Məhkəmə qərarları › İş №1(003)-676/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-676/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-676/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Qəraman oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanıdığı X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs1 Qəhraman oğluna məxsus Bakı şəhəri ünvan 1 ünvanında yerləşən evinin qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi o, Şamo Əhmədovu sığortalamaq üçün küçənin başında dayanmış, Şamo Əhmədov isə evə pəncərədən qanunsuz daxil olaraq yataq otağında yerləşən şkafdakı balondan 500 manat nağd pulu, şkafın üzərindən 1500 manat dəyərində üzərində brilliant qaşlar olan qızıl boyunbağı və üzərində brilliant qaşlar olan qızıl qolbağından ibarət dəsti, 200 manat dəyərində 1 cüt qızıl sırğanı, 2000 manat dəyərində üzərində brilliant qaşlar olan qızıl sırğa və üzərində brilliant qaşlar olan qızıl üzükdən ibarət dəsti, 1 ədəd 800 manat dəyərində üzərində brilliant qaşlar olan qızıl kişi üzüyünü, 1 ədəd 150 manat dəyərində qızıl üzüyü, çəkməcədən 60 manat dəyərində gümüş sırğa və üzükdən ibarət dəsti, 25 manat dəyərində 2 ədəd gümüş qolbağını, 100 manat dəyərində svarovski sırğa və svarovski üzükdən ibarət dəsti, digər yataq otağında şkafda asılmış pencəyin cibindən 300 manat nağd pulu və yataq otağında olan çarpayının altından 1200 nağd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 cəmi 6835 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 21-22 radələrində tanışı X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən evinin qarşısına gəlmiş və əvvəlcədən razılaşdıqları kimi o, Şamo Əhmədovu sığortalamaq üçün küçənin başında dayanmış, Şamo Əhmədov isə evə qanunsuz daxil olaraq yataq otağında olan paltar dolabındakı pul qabından ümumi dəyəri 3750 manat təşkil edən 1 cüt qaşlı qızıl sırğa, 1 ədəd qaşlı qızıl klon, 1 ədəd qaşlı qızıl üzük və 1 ədəd qaşlı qızıl qolbağından ibarət dəsti və 250 manat dəyərində 1 ədəd «Rəsul» sözü formasında sadə qolbağını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 cəmi 4000 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, X8 təxminən 3 ildən artıqdır ki, tanıyır. Aralarında dostluq münasibətləri vardır. Aprel ayının sonlarında evdə anası ilə xırda mübahisələri olduğu üçün arvadı ilə evdən çıxıb Şamonun evində yaşamışlar. Həmin ərəfədə Şamo ona birlikdə oğurluq edərək qazanc əldə etməyi təklif etmişdir. Belə ki, maşını oluğu üçün maşın ilə oğurluq edəcəkləri məhlələrin arası ilə dolaşarkən ev sahibləri olmayan evi müyyən etdikdən sonra Şamo həmin evə daxil olmalı, o, isə Şamonu sığortalamaq üçün, yəni ev sahibi və ya başqa şəxs gələcəyi təqdirdə ona xəbər vemək məqsədi ilə məhlənin və ya küçənin baş tərəfində dayanmalı olmuşdur. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə təxminən saat 11-12 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində məhlələrin arası ilə gəzərkən evlərdən birində heç kimin olmadığını görmüşlər. Əvvəlcədən razılaşdıqları kimi o, maşın ilə həmin evin yaxınığında dayanmış, Şamo evə daxil olmaq üçün maşından düşmüş, o, maşını sürüb bir qədər kənarda, küçənin baş tərəfində dayanmış və yola nəzarət etmişdir ki, ev sahibi və ya başqa şəxs gələrsə telefonla Şamoya məlumat versin. Şamo başqa evin həyətinin hasarından keçərək həmin evin həyətinə düşmüş, evin pəncərəsinin dəmir barmaqlığını çıxarıb pəncərədən evə daxil olmuş, bir qədər sonra isə gəlib evdən qızıl-ziynət əşyaları və pul oğurladığını demişdir. Birlikdə həmin qızıl-ziynət əşyalarını dəqiq xatırladığı, böyük ehtimalla, Nəsimi rayonu ərazisində yerləşən «Moskva Univermağı» adlı yerin yaxınlığında qızıl alıqı-satqısı mağazasına satmışlar. Qızılları Şamo öz şəxsiyyət vəsiqəsi ilə özü satdığı üçün hansı qiymətə satdığını bilməmişdir. Şamonu apardığı üçün gediş haqqı olalarq Şamo ona 20 manat pul vermişdir. Yəni oğurladığı puldan və qızıl-ziynət əşyalarından əldə etdiyi pulu onunla bölməmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə axşam saatlarında, təxminən saat 20-21 radələrində yenə də oğurluq etmək məqsədi ilə Şamo Əhmədov ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq massivində maşını ilə məhlələrin arası ilə dolaşarkən evlərdən birinin sahibinin ailəsi ilə birləkdə həyət darvazasını bağlayıb çıxdıqlarını görmüşlər. Onların evdən tam uzaqlaşmasını gözləyib həmin küçəni maşın ilə dolanmışlar. Ev sahibinin artıq getdiklərindən tam əmin olduqdan sonra o, Şamoun həmin küçədə düşürmüş, özü isə şübhə yaranmaması üçün və ev sahibi və ya başqa şəxsin gələcəyi təqdirdə Şamoya xəbər vermək məqsədi ilə maşını sürüb küçənin baş tərəfində saxlamışdır. Təxminən 20-25 dəqiqədən sonra Şamo gəlmiş, evdən qızıl-ziynət əşyaları oğurladığını demişdir. Birlikdə yaşadıqları evə getmişlər. xx.xx.2023-cü il tarixdə oğurladıqları qızıl-ziynət əşyalarını Nəsimi rayonu ərazisində yerləşən «Moskva Univermağı» adlı yerin yaxınlığında qızıl alıqı-satqısı mağazasına satmışlar. Şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin qızılları da Şamo öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Satıcı ilə Şamo danışmış, orada iştirak etməmiş, sadəcə maşınla onu aparmış, Şamo ona sadəcə gediş haqqı vermişdir. Ona görə də hansı qiymətə satdığından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs bundan başqa heç bir oğurluq və başqa cinayət əməli törətmədiyini, Şamonun onun iştirakı olmadan etdiyi oğurluqlarla əldə etidyi qızıl-ziynət əşyalarını satmaq üçün Şamonu Nizami rayonu Neftçilər metrosunun yaxınlığında yerləşən lombarda və Nəsimi rayonu ərazisində yerləşən «Moskva Univermağı» adlı yerin yaxınlığında qızıl alıqı-satqısı mağazasına apardığını, Şamo Əhmədovun xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsi Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq edərəkən evin pəncərəsinin dəmir barmaqlığını çıxarıb evə daxil olarkən maşınla kənarda dayandığı üçün Şamounun həmin evin pəncərəsinin dəmir barmaqlığını çıxardığını gördüyünü, Şamo Əhmədovun etdiyi oğurluqlarla əldə etdiyi pullardan ona verməsə də onun evində yaşadığı üçün bunun qarşılığında ondan kirayə pulu almadığını, ona görə də Şamonu maşını ilə lazım olan yerlərə apardığını, oğurluq edərkən yanlarında başqa heç kimin oladığını, eləcə də oğurluq edərəkən onları heç kimin görmədiyini, oğurluq etmələri barədə heç kimə demədiyini ailə üzvlərinin bundan xəbəri olmadığını, narkotik, psixotrop və bu kimi vasitələrdən istifadə etmədiyini tututduğum əməlin cinayət məsuliyəti yaradacağını dərk etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ona aid olan hissədə tam olaraq ödədiyini, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Qəhraman oğlu ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində arvadı X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan qudası X1 yaşadığı ünvana getmişlər. xx.xx.2023-cü il tarixdə oğlu Bəxtiyar Allahverdiyev onunla telefon vasitəsilə əlaqə saxlayaraq evin dəmir barmaqlıqlarının sındığını demiş, həmin tarixdə saat 16 radələrində yaşadığı evə çatıb baxan zaman evin pəncərəsinin dəmir barmaqlığının sındığnı, evin dağınıq olduğunu, yataq otağında yerləşən şkafda olan içərisində 500 (beş yüz) manat nağd pul olan balonun, şkafın üzərindən 1500 manat dəyərində 1 ədəd dəst- üzərində brilliant qaşlar olan qızıl boyunbağı və 1 ədəd üzrəində brilliant qaşlar olan qızıl qolbağı, 200 manat dəyərində 1 cüt qızıl sırğa, 2000 manat dəyərində 1 ədəd dəst- 1 cüt üzərində brilliant qaşlar olan qızıl sırğa 1 ədəd üzərində brilliant qaşlar olan qızıl üzük, 1 ədəd 800 manat dəyərində üzərində brilliant qaşlar olan kişi üçün qızıl üzük brilliant, 1 ədəd 150 manat dəyərində qızıl üzük, çəkməcədən 1 ədəd dəst- 60 manat dəyərində 1 cüt gümüş sırğa, 1 ədəd gümüş üzük, 25 manat dəyərində 2 ədəd gümüş qolbağ, 1 ədəd dəst-100 manat dəyərində 1 cüt svarovski sırğa, 1 ədəd svarovski üzük, digər yataq otağından şkafda asılmış pencəyimin cibindən 300 (üç yüz) manat nağd pulun və yataq otağında olan çarpayının altından 1200(min iki yüz) nağd pulun oğurlandığını aşkar etmişdir. Hadisə baş verən gün evə dəqiq baxmadığını, sonradan isə çəkməcədən 1 ədəd dəst- 60 manat dəyərində 1 cüt gümüş sırğa, 1 ədəd gümüş üzük, 25 manat dəyərində 2 ədəd gümüş qolbağ, 1 ədəd dəst-100 manat dəyərində 1 cüt svarovski sırğa, 1 ədəd svarovski üzük oğurlandığını da aşkar etmişdir. Evdən 2000 (iki min manat) məbləğində nağd pul, 4835 (dörd min yeddi yüz) manat dəyərində qızıl-zinət, gümüş və svarovski əşyaların oğurlanması nəticəsində ona cəmi 6835 (altı min səkkiz yüz otuz beş) manat məbləğində maddi ziyan dəydiyini, bununla bağlı şübhələndiyi şəxsin olmadığını bildirmişdir. Təqsirləndirilən dirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində yaxınlıqda yaşayan qohumunun ad günü şənliyinə getmək üçün ailə üzvləri ilə birlikdə yaşadığı evdən evin qapı və pəncərələrini, həyət darvazasının qapısını bağlayıb piyada həmin qohumugilə getmişlər. Orada təxminən 2-3 saat oturduqdan sonra evə qayıtmışlar. Qapını açıb içəri girmiş, divanda oturmuş, həmin vaxt evin qonaq otağının pəcərəsinin açıq olduğunu görmüşdür. Dərhal evdə olan dəyərli əşyalara baxdıqda naməlum şəxs və ya şəxslərin evin qonaq otağının plastik pəncərəsini hansısa alət və ya dəmirlə açaraq evə daxil olduqlarını, yataq otağında olan paltar dolabındakı pul qabından yoldaşına aldığı ümumi dəyəri 3750 manat təşkil edən 1 cüt qaşlı qızıl sırğa, 1 ədəd qaşlı qızıl klon, 1 ədəd qaşlı qızıl üzük və 1 ədəd qaşlı qızıl qolbağından ibarət komplektin və 250 manat dəyərində «Rəsul» sözü formasında 1 ədəd sadə qolbağının oğurlandığını aşkar etmişdir. Evin digər otaqlarını axtarıb başqa heç bir şey oğurlanmadığını müəyyən etmişdir. Ona görə də dərhal zəng vurub bu barədə DİN-nin 102 Xidməti-zəng mərkəzinə məlumat vermiş, bir qədər sonra polislər gəlmiş, müvafiq araşdırma aparmış, baş vermiş hadisə barədə ərizə yazıb şikayət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona cəmi 4000 manat dəyərində maddi ziyan dəydiyini, müşahidə kameralarının görüntülərinə baxdıqda başında papaq olan bir nəfər şəxsin hasardan keçməklə içəri daxil olduğunu, digər şəxsin isə küçədə dayanıb onu gözlədiyi, təxminən 20-25 dəqiqə sonra evə daxil olan şəxsin darvazanın üstündən keçərək küçəyə düşdüyünü və küçədə dayanmış digər şəxslə birlikdə getdiklərini görmüş, həmin görüntüləri kameranın yaddaş daşıyıcısından silindiyi üçün köçürə bilmədiyini, ona məxus evdən oğurluq etməkdə şübhəli olan Təqsirləndirilən şəxs və X8 tanımadığını, onlarla heç bir mübahisə və ədavəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan Təqsirləndirilən şəxs aid olan hissədə (1500 manat) ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. ünvan 3 ünvanında yerləşən qızıl alqı-satqısı mağazasında qızılların alqı-satqısı işində satıcı işləyir. Mahiyyəti üzrə bildirirmişdir ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən şəxsiyyətini təqdim etdikdən sonra adı ona məlum olan X9 mağazaya daxil olaraq ona müxtəlif növ qızıl-ziynət əşyalarını göstərib satmaq istədiyini demiş, həmin qızıllara baxıb yoxlayıb çəkisini müəyyən etdikdən sonra ona 2860 manat verə biləcəyini demişdir. Şamo Əhmədov razılaşdıqdan sonra ondan şəxsiyyətini təsdiq edən sənədi alıb alqı-satqı qəbzi yazmış, həmin qəbzdə Şamonun ad soyadını, qızılın qramını, satıldığı tarixi, Şamo Əhmədovun şəxsiyyət vəsiqəsinin nömrəsin və qızılın alış qiymətini qeyd edib imzalatdıqdan sonra ona 2860 manat vermişdir. Qızılı ona təqdim edən X9 qızılların özünə məxsus olduğunu, özü satdığını, qeyri-qanuni olmadğını, cavabdeh olduğunu demişdir. Bundan təxminən 10 gün sonra o, yenə də mağazaya gəlib 2 ədəd qolbağı göstərib onları da satmaq istədiyini demiş, qolbağılara baxıb qızıl olmadığını müəyyən etdikdən sonra almamışdır. xx.xx.2023-cü il tarixdə Şamo Əhmədov təkrar mağazaya gəlib 1 cüt qızıl sırğa, 1 ədəd sadə qaşlı üzük və 2 ədəd qızıl qolbağını verib satmaq istədiyini demiş, qızılları yoxladıqdan sonra Şamo Əhmədova 1170 manat pul vermişdir. Bunula bağlı yenə də eyni qaydada qəbz yazmışdır. Bundan sonra Şamo Əhmədov mağazaya gəlməmiş, mənə heç bir qızıl və sair satmamışdır. xx.xx.2023-cü il tarixdə mağazaya polislər gələrək oğurulq yolla əldə olunmuş qızıl-ziynət əşyaları aldığını demişlər. Aldığı qızıl-ziynət əşyalarını yazdığı qəbzin surətlərini çıxarıb polislərə təqdim etmişdir. Qızılları isə aldıqdan təxminən 1-2 gün sonra tanımadığı zərgərlərə lom şəklində satmışdır. X9 qızıl-ziynət əşyalarını satarkən özünə məxsus olduğunu, özü satdığını, qeyri-qanuni olmadğını, cavabdeh olduğunu bildirdiyi üçün onların oğurluq olmasından məlumatı olmamış, onu tanımamış, əvvəllər də görməmişdir. O, qızıl-ziynət əşyalarını satarkən yanında başqa bir şəxs də olmuş, həmin şəxs kənarda dayanmış, qızılların alqı-satqısı ilə əlaqədar həmin şəxs onunla heç bir razılaşma və ya danışığa getməmiş, onun kim olması barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə Tərtər şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 18 may 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 20 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polismayoru Ülvi Novruzov tərəfindən Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-258/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-386/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxsun həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Qəraman oğlunun məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Qəraman oğlu arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyan ona aid olan hissədə (1500 manat) ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı özünə aid hissədə zərər çəkmiş şəxslərə ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 25 (iyirmi beş) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar