Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-61/2022 12.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Nizami Abbasov küçəsi döngə 1 ev 52 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3 və 325-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və Azərbaycan Respublikası dövlət təltifini qanunsuz yolla ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində yaşayış sahəsi olan vətəndaş X1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Nizami Abbasov küçəsində yerləşən fərdi yaşayış evinin açıq qapısından qanunsuz daxil olub evdə yataq otağında olan dolabın içərisindəki qutunun içərisindən 3750 manat nağd pul, 01 ədəd 641 manat dəyərində 6,41 qram kütləli 750 əyarlı halqa formalı sarı rəngli qızıl üzüyü və 1 ədəd satış üçün nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmayan, üzərində “Xocavənd” Oktyabr 2020” yazıları yazılmış diametri təxminən 36 mm, qalınlığı təxminən 3 mm olan dairə formalı sarı rəngli mis və sink əsaslı ərintidən hazırllanmış üzərinə qızıl suyu çəkilmiş dövlət təltifi olan medalı gizli yolla talayaraq zərərçəkmiş X6 ümumilikdə 4391 (dörd üç yüz doxsan bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və Azərbaycan Respublikası dövlət təltifini qanunsuz yolla ələ keçirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 325-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 16 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Binə qəsəbəsi N.Abbasov küçəsi döngə 1 ev 52 ünvanının həyətyanı sahəsində gəzişərkən maddi durumu pis olduğundan oğurluq etmək niyyətinə düşmüşdür. Bu səbəbdən də yaşadığı evin yaxınlığında olan yaşayış evlərinə nəzər yetirməyə başlamışdır ki, hər hansı birində yaşayış yoxdursa içəri daxil olub oğurluq etsin. Bir qədər nəzər yetirdikdən sonra balaca bir evin həyətinə dəmirdən olan giriş qapısını əli ilə yoxlayaraq kiliddən açıq olduğunu görüb içəri daxil olmuş, daha sonra evin giriş qapısına yaxınlaşaraq qapını itələmiş və onun açıq olduğunu görmüşdür. Evin içərisinə və ətrafa nəzər yetirmiş, heç kimin olmadığından əmin olduqdan sonra içəri daxil olub əşya və ya pul axtarmağa başlamışdır. Yataq otağında çarpayının yanındakı balaca paltar şkafına yaxınlaşıb qapısını açan zaman şkafda olan qutunun içərisindən 100 manatlıq pul əskinasları ilə xeyli pulun olduğunu görmüşdür. Pulu götürmüş və pulun yanında bir ədəd qızıl kişi üzüyünün, bir ədəd də medalın olduğunu görüb onları da götürərək evə girdiyi yolla da evdən çıxmışdır. Yaşadığı evə gəldikdən sonra oğurladığı pulları sayan zaman ümumilikdə 3750 manat pul olduğunu görmüşdür. Həmin pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləmiş, qalan pulu, qızıl üzüyü və medalı evdə gizlətmişdir. 20 sentyabr 2021-ci il tarixdə evdə olan zaman polis əməkdaşları evə gələrək onu 3-cü PŞ-nə dəvət etmiş və oğurluq cinayəti etməkdə şübhəli olduğunu bildirmişlər. O, əməlini səmimi etiraf etmiş və evdə gizlətdiyi bir ədəd qızıl kişi üzüyünü, 1 ədəd medalı və oğurladığı puldan qalan 2200 manatı PŞ-nə təqdim etmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 göstərdi ki, o, bir neçə aydır ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində çalışır. İşi ilə bağlı yaxın olsun deyə Xəzər rayonu Binə qəsəbəsində N.Abbasov küçəsində kirayə ev tutmuşdur. Həmin ərəfələrdə “Turan” bankdan 4000 manat kredit götürmüşdür ki, işlərini qaydasına qoysun. 16 sentyabr 2021-ci il tarixdə səhər saatlarında evdən çıxıb işə getmişdir. Bir gün növbədə qalmış, 17 sentyabr 2021-ci il tarixdə növbədən çıxıb evə qayıtmışdır. Evdə olarkən pul götürmək üçün yataq otağındakı şkafa yaxınlaşıb şkafdakı qutuya baxan zaman orada olan 3750 manat pulunun, 01 ədəd kişi qızıl üzüyünün və ikinci Qarabağ uğrunda gedən müharibənin iştirakçısı kimi təltif edildiyi 01 ədəd medalın yerində olmadığını, naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə DİN “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı istintaq zamanı tamamilə ödəmiş və oğurladığı dövlət təltifini geri qaytararaq onunla barışmışdır, buna görə də hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 21 sentyabr 2021-ci il tarixli təqdim etmə və baxış keçirilmə barədə protokoldan görünür ki, iş üzrə əldə olunmuş maddi sübut olan və zərərçəkmiş şəxsə təqdim olunmuş oğurlanmış əşyaları o, tanımışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 6/4310-9/6977 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş - diametri təxminən 36 mm, qalınlığı təxminən 3 mm olan, dairə formalı, sarı rəngli medal Mis və Sink əsaslı ərintidən hazırllanmış və üzərinə qızıl suyu çəkilmişdir. 6,41 qram kütləli, halqa formalı, sarı rəngli 1 ədəd üzük 750 əyarlı qızıldan hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd edilən və ekspertizaya təqdim edilən 2 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: - 1 ədəd üzərində “Xocavənd” Oktyabr 2020” yazıları yazılmış, diametri təxminən 36 mm, qalınlığı təxminən 3 mm olan, dairə formalı, sarı rəngli, mis və sink əsaslı ərintidən hazırllanmış və üzərinə qızıl suyu çəkilmiş medal satış üçün nəzərdə tutlmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. - 1 ədəd 6,41 qram kütləli, 750 əyarlı halqa formalı, sarı rəngli qızıl üzük- 641 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat təşkil edir. İş materiallarında olan və zərərçəkmiş şəxs X8 tərəfindən yazılmış Qəbzdən görünür ki, o, ona məxsus 3750 manat nağd pulu, 01 ədəd 641 manat dəyərində 6,41 qram kütləli 750 əyarlı halqa formalı sarı rəngli qızıl üzüyü və 01 ədəd üzərində “Xocavənd” Oktyabr 2020” yazıları yazılmış medalı müstəntiq Anar Bəxtiyarovdan təhvil almışdır. İş materiallarında olan və zərərçəkmiş şəxs X8 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 12 yanvar 2022-ci il tarixli Ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 30 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4cü maddəsinə əsasən 1700 (bir min yeddi yüz) manat cərimə cəzasına məhkum edilmiş, 03 iyul 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 69.3-cü maddəsi ilə cərimə cəzası 02 (iki) il 06 (altı) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 24 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, 10 iyun 2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə 06 (altı) ay 27 (iyirmi yeddi) gün vaxtından əvvəl şərti azad edilmiş, 31 yanvar 2020-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi və Azərbaycan Respublikası dövlət təltifini qanunsuz yolla ələ keçirməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.3 və 325-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 325-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 22 sentyabr 2021-ci cu il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 100,00 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 325-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X4 və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 30 iş saatına görə 180,00 (bir yüz səksən) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat olmaqla cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 325-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 325-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 180,00 (bir yüz səksən) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 120,00 (bir yüz iyirmi) manat olmaqla cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-61/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-61/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver