Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-660/2024 31.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, X5 iştirakları ilə, 02 may 1978-ci ildə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Gujrat şəhərində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs yaşamaq və işləmək məqsədilə Yunanıstan Respublikasına getmək üçün viza əldə edə bilmədiyindən, 25 may 2024-cü il tarixdə 5048 nömrəli Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X6 Aeroportu” sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 05:47-də Pakistan İslam Respublikası vətəndaşı olan Ali Jabrana məxsus AJ8024053 nömrəli pasportdan bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən onun pasportundakı fotoşəkildəki şəxsə oxşamadığı aşkar edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, Pakistan İslam Respublikasında özünə iş tapmaqda çətinlik çəkdiyindən işləmək məqsədilə Avropa ölkələrinə getmək qərarına gəlmişdir. 2024-cü ilin əvvələrində hadisələrin təsadüfü axarı zəmnində tanış olduğu adını xatırlamadığı və hazırda heç bir əlaqəsi qalmadığı şəxsə Avropa ölkərinin birinə işləmək məqsədilə getmək niyyətinin olduğunu demişdir. Həmin şəxs ona Yunanıstan Respublikasına getməyi təklif edərək bildirmişdir ki, Ali Jabran adlı şəxsin adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus AJ8024053 pasportdan və etibarlılıq müddəti 20 dekabr 2024-cü il tarixədək olan E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən istifadə edərək Yunanıstan Respublikasına getmək mümkündür. Bunun müqabilində tanış olduğu şəxs tərəfindən X9 İslam Respublikasında yaşayan ailəsinə 600000 (altı yüz min) Pakistan rupisi verməli olduğu ona bildirilmiş, bu təkliflə razılaşdıqdan sonra Azərbaycan Respublikasına getmək üçün bilet və viza ilə bağlı məsələləri həll edilmiş, həmçinin əlavə olaraq isə təyyarədə Yunanıstan Respublikasına getməklə bağlı qalan sənədləşmə işlərini təşkil edən şəxsin ona yaxınlaşacağı qeyd edilərək həmin şəxsin bütün göstərişlərinə əməl etməyi tapşırılmışdır. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gələrkən adını sonradan bildiyi, ilk dəfə təyyarədə tanış olduğu X7 adlı şəxs ona yaxınlaşaraq sənədləşmə işləri görən həmin şəxs olduğunu bildirmişdir. Əvvəllər X7 adlı şəxsi tanımamışdır. X6 Aeroportunda saxlanılarkən araşdırma zamanı Ali Jabranın adına rəsmiləşdirilmiş pasportun və icazə vəsiqəsini təyyarədə əldə etdiyini bildirmiş və həmin pasport və icazə vəsiqəsini verən şəxsin müəyyənləşdirilməsi üçün sərhədçilər tərəfindən ona X7 adlı şəxsin sərhədkeçmə zamanı çəkilmiş fotoşəkli tanınma üçün təqdim edilmişdir. Fotoşəkil üzrə tanınma nəticəsində ona həmin pasport və icazə vəsiqəsinin verən şəxsi tanıyaraq təsdiq etmiş və bundan sonra ona sonuncunun şəxsiyyəti barədə məlumatlar məlum olmuşdur. X7 Ali Jabranın adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus AJ8024053 nömrəli pasportu və etibarlılıq müddəti 20 dekabr 2024-cü il tarixədək olan E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini götürməyini bildirmiş, o da sonuncudan həmin pasport və müvəqqəti yaşamaq üçün icazə sənədini götürmüşdür. Bundan əlavə, xx.xx.2024-cü il tarixdə Pakistan İslam Respublikasının dövlət sərhədini keçdiyi, özünün adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus BS9673872 nömrəli pasportu X3 tələb etmiş, o da sonuncunun bu tələbinə əməl edərək pasportunu ona vermişdir. “X6 Aeroportu” sərhəd nəzarəti məntəqəsində xx.xx.2024-cü il tarixdə saat 05:47-də özgəsinin, yəni Ali Jabranın adına rəsmiləşdirilmiş olduğunu bilə-bilə Pakistan İslam Respublikasına məxsus AJ8024053 nömrəli pasportu və etibarlılıq müddəti 20 dekabr 2024-cü il tarixədək olan E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verən vəsiqəni sərhəd nəzarətinə təqdim edərək həmin pasportdakı və yaşamaq üçün icazə vəsiqəsindəki məlumatların qəsdən özünün məlumatları olduğunu bəyan etmişdir. Daha sonra isə sərhədçilər tərəfindən AJ8024053 nömrəli pasportda və E06552696 nömrəli icazə vəsiqəsində əks olunmuş fotoşəkildəki şəxsə, yəni Ali Jabrana oxşamadığı aşkar edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət əməli törətdiyini, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, 10 mart 2017-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən X6 Hava Limanı SNŞ-də zabit nəzarətçi vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 20:00-dan xx.xx.2024-cü il saat 09:00-dək X6 Hava Limanı SNŞ-də 1 №-li Terminalda gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə saat 05:40 radələrində R- 5048 saylı Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gələn şəxsin xx.xx.1986-cı il təvəllüdlü Ali Jabrana məxsus AJ8024053 nömrəli təqdim etdiyi pasportunu rəsmiləşdirdiyi zaman pasportu təqdim edən şəxsin həmin pasportda olan fotoşəkildəki şəxsə oxşamadığını və sözügedən AJ8024053 nömrəli pasportun özgəsinə məxsus olması ilə bağlı şübhələndiyi üçün bu barədə “Növbə rəisi” sərhəd naryadı xidmətində olan mayor Şahid2 məruzə etmişdir. Həmin şəxs özünü AJ8024053 nömrəli pasportun üzərində anket məlumatları qeyd olunmuş Pakistan İslam Respublikası vətəndaşı xx.xx.1986-cı il təvəllüdlü Ali Jabran kimi təqdim edərək və həmin pasportu dövlət sərhədindən keçməsi üçün müvafiq rəsmiləşdirmə işləri aparılması məqsədilə vermişdir. Şahid2 özünü Pakistan İslam Respublikasının vətəndaşı Ali Jabran kimi təqdim edən şəxsin sərhəd naryadına təqdim etdiyi AJ8024053 nömrəli pasportada olan fotoşəkillə həmin şəxs arasında eyniləşdirmə apardı. AJ8024053 nömrəli pasportu təqdim edən şəxs əlavə olaraq Ali Jabrana məxsus, etibarlılıq müddəti 20 dekabr 2024-cü il tarixədək olan E06552696 nömrəli Yunanıstan Respublikasında yaşamaq üçün icazə verən sənədi də təqdim etmişdir. E06552696 nömrəli Yunanıstan Respublikasında yaşamaq üçün icazə verən sənəd xx.xx.1986-cı il təvəllüdlü Ali Jabrana məxsus olmaqla həmin icazə sənədində olan fotoşəkil AJ8024053 nömrəli pasportda olan fotoşəkil ilə eynilik təşkil etmişdir. Sorğu-sual zamanı AJ8024053 nömrəli pasportu və E06552696 nömrəli Yunanıstan Respublikasında yaşamaq üçün icazə verən sənədi təqdim edən şəxs özünün Pakistan İslam Respublikasının vətəndaşı, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs – BS9673872 nömrəli pasportun sahibi olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı məlum oldu ki, AJ8024053 nömrəli pasportu və E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini sərhəd nəzarətinə təqdim edən şəxs əslində xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur və o, xx.xx.2024-cü il tarixdə sərhəd nəzarətinə qəsdən xx.xx.1986-cı il təvəllüdlü Ali Jabrana məxsus pasportu və E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini təqdim etməklə dövlət sərhədini “X6 Hava Limanı” SNŞdən qanunsuz olaraq keçərək Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gəlməyə cəhd etmişdir. Bundan sonra özünü sərhəd nəzarətinə Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim edən Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə “X6 Hava Limanı” SNŞ-də saxlanılaraq müvafiq sənədləşdirmə işləri aparıldı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının 20 iyun 2024-cü il tarixli, 5/650 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş Ali Jabranın adına olan AJ8024053 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportunun və E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin blankları ofset, çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunub, poliqrafik, texnoloji və fiziki-kimyəvi mühafizə vasitələrlə təchiz edilmişdir. Təqdim edilmiş sənədlərdə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. Pasportda olan möhür və ştamp əksləri relyef klişelər vasitəsilə birbaşa vurulmuşdur. Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və Pakistan İslam Respublikasının pasportunun nümunəsi olmadığına görə ekspertizaya təqdim edilmiş Ali Jabranın adına olan AJ8024053 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportunun və E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin aidiyyəti ölkələrinin müvafiq sənədlərə uyğunluğunun müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə portret ekspertizasının 02 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/961 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd Ali Jabran adına olan AJ8024053 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportdakı fotoşəkildə və 01 ədəd E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindəki fotoşəkildə eyni bir şəxs, 1 ədəd A4 formatlı kağızda əks olunmuş Təqsirləndirilən şəxs adına olan BS9673872 nömrəli pasportun surətindəki fotoşəkildə və SNM-dən keçərkən müşahidə sistemləri ilə çəkilmiş A4 formatlı vərəqdə əks olunmuş 1 ədəd fotoşəkildə isə digər eyni bir şəxs əks olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxta pasport təqdim etməklə dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyi üçün həmin tarixdə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 25 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 4(009)-239/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 may 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, 02 may 1978-ci ildə Pakistan İslam Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 25 may 2024-cü il tarixdə, saat 05 radələrində 5048 saylı Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gələn, Pakistan İslam Respublikası vətəndaşı xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi AJ8024053 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportun özgəsinə məxsus olması səbəbindən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 25 may 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Telefonun ana menyusunda “My files” adlı qovluğun içərisində olan “Documents” kateqoriyasında “Download” bölməsində olan “All pages.pdf” adlı bir ədəd fayl aşkar edilmiş və həmin faylda Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş Pakistan İslam Respublikasına məxsus BS9673872 nömrəli pasportun surəti (bütün səhifələri daxil olmaqla) mövcuddur. Həmin kateqoriyada “Whatsapp Documents” bölməsində “ASAN_VİSA_AE1********.pdf” və “ASAN_VİSA_AE1********.pdf” adlı fayllar (xx.xx.2024-cü il tarixli) aşkar edilmiş, həmin faylların içərsində müvafiq olaraq “Təqsirləndirilən şəxs”in və “Ali Jabran”nın adına rəsmiləşdirilmiş Azərbaycan Respublikasına gəlmək üçün viza sənədləri mövcuddur. İş materiallarına əlavə edilmiş 09 may 2024-cü il tarixli, AE103974646 nömrəli elektron viza sənədinin surətindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək olan Azərbaycan Respublikasına turizm məqsədli qalma müddəti 30 gün olmaqla səfər etmək üçün viza verilmişdir. İş materiallarına əlavə edilmiş 09 may 2024-cü il tarixli, AE103974685 nömrəli elektron viza sənədinin surətindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.1986-cı il təvəllüdlü Ali Jabrana etibarlılıq müddəti xx.xx.2024-cü il tarixədək olan Azərbaycan Respublikasına turizm məqsədli qalma müddəti 30 gün olmaqla səfər etmək üçün viza verilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2024-cü il tarixli qərarla, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı “Galaxy A20” seriyalı, smartfon tipli, qara rəngli mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 02 iyul 2024-cü il tarixli qərarla, Ali Jabranın adına olan AJ seriyalı ******* nömrəli Pakistan İslam Respublikasına məxsus pasport və E seriyalı 06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu əməli etiraf etməsini, səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan möhürlənmiş 01 ədəd zərfdə Ali Jabranın adına rəsmiləşdirilmiş AJ8024053 nömrəli pasport və E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, o cümlədən möhürlənmiş 01 ədəd zərfdə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, “A20” seriyalı mobil telefon və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 236 (iki yüz otuz altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin və CM-nin 29,318.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsa qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 25 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsın barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan möhürlənmiş 01 ədəd zərfdə Ali Jabranın adına rəsmiləşdirilmiş AJ8024053 nömrəli pasport və E06552696 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, o cümlədən möhürlənmiş 01 ədəd zərfdə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, “A20” seriyalı mobil telefon iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 236 (iki yüz otuz altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsın hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-660/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-660/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver