Məhkəmə qərarları › İş №1(003)-62/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-62/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-62/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 05 (beş) gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-276/2020 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış evinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə, saat 10:20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi bağlar massivində yerləşən yaşayış sahəsinə olan bağ evinin həyətinə hasardan tullanaraq qanunsuz daxil olub, evin birinci mərtəbəsində yerləşən anbar kimi istifadə edilən saxlanc yeri hesab olunan otağın qıfılını həyətdən tapdığı dəmir alətlə sındırıb oradan hər metrinin dəyəri 5 manat təşkil edən 150 manat dəyərində 30 metr uzunluğunda 4x6 ölçülü mis elektrik naqilini, hər metrinin dəyəri 8 manat təşkil edən 80 manat dəyərində 10 metr uzunluğunda 4x10 ölçülü mis elektrik naqilini və hər metrinin dəyəri 11 manat təşkil edən 110 manat dəyərində 10 metr uzunluğunda qaynaq aparatının mis elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi bağlar massivində yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan tullanmaqla qanunsuz daxil olub, həyətdə olan saxlanc yeri hesab olunan yardımçı otağın dəmir qapısının qıfılını həyətdən tapdığı dəmir alətlə sındırıb oradan dəyəri 120 manat təşkil edən 01 ədəd "Bosch" markalı perferatoru, dəyəri 100 manat təşkil edən 01 ədəd "Bosch" markalı dreli, dəyəri 100 manat təşkil edən 01 ədəd "Bosch" markalı laqondanı, dəyəri 30 manat təşkil edən 01 ədəd işıq tənzimləyicini, hər birinin dəyəri 50 manat təşkil edən 150 manat dəyərində 03 ədəd güclü işıqvericini, hər metrinin dəyəri 1 manat təşkil edən 40 manat dəyərində 40 metr uzunluğunda su şlanqını və hər birinin dəyəri 40 manat təşkil edən 160 manat dəyərində 04 ədəd işıq bralarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə cəzaçəkmə müəssiəsəsindən azadlığa çıxmış, iş tapa bilmədiyinə və maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 10:20 radələrində o, Xəzər rayonu Zirə qəsəbəsi bağlar massivində yerləşən bağ evlərindən birinə yaxınlaşıb darvazanı əli ilə yoxlamış və qapını döymüşdür. Bağlı qapını açan olmadığından evdə adam olmadığını başa düşmüşdür. Ətrafa baxaraq heç kəsin olmadığına əmin olduqdan sonra hasardan tullanıb evin həyətinə daxil olaraq evin giriş qapısını yoxlamış, qapı bağlı olmuşdur. Həmin vaxt evin yan hissəsində olan qapının üzərində qıfılı görmüş və həyətdən götürdüyü dəmirlə qıfılı sındırmışdır. Bundan sonra o, otağa daxil olmuş və içəridə olan kabelləri yığıb kabellərin üzlərini təmizləyib misləri oradan götürdüyü kisəyə yığmışdır. Daha sonra misi götürüb hasardan çıxmış və aparıb Zirə qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətmiş, axşam tərəfi isə dövlət qeydiyyat nişanını xatırlamadığı "Qazel" markalı dəmir yığan maşına hər kiloqramı 7 manatdan hesablamaqla 21 manata sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, xx xxxxxxx 2020-ci il tarixdə təxminən 11 radələrində Xəzər rayonu Zirə qəsəbəsi bağlar massivində yerləşən bağ evlərindən birinə yaxınlaşıb darvazanı əli ilə yoxlamış və qapını döymüşdür. Bağlı qapını açan olmadığından evdə adam olmadığını başa düşmüşdür. Ətrafa baxmış və heç kəsin olmadığına əmin olduqdan sonra hasardan tullanıb evin həyətinə daxil olmuş, evin giriş qapısını yoxlamış, qapı bağlı olmuşdur. Daha sonra evin həyətində olan balaca tikiliyə yaxınlaşmış, qapısının üzərində qıfılı görmüş və həyətdən götürdüyü dəmirlə qıfılı sındırmışdır. Bundan sonra o, tikiliyə daxil olmuş və içəridə çoxlu usta ləvazimatlarının olduğunu görmüşdür. Oradan 01 ədəd perferator, 01 ədəd laqonda, 01 ədəd drel, 01 işıq tənzimləyici, 03 ədəd projektor, uzunluğunu bilmədiyi qırmızı rəngli su şlanqını və 4 ədəd çıl-çırağı götürüb oranı tərk etmişdir. Həmin vaxt bağlar massivində dəmir yığan şəxsləri görmüşdür. Onlar nömrəsini xatırlamadığı "Qazel" markalı avtomobildə olmuşlar. O, dəmir yığanlara həmin əşyaları göstərmiş və satdığını demişdir. Dəmir yığanlar həmin əşyalara baxmış, su şlanqından başqa oğurladığı əşyaları ondan 70 manata almışlar. Daha sonra o, oradan uzaqlaşmış və su şlanqını yolun kənarında tullamış, əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməllərdən peşman olmuş, lakin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək imkanı olmadığından onlarla barışıq əldə edə bilməmişdir. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Xəzər rayonu Zirə qəsəbəsi bağlar massivində ona məxsus bağ evi vardır. O, həmin bağ evinə siqnalizasıya çəkdirmişdir, ona görə də evdə hərəkət olan zaman onun istifadəsində olan mobil nömrəsinə mesaj gəlir. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 10:20 radələrində istifadəsində olan olan nömrəsinə evdə hərəkətlə bağlı mesaj gəlmiş, lakin o, buna əhəmiyyət verməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə günorta vaxtı o, evə gedən zaman evin sağ hissəsində anbar kimi istifadə etdiyi otağın qapısının qıfılının sındırıldığının şahidi olmuş, dərhal müşahidə kamerasına baxmış və tanımadığı şəxsin evə daxil olduğunu görmüşdür. Otağa keçmiş və oradan hər metri 5 manat olan, 4x6 ölçülü 30 metr mis kabelin, hər metri 8 manat olan 10 metr 4x10 ölçülü mis kabelin və hər metri 11 manat olan 10 metr mis olan qaynaq aparatı kabelinin oğurlandığının şahidi olmuşdur. Dərhal DİN 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və Xəzər RPİ 1-ci PŞnə gedərək ərizə yazmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 340 (üç yüz qırx) manat maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir, cəza təyini zamanı bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Xəzər rayonu Zirə qəsəbəsi bağlar massivində massivində ona məxsus bağ evi vardır. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində o, evin bütün qapılarını bağlayıb getmişdir. xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 15 radələrində bağ evinə gələn zaman evin həyətində yardımçı tikilinin qapısının açıq olduğunu, qıfılının sındırıldığını görmüşdür. O, içəri daxil olmuş və içəridən dəyəri 120 manat olan 01 ədəd "Bosch" markalı perferatorun, dəyəri 100 manat olan 01 ədəd "Bosch" markalı drelin, dəyəri 100 manat olan 01 ədəd "Bosch" markalı laqondanın, dəyəri 30 manat olan 01 ədəd işıq tənzimləyicinin, hər birinin dəyəri 50 manat olan 03 ədəd güclü işıqvericinin oğurlandığının şahidi olmuşdur. Bundan sonra evə baxış keçirmiş və evə daxil olmadıqlarını aşkar etmişdir. Dərhal DİN 102 xidmətinə zəng edərək bu barədə və ərizə yazmışdır. Polislər getdikdən sonra tikiliyə baxış keçirən zaman tikilidən hər metri 1 manat olan 40 metr uzunluğunda su şlanqının və 04 ədəd hər birinin dəyəri 40 manat olan işıq bralarının da oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir, cəza təyini zamanı bunun nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməklə və cəzaçəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 05 (beş) gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 05 (beş) gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, xx xxxxxxx 2020-ci il və xx xxxxxxx 2020-ci il tarixlərdə hazırda ittiham olunduğu cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tututlmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 05 (beş) gün hissəsindən xx xxxxxx 2020-ci il tarixdə şərti azad edilməsi ləğv edilməli və hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 05 (beş) gün hissəsi 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına 01 (bir) gün hesabı ilə hesablanmaqla əvəz edilmiş 05 (beş) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 05 (beş) gün hissəsindən xx xxxxxx 2020-ci il tarixdə şərti azad edilməsi Azərbaycan Respublikası CMnin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 05 (beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı Poçt indeksi AZ 1044 şəhərinin rayon məhkəmələrində dövlət ittihamının Bakı şəhəri, Mərdəkan müdafiəsi üzrə qəsəbəsi, Telman küçəsi, 4 şöbəsinin rəisi, ədliyyə müşaviri Tel. : 454-33-28 cənab Nəsir Bayramova “10” fevral 2021-ci il № 1(003)-62/2021 Hörmətli Nəsir müəllim ! Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-62/2021 saylı “10” fevral 2021-ci il tarixli hökmünün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 1(003)-62/2021 saylı “10” fevral 2021-ci il tarixli hökmün surəti – (07 səhifədə) - 2 nüsxə Hörmətlə, Hakim Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar