Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-662/2024 28.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısının, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1, 68.1, 67.1-ci maddələri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin 78 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin avqust ayının ortalarından 2022-ci ilin oktyabr ayının ortalarına kimi olan müddət ərzində saxlanc yeri olan ünvan 3 ünvanında yerləşən 1-ci Polis şöbəsinin köhnə inzibati binasının 1-ci mərtəbəsinə açıq pəncərədən qanunsuz daxil olmaqla oradan hər 1-nin dəyəri 7 manatdan 48 ədəd cəmi dəyəri 336 manat olan «Led 24 vt» spotları, hər 1 metrinin dəyəri 0,8 manatdan cəmi dəyəri 960 manat olan 1200 metr uzunluğunda 2x2.5 kabelləri, hər 1nin uzunluğu 1,2 metrdən və dəyəri 65 manatdan cəmi dəyəri 1040 manat olan 16 ədəd radiator panelləri, hər 1-nin qalınlığı 12 mm- dən və dəyəri 12,5 manatdan cəmi dəyəri 262 manat olan 21 ədəd alçipan, hər 1 kv.m-nin dəyəri 3,5 manatdan cəmi dəyəri 490 manat olan 140 kv.m. lambirin, hər 1-nin qalınlığı 15 mm-dən və dəyəri 25,5 manatdan cəmi dəyəri 612 manat olan 24 ədəd taxta döşəmə üçün dikt, hər 1 kv.m-nin dəyəri 15 manatda cəmi dəyəri 810 manat olan 54 kv.m. laminat, hər 1 kv.m-nin dəyəri 90 manatdan cəmi dəyəri 288 manat olan PVC qapıları, hər 1 kv.m-nin dəyəri 250 manatdan cəmi dəyəri 2250 manat olan aliminium pəncərələr və hər 1 kv.m-nin dəyəri 2 manatdan cəmi dəyəri 100 manat olan şüşəni söküb gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Baş Polis İdarəsinə xeyli miqdarda ümumi məbləği 7148 manat olan maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 16 aprel 2024-ci il tarixdə saat 13:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə qanunsuz daxil olub orada yataq otağındakı çarpayının döşəyinin altında olan Zərərçəkmiş şəxs məxsus mühüm sənəd hesab edilən «PC» tipli «C02802211»-№-li Azərbaycan Respublikası pasportunu talamış və həmin döşəyin altında olan 500 (beş yüz) manatı, cəmi dəyəri 340 (üz yüz qırx) manat təşkil edən 200 (iki yüz) ABŞ dollarını və cəmi dəyəiri 90,22 (doxsan manat 22 qəpik) manat təşkil edən 50 (əlli) evrosunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 930,22 (doqquz yüz otuz manat 22 qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, polis şöbəsindən oğurluğu 2022-ci ildə deyil, 2019-cu ildə törətmişdir. Polis şöbəsinə üç dəfə daxil olmaqla oğurluq əməlini törətmişdir. Həmçinin ittihamda oğurlamadığı əmlaklar da göstərilmişdir. Belə ki, alçipan, dik və laminat oğurlamamışdır. Digər əmlaklar isə onun tərəfindən oğurlanmışdır. Polis şöbəsinə isə şöbənin sınıq olan pəncərəsindən daxil olmuşdur. Həmçinin qonşusu Zərərçəkmiş şəxs yaşadığı evdən də oğurluq etmişdir. Oradan isə pul və pasport oğurlamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə Yusif oğlu bildirdi ki, Bakı şəhər Baş Polis İdarəsinin maliyyə şöbəsində rəis müavini vəzifəsində işləyir. Hazırkı cinayət işi üzrə törədilmiş əməl nəticəsində onlara 7148 manat məbləğində ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. 2019-cu ildə isə şöbədən oğurluq olması ilə bağlı isə heç bir müraciət daxil olmamışdır. Ziyan ödənilmədiyi üçün şikayətçidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 16 aprel 2024-cü il tarixdə saat 19 radələrində onun eviinə polis əməkdaşı gəlmiş və ondan pasportu harada olması barədə soruşmuşdur. O, inspektora pasportunun evdə yataq otağında yataq çarpayısının üzərində olan döşəyin altında olmalı olduğunu bildirmişdir. Belə olduqda sahə inspektoru ona çarpayının altına baxmağı bildirmişdir. O, evdə yataq otağında olan çarpayının üzərində olan döşəyin altına baxdıqda pasportunun yerində olmadığını, lakin pul yığdığı qabın yerində olduğunu görmüşdür. Pasportunun yerində olmadığını görüb pul qabına baxmış və pul qabının içərisində olan 500 manatının olmadığını görmüşdür. Həm pul qabında olan 500 manatın, həmdə pasportunun yerində olmamasını görüb evindən oğurluq edilməsini başa düşmüşdür. Həmçinin pasportu pasport üçün nəzərdə tutulmuş qovluğun içərisində olmuş və pasportla qovluğun arasında ona məxsus 200 ABŞ dolları və 50 avro da olmuşdur. Həmin 200 ABŞ dolları və 50 Evro pasportu ilə bir yerdə oğurlanmışdır. Təqsirləndirilən şəxs oğunu tanıyır, belə ki, Emil onun qonşusu olmuşdur. Onun evində oğurluq nəticəsində heç bir dağıntı olmamışdır Emil onların evlərinə girən zaman həm darvaza, həmdə evin qapısı açıq olmuşdur. Həmin vaxt evdə olan anası bir neçə dəqiqəliyinə evdən çıxmışdır və oğurluq hadisəsi anası evdə olmayan zaman baş vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 Alayının 11-cipatrul bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində 31/90 çağırışlı avtopatrulla xidmətdə olarkən 1 nəfər şübhəli şəxsin olduğunu görmüşlər. Ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini və harada yaşadığını bildirməsini təklif etmişlər. Lakin o, müxtəlif bəhanələr gətirərək məlumat verməkdən yayınmaq istəmişdir. Özünü şübhəli apardığına görə, həmçinin sərxoş vəziyyətdə olduğu üçün dərhal Xəzər rayon polis idarəsinin birinci polis şöbəsinə məlumat vermiş və həmin şəxsi göstəriş əsasında 1-ci polis şöbəsinə apararaq təqdim etmişlər. Şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Aəzrbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1, 68.1, 67.1-ci maddələri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatda çıxarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 18 aprel 2024cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin baş müstəntiqi, polis-leytenantı Mirzəbala Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-leytenantı Mirzəbala Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi oğurluq əməlini törətdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 9-da yerləşən 1-ci polis şöbəsinin köhnə inzibati binasında əyani olaraq yerində yoxlanılmış və o, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-leytenantı Mirzəbala Əliyev tərəfindən Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1, 68.1, 67.1-ci maddələri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatda çıxarılmışdır. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Həmçinin Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdiyi üçün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və ona Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının ortalarından 2022-ci ilin oktyabr ayının ortalarına kimi olan müddət ərzində saxlanc yeri olan ünvan 3 ünvanında yerləşən 1-ci Polis şöbəsinin köhnə inzibati binasından hər 1-nin qalınlığı 12 mm-dən və dəyəri 12,5 manatdan cəmi dəyəri 262 manat olan 21 ədəd alçipan, hər 1-nin qalınlığı 15 mm-dən və dəyəri 25,5 manatdan cəmi dəyəri 612 manat olan 24 ədəd taxta döşəmə üçün dikt və hər 1 kv.m-nin dəyəri 15 manatda cəmi dəyəri 810 manat olan 54 kv.m. laminat oğurlaması öz təsdiqini tapmamışdır. Təqirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin əmlakları oğurlamadığını bildirmiş, bunun əksini təsdiq edən hər hansı bir subut isə cinayət işinin materiallarına əlavə edilməmiş, məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Ona görə də həmin hisslər ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 50 avro və Azərbaycan Respublikası vətəndaşının pasportunun Zərərçəkmiş şəxsya qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının ortalarından 2022-ci ilin oktyabr ayının ortalarına kimi olan müddət ərzində saxlanc yeri olan ünvan 3 ünvanında yerləşən 1-ci Polis şöbəsinin köhnə inzibati binasının 1-ci mərtəbəsinə açıq pəncərədən qanunsuz daxil olmaqla oradan hər 1-nin qalınlığı 12 mm-dən və dəyəri 12,5 manatdan cəmi dəyəri 262 manat olan 21 ədəd alçipan, hər 1-nin qalınlığı 15 mm-dən və dəyəri 25,5 manatdan cəmi dəyəri 612 manat olan 24 ədəd taxta döşəmə üçün dikt və hər 1 kv.m-nin dəyəri 15 manatda cəmi dəyəri 810 manat olan 54 kv.m. laminat oğurlaması ilə bağlı hissə ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilmiş 01 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmə ləğv edilsin və cəzanın çəkilmiş hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 50 avro və Azərbaycan Respublikası vətəndaşının pasportunun Zərərçəkmiş şəxsya qaytarılması nəzərə alınsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, cəmi 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-662/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-662/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver