Məhkəmə qərarları › İş №1(003)-615/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-615/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-615/2021 22.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-290/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 iyul 2021-ci il tarixdə saat 22 radələrində X2 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi yeni yaşayış massivində nömrəsiz yerləşən nömrəsiz fərdi yaşayış evinə hasardan tullanaraq həyətə qanunsuz daxil olub həyətdən 01 ədəd, dəyəri 800 manat olan kondisioneri, həyətdə olan su quyusundan 02 ədəd, hər birinin dəyəri 250 manat olan "Markus" markalı su motorunu, həmin motorlara birləşik ümumi dəyəri 45 manat, 50 qəpik olan hər metri 65 qəpik 4-lük 70 metr uzunluğunda elektrik naqillərini, evin hamamından 01 ədəd dəyəri 125 manat olan su qızdırıcısını, 01 ədəd dəyəri 65 manat olan hidroforu, evin içərisindən 01 ədəd dəyəri 20 manat olan suvenir xəncəri, 02 ədəd hər birinin dəyəri 5 manat olan çəkici, 15 ədəd hər birinin dəyəri 1 manat 50 qəpik olan açar alətlərini və 01 ədəd dəyəri 5 manat olan kəlbətini gizli yolla talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 1593 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi yeni yaşayış massivində yaşayış sahəsi olan nömrəsiz fərdi yaşayış evinə hasardan tullanaraq həyətə qanunsuz daxil olub həyətdən hər metri 1 manat olan 50 metr uzunluğunda 8-lik elektrik kabelini, 01 ədəd dəyəri 300 manat olan "Markus" markalı su motorunu, ümumi dəyəri 200 manat olan santexnika mallarını, hər metri 20 manat olan 50 metr uzunluğunda 75-lik dəmir boruları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 1550 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 31 iyul 2021-ci il tarixdə, saat 22 radələrində uzaq qohumu Abdinin Türkan qəsəbəsində olan evində yaşamadığını bildiyi üçün onun evindən oğurluq etmək qərarına gəlmiş, hasardan tullanaraq evin həyətinə daxil olmuşdur. Həyətdə olan quyudan 02 ədəd su motorunu, həmin motorlara birləşik elektrik kabelini oğurlamış, sonra evin hamamının plastik qapısını itələyərək açmış və içəridən 01 ədəd su qızdırıcısını və 01 ədəd hidroforu da oğurlamışdır. Bundan sonra evə birləşik olan kondisioneri də qırıb götürmüşdür. Daha sonra o, evin pəncərəsindən evə daxil olmuş və evdən 01 ədəd suvenir bıçaq, 02 ədəd çəkic, 10-15 ədəd açar alətlərini, 01 ədəd kəlbətini, kondisionerin içəridə olan qurğusunu da oğurlayıb çölə çıxartmış və sahibsiz həyətyani sahədə gizlətmişdir. Ertəsi gün taksi tutub həmin yerə getmiş, oğurladığı kondisioneri sökmüş, içərisindəki misi, kebelin iç hissəsindən ayırdığı misi, 02 ədəd çəkici və dəmir açarları Türkan qəsəbəsində metal qəbulu məntəqəsini işlədən Raqifin yanına aparmış və ümumilikdə 60 manata satmışdır. Raqif ondan həmin əşyaların kimə məxsus olduğunu soruşanda, o, ona həmin əşyaların özünə məxsus olduğunu, evdə lazımsız olduğundan satdığını demişdir. Sonra yenidən həmin yerə qayıdaraq su qızdırıcısını, hidraforu, 02 ədəd su motorunu 8-ci kilometr adlanan bazara aparıb ümumilikdə 170 manata satmışdır. Abdinin evindən oğurladğı kəlbətini istifadə etdikdən sonra tullamış, xəncəri isə satmağa qorxduğundan, onu da tullamışdır. Bundan başqa, o, 03 oktyabr 2021-ci il tarixdə axşam saat 18 radələrində Türkan qəsəbəsində yaşayan uzaq qohumu Talehin evinin yanından keçən zaman evin işıqlarının yanmadığını görmüş, oğurluq etmək üçün evin həyətinə hasardan tullanaraq daxil olmuşdur. Həmin vaxt evin həyətindən təxminən 50 metr mis kabel, sellofan paketdə olan santexnik malları və hər biri təxminən 2.5 metr uzunluğunda olan 20 ədəd borunu, su motorunu darvazanı açaraq çölə çıxartmış və yaxınlıqda gizlətmişdir. Ertəsi gün oraya gəlib markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə qoyaraq Türkan qəsəbəsində metal qəbulu məntəqəsini işlədən Dilavərin yanına aparıb 20 ədəd borunu və su motorunun işindəki misi Dilavərə ümumilikdə 35 manata satmışdır. Dilavər ondan əşyaların kimə məxsus olduğunu soruşanda, o, ona həmin əşyaların özünə məxsus olduğunu lazımsız olduğundan satdığını demişdir. Bundan sonra həmin taksi ilə santexnik mallarını Sabunçu bazarına aparıb orada 40 manata satmışdır. Törətdiyi əməllərdən peşmançılıq çəkir, zərərçəkmiş şəxslərə dəymiş ziyanı hazırda tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir. Himayəsində bir körpə uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, o, 2011-ci ildə Xəzər rayonu Türkan qəsəbəsi yeni sahədə 25 sot həyətin içində 1 mərtəbəli, 1 otaqlı ev tikmiş, həmin otağı təmir etdirmiş və otağın içində yaşayış üçün bütün əşyalar olmuşdur. O, 10 gündən bir həmin evə baş çəkib nəzarət edirmiş. Onun yaşadığı evdən həmin tikdiyi evə məsafə təxminən 2 km-dir. Axırıncı dəfə o, evdə 24 iyul 2021-ci il tarixdə olmuşdur. 24 iyul 2021-ci il tarixdə təxminən saat 12-də həmin evə getmişlər və həyat yoldaşı evi təmizlədikdən sonra saat 15 radələrində ordan çıxıb yaşadığı evə qayıtmışdır. 03 avqust 2021-ci il tarixdə o, ailəsi ilə birlikdə həmin evdə qalmaq üçün həyat yoldaşı ilə yır-yığış etməkdən ötrü oraya getmişlər. Həyətə girən kimi həyat yoldaşı Natavan kondisionerin motorunun yerində olmadığını ona demiş, daha sonra Natavan həyətə baxış keçirtmiş, həyətdə olan quyudan suyu çəkmək üçün nəzərdə tutulan 02 ədəd "Markus" markalı, hər birinin qiyməti 250 manat, ümumi qiyməti 500 manat olan su motorunun, həmin motorlara birləşik təxminən 1 metri 65 qəpik 4-lük 70 metrlik ümumi qiyməti 45 manat 50 qəpik olan elektrik naqillərinin, 01 ədəd 24 litrlik qiyməti 125 manat olan su qızdırıcısının, 01 ədəd qiyməti 65 manat olan hidrofonun yerində olmadığını və hamamın plastmas materialdan olan qapısının sındırıldığını ona demişdir. Həmin qapının sınması nəticəsində ona 120 manat maddi ziyan dəymişdir. Onlar dərhal oradan çıxıb yaşadıqları evə qayıtmışlar və o, DİN “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sonra 1-ci Polis şöbəsindən ona zəng gələrək oğurluq olan ünvana gəlməyini xahiş etmişlər. O, Natavanla birlikdə yenidən həmin evə getmişdir. Onlar ora çatanda 1-ci Polis şöbəsinin əməkdaşları artıq orada olmuşlar. Əvvəlcə Natavan həyətin darvazasını, sonra isə evin qapısını açmış, polislər içəri daxil olmuşlar. İçəri daxil olan kimi Natavan ona divarda olan kondisonerin özünün də olmadığını demişdir. Həmin kondisioneri o, 800 manata almışdır. Natavan evdə olan qiyməti 20 manatlıq suvenir xəncərin, 02 ədəd hər birinin qiyməti 5 manat olan ümumi qiyməti 10 manatlıq çəkicin, 15 ədəd hər birinin qiyməti 1 manat 50 qəpik, ümumi qiyməti 22 manat 50 qəpik olan açar alətlərin, 01 ədəd qiyməti 5 manat olan kəlbətinin də yerində olmadığını ona demişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1713 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Xəzər rayonu Türkan qəsəbəsi yeni yaşayış massivi nömrəsiz fərdi yaşayış evi ona məxsusdur. Həmin ev tam tikilməmiş və orada yaşayış yoxdur. 01 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində o, evə getmiş, həmin vaxt evdə hər şey qaydasında olmuş, 10 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində evə gələn zaman evin həyətində 1 metri 1 manat olan 50 metrlik 8-lik elektrik kabelinin, 200 manat dəyərində olan santexnik mallarının, hər metri 20 manat olan, 50 metr uzunluğunda 75-lik dəmir turbanın və 01 ədəd dəyəri 300 manat olan "Markus" markalı su motorunun oğurlandığını aşkar etmiş, dərhal DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları evə gəlmiş və evi müayinə etmişlər. O, evindən oğurluğu əmisi nəvəsi Təqsirləndirilən şəxs törətdiyindən şübhələndiyini polis əməkdaşlarına bildirmiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1550 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 zərərçəkmiş şəxs X1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Xəzər rayonu Türkan qəsəbəsində metal qəbulu məntəqəsini işlədir. O, Təqsirləndirilən şəxs tanıyır, Samirin Türkanlı olduğu və orada yaşadığını bilir. 01 avqust 2021-ci il tarixdə Samir piyada onun işlətdiyi sexə 02 ədəd su motorunun mis materialdan olan iç hissəsini, uzunluğu 80 sm, 1 kq ağırlığında olan kondisionerə aid mis borunu, 01 dəmir vedrəni və həmin 15 ədəd dəmir açarı gətirərək satmaq istədiyini bildirmişdir. O, həmin əşyaların kimə məxsus olduğunu soruşanda Samir ona həmin əşyaların ona məxsus olduğunu, lazımsız olduğundan satdığını bildirmişdir. Həmin əşyaları 60 manata ala biləcəyini deyərək Samirlə razılaşmış və ona 60 manat pul vermişdir. Bundan sonra həmin əşyaları zavoda təhvil vermiş, onların cinayət yolu ilə əldə edildiyindən xəbərsiz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Pulad oğlu göstərdi ki, o, Xəzər rayonu Türkan qəsəbəsində metal qəbulu məntəqəsini işlədir. Təqsirləndirilən şəxs Türkanlı olduğundan tanıyır. 04 oktyabr 2021-ci il tarixdə Samir taksi ilə onun işlətdiyi sexə 2.5 metr uzunluğunda olan 20 ədəd borunu və 01 ədəd su motorunun mis materialdan olan iç hissəsini gətirərək satmaq istədiyini bildirmişdir. O, həmin əşyaların kimə məxsus olduğunu soruşanda Samir ona həmin əşyaların özünə məxsus olduğunu, lazımsız olduğundan satdığını bildirmişdir. Həmin əşyaları 35 manata ala biləcəyini deyərək Samirlə razılaşmış və ona 35 manat pul vermişdir. Bundan sonra həmin əşyaları zavoda təhvil vermiş, onların cinayət yolu ilə əldə edildiyindən xəbərsiz olmuşdur. İş materiallarında olan ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 7(003)-206/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 fevral 2021-ci il tarixə çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gün hissəsi azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün hesablanmaqla 01 (bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 28 oktyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, 31 mart 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən ona 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 7(003)-206/2021 saylı qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 fevral 2021-ci il tarixə çəkilməmiş qalan 02 (iki) ay 14 (on dörd) gün hissəsi azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün hesablanmaqla 01 (bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 20 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu 20 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar