Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-638/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Mehdili ərazi dairəsi, Çaxırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını hədə-qorxu ilə tələb edib əldə etmək məqsədi ilə «WhatsApp» sosial şəbəkəsində ***-***-**-** mobil əlaqə telefon nömrəsini qeyd etməklə «28 May» metrostansiyası yaxınlığında gəlinlik geyimləri mağazasında işlədiyini, gəlinliklərin reklam edilməsi üçün 1000 manat qarşılığında xanım model işçiyə ehtiyacları olduğu barədə yalan məlumat yayaraq onu işə götürəcəyini inandırdıqdan sonra 2024-cü ilin mart ayının əvvəllərində mobil əlaqə vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətdə bədəninin qısa və alt geyimində fotoşəkillərini reklam üçün uyğun gəlib-gəlmədiyini müəyyən edəcəyi adı ilə aldadıb elektron şəbəkə vasitəsi ilə əldə etmiş, bundan başqa Zərərçəkmiş şəxs lüt şəkillərini də göndərməsini tələb etməsinə rədd cavabı aldıqdan sonra, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə niyyətini həyata keçirmək üçün mobil telefonla əlaqə yaradıb Zərərçəkmiş şəxs ona 1000 manat vermədiyi halda əvvəlcədən əldə etdiyi onun yarıçılpaq vəziyyətdə bədəninin qısa və alt geyimində fotoşəkillərini sosial şəbəkədə və yaxın qohumlarına göndərməklə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə hədə-qorxu gələrək cinayətdən xəbərsiz tanışı Şahid1 qardaşının ona pul göndərəcəyi adı ilə aldadıb onun bank kart hesab nömrəsini Zərərçəkmiş şəxs mobil telefonuna göndərib özgənin əmlakı olan 1000 manat məbləğində pulu həmin bank kart hesab nömrəsinə köçürməyi haqqında rüsvayedici məlmatlar yayacağı hədəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2024-cü ilin mart ayının ilk günlərində «Whatsapp» sosial şəbəkəsində yerləşən «Eşqin» qrupuna daxil olmuşdur. Orada bir çox xanımın iş axtardığını bilmiş və xanımların şəkillərini əldə edib baxmaq məqsədi ilə orada bildirmişdir ki, guya onun Bakı şəhəri, Nəsimi rayonu, «28 may» metrostansiyası yaxınlığında gəlinlik geyimləri mağazası var. Həmin gəlinliklərin reklam edilməsi üçün 1000 manat qarşılığında xanım model axtarır. Bununla bağlı «Whatsapp» sosial şəbəkəsində onunla əlaqə saxlayan bir çox xanıma bildirmişdik ki, boyu, yaşı və bədən quruluşu, 3 nəfər yaxın qohumlarının nömrəsi barədə ona məlumat versinlər. Eləcə də həmin qadınlardan qısa və alt geyimlərdə fotoşəkillərini ona göndərmələrini istəmişdir. Onlara yalandan demişdir ki, guya mağazanın müdürü xanımdır və həmin xanım onların göndərdiyi yarıçılpaq şəkillərə baxıb reklam üçün uyğun olub-olmaması barədə qərar verəcək. Təxminən 2024-cü ilin mart ayının əvvələrində adını sonradan bildiyi Rəsmiyyə adlı qadın qeyd olunan işlə bağlı onunla bir neçə dəfə «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayarkən həmin elanın həqiqiliyinə Rəsmiyyəni tam inandırmışdır ki, istədiyi yarıçılpaq, yəni alt geyimində olan şəkillərini ona göndərsin. Rəsmiyyə də alt geyimində çəkdirdiyi şəkillərini, eləcə də 3 nəfər qohumunun nömrələrini ona göndərdikdən sonra Rəsmiyyəyə bildirmişdir ki, əlavə olaraq ona lüt şəkillərini də göndərsin. Məqsədi həmin şəkillərdən Rəsmiyyəyə qarşı istifadə etmək, yəni şəkilləri ilə şantaj edib ondan 1000 manat pul almaq imiş. Rəsmiyyə ona lüt şəkillərini göndərmədiyindən 27 mart 2024-cü il tarixdə Rəsmiyyəyə bildirmişdir ki, əgər təcili ona 1000 manat pul verməsə onun şəkillərini sosial şəbəkələrdə paylaşacaq, eləcə də yaxın qohumlarına göndərəcək. Rəsmiyyə yalnız 700 manat pulunun olduğunu və həmin pulların şəklini ona göndərib hansı formada ona çatdırılacığını bildirmişdir. Onun kartı olmadığından həmin vaxt onunla qonşuluqda yaşayan Şahid1 ilə əlaqə saxlayıb guya qardaşının onun üçün Rusiyadan pul göndərəcəyini, lakin bank kartının olmadığını, bu səbəbdən bank kartının nömrəsini ona deməyini bildirmişdir. Fariz də bank kartının nömrəsini ona demişdir. O həmin kartın rəqəmlərini Rəsmiyyəyə demişdir ki, 1000 manat pulu həmin karta göndərsin. Sonradan polis əməkdaşları onu müəyyən edib polisə dəvət etmişlər. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməlini törətdiyini və törətdiyi əməldən səmimi peşman olduğunu, gənc olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaq zaman zərərçəkmiş şəxs qismində qismində dindirilmiş 2024-cü ilin təxminən mart ayının əvvəllərində sosial şəbəkə «Whatsap»da «Eşqin» iş qrupuna qoşulmuşdur ki, iş tapsın. Orada dərzi olduğunu bildirdikdə, adını sonradan bildiyi İlkin adlı şəxs qrup da ona bildirmişdir ki, 1000 manat maaş qarşılığında onlara gəlinlik geyimlərinin reklamına adam lazımdır. O da İlkinlə razılaşmış və ona vermiş olduğu ***- ***-**-** nömrəli «Whatsapp» vasitəsi ilə İlkinlə əlaqə saxlamışdır. İlkin Nəsimi rayonu, «28 may» metrosu yaxınlığında yerləşən gəlinlik geyimlərinin reklamı dükanında reklam işlərində işlədiyini və onun da çəkiliş üçün oraya gəlməli olduğunu bildirmişdir. Hətta İlkinlə yazışarkən İlkin bildirmişdir ki: «narahat olma sənin üzün heç bir şəkilə düşməyəcək». Səhəri gün yenidən əlaqə saxlayarkən, İlkin bildirmişdir müdür xanımdır və deyir ki, bədən ölçüsünə uyğun geyim hazırlanması üçün alt geyimdə foto şəkilləri lazımdır. O əvvəlcə İlkinə inanmamış və bunu etmək istəməmişdir. Daha sonra İlkin müxtəlif bəhanələrlə onu aldadaraq şəkilin vacib olduğunu və əks halda işin alınmayacağını deyərək onu inandırmış və o da inanıb öz evində alt geyimlərində öz şəkillərini çəkib İlkinə göndərmişdir. Sonradan həmin şəxs göndərdiyi şəkillərini yayacağı ilə onu şantaj etməyə başlamışdır. O da ona demişdir ki: «ayıbdır, bu nə hərəkətdir edirsən, sən mənə iş dedin deyə məndə sənə inanıb bunu etdim». Daha sonra İlkin ona bildirmişdir ki, 1000 manat pul versə şəkillərini siləcək. O da ağlayaraq yalvarmışdır ki, o qədər pulu yoxdur, xahiş etmişdir ki, şəkillərini silsin. İlkin isə demişdir ki, onda kart nömrəsi deyir, həmin karta 700 manat göndərsin. O da pulu olmadığından məcbur olub Xəzər RPİ-nin 2-ci polis şöbəsinə gedərək ərizə ilə müraciət etmiş və polislər ona 700 manat pul vermişlər ki, həmin şəxsi inandırmaq üçün pulu əlində çəkib həmin şəxsə göndərsin ki, həmin şəxsə ona inanıb kart nömrəsini desin. Elədə etmiş, İlkin ona inanıb kart nömrəsini ona demişdir. Həmin vaxtı yanında olan polis əməkdaşları aparatda nömrəni yığarkən nömrənin sahibinin adı çıxmış və həmin şəxsin vasitəsi ilə onu şantaj edən İlkin adlı şəxsi müəyyən edib polis şöbəsinə gətirmişlər. Son olaraq törədilmiş cinayət əməli nəticəsində ona dəymiş ziyanın ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır və normal münasibətləri olub. Hətta bəzi tikintilərdə birlikdə fəhlə kimi işləmişlər. Hadisə ilə bağlı onu bildirmişdir ki, 27 mart 2024cü il tarixdə İlkin ona bildirmişdir ki, qardaşı ona Rusiyadan pul göndərməlidir, lakin bank kartı yoxdur. Bu səbəbdən kartının nömrəsini ona deməyini bildirmiş və o da özünə məxsus bank kartının nömrəsini İlkinə demişdir. Lakin bir müddət gözləsə də həmin karta heç bir məbləğdə pul gəlməmişdir. Bir müddət sonra onunla əlaqə saxlayan polis əməkdaşları qeyd olunan kart nömrəsini ona deyib kimə məxsus olmasını soruşmuşlar. O da həmin kart nömrəsinin ona məxsus olduğunu, lakin bir qədər öncə həmin kart nömrəsini pul göndərilməsini üçün tanışı Təqsirləndirilən şəxs ondan istəməsini bildirmişdir. Eyni zamanda İlkinin kim olmasını və harada yaşamasını, eləcə də əlaqə nömrəsini ondan almışlar. O da həmin məlumatları polis əməkdaşına demişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları İlkini saxlayaraq polisə aparıblar. Belə ki, onun qeyd olunanlardan heç bir məlumatı olmayıb. İlkin özünü müdafiə etmək üçün qeyd olunanları özündən uydurur. İlkinin belə bir hərəkət etməsini bilsəymiş onun qarşısını alarmış və buna imkan verməzmiş. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 27 mart 2024-cü il tarixdə xidmətdə olduğu zaman vətəndaş Zərərçəkmiş şəxs Xəzər RPİnin 2-ci Polis Şöbəsinə etdiyi müraciət araşdırılması üçün ona həvalə edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, «WhatsApp» sosial şəbəkəsində olan «Eşqin» iş qrupuna qoşulmuşdur ki, iş tapsın. Orada dərzi olduğunu bildirdikdə, adını sonradan bildiyi İlkin adlı şəxs ona yazaraq bildirmişdir ki, 1000 manat maaş qarşılığında onlara gəlinlik geyimlərinin reklamına adam lazımdır. Zərərçəkmiş şəxs da sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə razılaşmış və İlkinin ona vermiş olduğu ***-***-**-** nömrəsi ilə istifadə olunan «Whatsapp» vasitəsi ilə onunla əlaqə saxlamışdır. Daha sonra İlkinin təkidi ilə alt geyimində olan şəkillərini ***-***-**-** nömrəsi ilə istifadə olunan «Whatsapp» tətbiqinə göndərmişdir. Təqsirləndirilən şəxs həmin şəkilləri sosial şəbəkələrdə yayacağı ilə onu şantaj edərək 1000 manat pul tələb etmişdir. Zərərçəkmiş şəxs məcbur olub bununla bağlı polisə müraciət etmişdir. Rəsmiyyə onun yanında İlkin ilə yenidən əlaqə saxlayarkən İlkin təkidlə 1000 manat pul tələb edirdi. İlkini inandırmaq üçün 700 manat pulu Rəsmiyyəyə təqdim edib şəklini çəkərək İlkinə göndərməsini və yalnız həmin məbləğdə pul düzəldə bildiyini və pulun göndərilməsi üçün kart nömrəsi göndərməyini deməsini bildirmişdir. Rəsmiyyə onun dediyi kimi etmiş və İlkin ona inanıb ödəmə teminalına yaxınlaşaraq deyəcəyi kart nömrəsinə həmin pulu göndərməsini tələb etmişdir. O, Rəsmiyyə ilə birlikdə marketlərdən birində quraşdırılmış ödəmə terminalına yaxınlaşıb İlkinin Rəsmiyyəyə dediyi hazırda xatırlamadığı kart nömrəsini yığarkən kart sahibinin adının Şahid1 olmasını öyrənmişdir. Şahid1la əlaqə saxlayarkən bir qədər öncə kart nömrəsini tanışı Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Belə ki, İlkin ona Rusiya Federasiyasında yaşayan qardaşının pul göndərəcəyini, lakin kartı olmamasını bildirib ondan kart nömrəsini istəmiş, o da kart nömrəsini İlkinə təqdim etmişdir. Beləliklə Təqsirləndirilən şəxs müəyyən edərək Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə təqdim etmişdir. Sonradan bilmişdir ki, təhqiqatçı Anar Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı Zərərçəkmiş şəxs məxsus alt geyimində olan şəkillər aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.1-ci maddəsi ilə Səbail RPİ-də istintaq olunmuş ********* saylı cinayət işinin icraatına AR CPM-nin 40.2.1-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan 29 mart 2024-cü il tarixli protokoldan görnür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 30 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 mart 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyət Başçısının Mehdili kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır: Anas:X3 və qardaşı X5. Təqsirləndirilən şəxs köçkünlük dövründə özünü işgüzar, bacarıqlı, intizamlı, mehriban bir insan kimi tanıtmışdır. Bu xüsusiyyətinə görə həmişə başqalarından fərqlənmiş, rəhbərlik tərəfindən ona tapşırılan hər bir işi vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Təqsirləndirilən şəxs mənsub olduğu ailə səmimi ailədir, ailə üzvləri arasında heç vaxt münaqişə olmamışdır. Qonşularla yaxşı münasibət saxlayırlar. Təqsirləndirilən şəxs ailə üzvləri haqqında indiyədək heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. İş materiallarında olan 28 mart 2024-cü il tarixli könüllü təqdimetmə, baxış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi «Redmi» markalı mobil telefona baxış zamanı həmin mobil telefondan Zərərçəkmiş şəxs məxsus alt geyimində olan yarıçılpaq şəkillər aşkar edilmiş və fotosu çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur.Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir.Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir.Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur.Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədəqorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər.Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür.Hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində fiziki və yaxud maddi və yaxud mənəvi zərərə məruz qalmış yalnız əmlakın mülkiyyətçisi, əmlaka olan hüququn daşıyıcısı deyil, ona faktiki sahiblik edən (məsələn, əmlakı mühafizə edən, bu və ya digər əsaslarla əmlaka çatımlığı olan), hüquqverən sənədləri saxlayan şəxslər də çıxış edirlər.Əmlakın verilməsi barədə cinayətkar tələbin ünvanlandığı şəxslə bilavasitə hədəyə, zor tətbiq etməyə məruz qalmış şəxs eyni olmadıqda, məsələn təqsirkar mülkiyyətçiyə ünvanladığı (çatdırdığı) onda olan əmlakın verilməsi barədə tələbi sonuncunun yaxın qohumuna zor tətbiq etməklə möhkəmləndirdikdə, hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində mülkiyyətçi ilə yanaşı əmlakın mülkiyyətçisi və yaxud ona faktiki sahiblik etməyən şəxs də (hədələməyə, zorakılığa məruz qalmış yaxın qohum) tanına bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını və gənc olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən “Hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi «Redmi» markalı mobil telefona baxış zamanı həmin mobil telefondan Zərərçəkmiş şəxs məxsus alt geyimində olan yarıçılpaq şəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 29 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi «Redmi» markalı mobil telefona baxış zamanı həmin mobil telefondan Zərərçəkmiş şəxs məxsus alt geyimində olan yarıçılpaq şəkillər iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-638/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-638/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver