Məhkəmə qərarları › İş №1(003)-677/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-677/2024

12.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-677/2024 12.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X11 Saıdin, Təqsirləndirilən şəxsin müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakı ilə, 01 yanvar 1977-ci il tarixdə Pakistan İslam Respublikası, Swabi şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, evli, natamam orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikası, Swabi şəhərində pasport qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X11 Saıdin Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, yaşamaq və işləmək məqsədilə Avropa ölkələrinə getmək üçün viza əldə edə bilmədiyindən, vətəndaşlığı olmadığı halda özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, Mavritaniya Respublikasına məxsus ******* nömrəli pasportu əldə edib, 2 may 2024-cü il tarixdə R- 5144 nömrəli İslamabad-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən X8 Hava Limanının sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 06:05-də həmin pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, onun təqdim etdiyi Mavritaniya Respublikasına məxsus ******* nömrəli pasportu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən böyüdücü lupa və “Regula 4203” markalı cihazla yoxlanıldıqda həmin pasportda müdafiə elementlərinin olmaması, mikroçapların və ofsetin nümunəyə uyğun olmaması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X11 Saıd özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Swabi şəhərində olarkən Sabir adlı şəxslə görüşmüş və ondan Avropa ölkələrindən birinə getmək üçün qanuni sənəd düzəltməsini istəmişdir. Sabir ona qanuni sənəd düzəldə biləcəyini, lakin müqabilində dörd min ABŞ dolları pul istəmiş, onunla razılaşaraq Avropa ölkəsinə getdikdən sonra pulu ona ödəyəcəyini bildirmiş, Sabir adlı şəxs onunla razılaşmış və lazım olan sənədləri özü ilə götürmüşdür. Bir həftə əvvəl Sabir adlı şəxslə görüşmüş və sonuncu ona Mavritaniya Respublikasına məxsus pasportu vermiş, eyni zamanda Bakı şəhərinin gözəl olduğunu bildirərək Bakı şəhərinə getməyini, orada bir neçə gün qalıb yenidən Pakistan Respublikasına qayıtmağını, bundan sonra istənilən Avropa ölkəsinə getməyini bildirmişdir. Bundan sonra İslamabad-Bakı avireysinə bilet alıb 02 may 2024-cü ildə Bakı şəhərinə gəlmiş, X8 Hava Limanında pasport nəzarətinə yaxınlaşaraq dövlət sərhədini keçmək üçün üzərinə özünün fotoşəkili və şəxsi məlumatları qeyd olunmuş Mavritaniya Respublikasına məxsus pasportu sərhədçiyə təqdim etmiş, sərhədçi dövlət sərhədindən keçməyi üçün həmin pasportu yoxlayan zaman pasportun saxta olduğu üçün 02 may 2024-cü ildə saat 06:05 radələrində sərhəd naryadı tərəfindən saxlanılmışdır. Lakin o, həmin pasportun saxta olmasını bilməmişdir. Belə ki, sabir ona sənədin tam qanuni olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə himayəsində azyaşlı uşaqlarının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsinin baş nəzarətçisi, mayor Şahid1 bildirdi ki, təqsirlənirilən şəxsin sərhəd naryadına təqdim etdiyi pasportun saxta olmasına şübhələr olduğundan nəzarətçi tərəfindən saxlanılmışdır. Belə ki, həmin Pakistan İslam Respublikası vətəndaşı olan şəxsin pasportunda vətəndaşı olduğu ölkənin çıxış möhrü olmamışdır. Belə olduğundan isə onun pasportunun saxta olmasına ciddi şübhələr yaranmışdır. Sonradan həmin vətəndaşla söhbət əsnasında əvvəlcə o, başqa pasportunun olmadığını, üzərindən aşkar edilmiş pasportun ona məxsus olmasını bildirsə də sonradan özünə məxsus Pakistan İslam Respublikasına məxsus pasportu çıxardaraq təqdim etmişdir. Şəxsin belə etməsinə səbəb isə onun Azərbaycan vasitəsi ilə hər hansı bir avropa ölkəsinə getmək istəməsi olmuşdur. Belə ki, həmin vətəndaşın təqdim etdiyi Mavritaniya pasportu ilə avropa ölkələrinə getmək daha asandır. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş “X8 Aeroportu” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, gizir Şahid2 məhkəmə islasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Şahid2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 20:00-dan, xx.xx.2024-cü il tarixdə saat 09:00-dək “Heydər Əliyev” X9 SNŞ-nin Terminal 1 uçub gəlmə zalında “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman xx.xx.2024-cü il tarixdə saat 06:18 radələrində R-5144 saylı İslamabad-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gələn, xx.xx.1977-ci il təvvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı olan Təqsirləndirilən şəxs təqdim etdiyi ******* nömrəli Mavritaniya Respublikasına məxsus pasportunu rəsmiləşdirən zaman saxta olduğundan şübhələnib, dərhal bu barədə “Növbə rəisi” sərhəd naryadı xidmətində olan mayor Şahid1 məruzə etmişdir. Mayor Şahid1 yanlarına gələrək Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi ******* nömrəli Mavritaniya Respublikasına məxsus pasportu təkrar yoxlamış və həmin sənədin tam saxta olması barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etdikdən sonra, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının 27 may 2024-cü il tarixli 5/551 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Alı Muhammadın adına olan ******* nömrəli Mavritaniya Respublikasına məxsus pasportun vərəqi xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Həmin pasport bu növ sənədlərin çap olunmasında istifadə olunan üsullarla hazırlanmamışdır. Pasportda olan ştamp əksləri relyef klişeler vasitəsi ilə birbaşa vurulmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Pakistan İslam Respublikası Swabi şəhərində doğulmuş X11 Saıdin məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti təhqiqat qrupunun tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, X11 Saıd həmin tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00-da X11 Saıd Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, ədliyyə kapitanı X6 tərəfindən tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 Saıd AR DSX-nin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, ədliyyə kapitanı X6 tərəfindən Azərbaycan Respublikasının CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs X11 Saıd barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X11 Saıdin əməli Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin Məcəllənin 320.2-ci madəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənəd) istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X11 Saıd tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Bundan başqa məhkəmə X11 Saıdin özünü qismən təqsirli bilməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan bir ədəd ******* nömrəli Mavritaniya Respublikası vətəndaşı pasportu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 90 (doxsan) manat ekspertiza xərci X11 Saıddən alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X11 Saıd Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X11 Saıdə qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 02 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X11 Saıd barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat məbləğində pul vəsaiti X11 Saıddən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. X11 Saıd əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Maddi sübut olan bir ədəd ******* nömrəli Mavritaniya Respublikası vətəndaşı pasportu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs X11 Saıdə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar