Məhkəmə qərarları › İş №1(003)-637/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-637/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-637/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 07:30-da texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Pajero minik” markalı ** NN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, «Güney Azərbaycan 3» adlanan Şüvəlan-Qala yolu ilə 50-60 km sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmaması üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, sürücü Təqsirləndirilən şəxs iki istiqamətli yolun Qala qəsəbəsi istiqamətində hər bir istiqamətə iki zolaq olmaqla Qala qəsəbəsi, 3 saylı Zeytun Savxoz küçəsi, ev 120A ünvanın yaxınlığında sağdan birici zolaq ilə hərəkət edən zaman yolun sağ hissəsi ilə Qala qəsəbəsi istintiqamətində piyada hərəkət edən X4 avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsinin sağ çiynində hərəkət zolağında təhlükəli şərait yaradıb ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törədib piyadanı vuraraq baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Rəsul Məmmədovun almış olduğu sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli zərərvurmaya aid- sol said sümüklərinin qapalı, yerdəyişən sınıqları; sağlamlığının qısa müddətə pouzlmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid- alın-təpə-gicgah sərhəddinin, alın nahiyyəsinin, burunun əzilmiş yaraları, burun sümüyünün yerdəyişməsiz qapalı sınığı; sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik - sağ gicgah nahiyyəsinin, alın nahiyyəsinin, burunun, sağ almacıq nahiyyəsinin, alt çənənin, sağ və sol əlin arxa səthinin, sağ dizin ön səthinin, sağ və sol dizin bayır səthinin, sol baldırın yuxarı üçdə birinin bayır səthinin, sol baldırın aşağı üçdə birinin ön-bayır səthinin sürtünmə xarakterli sıyrıqları bədən xəsarətləri nəticəsində həyatı üçün təhlükəli olmaqla ölümlə birbaşa əlaqəsi olan sağlamlığına ağır zərərvurmanın əlamətlərinə malik- başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, alın sümüyünün xətti sınığı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 ölümünə bilavasitə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən səhər saatlarında yaşadığı evdən özünə məxsus «Mitsubishi» markalı avtomobil ilə çıxıb Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən iş yerinə getmək üçün yola düşmüşdür. Şüvəlan-Qala şossesi ilə Qala qəsəbəsi istiqamətində saatda təxminən 40-50 km sürətlə hərəkətdə olarkən yolun «Araz» market ilə üzbə-üzündən keçən hissisində qarşıdan gələn avtomobilin uzaqvuran işığı gözünə düşmüş, həmin vaxt qəflətən maşının ön sağ hissəsinə nə isə dəydiyini hiss etməmişdir. Dərhal maşını saxlayıb düşmüş, maşının ön hissəsinə baxmış, sağ ön faranın, duman işığının sındığını, mühərrik örtüyünün əzildiyini görmüşdür. Nəyə dəydiyinə baxmaq üçün maşının arxa tərfınə keçmiş, yol kənarında olan yol nişanına dəydiyini fikirləşmiş, lakin baxmadan təkrar işə getmək üçün maşına minib getmişdir. Yolda Bakıxanov qəsəbəsində tanıdığı ustaya getməyi düşmüş və ustanın sexinin qarşısına getmişdir. Usta işdə olmadığı üçün ona zəng vurmuşdur, usta maşını sexin qarşısında saxlayıb getməyini bildirmişdir. Ona görə də iş yoldaşına zəng vurub onu həmin yerdən götürməsini xahiş etmiş və işə getmişdir. Bir qədər sonra polislər iş yerinə gəlib maşınla hadisə törətdiyini, onlarla birlikdə getməyini bildirmişlər. Sonradan həmin vaxtı yolnəqliyyat hadisəsi nəticəsində adam vurduğunu və həmin zərərçəkmiş şəxsin vəfat etiyini bilmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində bildirdi ki, mərhum Rəsul Məmmədov onun atası idi. Atası Bakı şəhəri, Xəzər royonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massvində aspirator sexində usta kimi işləmişdir. Həftənin 6 günü, saat 07:30-da evdən çıxıb yolun kənarı ilə Qala qəsəbəsi istiqamətində gedirmiş. Həmin gün, 19 yanvar 2024-cü il tarixdə təxminən saat 07:30 radələrində atası işə getmək üçün evdən çıxmış, ondan təxminən 10-15 dəqiqə sonra o, şəhərə getmək üçün evdən çıxmışdır. Təxminən saat 08:20 radələrində qonşuluqdan ona zəng vurub atasını Qala yolunda maşın vurduğunu, təcili həmin yerə getməyini bildirmişlər. O, dərhal geri qalmış, hadisə yerinə çatıqda görmüşdür ki, atası artıq vəfat edib. Sonradan hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanı ödəmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində olan avtomobil təmiri sexində çilingər köməkçisi kimi faəliyyət göstərmişdir. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Qala qəsəbəsində işə gedən vaxt maşın toqquşması səsi eşitmişdir. Həmin vaxt aralarında məsafə uzaq olsada ağ rəngli “Mitsubishi Pajero” markalı avtomobilin dayandığını və bir nəfər şəxsin maşından düşdüyünü görmüşdür. O, uzaqdan həmin şəxsə maraqlı olduğu üçün baxmışdır. Həmin şəxs təxminən 2-3 dəqiqə ərzində bir neçə dəfə maşının ətrafına baxmış, sonra isə getmişdir. Bu hadisədən təxminən 30-40 dəqiqə sonra 1-ci şöbəsinin əməliyyatçı müvəkkili işləyən, əvvəldən tandığı Eldəniz onun işlədiyi sexə gəlmiş və ərazidə meyid olduğunu, belə bir şeylə rastlaşıb rastlaşmadığını soruşmuşdur. O, belə bir halnan rastlaşmadığını deyib, təxminən 30-40 dəqiqə əvvəl maşın toqquşma səsi eşitdiyini, maşının ağ rəngli Pajero olduğunu Eldənizə bildirmiş və maşının saxladığı istiqaməti Eldənizə göstərmişdir. Bundan sonra Eldəniz gedib həmin əraziyə baxanda bir nəfər kişi meydinin olduğunu aşkar eləmişdir. O, maşın toqquşması səsi eşitsədə, konkret olaraq nə ilə toqquşduğunun şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əskər oğlu qeyd etmişdir ki, xx.xx.2024-cü tanışı Abdulla ev telefonuna zəng vurmuş, evində kombi xarab olduğunu deyib, onu evlərinə çağırmışdır. O, xx.xx.2024-cü il tarixdə onların evinə getmiş, kombiyə baxmış, ehtiyat hissəsi almaq lazım olduğunu deyib, Binə bazarında ucuz qiymətə olduğunu bildirmişdir. Onlar birlikdə avtobus ilə Mərdəkan Buzovna yoluna gedib, orada düşmüş və 1 manatlıq taksi gözləməyə başlamışlar. Həmin vaxt saat təxminən səhər 7-8 arası uzaqdan maşın toqquşması səsi gəlmişdir. Həmin səs gələn istiqamətinə baxanda ağ rəngli “Mitsubishi Pajero” markalı avtomobilin dayandığını görmüşdür. Maşının sürücüsünü tanımışdır. Belə ki, sürücü onun müştərisi olmuş, dəfələrlə evində kombini düzəltmişdir. Müştəri kimi tanıdığı Rafiq maşından düşərək təxminən 4-5 dəqiqə maşın ətrafına gəzmişdir. Həmin vaxtı Rafiq maşının altına və kənarlarını baxmışdır. Oda düşünmüşdür ki, yəqin maşını ya səkiyə ya hər hansı maneəyə vurmuşdur. Bir müddət Rafiq maşının ətarfında gəzəndən sonra maşına əyləşib getmişdir. Onlarda Rafiqdən bir neçə dəqiqə sonra çıxıb getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 19 yanvar 2024-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolundan görünür ki, hadisə baş verən ünvanı ünvan 3 Savxoz küçəsi, ev 120A ünvanında yerləşən «Araz» market ilə üzbəüz keçən hissəsində baş vermişdir. Hadisənin baş verdiyi yol örtüyü asfaltbeton, düz, hamar,yaş olamqla qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti ilə ayrılmışdır. Hadisənin baş verdiyi yol 2 hərəkət zolağına bölünmüş, ümumi eni 12 metr,bir hərəkət zolağının eni 6 metrdir; - BA 169189 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir; - AC 729497 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 1/61 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16/2-40449/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 729497 nömrəli «B» kateqoryalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 07 saylı rəyindən görünür ki, Mərhum R.C.Məmmədovun meyitində sağda alın-təpə-gicgah sərhəddinin, alın nahiyyəsinin, burunun əzilmiş yaraları; sağ gicgah nahiyəsinin, alm nahiyəsinin, burunun, sağ almacıq nahiyəsinin, alt çənənin, sağ və sol əlin arxa səthinin, sağ dizin ön səthinin, sağ və sol dizin bayır səthinin, sol baldırın yuxarı üçdə birinin bayır səthinin, sol baldırın aşağı üçdə birinin ön-bayır səthinin sürtünmə xarakterli sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; alın sümüyünün xətti sınığı; burun sümüyünün yerdəyişməsiz qapalı sınığı; sol said sümüklərinin qapalı, yerdəyişən sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarələr küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər canlı şəxslərdə: Başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; alın sümüyünün xətti sınığı istər birlikdə istərsədə ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığı Ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sol said sümüklərinin qapalı, yerdəyişən sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Sağda alın-təpə-gicgah sərhəddinin, alm nahiyyəsinin, burunun əzilmiş yaraları; burun sümüyünün yerdəyişməsiz qapalı sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə istərsədə ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərəvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Sağ gicgah nahiyyəsinin, alm nahiyyəsinin, burunun, sağ almacıq nahiyyəsinin, alt çənənin, sağ və sol əlin arxa səthinin, sağ dizin ön səthinin, sağ və sol dizin bayır səthinin, sol baldırın yuxarı üçdə birinin bayır səthinin, sol baldırın aşağı üçdə birinin ön-bayır səthinin sürtünmə xarakterli sıyrıqları istər birlikdə istərsədə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur. Mərhum R.C.Məmmədovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum R.C.Məmmədovun meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum R.C.Məmmədovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı №317/K, xx.xx.2024). - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-ci il tarixli, 8/1055 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasəsn Mitsubishi Pajero markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2, 264cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ü.Novruzov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-26/2024 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ü.Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, X6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; - Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsi ilə olan cinayət təqibinin başlanılması rədd edilmişdir; - Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 003370 nömrəli vəsiqənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (59.1.1), əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini (59.1.12), “Qarabağ müharibəsi” veteranı olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar