Məhkəmə qərarları › İş №1(003)-607/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-607/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-607/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 nömrəli Hərbi Şəhərçikdə qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 2019-cu ilin təxminən iyul ayından 2021-ci ilin ci ilin iyul ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən nömrəsiz evinin qarşısına gəlmiş, evində və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin zirzəmisinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub oradan 2 ədəd çaydan bir ədədinin orta bazar qiyməti 27 manat olmaqla 54 manat qiymətində, 1 dəst xrustal stəkan orta bazar qiyməti 20 manat, 2 dəst adi stəkan bir dəstinin orta bazar qiyməti 6 manat olmaqla 12 manat məbləğində, 1 dəst adi stəkan orta bazar qiyməti 5 manat, 2 ədəd qəndqabı bir ədədinin orta bazar qiyməti 6 manat olmaqla 12 manat məbləğində, 1 ədəd ləpə qabı 4 orta bazar qiyməti 4 manat, 1 ədəd mürəbbə qabı orta bazar qiyməti 5 manat, 1 ədəd böyük mürəbbəqabı orta bazar qiyməti 10 manat dəyərində olmaqla ümumilikdə 122 manat məbləğində mətbəx əşyalarını, daha sonra isə zirzəmidən evin döşəməsinin taxtalarını aralayaraq ordan evə daxil olaraq mətbəxdəki qadın çantasının içindən 400 manat məbləğində, soyudcunun üzərində olan krem qabının içindən isə hamsı 50 qəpiklik sikkələr olmaqla ümumilikdə 150 manat məbləğində, mətbəx qapısının arxasından asılmış qadın gödəkçəsinin cibindən isə 200 manat məbləğində pulu oğurlayaraq evdən çıxıb oradan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 872 (səkkiz yüz yetmiş iki) manat dəyərində ziyan vurmaqla vahid niyyətlə əhatə olunmuş oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o,Zərərçəkmiş şəxs evindən yalnız bir dəst üzəri qırmızı güllü olan ağ rəngli çaydan oğurlamışdır. Belə ki, 2019-cu ilin təxminən yay ayında Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə qonaq getmişlər. Zərərçəkmiş şəxs arvadı Rufanə onlar evdə olmayan zaman həyətlərindəki ağacları sulamağı ondan xahiş etmişdir. O, da razılaşmışdır. Təxminən günortadan sonra hava sərinləşdikdə ağacları sulamaq üçün Zərərçəkmiş şəxs evinin həyətinə getmişdir. Belə ki, həmin evin hasarı olmamış, evin hasarı əvəzinə təxminən 1 metr hündürlüyündə daş düzülmüşdür. Həyətin giriş qapısı olmamışdır, lakin evin qapısı seyf qapısı olub və pəncərələri isə dəmir barmaqlıqlarla bağlı olmuşdur. O, ağacları suvarmaq üçün rezin borunu götürmək məqsədi ilə evin zirzəmisinə düşmüşdür. Orada uşaq taxtı və başqa əmlaklar olmuşdur. O, rezin borunu götürüb ağacları suladıqdan sonra borunu zirzəmiyə qoyan zaman oradakı yığılmış qutuların içinə baxmışdır. Orada bir dəst ağ rəngli üzərində qırmızı güllər olan istifadə ediməmiş çaydan olmuşdur. Həmin çaydan dəsti xoşuna gəldiyi üçün oğurlamaq qərarına gəlmişdir. Həmin dəsti qutusu ilə birlikdə götürərək yaşadığı evə gətirib və yataq otağında taxtın altında gizlətmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs evindən başqa heç bir əmlak və ya pul oğurlamamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə aralarında barışıq əldə edilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2019-cu ilin təxminən yay aylarında ailəsi ilə birlikdə Şəki rayonuna getmişdir. Şəki rayonuna çatdıqda qonşusu Sakit yəni Gülnişanın əri ona zəng edərək evlərindən oğurluq olduğunu bildirmişdir. O, ailəsini rayonda saxlayıb özü dərhal Bakı şəhərinə qayıtmışdır. Yaşadığı evə gəldikdə müəyyən etmişdir ki, evinin arxa hissəsində sol pəncərə sındırılmışdır. O, evin içinə baxdıqda oradan oğurluq olmasını müəyyən etməmişdir. Daha sonra evin zirzəmisinə düşən zaman oradan ona məxsus 2 ədəd çaydan bir ədədi 27 manat olmaqla 54 manat məbləğində, 1 dəst xrustal stəkan 20 manat, 2 dəst adi stəkan 1 dəsti 6 manat olmaqla 12 manat məbləğində, 1 dəst adi stəkan 5 manat, 2 ədəd qəndqabı 6 manat olmaqla 12 manat məbləğində, 1 ədəd ləpə qabı 4 manat, 1 ədəd mürəbbə qabı 5 manat, 1 ədəd böyük mürəbbə qabı 10 manat dəyərində olmaqla ümumilikdə 122 manat məbləğində cehiz əşyalarının oğurlandığını müəyyən etmişdir. Bundan sonra 2020-ci ilin təxminən yay aylarında yenidən ailəsi ilə birlikdə Şəki rayonuna getmişdir. Təxminən 10 gün orada qaldıqdan sonra Bakıya qayıtmışdır. O, ertəsi gün işə getmiş, işdə olan zaman arvadı Rufanə ona zəng edərək evdən oğurluq olduğunu bildirmişdir. O, işdən qayıdıb evə gəlmiş və mətbəxdəki qadın çantasının içində saxladığı ona məxsus 400 manat məbləğində pulun oğurlandığını müəyyən etmişdir. Bundan sonra 2021-ci ilin təxminən iyul ayında ailəsi ilə birlikdə saat 20 radələrində qonaq getmişdir. Həmin gün saat 23 radələrində evə qayıtmışdır. Evə gəldikdən sonra Rufanə evdən oğurluq olduğunu bildirmişdir. Evin otaqlarının birində döşəmə tam vurulmadığı üçün oradakı taxtaların aralanmış olduğunu görmüşdür. Soyuducunun üzərində olan krem qabının içindən hamısı 50 qəpiklik sikkələr olmaqla ümumilikdə 150 manat, mətbəx qapısının arxasından asılmış qadın gödəkçəsinin cibində saxladığı 200 manat pul oğurlanmışdır. Beləliklə, bu oğurluqlar nəticəsində ona ümumilikdə 872 manat dəyərində maddi ziyan dəymişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə qonşusu Yazgül onlara gələrək Rufanədən oğurlanmış əşyalarının və pullarının tapılıb-tapılmadığını soruşmuşdur. Rufanə Yazgülə tapılmadığını bildirmişdir. Həmin gün axşam 22 radələrində Yazgül oğlu Sakit ilə yenidən onlara gəlmiş, oğurlanmış əşyaların Yazgülün evində olduğunu bildirmişlər. Bundan sonra o və Ruhanə Yazgülün evinə getmişlər və ona məxsus 1 ədəd 27 manat qiymətində olan 2 ədəd çaydanı (1 dəst), 1 dəst 5 manat qiyməti olan adi stəkanları, 1 dəst 20 manat qiymətində olan xrustal stəkanı və 1 ədədi 5 manat olan mürəbbə qabının Yazgülün evində olduğunu görmüşlər. Yazgül həmin əşyaları evinin damından çıxarmış və onlara vermişdir. Bundan sonra Yazgül ona gəlini Təqsirləndirilən şəxs evdən qaçıb getdikdən sonra gəlininin oğurluq etməsindən şübhələndiyi üçün evdəki əşyalara baxan zaman özünə və Gülnişana məxsus olmayan əşyalar tapdığını və həmin əşyaların Gülnişan tərəfindən oğurlanmasından şübhələnərək bu barədə ona xəbər etdiyini bildirmişdir. Bundan sonra o, polis idarəsinə oğurlanmış əmlaklarının tapılması barədə məlumat vermiş və həmin əmlakları özü götürmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışıq əldə etmişdir və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun gəlini, həm də qardaşı qızıdır. Təqsirləndirilən şəxs təxminən 2012-ci ildən oğlu Şahid2 ilə evlidir. 2014-cü ildə Ağsu rayonu, Keçidməz kəndindən köçərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən nömrəsiz evə köçmüşlər. Həmin evdə o, qızı Aynurə Səfərova, oğlu - Şahid2 və onun arvadı Təqsirləndirilən şəxs, eləcə də, onların iki az yaşlı qızları birlikdə yaşamışlar. Bir müddət əvvəl Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsi olmuşdur. Həmin oğurluq hadisəsi ilə əlaqədar onları və digər qonşularını polis orqanlarına dəvət etmiş, araşdırma aparmağa başlamışlar. Həmin araşdırma zamanı gəlini Təqsirləndirilən şəxs özünü şübhəli aparmağa başlamış və Gülnişandan şübhələnmişdir. Gülnişandan bir neçə dəfə onun həmin oğurluq hadisəsini törədib-törətmədiyini soruşmuşdur. Gülnişan isə oğurluq etmədiyini ona bildirmişdir. Gülnişandan şübhələnməyinin əsas səbəbi Gülnişanın tez-tez Zərərçəkmiş şəxs evinə getməsi və Turalın arvadı ilə yaxın rəfiqə olması olmuşdur. Bundan sonra, yəni 2022-ci ilin avqust ayının təxminən əvvəllərində oğlu Şahid2 arvadı Gülnişanın ona xəyanət etməsini müəyyən etmişdir. Gülnişanın başqa kişilər ilə danışdığını və görüşdüyünü öyrənmişdir. Bundan sonra Gülnişan xx.xx.2022-ci il tarixdə iki azyaşlı uşağını qoyaraq evdən qaçıb getmişdir. Gülnişan evdən çıxıb getdikdən sonra evə qayıtmayacağını və öz həyatını yaşayacağını bildirmişdir. Həmin ayın 21-də Zərərçəkmiş şəxs ona demişdir ki, evindən olan oğurluğu gəlini Təqsirləndirilən şəxs etmişdir. Belə ki, Zərərçəkmiş şəxs bildirib ki, bu vaxta qədər evdən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasından şübhələnib, lakin oğluna və ona olan hörmətinə görə bu barədə onlara deməmişdir. O, inanmayaraq Turala demişdir ki, “sənin evindən puldan başqa nə oğurlanmışdır”. Tural evindən puldan başqa həmçinin qab-qacaq oğurlandığını da bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs və arvadı Rüfanəyə deyib ki, o qabqacaqlarını evin damında saxlayır və yaşlı olduğu üçün dama çıxa bilmir, gedib onunla dama çıxsın və oradakı qab-qacaqlara baxsınlar. Rufanə onunla razılaşmış və onun evinə gəlmişlər. Qızı Rəvanə evin damına çıxmış və orada olan qab-qacaqları Rufanəyə göstərmişdir. Rufanə oradakı özünə məxsus qab-qacaqları tanımışdır. Bundan sonra o, Rufanənin həqiqətən də, düzgün-danışıb danışmadığını bilmək üçün öz qabqacaqlarından da, Rufanəyə göstərmişdir və Rufanəyə məxsus olduğunu bildirmişdir. Lakin, Rufanə həmin qab-qacaqların özününkü olmadığını bildirmişdir. Bundan sonra o, Rufanənin düzgün danışdığına və həmin qab-qacaqların Rufanəyə məxsus olduğuna inanmışdır. Həmçinin, o Rufanənin qab-qacaqlarını göstərən zaman 10 yaşlı nəvəsi Nuray Rufanəyə məxsus çaydan dəstini görüb ona demişdir ki, “nənə, həmin qabı Rufanə xala mamama hədiyyə verib axı?”. Bundan sonra Rufanə Turala zəng edib qab-qacaqlarının bir hissəsini tapdığını bildirmişdir. Tural polislər gələndən sonra qab-qacaqları göstərəcəyini bildirmişdir. Bundan sonra polislər gəlmişlər və həmin qab-qacaqları protokol ilə götürmüşlər. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış yetkinlik yaşına çatmayan Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, atası, nənəsi və bacısı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun anasıdır. Anası xx.xx.2022-ci il tarixinədək onlarla birlikdə yaşamışdır. Daha sonra anası evdən çıxıb getmişdir. Tarixi dəqiq yadında olmasa da, bir dəfə anası evə çaydan və stəkanlar gətirmişlər. Həmin vaxt evdə balaca bacısı Nazlı da olmuşdur. O, anasının gətirdiyi qab-qacaqları görüb xoşuma gəlmişdir və anasından soruşmuşdur ki, haradan alıb. Anası ona demişdir ki, bibisi ona hədiyyə verib. Bunda sonra anası həmin çaydanları və stəkanları evin damına yığmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə Ağsu rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş 21 oktyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 22 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2022ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 01 ədəd mürəbbə qabının, 01 dəst xrustal stəkanın və 01 dəst adi stəkanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia geri qaytrılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan maddi sübut olan 01 ədəd mürəbbə qabının, 01 dəst xrustal stəkanın və 01 dəst adi stəkanın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar