Məhkəmə qərarları › İş №1(003)-642/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-642/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-642/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Lənkəran rayonu Səpnəkar kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X1 fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində bacısı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1nda yerləşən evindən 01 ədəd 1300 manat dəyərində «LG» markalı paltaryuyanı və 01 ədəd 150 manat dəyərində su qızdırıcısını gizli yolla talayıb Zərərçəkmiş şəxs cəmi 1450 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, tək kirayədə yaşayır. Qarabağ və aprel döyüşlərində iştirak etmiş, qazidir. Əvvəllər yeznəsi ilə birlikdə işlədiyi üçün bacısı və onun ailəsi ilə onların yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1nda yerləşən evinə onlarla birlikdə qalmışdır. 2022-ci ilin dekabr ayında yeznəsi Arzuman ilə iş ilə əlaqədar aralarında xırda mübahisə baş vermiş, həmin vaxt yeznəsi onun evində qalmamasını, evdən çıxmasını demişdir. Ona görə də başqa yerdə ev axtarmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə yeznəsi ailəvi olaraq Lənkəran rayonuna getmişlər. Evdə qalması üçün evin açarlarını da ona vermişlər. Həmin ərəfədə maddi vəziyəti yaxşı olmadığı üçün xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində evin mətbəx otağında olan «LG» markalı paltaryuyan maşını və həyətdə divara quraşdırılmış 1 ədəd su qızdırıcısını çıxarmış, su qızdırıcısını xx.xx.2022-ci il tarixdə Sabunçu qəsbəsində yerləşən rus bazarında 30 manata satmış, paltaryuyan maşını isə Xırdalan şəhərində kirayə tutduğu evə aparmışdır. Həmin vaxtdan sonra yeznəsi və bacısı ilə əlaqə saxlamamış, onlar da ona zəng vurmamışlar. Çünki istifadə etdiyi nömrəni dəyişmişdir. xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin işçiləri onu tapmış və polislərə şifahi şəkildə bacısının evində oğurluq etməsini etiraf edib peşman olduğunu, su qızdırıcısını satdığını, paltaryuyan maşını isə Xırdalan şəhərində kirayə tutduğu evdə saxladığını demişdir. Bacısı Zərərçəkmiş şəxs məxsus evdən paltaryuyan və su qızdırıcısı oğurlamış, lakin qızıl qolbağı oğurlamamışdır, ola bilsin ki, bacısı Səbinə səhvən qolbağının oğurlandığını yazmışdır, oğurlayaraq satdığı su qızdırıcısını satarkən onun özünə məxsus olduğunu, satmaq istədiyini bildirmiş, alan şəxs onun oğurluq olmasını bilməmişdir. Bundan başqa, əşyaların oğurluq olması barədə sürücüyə heç nə deməmiş, sürücü onların oğurluq olmasından məlumatı olmamışdır. O, ilk dəfə cinayət əməli törədir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə kirayədə yaşayır. 10 dekabr 2022-ci il tarixdə ailəvi olaraq yaşadıqları evdən çıxıb Lənkəran rayonuna getmişlər. Qardaşı Fəridin evdə qalması üçün gedərkən həyat yoldaşı evin açarlarını ona vermişdir. xx.xx.2023-cü il tarixdə evə qayıtdıqda görmüşdür ki, naməlum şəxs və ya şəxslər evdən bir ədəd 1300 manat dəyərində «LG» markalı paltaryuyanı, evin çöl divarından 1 ədəd 150 manat dəyərində su qızdırıcısını və evdən bir ədəd 320 manat dəyərində qızıl qolbağını oğurlamışlar. Evin qapı və pəncərələrinə baxdıqda heç bir sınıq və qırıq izləri olmamış, həmçinin evin açarlarını qardaşı Təqsirləndirilən şəxs verdikləri üçün bu oğurluğu törətdiyindən şübhələnmişdir. Ona görə də zəng vurub bu barədə polisə məlumat verməklə ərizə yazmış və bildirmişdir ki, evindən oğurluq edənin qardaşı Təqsirləndirilən şəxs şübhələnir. Bu hadisədən sonra Fərid onlara etməmiş, əlaqə saxlamamış, onu axtarsa da tapa bilməmiş və evdən qardaşı Fəridin oğurluq etməsindən tam əmin olmuşdur. İlkin araşdırma zamanı evdən xalça va qab-qacağın da oğurlanması barədə verdiyi məlumatla əlaqədar bildirmişdir ki, həmin gün evə girərkən evdən xalça və qab-qacağın da oğurlandığını zənn etdiyi üçün elə məlumat vermiş, lakin qab-qacaq və xalça oğurlanmadığını, evdə olduğunu gördüyü üçün ərizəsində yalnız oğurlanmış əşyaları qeyd etdiyini, yaşadığı evin həyətində, içində və ya ətrafda hər hansı müşahidə olmadığını bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaqa verdiyi əlavə ifadəsində bildirmişdir ki, hadisədən təxminən bir ay sonra evdə dolabı yığışdırarkən oğurlandığını qeyd etdiyi bir ədəd uşaq üçün olan qızıl qolbağı paltarların arasından yerə düşmüş, baxdıqda həmin qolbağın olduğunu bilmiş, yəni oğurlandığını qeyd etdiyi qızıl qolbağın oğurlanmadığını onu tapdığını, bu barədə polis şöbəsinə gedib məlumat verməyi fikirlədiyini, lakin işləri olduğu üçün getdib məlumat verə bilməmiş, qolbağının tapıldığı üçün bunun nəzərə alınmasını xahiş etmiş, baş vermiş oğurluq hadisəsi nətiəcəsində ona ümumilikdə 1450 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid göstərmişdir ki, əvvəllər qayını Fərid ilə birlikdə işləmişlər. Ona görə də Fərid də onunla birlikdə evdə qalmışdır. Lakin sonradan Fərid işləmək istəmədiyi üçün aralarında xırda mübahisələri olmuş, bu səbəbdən ona işləmək istəmirsə evdə qalmamasını, başqa yerə getməsini demişdir. Buna baxmayaraq Fərid özünə başqa ev tapana qədər onun evində qalmışdır. xx.xx.2022-ci il tarixdə ailəvi olaraq Lənkəran rayonuna getməli olmuşlar. Evdə qalması üçün evin açarlarını da Fəridə vermişdir. xx.xx.2023-cü il tarixdə evə qayıtdıqda naməlum şəxs və ya şəxslərin evdən bir ədəd 1300 manat dəyərində «LG» markalı paltaryuyanı, evin çöl divarından 1 ədəd 150 manat dəyərində su qızdırıcısını və evdən bir ədəd 320 manat dəyərində qızıl qolbağını oğurladıqlarını aşkar etmişlər. Evin qapı və pəncərələrində heç bir sınıq və qırıq izləri olmamışdır. Evin açarlarını Fəridə verdiyi üçün bu oğurluğu onun törətdiyindən şübhələnmişlər. Ona görə də bu barədə polisə məlumat vermişlər. Bundan sonra Fərid onlara gəlməmiş, əlaqə saxlamamışdır. Hadisədən bir neçə gün sonra oğurlandığını zənn etdikləri 01 ədəd 320 manat dəyəində olan qızıl qolbağını yoldaşı Səbinə evdən tapmışdır. Yəni evdən qızıl qolbağı oğurlanmamışdır. O, evin açarlarını Fəridə onlar rayondan gələnə qədər evdə qalması üçün verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmış və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, «LG» markalı paltaryuyan maşın işlək vəziyyətdə Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş “Elektron məhkəmə sistemi”ndən çıxarışdan görünür ki, iş üzrə Şahid xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin elan edilmiş ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını və cinyət nəzticəsində dəyniş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. 01 ədəd “LG” markalı paltaryuyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 01 (bir) ədəd “LG” markalı paltaryuyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı (60 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 150 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar