Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-632/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, Masallı rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində ünvan 2 ünvanında yerləşən kafedə X7 naməlum şəxsdən özü üçün aldığı corabdan onun üçün də almasını tələb etdikdə sonuncu ona kobud cavab verməsi səbəbindən heç bir əsas və aidiyyəti olmadan mübahisə yaradaraq aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib etiraz əlaməti olaraq kənardan mübahisəyə müdaxilə edən Şahid1 ilə bir qrup şəxs halında onu cəzalandırmaq üçün R.Sadiyevdən bayıra çıxmasını tələb edərək həmin kafenin qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməyərək, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradaraq, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub zor tətbiq edərək ərtafdakı şəxslərin gözü qarşısında şillə və yumruq zərbələri ilə X1 və bədənin digər nahiyyələrinə vuraraq sağ gözün bayır bucağının hematoması, burunun, boyunun sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İ barmağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığına dərəcəsinə görə yüngül zərər vuran xəsarətlər yetirib Şahid1 ilə birlikdə zərərçəkmiş şəxs X4 üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 17- 18 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində stansiya adlanan yerdə yerləşən kafedə oturub pivə içən zaman bir nəfər əlində kişi corabı satan şəxs kafeyə daxil olmuşdur. Yanındakı masada oturan adını sonradan bildiyi Ramiz adlı şəxs corab almışdır. Pivə içdiyinə görə keyfi yaxşı olmuş, əlini atıb Ramizin əlindən corabı almaq istəmişdir, Ramiz corabı ona verməmiş və ona demişdir ki, "get sən də özün üçün al”. Ramizə zarafata demişdir ki, "özünə aldınsa mənə də bir cüt corab al”. Onun bu sözü Ramizin xətrinə dəymiş və bu zaman aralarında mübahisə yaranmışdır. Sonra kafedə olan şəxslərdən bir nəfər İntiqam adlı şəxs də mübahisəyə qarışmışdır. Onlar kafedən bayıra çıxmış və mübahisəni kafenin qarşısında davam etmişlər. Mübahisə zamanı Razim onlara qarşı nalayiq ifadə işlətdiyinə görə əvvəlcə İntiqam onu yumruqla vurmağa başlamış, sonra özü də şillə, yumruqla Ramizi vurmuşdur. Ora yığışanlar onları ayırandan sonra çıxıb oradan uzaqlaşıb evə getmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş zərərçəkmiş şəxs X7 qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində stansiya adlanan yerdə yerləşən kafedə oturub yeyib içmişdir. Bu zaman bir nəfər əlində kişi corabı satan şəxs kafeyə daxil olmuşdur. Corabın qiymətini soruşmuş və sərfəli olduğuna görə iki cüt almışdır. Bu zaman qonşu stolda oturan, tanımadığı şəxs ona yaxınlaşıb bildirmişdir ki, “mənə də bir cüt almalısan”. Həmin şəxsə bildirmişdir ki, “mən sənə niyə corab almalıyam”?. Bu zaman həmin şəxs onun əlindəki bir cüt corabın bir tayını dartmışdır. Ramiz də öz tərəfinə dartaraq bildirmişdir ki, “mənim aldığım corabla nə işin var. istəyirsənsə özün al”. Nəticədə aralarında mübahisə yaranmışdır. Bu zaman qarşısındakı stolda oturan adını sonradan bildiyi İntiqam adlı şəxs ona yaxınlaşaraq çölə çıxmağı tələb etmişdir. Özü, İntiqam və mübahisə etdiyi şəxs kafenin qarşısına çıxmışlar. Çıxan kimi əvvəlcə İntiqam şillə və yumruqla sifət nahiyyəsinə vurub xəsarət yetirmişdir. Sonra digər bir nəfər də onu şillə və yumruqla vurmuşdur. Döyülən zaman sifət nahiyyəsindən xəsarət almışdır. Yaxında olan tanımadığı şəxslər onları ayırmışlar. Sonra Xəzər RPİ-nin 1 -ci PŞ-nə gedib ərizə ilə müraciət etmişdir. Sonradan ona dəymiş ziyan ödənilmiş və o, təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ildə Xəzər rayonu, Mərdəkan qəsəbəsində, stansiya adlanan ərazidə yerləşən kafeni icarəyə götürüb işlətmişdir. Dostu Sevindik adlı şəxs də arada vaxtı olanda ona köməklik etmişdir. Özü orada olmayanda Sevindik onu əvəz etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində özünü pis hiss etdiyinə görə kafenin içərisində özü üçün düzəltdiyi kabinetdə yatmışdır. Birdən kafedəki işçilər onu oyadaraq bildirmişlər ki, kafenin qarşısında davadalaş var. O, tez oyanmış və kafenin qarşısına çıxıb görmüşdür ki, əvvəllər dəfələrlə işlətdiyi kafeyə yeyib-içməyə gələn adlarını bilmədiyi lakin üzdən tanıdığı şəxslər bir nəfər orta yaşlı kişini döyürlər. Özü orada olan şəxslərin köməyi ilə onları ayırmış və onlardan biri adını sonradan bildiyi Cavad adlı şəxs yaxınlıqda olan kafeyə tərəf getmişdir. Eyni zamanda adını sonradan bildiyi İntiqam adlı şəxs və döyülən Ramiz adlı şəxs yenidən kafeyə girmişlər. Sonra hadisə yerinə gələn polis əməkdaşları onu, Sevindiyi, İntiqamı və Ramizi 1-ci PŞ-nə aparmışlar. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində qeyd etmişdir ki, Şahid2 oğu ilə yaxın münasibəti var. Arada işdən çıxanda onun Xəzər rayonu, Mərdəkan qəsəbəsi, stansiya adlanan ərazidə iki il əvvəl icarəyə götürdüyü kafeyə gedib çay içmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında həmin kafeyə gəlmişdir. Kafenin qarşısında bir neçə nəfər olmuşdur, belə hiss etmişdir ki, orada dava olmuşdur. Kafedə olan zaman içəri 2-3 nəfər mülki geyimdə şəxslər daxil olmuşlar. Həmin şəxslərdən birinin sifət nahiyyəsində xəsarəti olmuşdur. Sonra onlar özünü təqdim edib polis əməkdaşı olduğunu və yanlarında olan xəsarət alan şəxsin bir qədər əvvəl həmin kafenin qarşısında döyüldüyünü bildirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, kafeyə gəlməmişdən əvvəl orada Ramiz adlı şəxsin kimləsə mübahisəsi olmuş və daha sonra həmin şəxslər kafenin çölündə dalaşaraq Ramizi yumruqla vuraraq xəsarət yetirmişdir. Sonradan bilmişdir ki, həmin şəxslərdən birinin adı İntiqamdır. İbtidai araşdırma zamanı əlavə şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində stansiya adlanan ərazidə yerləşən Camal adlı şəxs tərəfindən icarəyə işlədilən kafedə olarkən qonşu masada əyləşən, adını sonradan bildiyi Ramiz adlı şəxsin bir nəfər tanımadığı şəxslə mübahisə etdiyini, daha sonra isə onların mübahisə edə-edə kafedən bayıra çıxdıqlarını görmüşdür. Həmin vaxt kafedə olan digər müştərilər də bayıra çıxdığına görə özü də bayıra çıxmışdır. Bayıra çıxanda onların artıq dalaşdığını görmüş və bu zaman özüdə Ramizi vurmağa başlamışdır. Sonra orada olan tanımadığı şəxslər onları ayırmışlar. Bundan sonra yenidən kafeyə daxil olmuşdur. Təxminən 1-2 saat keçəndən sonra kafedə olarkən 2-3 nəfər mülki geyimli polis əməkdaşları gəlib Camalı və onu polis şöbəsinə aparmışlar. Orada adını sonradan bildiyi Ramiz adlı şəxs onu göstərərək vuranlardan birinin o, olduğunu bildirmişdir. Hadisə zamanı sərxoş olduğundan ondan başqa Ramiz Sadiyevi konkret kimlərin döydüyünü xatırlamır. Xəzər rayon məhkəməsi tərəfindən barəsində hökm çıxarıldıqdan sonra ona həmin şəxsin Cavad adlı şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli qərardan məlum olur ki, X4 döyülməsi faktı ilə əlaqədar CMnin 128-ci maddəsilə cinayət işi başlanılmışdır; - xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs halında X5 xəsarət yetirdiyi, istintaqa məlum olmayan şəxslərin müəyyən edilərək əməllərinə hüquqi qiymət verilməsi üçün naməlum şəxslər barəsində CM-nin 221.2.1-ci maddəsilə ayrıca icraat ayrılmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 xx.xx.2022-ci il tarixli 70 saylı ekspert rəyindən görünür ki, X4 bədənində aşkar edilmiş xəsarətlər- sağ gözün bayır bucağının hematoması, burunun, boynun sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İ barmağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)-388/2022 nömrəli hökmündən müəyyən edilir ki, Şahid1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən qəti olataq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur; - Zərərçəkmiş şəxs X7 tərəfindən təqdim edilmiş ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, o, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarda olan ifadələır, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini (CM-nin 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsieləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş islah işləri cəzasına hesablansın və aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli aylıq qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-632/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-632/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver