Məhkəmə qərarları › İş №1(003)-624/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-624/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-624/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq təmiz çəkisi – 0,185 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla 15 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Abşeron” marketin yaxınlığına kimi daşımış, həmin gün orada saat 00:10-da Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Polis şöbəsinin inzibati binasına aparılmış, həmin gün 01:20də Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi – 0,185 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vasitənin heroin növündən istifadə edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Suraxanı körpüsünün yaxınlığında tanımadığı şəxsdən narkotik vasitə olan heroini 10 manat məbləğində pula almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində “Abşeron” marketin yaxınlığında hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə şübhəli olduğunu bilidirmişlər. O da həmin şəxslərə üzərində narkotik vasitə olmasını bildirmiş və polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci PŞ-yə dəvət etmişlər. O da razılaşıb onlarla birlikdə polis şöbəsinə getmişdir. Xəzər RPİnin 1-ci PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkil hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişdir. O, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin ağ kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuşlar. Təqsirləndirilən şəxs da həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı körpüsünün yaxınlığında tanımadığı şəxsdən 10 manat məbləğində pula aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirməyini bildirmişdir. Bundan sonra həmin 01 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmiş, digər polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. O, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün alıb əldə etmiş və üzərində saxlamış, üzərindən aşkar edilmiş narkoti vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamadığını bildirmişdir. Onun üzərində narkotik vasitə heroinin olmasını və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. O, narkotik vasitə heroini istifadə etməyə imkan tapmamış polis əməkdaşları tərəfindən saxlanıldığı üçün ondan istifadə etmək imkanı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 14 aprel 2024-cü il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində olduğu bildirilmişdir. Alınmış məlumata bağlı şöbənin rəhbərliyinə məlumat verilmiş və əməliyyat qrupu yaradılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxx 1987ci ildə Bakı şəhərində anadan olmuşdur, əvvəllər məhkum olunmuşdur və məhkumluğu ödənilmişdir, fərdi əməklə məşğul olur və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bundan sonra o və qrupun digər üzvü Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədilə 14 aprel 2024-cü il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamışlar və 15 aprel 2024-cü il tarixdə, saat 00:10-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Abşeron” marketin yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Xəzər RPİ-nin 1-ci PŞyə dəvət etmişlər. O da heç bir etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 1-ci PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elçin Kərimova həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Elçin Kərimov Təqsirləndirilən şəxs, dəvət olunmuş Müdafiəçi və onların iştirakları ilə video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyriqanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz şalvarının sağ yan bir ədəd ağ rəngli kağıza bükülmüş 01 büküm maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı körpüsünün yaxınlığında aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdn sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Aparılmış ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2012 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” möhür əksi, “....Təqsirləndirilən şəxs....” və s. Soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,185 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 3191 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olan Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyinə görə azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 15 aprel 2024cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elçin Kərimov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:20-01:30 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş, içərisində olan qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Bəşir Bəşirli tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Daha sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən o, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən barəsində 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə cəzadan xx.xx.2021-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Hazırki iş üzrə cinayət əməli isə onun tərəfindən xx.xx.2024-cü il tarixdə törədilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,135 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 26 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,135 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar