Məhkəmə qərarları › İş №1(003)-646/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-646/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-646/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs xaricdə aldığı diplomunu Azərbaycan Respublikasında tanıtdıracağına dair yalandan vəd verib aldadaraq 24 iyul 2022-ci il tarixdə aralarındakı razılaşmaya əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən “Rahat” marketin qarşısında Zərərçəkmiş şəxsla görüşərək sonuncudan 2735 manat və 450 ABŞ dolları ekvivalentində olan 765 manat pul alıb daha sonra verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3.500 ( üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1-c maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 9 il müddətində 1 saylı notariusda, 2 il də 3 saylı Asan xidmətdə notariusda işləmişdir. Müəyyən səbəblərə görə sonradan işdən ayrılmışdır. Ondan sonra isə bir müddət fərdi əməklə məşğul olmuşdur. Təxminən 7 il bundan əvvəl Nabranda olarkən X1 ilə tanış olmuşdur. Elnarə ona özünü Bakı şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim etmişdir. Təxminən 2-3 ay olar ki, Zərərçəkmiş şəxs tanıyır. O, Orxanla Şahid vasitəsilə tanış olmuşdur. Belə ki, 2022-ci ilin iyul ayının sonlarında Nurlan, o və Orxan Nərimanov ərazisində yerləşən və adını xatırlamadığı kafelərin birində çay içmək üçün əyləşmişlər. Söhbət əsnasında o, Orxanın Ukraynada təhsil aldığını və oradan aldığı diplomu Azərbaycanda təsdiq elətdirmək istədiyini öyrənmişdir. O, Orxana təsdiq elətdirə biləcəyini demişdir. Həmin günün axşamı o, Elnarəyə zəng edərək məsələni izah etmişdir. Elnarə də kömək edə biləcəyini, lakin bunun üçün 3.500 manat pul lazım olduğunu və 2 ay ərzində məsələni həll edə biləcəyini demişdir. O da həmin axşam Orxana zəng edərək işin alınacağını, lakin ümumilikdə 3500 manat pul lazım olduğunu demişdir. O, Orxana Elnarədən bəhs etməmişdir. Orxan da onunla razılaşmışdır. O, Orxana pulun veriləcəyi təqdirdə 2 ay ərzində məsələnin həll olunacağını demişdir. Bu söhbətin səhəri günü o, dostu Kənanla birlikdə Orxandan pulu almaq üçün Buzovna qəsəbəsinə yollanmışlar. Onlar oraya çatanda Nurlan da Orxanın yanında olmuşdur. Onlar “Rahat” marketin qarşısında görüşmüşlər və Orxan orada öz avtomobilinin içərisində 3500 manat pulu sayaraq əlbə- əl ona vermişdir. Pulla birlikdə diplomun original variantını da ona vermişdir. O, Orxana təxminən 2 aya məsələni həll edəcəyini demişdir. Bu hadisənin səhəri günü o, Elnarə ilə “Sahil” metrosu yaxınlığında görüşmüşdür. Konvertin içərisində Orxanın ona verdiyi 3500 manat pulu və diplomun əslini Elnarəyə vermişdir. Həmçinin qeyd etmişdir ki, Orxan 3500 manat pulu ona verərkən həmin pulun bir qismini dollar formasında vermişdir. Elnarə də pulu saydıqdan sonra 100 dollarını ona şirinlik kimi vermişdir. Elnarə ona 2 ay ərzində işi həll edəcəyini demişdir. Elnarə ona, işin alınmağına 1 gün qalmış ona zəng edəcəyini və Orxanı da götürüb gəlməyini demişdir. O da həmin günün axşamı Orxana zəng edərək Elnarənin dediklərini Orxana çatdırmışdır. Təxminən 1 ay sonra Elnarə ilə əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlanmışdır. Elnarə ona hər şeyin qaydasında olduğunu demişdir. Həmçinin qeyd etmişdir ki, o, Elnarəyə pulu verəndə Orxanın ona verdiyi original diplomu da Elnarəyə vermişdir. İki ay tamam olduqdan sonra Elnarə ona müxtəlif vədlər verib işi alındıracağını bildirsə də, işi alındırmamışdır. O da Elnarənin işi alındıra bilmədiyini görüb original diplomu Elnarədən geri almışdır ki, Orxana qaytarsın. Daha sonra o, həmin diplomun original variantını Nərimanov ərazisində Orxana geri qaytarmışdır. Bundan sonra o, avtoqəza keçirmişdir. Avtoqəzada telefonu itmişdir. Ondan sonra Elnarə ilə əlaqə saxlaya bilməmişdir. Daha sonra Orxan ona zəng edən zaman o, Orxana tez bir zamanda pulu qaytaracağını desə də övladının xəstəliyi ucbatından pulu Orxana geri qaytara bilməmişdir. Lakin bir müddətdən sonra o, Orxana dəymiş ziyanın 300 manatını geri qaytarmışdır. Qalan pulu da hissə-hissə qaytarmağa hazırdır. İlk dəfə cinayət əməli törətmiş, əməlindən peşmandır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2011-ci ildən 2014-cü ilin dekabr ayına qədər Ukraynanın Xarkov şəhərində yerləşən İncəsənət akademiyasında qiyabi təhsil almışdır. 2014-cü ildə Azərbaycana qayıtsa da, 2019-cu ildə təkrar təhsilini sonlandırmaq üçün Xarkov şəhərinə qayıtmışdır. 2020-ci ilin əvvəlində təhsilini sonlandıraraq yenidən Bakıya qayıtmışdır. Diplomu əlbə-əl almasa da, sonradan akademiya təsdiqlədərək ona göndərmişdir. O, diplomunu Azərbaycanda təsdiqlətmək istəsə də, ingilis dilindən imtahan verməyinin lazım olduğu bildirilmişdir. Lakin o, ingilis dilində bilmədiyi üçün imtahan verə bilməmişdir. Sonradan iş yoldaşı Şahid ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Ramilin keçmiş asan xidmət işçisi olduğunu, həmçinin imkanlarının geniş olduğunu və onun diplomunu təsdiq elətdirə biləcəyini demişdir. 23 iyul 2022-ci il tarixdə iş yoldaşı Nurlan onu Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun qarşısında yerləşən adını xatırlamadığı çayxanada onu Ramillə tanış etmişdir. Söhbət əsnasında Ramil ona bildirmişdir ki, onun diplomunu Azərbaycanda təsdiq etdirə bilər. Sadəcə bunun üçün 3500 manat pul lazım olduğunu demişdir. Pulun veriləcəyi təqdirdə 2 ay ərzində məsələni həll edəcəyini demişdir. O da razılaşmışdır. Səhəri gün, yəni 24 iyul 2022-ci il tarixdə təxminən axşam saatlarında o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında əlbə-əl Təqsirləndirilən şəxs 3500 manat pul vermişdir. Verdiyi pul 2735 manatdan və 450 dollardan ibarət olmuşdur. O, pulu Ramilə verərkən onların yanında Ramilin tanımadığı bir nəfər dostu və onun iş yoldaşı Şahid olmuşdur. X6 ona müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmiş və onun telefonlarına cavab verməmişdir. O, bundan sonra anlamışdır ki, Ramil ona qarşı dələduzluq etmişdir. Bundan sonra o, ərizə ilə polisə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Lakin işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərərin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılığa gəlmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun həm iş yoldaşı, həm də dostudur. O, 2011-ci ildən 2014-cü ilin dekabr ayına qədər Ukraynanın Xarkov şəhərində yerləşən İncəsənət akademiyasında qiyabi təhsil almışdır. 2014-cü ildə Azərbaycana qayıtsa da, 2019-cu ildə təkrar təhsilini sonlandırmaq üçün Xarkov şəhərinə qayıtmışdır. 2020-ci ilin əvvəlində təhsilini sonlandırarq yenidən Bakıya qayıtmışdır. Diplomu əlbə-əl almasa da, sonradan akademiya təsdiqlədərək ona göndərmişdir. O, diplomunu Azərbaycanda təsdiqlətmək istəsə də ingilis dilindən imtahan verməyin lazım olduğu ona bildirilmişdir. Lakin o, ingilis dilində bilmədiyi üçün imtahan verə bilməmişdir. Pandemiya vaxtı o, koronavirus xəstəliyinə tutulmuş və “Saray Modul” adlı xəstəxanada koronavirusdan müalicə almışdır. Həmin xəstəxanada Kənan adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Orxanın məsələsini Kənana bildirmişdir. Kənan da Ramil adlı tanışının olduğunu və bu işi Ramilin həll edə biləcəyini demişdir. Kənan bildirmişdir ki, Ramil neçə illərdir ki, notariusda və Asan xidmətdə işləmiş, əlaqələri genişdir və bu işi həll edə bilər. Sonradan o, Orxana Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, Ramilin keçmiş Asan xidmət işçisi olduğunu, həmçinin imkanlarının geniş olduğunu və onun diplomunu təsdiq elətdirə biləcəyini demişdir. 23 iyul 2022-ci il tarixdə o, Orxanı Bakı şəhəri, Nərimanov rayonu ərazisində metronun qarşısında yerləşən adını xatırlamadığı çayxanada Ramillə tanış etmişdir. Söhbət əsnasında Ramil Orxana bildirdi ki, onun diplomunu Azərbaycanda təsdiq etdirə bilər. Sadəcə bunun üçün 3500 manat pul lazım olduğunu dedi. Pulun veriləcəyi təqdirdə 2 ay ərzində məsələni həll edəcəyini dedi. Orxan da razılaşdı. Səhəri gün, yəni 24 iyul 2022-ci il tarixdə təxminən axşam saatlarında Orxan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında əlbə-əl Təqsirləndirilən şəxs 3500 manat pul verdi. Orxanın verdiyi pul 2735 manatdan və 450 dollardan İbarət idi. Orxan pulu Ramilə verərkən orada o və Kənan da iştirak etmişdir. X6 Orxana müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmiş və Orxanın telefonlarına cavab verməmişdir. Orxan bundan sonra anlamışdır ki, Ramil ona qarşı dələduzluq etmiş və bundan sonra Orxan ərizə ilə polisə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması barədə qərardan görünür ki, 02 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulmuşdur. İş materiallarında olan cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, 09 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad olunmuşdur. İş materiallarında olan və ibtidai istintaqda tərtib edilmiş könüllü təqdimetmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə aralarında keçən yazışmaları 06 ədəd A4 formalı kağızlarda şəkil halında çap etdirərək istintaq orqanına könüllü təqdim etmiş və Zərərçəkmiş şəxs təqdim etdiyi 06 ədəd A4 formalı şəkilli kağızlar gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərərin ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılığa gəlmiş, ona qarşı şikayət və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxsnın cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıvə üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı Bakı şəhəri Nəsimi rayonu M.A.Əliyev küçəsi ev 234 10 saylı mənzilində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Nəsimi rayonu M.A.Əliyev küçəsi ev 234 10 saylı mənzilini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı zamanı (60 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar