Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-65/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, içləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqiliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə saat 21:15 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “İsuzu” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Bakavtomat» deyilən yol ilə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Azərbaycan Xörəkləri» restoranının qarşısından keçərkən Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq-yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozması avtomobilin qabaq sağ hissəsi ilə yol kəsişməsində sağdan sola hərəkətdə olan velosipedçi X3 idarə etdiyi velosiped ilə toqquşmaqla ehtiyatsızlıqdan vurub ona ehtiyatsızlıqdan hər iki dirsək nahiyəsinin, sol budun yuxarı 3/1-nin bayır səthinin, hər iki dizin, hər iki baldırın ön səthlərinin əzilmiş yaraları, komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beynin yumşaq qişasına və beynin toxumasına sağ alın-təpə, gicgah nahiyəsində geniş qansızmalar, baş beynin ağır dərəcəri, əzilməsi və sıxılması, sağ təpə-gicgah sümüyünün qəlpəli, kəllə əsasına keçən sınığı, sağ beyin yarımkürəsi üzərində kəskin kəskin sübdural (sərt qişaaltı) hematoması kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib xx.xx.2022-ci il tarixdə saat 06:30-da ölümünə səbəb olmaqla yol hərəkəti və avtomobilin istismarı qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, onun “ABCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Uzun illərdir ki, avtomobili idarə edir. Bir müddət 182 saylı marşrut avtobusunda sürücü işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 21:15 radələrində «İsuzu» markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtobusla işdə olarkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu deyilən yol ilə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Azərbaycan xörəkləri» restoranını keçən kimi saatda 30 km sürətlə hərəkət edərkən sağdan birləşən asfalt yolla sağdan sola təxminən 20 km-saat sürətlə hərəkətdə olan velosipedçi - sonradan adını bildiyi X3 idarə etdiyi velosiped ilə avtobusun qabaq sağ hissəsi ilə toqquşmuşdur. O, toqquşmadan yayınmaq üçün avtobusu sola çəkmək istəsə də, yayına bilməmişdir. Toqquşmadan sonra Ülvi başından zərbə aldığı üçün onu təcili yardım maşını ilə xəstəxanaya aparmışlar. O, hadisə yerində qalıb polislərin gəlməsini gözləmişdir. Hadisə yerindən qaçmamış və spirti içki qəbul etməmişdir. Hazırkı məhkəmə iclasında isə bildirir ki, baş vermiş həmin yol-nəqliyyat hadisəsində özünü təqsirli bilmir, çünki hadisə velosipedçinin təqsiri üzündən baş vermişdir. Belə ki, velosiped onun yoluna qəfildən çıxmışdır, o, təxminən metr yarım qalmış velosipedi görüb avtobusu yana çəkmək istəmiş, hərəkətdə olduğu zaman velosiped gəlib avtobusun qabaq sağ tərəfinə dəymiş, buna görə də hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Maddi imkansızlıqdan mərhumun ailəsinə heç bir köməklik göstərə bilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməmişdir, həm də özünün himayəsində üç azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X2 göstərdi ki, mərhum oğlu 1999 təvəllüdlü Ülvi yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Bakavtomat yolu deyilən yerdə oğlu Ülvi mütəmadi olaraq velosiped sürürmüş. Velosipedi uzun illər idi ki, idarə edirmiş. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində yaşadığı evdə olarkən məlumat gəlmişdir ki, oğlu idarə etdiyi velosiped ilə avtobusla toqquşmuşdur. Onlar dərhal evin yaxınlığında olan hadisə yerinə gəlmişlər və təcili yardım oğlunu təcili olaraq xəstəxanaya çatdırmışdır. Oğlu bir neçə dəfə əməliyyat olunsa da başından aldığı xəsarətlərdən xx.xx.2022-ci il tarixdə Neyrocərrahiyyə xəstəxanasında vəfat etmişdir. Ümumi olaraq 30 000 manat xərci çıxmışdır. Lakin hadisədən sonra həmin avtobusun sürücüsü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs onlarla maraqlanmamış, müalicə, dəfn və yas xərclərinə köməklik göstərməmiş, sonralar məhkəmənin gedişində barışmaq istədiyini bildirsə də, bunun üçün heç bir real addım atmadığına görə onların arasında barışıq əldə olunmamışdır, Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 141 saylı rəyindən görünür ki, X3 meyitində aşkar edilmiş xəsarətlər – hər iki dirsək nahiyəsinin, sol budun yuxarı 3/1-nin bayır səthinin, hər iki dizin, hər iki baldırın ön səthlərinin əzilmiş yaraları, komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beynin yumşaq qişasına və beynin toxumasına sağ alın-təpə, gicgah nahiyəsində geniş qansızmalar, baş beynin ağır dərəcəli, əzilməsi və sıxılması, sağ təpə-gicgah sümüyünün qəlpəli, kəllə əsasına keçən sınığı, sağ beyin yarımkürəsi üzərində kəskin kəskin sübdural (sərt qişaaltı) hematoma küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun Respublika Neyrocərrahiyyə Xəstəxanası X6 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğundur, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Mərhum Ü.Ə.Abdinlinin ölümünə səbəb komatoz vəziyyətlə müşayiət olunan başbeyin toxumasına və beynin yumşaq qişasına sağ alın-təpə-gicgah nahiyəsində geniş qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi və sıxılması, baş beynin sərtqişalı hematoması olmuşdur. Mərhum Ü.Ə.Abdinlinin ölümü xx.xx.2022-ci ildə saat 06:30-da Respublika Neyrocərrahiyyə Xəstəxanası X5 baş vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 8/2428 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “İSUZU” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. Cinayət işinin 8-ci səhifəsində olan – Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Cəfərov tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, sürücü Təqsirləndirilən şəxs sərxoş olmadığı üçün tibbi arayış verilməmişdir. Cinayət işinin 18-ci səhifəsində olan AD seriyalı 137333 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “ABCD” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 016/2-5343/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək müddətə etibarlı olan) AD seriyalı 137333 nömrəli “ABCD” kateqoryalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vəsiqələrini idarə etmək hüququ xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixədək və xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2014-cü il tarixədək məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 08 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-65/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-65/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver