Məhkəmə qərarları › İş №1(003)-676/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-676/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-676/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1984-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Birinci Şahsevən Ərazi dairəsi, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış massivində yerlşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs son aylar aralarında heç bir əsaslı səbəb olmadan mütəmadi mübahisə yaradıb fiziki ağrı və psixi iztirablar verdiyi arvadı Zərərçəkmiş şəxs 16 aprel 2024-cü il tarixdə saat 18 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evdə preslənmiş ot satıb evə gətirdiyi pulun 100 manatını qəsdən götürüb gizlətməsini səbəb kimi göstərib ailə-məişət münaqişəsi zəminində yenidən mübahisə yaradaraq mövcud qanunlardan kənara çıxmaqla onu cəzalandırmaq məqsədi ilə həmin evdə onun qarın nahiyyəsindən davamlı olaraq zorakı hərəkətlərlə təpiklə vuraraq Zərərçəkmiş şəxs qarnın ön divarının qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarət yetirib güclü fiziki ağrı və psixi iztirab vermiş, bundan sonra onun mobil telefon zənglərinə cavab vermədiyini səbəb kimi göstərib ailəməişət zəminində təkrarən mübahisə yaradaraq yenidən mövcud qanunlardan kənara çıxmaqla onu cəzalandırmaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrindən 06 radələrinədək olan müddət ərzində davamlı olaraq zorakı hərəkətlərlə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz evin həyətində arvadı Zərərçəkmiş şəxs paltarlarını soyundurub səsini çıxartmaması üçün ağzına salaraq əllərini çarpaz vəziyyətdə həyətdəki toyuq hininin dəmir çəpərinə kəndirlə bağlayıb müqavimət göstərmək imkanını məhdudlaşdıraraq köməksiz vəziyyətə gətirməklə üzərinə davamlı olaraq su töküb isladaraq çoxsaylı yumruq zərbələri ilə vurmaqla Zərərçəkmiş şəxs sağ yanağın, sağ və sol kürəkaltı nahiyyənin, sol əlin sıyrıqları, sağ və sol saidin dairəvi qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlər, eyni zamanda alının fluktasiyaedici hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirib köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs X5 mütəmadi olaraq döyməklə davamlı olaraq zorakı hərəkətlərlə güclü fiziki ağrı və bədən xəsarətləri yetirib psixi iztirablarla işgəncə vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, anlaşılmazlıq olmuşdur. Mübahisə olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, 16 ildirdir ki, X7 ilə bir evdə faktiki nikah münasibətlərində yaşayır. Əvəllər münasibətləri yaxşı olmuşdur. Aralarında bir dəfə mübahisə olmuş, o da pul üstündə olmuşdur. Belə ki, o, işləyib pul qazanaraq evə gətirmiş, Leylaya vermiş, sonra həmin puldan əskik olmuş, Leylanın götürdüyünü düşünmüş, sonra isə məlum olmuşdur ki, pul həiqətən yerə düşmüşdür. Mübahisə də həmin məsələ ilə bağlı olmuşdur. Həmin vaxt Leylanı vurmamışdır. Yalnız aralarında sözlü mübahisə olmuşdur. Mübahisədən sonra isə çıxıb getmişdir. Qayıdanda arvadının da getdiyini bilmiş, sonra isə zəng edərək arvadını evə çağırmışdır. Arvadı evə qayıtdıqdan sonra arvadı evdən getdiyi üçün yenidən aralarında mübahisə yaranmışdır. Nə eləmişdirsə səhv eləmişdir. Hazırda elədiyi şeyləri məhkəmədə dilə gətirmək istəmir. Təqsirləndirilən şəxs son sözündə kövrələrək azyaşlı uşaqlarının atasız böyüməməsi üçün məhkəmədən bağışlanmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs evə gətirdiyi pulu ortalığa qoymuş, o isə həmin pulları dəstələməyə çalışmışdır. Həmin vaxt Anar ona get kül qabı gətir deyə bildirmişdir. O isə pulları qoyaraq gedib kül qabı gətirmişdir. Biraz keçmiş Anar onu yatmağa çağırmış, o isə pulları saymadan pul qabına qoyaraq yatmağa getmişdir. Sabahısı günü Anar ondan pulu istəmiş, həmin pulla ot gətirəcəyini demişdir. O, pulları götürüb Anara verməmişdən qabaq saymış, bu zaman pulun məbləğinin 3100 manat olduğunu görmüşdür. Anar ondan pulun nə qədər olduğunu soruşmuş, o isə nə vermisən odur deyə Anara bildirmişdir. Anar ondan pulun dəqiq məbləğini soruşan zaman 3100 manat olduğunu demişdir. Anar isə pulun 3200 manat olmalı olduğunu bildirmişdir. Bundan sonra əskik olan 100 manatı axtarmağa başlamışlar və pulu taparaq Anara vermişdir. Bundan sonra Anar ona pulu qəsdən gizlətdiyini bildirmiş, buna görə də aralarında mübahisə düşmüş, Anar ona pulu götürdüyünü boynuna almasını demiş, o isə əsəbi olduqlarını, əsəblərinin sakitləşməsi üçün rayona getmək istədiyini demişdir. Lakin, Anar onunla mübahisə etməyə davam etmişdir. Həmin günün sabahısı isə rayonda yaşayan anasıgilə getmişdir. Anasıgilə getdiyi günün axşamı Anar ona zəng edərək evə qayıtmalısan demiş, buna görə o da Anarla yaşadığı evə qayıtmışdır. Evə qayıtdaqdan bir müddət sonra Anar da evə gəlmişdir. Bir müddət evdə oturduqdan sonra yenidən harasa getmiş, saat 02 radələrində isə yenidən evə qayıtmışdır. Daha doğrusu evin qapısını döymüş, o isə qapını açdıqdan onu çölə çağırmış, o isə niyə çölə gəlməli olduğunu Anardan soruşanda Anar ona paltarlarını soyun və çölə gəl demişdir. O isə Anara problem yaratma indi əsəbisən demişdir. Sonra isə Anar onu itələmiş və bundan sonra hadisə orada yazıldığı kimi olmuşdur. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Anarla arasında yuxarıda qeyd etdiyi pul məsələsi ilə bağı mübahisəyə qədər elə bir ciddi mübahisə olmamışdır. Anarla pulla bağlı mübahisə edərkən Anar onu təpiklə bir dəfə vurmuşdur. Bundan sonra problemlərin böyüməməsi üçün evdən çıxıb getmişdir. Anar onu vurarkən yanlarında heç kim olmamış, hərə öz otağında olmuşdur. Anar gecə saat 02 radələrində evə gəldikdən sonra əsəbi olmuş, lakin niyə əsəbləşdiyini deməmiş, ona paltarlarını soyun çölə çıx demiş, o isə paltarlarını çıxarmadığı üçün Anar onu qabağına salaraq çölə çıxarmış, daha sonra isə onun qollarından kəndirlə bağlamış və asmışdır. O, Anara belə şeylər etmə deyə bildirmiş, Anar isə ona qulaq asmayaraq hərəkətlərinə davam etmiş, o isə Anara heç bir müqavimət göstərə bilməmişdir. Anar onu qollarından kəndirlə toyuqların saxlanıldığı dəmir setqadan asmışdır. O, nə qədər Anara müqavimət göstərməyə çalışsa da bir şey edə bilməmişdir. Anar onun düz dayanması üçün itələyən zaman başı və ya kürəyi dəymiş və xəsarət almışdır. Sonra Anar onu həmin vəziyyətdə qoyaraq getmiş, bir müddət sonra qayıdaraq başına su tökmüşdür. Anar ona qarşı həmin hərəkətləri edən zaman içkili olub-olmamasını bilmir. Belə ki, Anar içki qəbul edən zaman onu içkili olması bilinmir. Anar onu həmin vəziyyətdə, yəni əli bağlı qoyaraq evə getmişdir. O isə uzun müddət həmin vəziyyətdə qaldıqdan sonra səhərə yaxın əli ilə çətinliklə əllərində olan kəndiri açaraq evdən qaçmışdır. Evdən qaçarkən isə üzərində alt paltarı (lasin) olmuşdur. Evdən qaçdıqdan sonra polis şöbəsinə gedərək şikayət etmişdir. Yuxarıda qeyd etdiyi hadisələrdən qabaq isə dediyi kimi Anarla aralarında heç bir ciddi mübahisə olmamış və Anardan heç bir yerə şikayət etməmişdir. Anar əvəllər onu heç bir zaman döyməmiş və vurmamışdır. Anar onun əllərini bağlayıb başına su tökərkən qızı ayıq olmuş, lakin hadisəni görüb-görməməsini bilmir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, həmçinin uşaqlarının yetim qalmaması üçün ərinin azadlıqdan məhrum edilməməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamaı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2008-ci ildə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı olmuşdur. X3 xx.xx.2009-cu ildə, oğlu isə xx.xx.2010-cu ildə anadan olmuşlar. Onun Anarla münasibətləri əvvəllər normal olsa da, son 1 ay ərzində münasibətləri pozulmuşdur və bu müddət ərzində onu bir neçə dəfə səbəbsiz olaraq döymüşdür. Belə ki, həmişə Anar işə getib-qayıtdıqdan sonra zəhməthaqqını evə gətirib saxlamaq üçün ona verirmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Anar sərxoş vəziyyətdə işdən evə gələrək üzərində olan pulları çıxardıb sayaraq evdə stolun üzərinə dağınıq formada tullamışdır. O, da Həmin pulları səliqə ilə yığan zaman Anar ondan külqabı istəmişdir. O da otaqdan çıxaraq mətbəxdən Anara külqabı gətirmiş və yenə də stolun kənarında oturmuşdur. Bu zaman Anar ondan borclu olduğu şəxslərin siyahısını istəmişdir. O, da siyahını gətirərək hesablamışdır. Lakin stolun üzərində olan pulları saymaq yadından çıxmışdır. Həmin zaman Anar onu yatmağa çağırmışdır. O, da pulu stolun üzərindən dəstə formasında götürərək Anarın digər pulqabına qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Anar ona bildirmişdir ki, “pulları gətir gedirəm mal almağa”. O da pulu qoyduğu yerdən götürərək gətirib çarpayıda oturaraq saymağa başlamışdır. Belə ki, o, pulu sayan zaman bir hissəsini oturduğu yerdə yanına qoyaraq digər hissəsini saydıqdan sonra həmin hissəsi götürüb saymış və ayağa duraraq 3100 manat pulu Anara aparmışdır. Bu zaman Anar pulu saydıqdan sonra 100 manat olmadığını demişdir. O da Anara evi axtarmalarını demişdir. Onlar evə qayıtmış və pulu axtaran zaman evin işığını yandırmış və 100 manat pulu oturub saydığı yerdə düzünə dayandığını görmüşdür. O, pulu yerdən götürərək Anara vermişdir. Lakin, Anar ona pulu qəsdlə gizlətdiyini və oğurladığını demişdir. Buna görə də, onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı qızı Anarə də onların yanına gəlmiş və Anar Anarənin yanında onun mədə hissəsindən təpiklə bir dəfə vurmuş və mübahisələri davam etməyə başlamışdır. Anar ona bildirmişdir ki, bu gecə evdən çıxıb getməlisən. O da Anara səhərə qədər evdə qalmağını demişdir. Bu zaman Anar onu gecə evdə qaldığı təqdirdə öldürəcəyini demişdir və evdən çıxaraq ot gətirib satmaq üçün Saatlı rayonuna getmişdir. O, da axşam uşaqlarla evdə qaldıqdan sonra səhərisi saat 13 radələrində tək evdən çıxaraq valideynlərinin yaşadığı Tərtər rayonuna getmişdir. Onun anasının yanına getməkdə məqsədi bu imiş ki, Anarın əsəbləri sakitləşdikdən sonra evə qayıdar. Lakin o, rayona gedən zaman onun mobil telefonunda səssizə düşdüyündən Anar dəfələrlə zəng etsə də, cavab verə bilməmişdir. O, rayona çatdıqda bacısı Sənubər ona bildirmişdir ki, “get uşaqlarının içərisində ol, ailəni dağıtma”. O, da bacısının sözünə görə xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. O, evə saat 22 radələrində çatmışdır. Anar da təxminən 1 saatdan sonra evə gəlmiş və o, uşaqlarla yatmağa getmişdir. Bir neçə dəqiqədən sonra Anar mobil telefonla danışdıqdan sonra evdən getmiş və xx.xx.2024-cü ildə, saat 02 radələrində evə gəlmişdir. Anar evdən getdikdən sonra qapını kilidləyərək bağlayıb uşaqlarla yatmışlar. Anar gəldikdə evin qapısını döymüş və onu çağırmışdır. O, çölə çıxdıqda Anar ona paltarlarını soyunub gəlməyini demişdir. O, Anara etiraz etdikdə Anar əli ilə onu itələyib evin yanında olan toyuq hininin qarşısında olan çəpə tərəf aparmış və əlindən tutaraq həmin çəpərin yuxarı hissəsində olan dəmirə bağlamaq istəyəndə qızı Anarə çığıraraq Anarı qoymamışdır. Bu zaman Anar Anarənin başından tutaraq ağzını yummuş, Anarə yerə yıxılmışdır. Anarə ayağa duraraq evə getmişdir. Anar isə onun əlini həmin yuxarıda olan dəmirə kəndirlə bağlamış və başından su tökərək əynində olan paltarlarını cırıb çıxardıb ağzına soxmuşdur ki, səs-küy salmasın. Bundan sonra Anar onun kürək nahiyyəsindən və baş nahiyyəsindən vurmuşdur. Bu saat 06 radələrinədək davam etmişdir. O, һəг dəfə Anar onun üzərinə su tökmək üçün gedən zaman əllərini kəndirdən açmağa çalışırmış, Anar sonuncu dəfə siqaret çəkmək üçün gedən zaman o, əllərini dəmirə bağladığı kəndiri açmış və qolları bağlı küçəyə qaçmışdır. O, dişi ilə əllərini bağladığı kəndiri açmış və evin yaxınlığında olan parkda gizlənmişdir. Səhər açıldıqdan sonra parkda olan tanımadığı qadın ona paltar vermişdir. O, bundan sonra 3-cü PŞ-nə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. O, həmin hadisə zamanı qollarından, alnından, sifətindən, ağız nahiyyəsindən xəsarətlər almışdır. Ona həmin xəsarətləri əri Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02 radələrindən 06 radələrindək yaşdığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış massivində nömrəsiz evdə yetirmişdir. Təqsirləndirilən şəxs əvvəllər də onu ailə münaqişəsi nəticəsində səbəbsiz olaraq vurmuşdur. Lakin o, həmin vaxtlar heç bir hüquq mühafizə orqanlarına müraciət etməmişdir. İfadəsində olan ziddiyyətlərlə bağlı Zərərçəkmiş şəxs Anar onu qollarından bağlayan zaman qızı Anarənin bunu gördüyünü, lakin Anarın ona evə get bildirdikdən sonra evə getdiyini, həmçinin Anarın onu qollarından bağlayıb başından su tökərkən əlavə hər hansı bir xəsarət yetirmədiyini, sadəcə olaraq itələdiyini və bu zaman xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs dindirildikdən, verilən suallara cavab verdikdən və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra çarpaz dindirilmə zamanı zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinin doğru olduğunu bildirdi. X9 məhkəmə istintaqı zamanı yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi özünə və yaxın qohumlarına qarşı ifadə verməmək hüququ həmin vaxt izah olunduğu üçün elan edilmişdir. Həmin ifadədə Anarə Cəfərova göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən Ağdam rayonu 35 saylı orta məktəbdə oxuyur. Onun atası Təqsirləndirilən şəxs ticarətlə məşğul olur, anası Zərərçəkmiş şəxs isə evdar qadındır. Onun atası və anası ilə münasibətləri normaldır. xx.xx.2024-cü il tarixdə təxminən axşam saatlarında o, evdə olan zaman atası ilə anası öz aralarında mübahisə edən zaman o, öz otağında olduğundan onların nə üçün mübahisə etdiklərini bilməmişdir. Bu zaman atası evi tərk edərək işlərinin arxası ilə rayona getmiş və təxminən 2 gün sonra geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə, saat 00:05 radələrində atası evə gəldikdən sonra o, atasına yemək vermiş və yatmağa getmişdir. Bundan sonr onun olanlardan xəbəri olmamışdır. O, həmin zaman otaqda yatılı olmuş, anası Zərərçəkmiş şəxs yalan ifadə vermişdir. Onun dodağında hər ildə 2 dəfə fəsil dəyişən zaman qanamalar baş verir, buna görə də həmin zaman onun dodağı qanamışdır. O, qeyd etmişdir ki, ekspert onu müayinə edən zaman onun yerinə anası danışmışdır. O, ekspertə heç nə deməmişdir. O, bu bardə hər hansı bir həkimə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 19 aprel 2024-cü il tarixli, 328 nömrəli ekspert rəyindən görünür ki, “Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alının hematoması, sağ yanağın, sağ və sol kürəkaltı nahiyyənin, sol əlin sıyrıqları, sağ və sol saidin, qarnın ön divarının qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, alının hematoması, sağ yanağın, sağ və sol kürəkaltı nahiyyənin, sol əlin sıyrıqları, sağ və sol saidin dairəvi qançırlarının törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 günə qədər əvvəl olmaqla, qərarda gööstərilən xx.xx.2024-cü il tarixə və şəraitə, qarnın ön divarının qançırının törənmə müddəti isə onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, müayinə olunanın göstərmiş olduğu xx.xx.2024-cü il tarxə və şəraitə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən alının fluktasiyaedici hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir, sağ yanağın, sağ və sol kürəkaltı nahiyyənin, sol əlin sıyrıqları, sağ və sol saidin, qarnın ön divarının qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsədə ayrı-ayrılıqda dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunann xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxsnm bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir”. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov X4 Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirili bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə CM-in 236.1-ci maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan: -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 19 aprel 2024-cü il tarixdə, saat 20:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis mayoru X12 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X12 tərəfindən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsindən Həmin Məcəllənin 133.2.6-cı maddəsinə tövsif edilmişdir. -təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X12 tərəfindən Azərbaycan Respublikasının CM-nin 133.2.6-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4 (003)-160/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, barəsində məhkəmənin təşəbbüsü ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 03 ay həddində müəyyən edilməklə qətimkan tədbirinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. -cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət işinin materialları üzrə əməlin tövsif olunması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsindən Həmin Məcəllənin 133.2.4 və 133.2.6-cı maddələrinə tövsif edilmişdir. -təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.4 və 133.2.6-cı maddələri ilə yeni ittiham elan edilmişdir. -“Elekton Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X9 və X8 adlı iki yetkinlik yaşına çatmayaq uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə düzgün tövsif olunsa da, ona verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə verilmiş ittiham xaric olunmalı və o, Azərbaycan Respublikası CM-in 133.2.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə” cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 133.2.4 və 133.2.6-cı maddələrinə əsasən eyni əməllər müvafiq olaraq təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı və işgəncə verməklə törədildikdə əməl həmin maddələrlə tövsif edilir. Məhkəmə təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 133.2.4-cü maddəsi ilə verilmiş ittihamla razılaşsa da, ona verilmiş CM-in 133.2.6-cı maddəsi ilə razılaşmır və hesab edir ki, həmin maddə ittihamdan xaric edilməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs niyə görə məhz işgəncə verilməklə əzab vermə maddəsi ilə ittiham verilməsi ittihamda əsaslandırılmamış, onun əməllərinin hansı səbəbə görə və hansı kriteriyalar nəzərə alınmaqla içgəncə hesab olunması göstərilməmişdir. Halbuki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəqiq və əsaslandırılmış olmalıdır. Bundan başqa məhkəmənin qənaətinə görə CM-in 133.2.6-cı maddəsinin özünün də gələcəkdə şərh olunmasına ehtiyac vardır. Belə ki, hazırda məhkəmə praktikasında təqsirləndirilən şəxslərin əməllərinin məhz hansı amillər nəzərə alınmaqla CM-in 133.2.6-cı maddəsi ilə tövsif olunması ilə bağlı vahid praktika yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-in 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) maddəsinin qeydində göstərilmişdir ki, “Bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Göründüyü kimi yuxarıda qeyd edilən maddənin qeydində işgəncəyə verilən tərifin məzmunu Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinin məzmunu ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci madəsinə əsasən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan yeganə cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən həmçinin onun məhkumluğunun olmamasını, ilk dəfə bu xarakterli cinayət əməlinin törədilməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsini, faktiki olaraq nikah münasibətində olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ona təyin olunmuş cəzanın real olaraq icra olunacağı təqdirdə ailəsinin düşəcəyi vəziyyəti, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbinin olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə verilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar