Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-632/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-632/2023 saylı 31 avqust 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 11 oktyabr 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,218 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 may 2023-cü il tarixdə saat 09:00 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu Buzovna qəsəbəsi Atçılıq yeni yaşayış massivi ərazisində hərəkət edən zaman saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,218 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən iki il olar ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. Sonuncu dəfə 17 may 2023-cü il tarixdə, səhər saatlarında Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata alıb üzərində saxlamışdır ki, özü istifadə edəcək. Həmin gün saat 09 radələrində Buzovna qəsəbəsi Atçılıq yeni yaşayış massivində küçədə hərəkətdə olduğu zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə və ya psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib onu 2-ci Polis şöbəsinə aparmışlar. Orada hüquq və vəzifələri izah olunmuş və vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa, könüllü təqdim etsin, o da əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən içərisində “kakos“ kimi tanıdığı narkotik maddə olan bir ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi maddə “kakos“ kimi tanıdığı narkotik vasitə heroindir, onu 17 may 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Təqdim etdiyi 1 ədəd büküm polis əməkdaşları tərəfindən yerindəcə zərfə qablaşdırıb götürülmüş, bu barədə protokol tərtib edilib iştirakçılara ucadan oxunmuş, protokolu və zərfin üzərini iştirakçılar imzalamışlar. Polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki təzyiq və ya psixoloji təsir göstərilməmişdir. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 göstərdi ki, 17 may 2023-cü il tarixdə Saleh adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 2-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Saleh adlı şəxsin anket məlumatları öyrənilmiş və məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1989-cu il təvəllüdlü, Suraxanı rayonu Əmircan qəsəbəsi Axundov küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü onun və 2-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 17 may 2023-cü il tarixdə, saat 09 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Buzovna qəsəbəsi Atçılıq yeni yaşayış massivi ərazisində saxlanılaraq 2-ci PŞ-nə dəvət edilmiş, PŞ-də onun barəsində müvafiq araşdırma aparılması təhqiqatçı, polis mayoru Fariz Məmmədova həvalə edilmişdir. Xidməti otaqların birində onun, 2-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 və müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa, könüllü təqdim etsin, o da əynindəki qara rəngli cins şalvarın sağ arxa cibindən içərisində “kakos“ kimi tanıdığı narkotik vasitə olan bir ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim etmiş və bildirmişdir ki, onu 17 may 2023-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm tərəflərindən yerindəcə zərfə qablaşdırıb götürülmüş, bu barədə protokol tərtib edilib ucadan oxunmuş, protokolu və zərfin üzərini iştirakçılar imzalamışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİnin 2-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli 6/2856 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut…” yazılan zərfdə təmiz çəkisi 0,218 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 0,218 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq: 0,168 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 23 may 2023-cü il tarixli, 3148 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcduri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,218 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 0,168 qramı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 2-ci PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 30 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir . Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 18 may 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-632/2023 saylı 31 avqust 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 11 oktyabr 2023-cü il tarixli 3-13-45-2/2-8728/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixdən 18 may 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün və 11 oktyabr 2023cü il tarixdən 21 dekabr 2023-cü il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) ay 10 (on) gün, cəmi 2 (iki) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,168 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 92,00 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 12 iş saatına görə 72,00 (yetmiş iki) manat olmaqla ümumilikdə 192,00 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 may 2023-cü il tarixdən 18 may 2023-cü il tarixədək saxlanıldığı 1 (bir) gün və təqsirləndirilən şəxs qismində 11 oktyabr 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 10 (on) gün, cəmi 2 (iki) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 2 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,168 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92,00 (doxsan iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72,00 (yetmiş iki) manat olmaqla ümumilikdə 192,00 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-632/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-632/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver