nəticəsi olmamışdır. Daha sonra Alim adlı şəxs nəticə olmadığına görə verdiyi pulu Aqildən tələb etmişdir. Aqil isə hazırda pulunun olmadığını, lakin torpağını satıb pulu ödəyəcəyinə söz vermişdir. Avadanlıqlar isə hamamda qalmışdır. Aqil 2023-cü ilin dekabr ayında pulu düzəltmişdir ki, Alimə versin. Avadanlıqları götürmək istəyərkən Alim Qulunun bir müddət əvvəl avadanlıqları satmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Sonra Aqil avadanlıqların qaytarılmasını tələb etsə də, Alim qaytarmamışdır. 24 yanvar 2024-cü il tarixdə bu məsələni aydınlaşdırmaq üçün Qulunu Binə qəsəbəsinə çağırmışdır. Saat 21 radələrində o, Qulu, Amid, Aqil, Aqilin əmisi Aydın görüşmüşlər. Aqil Quluyla söhbət etmiş və söhbət əsnasında aralarında mübahisə baş vermişdir. Mübahisə əsnasında Quluyla Aqil əlbəyaxa olmuşlar. Bu əsnada Aqil yumruqla Qulunun sifət nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Məhkəmə iclasında digər şahidlər Şahid2 və Şahid3 verdikləri ifadələrində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə CM-nin 221.2.1ci maddəsi ilə cinayət işi başlanılmışdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 64 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- təpə nahiyyəsinin hematoması, sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin qançırı və əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X13” X11 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs Xosroy oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi O.Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixlki hökmünə əsasən CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixində cəza müddəti başa çatmışdır; - Sübutların qiymətləndirilməsi, cinayət təqibinə hissəvi xitam verilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Şahid3 əməlində CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (CM 59.2-ci maddə) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, cəzasını yaşayış yerində - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7, nömrəsiz fərdi ev ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə saat 23:00-dan səhər saat 07:00dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7, nömrəsiz fərdi ev ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-604/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-604/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver