Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-66/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktında göstərilmişdir ki, X5 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Spar” adlı mağazaya müştəri kimi daxil olub, oradan 1 ədədinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 450 manat olan 5 ədəd 0,750 həcmdə Jack Daniels markalı viskini, 1 ədədinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 288 manat təşkil edən 18 ədəd 1 kiloqram çəkidə “Vest Gold” kərə yağını, 1 ədədinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 112 manat olan 7 ədəd 1 kiloqram çəkidə “Golden Crov” markalı kərə yağını, 1 ədədinin dəyəri 21 manat olmaqla ümumi dəyəri 315 manat olan 15 ədəd “Nan” uşaq yeməklərinini, 1 ədədinin dəyəri 9 manat olmaqla ümumi dəyəri 180 manat olan 20 ədəd “Head Solder” şampunu, 1 ədədinin dəyəri 11 manat olmaqla ümumi dəyəri 88 manat olan 8 ədəd “Bakı” konyakını, 1 ədədinin dəyəri 28 manat olmaqla ümumi dəyəri 84 manat olan 3 ədəd 1 litr həcmdə “Morosa” markalı arağı, 1 ədədinin dəyəri 27 manat olmaqla ümumi dəyəri 108 manat olan 4 ədəd 1 litr həcmdə “Xortica” markalı arağı, 1 ədədinin dəyəri 22 manat olmaqla ümumi dəyəri 66 manat olan 3 ədəd 1 litr həcmdə “Mamedof” markalı arağı, 1 ədədinin dəyəri 34 manat olmaqla ümumi dəyəri 170 manat olan 5 ədəd 1 litr həcmdə “Nemirof” markalı arağı vahid niyyətlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1861 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X5 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilsə də, məhkəmə iclasında özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək bildirmişdir ki, o, ayrı-ayrı vaxtlarda 4 dəfə olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Spar” adlı mağazaya müştəri kimi daxil olmuş, oradan 1 litr həcmdə “Nemirof” markalı araq, iki ədəd Jack Daniels markalı viski və 3 ədəd head shoulders markalı şampun götürmüşdür. O, ittiham aktında qeyd olunan digər məhsulları götürməmişdir. İbtidai istintaqda müstəntiq tərəfindən yazılanlara oxumadan imza etmiş, lakin bəzi sənədlərdə olan imzalar ona məxsus dyildir. O, ümumilikdə zərərçəkmiş şəxsə 150 manat məbləğində ziyan vurmuş, buna baxmayaraq ona 400 manat qaytarmaqla ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, sahibkardır. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Hadisə ilə bağlı o, müstəntiqə 4 görüntü təqdim etmişdir. Görüntüyə əsasən dörd oğurluq hadisəsi olmuşdur, lakin sayım nəticəsində kəsirlər aşkar edilmiş və daha çox oğurluğun olduğu məlum olmuşdur. Digər oğurluq hadisəsi ilə bağlı onun əlində heç bir görüntü və ya başqa sübut yoxdur. Ona dəymiş ziyan ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, o, hazırki 4 görüntüdə olan oğurluqları müəyyən etdikdən sonra sayım keçirmişdir. Sayıma əsasən ona 4500 manata yaxın ziyan dəymiş, oğurluq hadisəsi 4 dəfə ayrı – ayrı vaxtlarda olmuş, o, kameraya hər gün nəzarət etməmiş, kameranın yaddaş apartı 1 gün saxlayır, hesab edir ki, sayımda kəsir çıxan digər məhsullarda oğurlanmış, lakin bununla bağlı sübut təqdim edə bilmir, bu sadəcə bir ehtimaldır. Bundan başqa, bildirmişdir ki, mağazada uşaq yeməyi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Onun oğlu “Spar” mağazasında işləyir. O, hər gün həmin mağaza olur və oğlu istirahətə gedən zaman o, onu mağazada əvəz edir. Hadisə ilə bağlı bildirmişdir ki, Hafisin dörd dəfə görüntüsünü görmüşdür. O, ayrı – ayrı vaxtlarda 1 litr həcmdə “Nemirof” markalı araq, iki ədəd Jack Daniels markalı viski və 3 ədəd head shoulders markalı şampun götürmüşdür. Digər məhsulların götürüldüyünü görməmişdir. Həmin məhsullar stokda az görsəndiyinə görə oğurluq olduğunu ehtimal edir. Mağazada olan kəsirlərlə bağlı əllərində başqa görüntü yoxdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Həmin vaxt eynəksiz olmuş, müstəntiqin yazdığına imza etmişdir. Məhkəmə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X3 əməlində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətinin tərkib ələmətlərinin mövcud olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə X5 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə X5 təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərardan görünür ki, X1 Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə X5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı material tərtib olunmuşdur. İş materiallarında olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki,
1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
2. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində oğurladığı əşyaları satdığı şəxsiyyətləri və yerləri istintaqa məlum olmayan şəxslərin həmin məhsulların oğurluq olmasından xəbərinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.
3. Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə qədər olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Spar” adlı mağazaya 6 dəfə müştəri qismində daxil olaraq vahid niyyətlə ümumilikdə 1861 manat dəyərində ərzaq, spirtli içki və digər məhsulları gizli olaraq taladığı üçün onun əməli Azərbaycan Respunlikası CM-nin 177.1-ci maddəsi ilə qiymətləndirilməsi nəzərə alınmışdır.
4. Təqsirləndirilən şəxs ilkin təhqiqat araşdırması müddətində oğurluq nəticəsində dəymiş ziyanı 1788 manat göstərsədə, istintaq müddətində həmin ziyanı 1861 manat göstərmiş, bu səbəbdən zərəçəkmişə dəymiş ziyan 1861 manat hesablansın.
5. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Spar” adlı mağazaya müştəri qismində olaraq daxil olması və digər şəxslərin diqqətinin onda olmamasında istifadə edərək, oğurluq etdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməməlidir. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.
6. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.
7. Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayəti nəticəsində istintaq olunan cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması iş üzrə nəzərə alınmışdır. ... İş materiallarında olan video diskdən görünür ki, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda (dörd dəfə olmaqla) 1 ədəd araq, iki ədəd digər içki və 3 ədəd şampun götürərək pencəyini sinə nahiyəsinə yerləşdirir. Məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının CPM-nin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasının, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasının müəyyənləşdirilməsindən ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X5 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir, lakin zərərçəkmiş şəxsə ona irəli sürülmüş ittihamda qeyd olunan məbləğdə zərər vurmamış, o, 1 ədədinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 180 manat olan 2 ədəd 0,750 həcmdə olan Jack Daniels markalı viski, 1 ədədinin dəyəri 34 manat olmaqla ümumi dəyəri 34 manat olan 1 ədəd “Nemirof” markalı araq, 1 ədədinin qiyməti 9 manat olamaqla ümumi dəyəri 27 manat olan 3 ədəd “Head Solder” markalı şampunu talamaqla, zərərçəkmiş şəxsə 241 manat məbləğində ziyan vurmuş və dəymiş zərəri ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamışdır. Azərbaycan Respublikasının CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsinin, yəni cinayət əməlinin tərkib əlamətlərinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin mənasından görünür ki, oğuluq, yəni özgənin əmlakını gizli olaraq talama ilə törədildikdə həmin cinayətin təkibini yaradır. Həmin maddənin qeyd hissəsinə görə:
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs X4 qarşı irəli sürülmüş ittihama görə o, tamah niyyətilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Spar” adlı mağazaya müştəri kimi daxil olub, oradan 1 ədədinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 450 manat olan 5 ədəd 0,750 həcmdə Jack Daniels markalı viskini, 1 ədədinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 288 manat təşkil edən 18 ədəd 1 kiloqram çəkidə “Vest Gold” kərə yağını, 1 ədədinin dəyəri 16 manat olmaqla ümumi dəyəri 112 manat olan 7 ədəd 1 kiloqram çəkidə “Golden Crov” markalı kərə yağını, 1 ədədinin dəyəri 21 manat olmaqla ümumi dəyəri 315 manat olan 15 ədəd “Nan” uşaq yeməklərinini, 1 ədədinin dəyəri 9 manat olmaqla ümumi dəyəri 180 manat olan 20 ədəd “Head Solder” şampunu, 1 ədədinin dəyəri 11 manat olmaqla ümumi dəyəri 88 manat olan 8 ədəd “Bakı” konyakını, 1 ədədinin dəyəri 28 manat olmaqla ümumi dəyəri 84 manat olan 3 ədəd 1 litr həcmdə “Morosa” markalı arağı, 1 ədədinin dəyəri 27 manat olmaqla ümumi dəyəri 108 manat olan 4 ədəd 1 litr həcmdə “Xortica” markalı arağı, 1 ədədinin dəyəri 22 manat olmaqla ümumi dəyəri 66 manat olan 3 ədəd 1 litr həcmdə “Mamedof” markalı arağı, 1 ədədinin dəyəri 34 manat olmaqla ümumi dəyəri 170 manat olan 5 ədəd 1 litr həcmdə “Nemirof” markalı arağı vahid niyyətlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1861 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə tərəfindən işin halları ilə bağlı mövcud sübutlara qiymət verilərkən əldə edilmiş nəticələrə və işin faktiki halları ilə X3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Beləliklə aydın olur ki, təqsirləndirilən şəxs X5 ayrı-ayrı vaxtlarda 4 dəfə olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Spar” adlı mağazaya müştəri kimi daxil olmuş və oradan yalnız 1 litr həcmdə “Nemirof” markalı araq, iki ədəd Jack Daniels markalı viski və 3 ədəd head shoulders markalı şampun götürmüşdür ki, bunların da ümumi dəyəri 241 manat təşkil edir. Digər məhsulların təqsirləndirilən şəxs tərəfindən götürməsi, qeyd olunan məhsulların hansı vasitə ilə və hara daşıması məhkəmə istintaqında sübuta yetirilməmiş və öz təsdiqini tapmamışdır. Bundan başqa, məlum olmuşdur təqsirləndirilən şəxsə qarşı irə sürülmüş ittihamda qeyd olunan 1 ədədinin dəyəri 21 manat olmaqla ümumi dəyəri 315 manat olan 15 ədəd “Nan” uşaq yeməkləri marketdə satışda olmamışdır. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, mövcud əmək qanunvericiliyinə, digər normativ sənədlərə və işçilərin vəzifə təlimatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi mövcud deyil. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. X3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dərhal ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X4 izah edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, onun təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmaması nəzərə alınmalıdır. Maddi sübut- 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. İş üzrə inzibati xətanın tərkibinin əlamətləri olunduğundan X3 əməlində inzibati məsuliyyətin əsaslarının olub-olmamsının araşdırılması məqsədi ilə müvafiq materiallar Bakı şəhəri Xəzər rayon Prokurorluğuna göndərilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X3 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 276 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən X4 əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. X3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dərhal ləğv edilsin. X4 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə inzibati xətanın tərkibinin əlamətləri olunduğundan X3 əməlində inzibati məsuliyyətin əsaslarının olub-olmamsının araşdırılması məqsədi ilə müvafiq materiallar Bakı şəhəri Xəzər rayon Prokurorluğuna göndərilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi, onun təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmaması nəzərə alın Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs X3 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 276 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev