Məhkəmə qərarları › İş №1(003)-62/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-62/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-62/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 394/2021 nömrəli 02 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edərək, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,239 qram psixotrop maddə-metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 30 sentyabr 2021ci il tarixdə saat 15:00-da Xəzər RPİ-nin NMB və 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş içərisində təmiz çəkisi 3,239 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, bir neçə aydır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, istifadəsi üçün onları əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, adlarını bilmədiyi şəxslərdən alır. 30 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə yaşadığı məhlədə olarkən 3 nəfər polis işçisi ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə getməsini bildirmişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə Polis şöbəsinə getmiş, polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotik vasitəni ata bilməmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, ona Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birinin hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuş, təhqiqatçı tərəfindən vəkil ona təqdim edilmiş, daha sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu, içərisində psixotrop maddə-metamfetamin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmişdir. Sorğu zamanı həmin bükümdə olan maddənin “şüşə” olduğunu, daha sonra yaşadığı evdə bir ədəd tərəzi də olduğunu bildirmişdir. Həmin psixotrop maddə-metamfetamin polis işçiləri tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmış, polis işçiləri və müdafiəçisi Müdafiəçi ilə birlikdə yaşadığı evə getmiş, baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və videoçəkilişlə yaşıdığı evə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı o, yataq otağında, soyuducunun üzərinə qoyduğu bir ədəd elektron tərəzini polislərə təqdim etmişdir. Sorğu zamanı həmin tərəzinin uzun müdətdir ki, onda olduğnu, həmin tərəzinin mərhum anasından qaldığını və sonuncunun bu tərəzi vasitəsi ilə qızıl əşyaları çəkdiyini demişdir. Bundan sonra həmin elektron tərəzi də polis işçiləri tərəfindən götürülərək orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra həmin protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamini 30 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi ərazisində üzdən şifahi tanıdığı, adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manata almış, həmin psixotrop maddə-metamfetamini satmaq, eləcə də kiməsə pay vermək niyəti olmamış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Yaşadığı evdən aşkar edilmiş elektron tərəzini əvvəllər qızıl alıb-satdığı üçün həmin elektron tərəzi uzun müddətdir ki, onda olmuşdur, onu qızıl çəkmək üçün istifadə etmişdir. İlk dəfə törətdiyi əməlindən peşmandır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, o, əməliyyat qrupunun rəhbəri qismində olmaqla həmin şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi daşıması və gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı 30 sentyabr 2021-ci il tarixdə, saat 17:00-da Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik maddələri qanunsuz əldə etmə, saxlama və daşımasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PŞnə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 1-ci PŞ-nə getmişdir. PŞ-də təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşulduqda, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə-metamfetamin olan kağız bükümü masanın üzərinə qoymuş, büküm açıldıqda içərisində ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə-metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin “şüşə” olduğunu, onu özü istifadə etmək üçün Suraxanı qəsəbəsindən, tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə şübhələri yoxlamaq məqsədilə ondan elektron tərəzisi olub-olmadığı soruşulmuş, o, yaşadığı evdə bir ədəd elektron tərəzi də oduğunu bildirmişdir. Aşkar edilmiş psixotorp maddəyə bənzər maddə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra həmin protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və tədbirin digər üzvlərinin iştirakı ilə Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı evə videoçəkilişlə baxış keçirilən zaman o, evin otağında olan soyuducunun üzərindən bir ədəd elektron tərəzini təqdim edərək uzun müddətdir ki, onda olduğunu, qızıl çəkmək üçün istifadə etdiyini bildirmişdir. Həmin elektron tərəzi maddi subut əhəmiyyəti kəsb etdiyi üçün zərfə qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 da oğlu da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Məzahir uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğuldur və o, həbs olunana kimi onun narkotik maddələrdən istifadə etməsini bilməmişdir. Bu barədə Məzahir özü də evdə heç kimə heç nə deməmişdir. Həmçinin Məzahirin səhhətində də hər hansı bir dəyişiklik hiss etməmişdir. Yaşadıqları evdən aşkar edilmiş elektron tərəzi uzun müddətdir ki, onlardadır, qaynanası qızıl alıq-satqısı ilə məşğul olduğu üçün elektron tərəzidən qızılların qramını yoxlamaq üçün istifadə etmişdir. Qaynanası vəfat etdikdən sonra Məzahir bir müddət qızıl-ziynət əşyaları alıb-satdığı üçün, o da tərəzidən qızılları çəkmək üçün istifadə etmişdir. Sonuncu dəfə o, özünə məxsus qızıl üzüyü lombarda qoymaq üçün evdə olan elektron tərəzini götürüb üzüyü çəkmiş, təxminən 5 qram çəkisi olduğunu müəyyən etdikdən sonra tərəzini yataq otağında olan soyuducunun üzərinə qoymuşdur. Məzahirin heç vaxt narkotik vasitə aludəçiləri ilə münasibət saxladığını, bu günə qədər onun belə adamlarla oturub-durduğunu görməmiş və ya eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 01 oktyabr 2021-ci il tarixli 6/4321 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində“... (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,239 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 3,239 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq 3,189 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manatdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizanın 04 noyabr 2021-ci il tarixli 4306 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3,239 qram çəkidə olan olan psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 3,189 qram olan psixotrop maddə - metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan və Xəzər RİH başçısının Şüvəlan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən 02 dekabr 2021-ci il tarixdə verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üstündə saxlaması faktı özünün qismən etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 30 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 3,189 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 (əlli) iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 20 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 3,189 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir, səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar