Məhkəmə qərarları › İş №1(003)-621/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-621/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-621/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, ev 90-da qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd gümüşü kağız bükümündə təmiz çəkisi 0,294 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 22 may 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Nu poqodi” dükanının yaxınlığına kimi daşımış, həmin gün orada saat 22:00-da piyada hərəkətdə olarkən Xəzər rayon Pİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 23:35-də PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş keçirilərək üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində təmiz çəkisi 0,394 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd gümüşü kağız bükümündə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2-ci Qarabağ Müharibəsində iştirak edərək yaralanmışdır. Geri qayıtdıqdan sonra bədənində bərk ağrılar olduğundan bir müddət psixotrop maddələrdən istifadə etmişdir. 22 may 2024-cü il tarixdə axşam saatlarında Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş “şüşə” kimi tanıdığı psixotrop maddəni alıb sonra istifadə üçün cibinə qoyub saxlamışdır. Axşam saatlarında Buzovna qəsəbəsində yerləşən “Nu Poqodi” dükanın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xəzər RPİ-nin 2-ci PŞ-nə aparmışlar. 2-ci PŞ-də polis əməkdaşları video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı o, əynində olan cins şalvarının cibindən içərisində psixotrop maddə olan bükümü çıxardıb təqdim etmişdir. Ona qarşı fiziki və ya psixoloji təzyiq edilməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu , 2-ci “Qarabağ Müharibəsi” iştirakçısı olduğunu himayəsində azyaşlı uşağın olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, 22 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Nu poqodi” dükanının yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat almışlar. Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Buzovna qəsəbəsində yerləşən “Nu poqodi” dükanın, yaxınlığına getmişlər. Saat 22:00-da Buzovna qəsəbəsində yerləşən “Nu poqodi” dükanın yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla Xəzər RPİ-nin 2-ci PŞ-nə gəlmişdir. Bundan sonra Xəzər RPİ-nin 2-ci PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs video çəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün bir bükümə bükülmüş “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2908 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “DİN Zərflər üçün № 193" dairəvi möhür əksləri olan, “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə.; /imza/ Şahid2; \imza/Şahid1; /imza/ B.Səfərov; /imza/ Təqsirləndirilən şəxs; /imza/ F.Məmmədov" yazıları olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,294 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 3709 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı F.Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (Tutulma saatı: 22:00 hesab edilmişdir); - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 23:35-23:55 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi V.Zeynallı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CMnin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılna ********* saylı cinayət işi 1005.2024-cü il tarixində məhkəməyə göndərilmişdir; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-360/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasl CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış, üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətininin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; - xx.xx.2024-cü il tarixli göstərişdən aydın olur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-360/2024 saylı hökmü xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir; - AZ-İ № 414489 nömrəli atalığın müəyyən edilməsi haqqənda şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü Elya Təqsirləndirilən şəxs övladıdır; - 1-17748 nömrəli, 1-12232 nömrəli və 1-6525 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Yəhya oğlu “Vətən müharibəsi” iştirakçısıdır və “Şuşanın azad olunması”, “Xocavəndin azad olunması”, “Füzulinin azad olunması” medalları ilə təltif olunmuşdur; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (İ siyahı) əsasən təmiz çəkisi 0,394 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-360/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olmasını (CM-nin 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, “Vətən müharibəsi” iştirakçısı olmasını və “Vətən müharibəsi”ndə iştirakı ilə bağlı olaraq medallar almasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-360/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,244 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 60 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,244 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 07 saata görə 42 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar