Məhkəmə qərarları › İş №1(003)-666/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-666/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-666/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısının, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəllərindən 14 mart 2024-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla, tamah məqsədilə ilə özünə məxsus, yaşadığı ünvan 2 ünvanının yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra tanışıfahişəliklə məşğul olan Zərərçəkmiş şəxs Kəmaləddin qızının həmin mənzildə kişi müştərilərinə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 10-20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün mənzil sahəsi verməklə əxlaqsız yuva təşkil edib saxlamışdır. Bundan başqa o, 2023-cü ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə südçülük sovxozunda ünvansız fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Kəmaləddin qızı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün özünə məxsus olan, əvvəlcədən yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etdiyi ünvan 2 ünvanında görüşdürərək özü 10-20 manat məbləğində gəlir əldə etmək məqsədi ilə 40-50 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin mart ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxsm təxminən 10-15 dəfə müxtəlif kişi müştərilərlə həmin ünvanda cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmiş, sonuncu dəfə isə Şahid1 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün 30 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə özünə 170 manat olmaqla, ümumilikdə 200 manat pul alıb qeyd olunan ünvanda cinsi əlaqədə olmalarını təşkil edərək tamah niyyəti ilə Zərərçəkmiş şəxs fahişəliyə cəlb etmiş, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 14 mart 2024-cü il tarixdə saat 11:00-da ünvan 2 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan mənzildə əxlaqsız yuva təşkil etmiş Təqsirləndirilən şəxs, fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs Kəmaləddin qızı, onun müştərisi Şahid1 aşkar edilmiş, Şahid1 Zərərçəkmiş şəxs ilə qeyd olunan ünvanda cinsi əlaqədə olmağa görə verdiyi 200 manat pul Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, onun Elvin adlı tanışı olmuş və ona bildirmişdir ki, görüş üçün ev versin, qız versin, lakin başqa şəxslərlə görüşməsin. O da, ona görə məcbur olaraq evi Fatiməyə vermişdir. Fatimədə evində 10-15 dəfə şəxslərlə görüşüb cinsi əlaqədə olmuşdur. Fatiməyə görüş üçün evini verdiyinə görə hər dəfə 10-15 manat pul almışdır. Həmçinin Oksana adlı rəfiqəsi ona tanışlarının olduğunu və hər dəfə 200-300 manat pul verdiklərini bildirmiş və ona həmin şəxslərlə cinsi əlaqədə olmasını təklif etmişdir. Tanışı Elvin ona başqa şəxslərlə görüşməyini qadağan etdiyindən o da qız verə biləcəyini təklif etmişdir. Kəramətin Fatimə ilə görüşündən bir gün əvvəl Kəramətlə öz evində görüşmüşlər və Kəramət ona 200 manat pul vermişdir. Sonrakı gün isə Fatiməni Kəramətə təqdim etmişdir. Kəramətdən aldığı puldan 10 manatını özünə götürəcəkdir. Fatiməni Kəramətlə o görüşdürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Fatimə cinsi əlaqədə olmaq üçün 30 manat aldığını ona bildirdiyindən hər müştəridən götürdüyü puldan 30 manatını Fatiməyə vermiş, qalan pulu özünə götürmüşdür. Kəramətdən aldığı 200 manat pulun 170 manat hissəsini özü götürməli olmuş, 30 manatını isə Fatiməyə verəcəkmiş. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, anası və atası xəstə olduğundan pula ehtiyacının olmasına görə bu əməli törətdiyini bildirərək ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ona aldığı pulun məbləğini deməmişdir. 200 manat pulun verilməsini sonralar bilmişdir. Ona 30 manat pul verəcəyini bildirmişdir. Əvvəllər də Təqsirləndirilən şəxs onu müştərilər ilə tanış etmiş və onun evində müştərilər ilə görüşmüşdür. Kəramət ilə də onu Aytəkin tanış etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır və aralarında dostluq münasibətləri olmuşdur. Qızlarla görüşdürdüyünü bildiyindən onunla əlaqə saxlamış və bir qızla görüşdürməyini xahiş etmişdir. O da Fatimə adlı qızın olduğunu, qəşəng qız olduğunu bildirərək Fatiməni təklif etmişdir. Həmçinin ona demişdir ki, Fatimə 30 manata görüşür, lakin pul barəsində ona heçnə deməsin, otelə verəcəyi pulu ona versin və özü onları evlə təmin edəcəkdir. Buna görə ondan 200 manat pul istəmiş, 30 manat Fatimə üçün, 170 manat özü üçün almışdır. O, 200 manat pulu Aytəkinə vermişdir. Sonra 2 otaqlı evdə Fatimə ilə görüşmüşdür. Bir az sonra polislər gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Binəqədi rayonunda olan “Baku Electronics” adlı mağazada olan zaman ona bir nəfər şəxs yaxınlaşmış və özünü İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu və tədbir keçirəcəkləri bildirmiş və ondan bu tədbirdə iştirak etməsini xahiş etmişdir. O da razılaşmışdır. Onlar birinci İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə gəlmişlər və orada ona hüquq və vəzifələri izah edilmişdir. Sonra Binə qəsəbəsi, Südçülük sovxozuna getmişlər. Orada bir evə yaxınlaşaraq qapını döymüşlər. Bir nəfər qadın qapını açmış, həmin şəxslər özlərini İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Evə şahid kimi daxil olmuşdur. Evdə bir xanımla oğlanın yarıçılpaq şəkildə olduğunu görmüşdür. Fotoşəkillər çəkilmişdir. Pul söhbəti də olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 200 manat almış, 170 manatı özü üçün, 30 manatı isə digər xanım üçün almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, polis əməkdaşları onları Binə qəsəbəsində yerləşən evə aparmışlar. Evə daxil olanda bir oğlanla xanımın yarımçılpaq olduğu görmüşdür. Daha sonra onlar İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə gəlmişlər, orada gördükləri barədə izahatları alınmışdır. Həmçinin bildirdi ki, Aytəkin tərəfindən polis əməkdaşlarına 200 manat pul verilmiş, həmin pulu xanımın bildirdiyinə görə oğlan ona vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirmişdir ki, 14 mart 2024-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olan qadınları ünvan 4 ünvanında cinsi istismara məruz qoyması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunmuş və rəhbərliyin icazəsi ilə məlumatın yoxlanılmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Onun və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar, iki nəfər hal şahidinin iştirakı ilə ünvana getmişlər. Ünvanın qarşısında Təqsirləndirilən şəxs onları qarşılamışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və onun etirazı olmadan ünvana daxil olmuşlar. Evin yataq otağında yarıçılpaq vəziyyətdə Şahid1 və Zərərçəkmiş şəxs aşkar olunmuşdur. Onlara sual veriləndə Kəramət bildirmişdir ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olmaq üçün 200 manat pul vermişdir. Təqsirləndirilən şəxs isə Kəramətdən Fatiməni görüşdürmək və evində görüşə şərait yaratmaq üçün 200 manat pulun aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində bildirmişdir ki, 14 mart 2024-cü il tarixdə Baş İdarəyə daxil olmuş məlumat əsasında tərəfindən raport yazılmış və raportun əsasında idarə rəisi tərəfindən qərar qəbul olunmuşdur. Qəbul olunmuş qərar əsasında əməliyyat müvəkkili Şahid4 ilə birlikdə tədbir keçirmək üçün ünvan 4 ünvanına yollamışlar. Onlarla birlikdə 2 nəfər hal şahidi olmuşdur. Ünvanda onları Təqsirləndirilən şəxs qarşılamış, ona özlərini təqdim etmişlər. Daxil olmuş məlumat barəsində ona bildirmişlər. Daha sonra evə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında yarıçılpaq vəziyyətdə Şahid1 və Zərərçəkmiş şəxs aşkar etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs evində cinsi əlaqədə olmağa şərait yaradılması məqsədilə 200 manat pul aldığını, 170 manatını özü üçün, 30 manatını isə qıza verməsi üçün aldığını bildirmişdir. Daha sonra Baş İdarəyə dəvət olunmuşlar. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan: -əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, insan alveri cinayətlərinin aşkar edilməsi ilə müdaxilə xatakterli üsul və vasitələr istifadə olunmadan 14 mart 2024-cü il tarixdə, saat 11:00-da ünvan 4 ünvanında yerləşən mənzilə daxil olunması, baxış keçirilməsi və keçirilmiş tədbir barəsində 48 saat ərzində arazi aidiyyəti üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəmə orqanına və prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. -Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(003)-158/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqındaxx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. -cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi polis mayoru Gözəl Gözəlov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə ********* nömrəli cinayət işinin başlanılaraq icraatına qəbul edilməsi və ibtidai istintaqının aparılması qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 200 manat məbləğində pul vəsaitinin maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarına əlavə edilməsi, təqsirləndirilən şəxs maddi sübutlarla tanış olduqdan sonra saxlanılması üçün Azərbaycan DİN-nin Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatına qəbul olunmaqla ibtidai istintaqının davam etdirilməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Mahir Əliyev tərəfindən qərar qəbul edilmişdir. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan olunması qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. -Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə hər hansı bir xoşagəlməz hallar barədə heç bir məlumat daxil olmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddələrinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində göstərilən «əxlaqsızlıq yuvaları» ifadəsi fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün bu Qərarda qeyd olunan əlamətlər mövcud olduqda yaranır və həmin əməllərin hər hansı birinin bir dəfə törədilməsi bu maddə ilə cinayət tərkibini yaradır. Həmin qərarda göstərilmişdir ki, əxlaqsızlıq yuvalarının təşkil edilməsi fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), fahişəliklə məşğul olan şəxsləri, eləcə də müştəriləri seçmə hərəkətlərinin yerinə yetirilməsi hesab edilir. Əxlaqsızlıq yuvaları yaşayış (ev, mənzil, bağ) və ya qeyri-yaşayış (qaraj, tikililərin zirzəmisi, çardağı), o cümlədən stasionar (ev) və ya səyyah (gəminin kayutası, qatarın kupesi və s.) yerlərdə təşkil oluna bilər. Qanunverici əxlaqsızlıq yuvasının fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Əxlaqsızlıq yuvaları saxlanılması isə onun təşkil edilməsindən sonra fahişəliklə məşğul olmaq üçün uyğunlaşdırılmış yerin fəaliyyəti ilə bağlı xərclərin ödənilməsini, həmin yerin ödənişli və ya pulsuz verilməsini və onun fəaliyyətini təmin etmək üçün digər tədbirlərin (yerin təmizlənməsi, mühafizənin, yataq dəstləri və s. təmin edilməsi) görülməsini nəzərdə tutur. Bu məqsədlər üçün mənzil sahələri vermə, şəxsin mənzil sahəsindən əxlaqsızlıq yuvasının təşkil edilməsi və saxlanılması üçün istifadə olunacağını bilə-bilə mənzili əxlaqsızlıq yuvasını təşkil edən və ya onu saxlayan şəxsə verilməsi kimi başa düşülməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəllərindən 14 mart 2024-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla, tamah məqsədi ilə qanuni sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən evin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra tanışı- fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs Kəmaləddin qızının həmin mənzildə kişi müştərilərinə intim xidmətlər göstərmələrinə şərait yaratmış, bunun müqabilində hər müştəridən 10-20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün mənzil sahəsi verməklə əxlaqsız yuva təşkil edib saxlamış, həmçinin 2023-cü ilin sentyabr ayından 2024-cü ilin mart ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxsm təxminən 10-15 dəfə müxtəlif kişi müştərilərlə həmin ünvanda cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməl Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: -8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. -58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin 59.2-ci maddələrinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 243.1 və 244.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar toplanılmaqla ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş 200 manat məbləğində pul vəsaiti qanuni sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1 və 244.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Maliyyə- Plan İdarəsinin depozit hesabında saxlanılan 200 (iki yüz) manat məbləğində pul əskinazları hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Şahid1 qaytarılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 6 saata görə 36 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar