Məhkəmə qərarları › İş №1(003)-680/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-680/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-680/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs müdafiəçisi- Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-ci ildə Bakı şəhərinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, xx xxxxxx 2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər adlanan ərazidəki Bağlar massivində yerləşən nömrəsiz fərdi bağ evinin həyətinə hasardan aşmaqla, oradan isə həyətdəki zirzəminin dəmir qapısını açaraq saxlanc yeri olan içəri qanunsuz daxil olmaqla orada saxlanan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 650 manat dəyərində velosiped, 1 ədəd 200 manat dəyərində vertikal laqonda, 1 ədəd 50 manat dəyərində horizontal laqonda, 1 ədəd 50 manat dəyərində drel, 1 ədəd “kukmara” firmasının 120 manat dəyərində çuqun qazanı, 1 ədəd 30 manat dəyərində sobanın alüminium qabı, 1 ədəd 200 manat dəyərində qədim mis süd qabı, 1 ədəd 465 manat dəyərində mis məcməi, 1 ədəd 50 manat dəyərində buxarla bişirilən qazan, 1 ədəd 120 manat dəyərində elektriklə işləyən qazanı hissə-hissə götürüb istintaqa məlum olmayan avtomaşınlara yükləyib daşıyaraq aparmaqla Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 1935 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa xx xxxxxx 2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz ikimərtəbəli fərdi bağ evinin həyətinə hasardan aşmaqla, oradan isə həyətdəki evin birinci mərtəbəsinin kiçik nəfəslik pəncərəsinin şüşəsini sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla orada mətbəxdən Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 30 manat dəyərində “Samsung” markalı mikrodalğalı sobanı, masanın üzərindəki açarları götürüb ikinci mərtəbənin qapısını açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan 100 manat dəyərində 1 ədəd “Sony” markalı televizoru, 150 manat dəyərində 1 ədəd samovarı, 200 manat dəyərində “Toshiba” markalı televizoru, hər biri 200 manat dəyərində olan 5 ədəd kombi barmaqlıqlarını hissə-hissə götürüb istintaqa məlum olmayan avtomaşınlara yükləyib daşıyaraq aparmaqla Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 1480 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2023-cü ilin dekabr ayının əvvəlində gündüz saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi, 5 evlər adlanan ərazidə yerləşən tanımadığı bağ evinə hasardan aşmaqla qanunsuz daxil olmuşdur. Həmin bağ evinin saxlanc yeri olan zirzəmiyə daxil olaraq, oradan 1 ədəd qədim süd qabı, 1 ədəd laqonda, 1 ədəd çuqun qazan, 1 ədəd mis məcməi oğurlamışdır. 2024-cü ilin 31 mart tarixindən 06 aprel tarixinədək olan müddət ərzində gündüz saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən tanımadığı 2 mərtəbəli bağ evinə hasardan aşmaqla daxil olmuşdur. Bağ evinin 1-ci mərtəbəsində nəfəsliyin şüşəsini sındırma yolu ilə daxil olub oradan açarları götürüb 2-ci mərtəbəyə qalxmışdır. Orada olan 2 televizordan 1 ədədini, 1 -ci mərtəbədə olan kiçik mətbəxdən mikrodalğalı sobanı oğurlamış, evin həyətinə çıxdıqda orada əl damı deyilən yerə qıfılı sındırmaqla daxil olub saxlanc yerində saxlanılan 2 ədəd kombi radiatorlarını oğurlamışdır. Həmin əşyaları tək oğurlamışdır. Yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, bağlar massivində yerləşən bağ evi vardır və həmin evdə ailə üzvləri ilə mövsümi yaşayır. 31 mart 2024-cü il tarixdə həmin bağ evində olmuş və 06 aprel 2024-cü il tarixdə yenidən gələrək evdən baş vermiş oğurluq hadisəsini aşkar etmişdir. Naməlum şəxs və ya şəxslər bağ evinin kiçik nəfəslik pəncərəsini sındıraraq 2 mərtəbəli evin 1-ci mərtəbəsinə daxil olmuş, orada olan mətbəxdən 1 ədəd 30 manat dəyərində “Samsung” markalı mikrodalğalı sobanı gizli olaraq talayıb oğurluq etmiş, masanın üzərindən açarları götürərək 2-ci mərtəbəyə qalxıb, 1 ədəd 100 manat dəyərində “Sony” markalı televizor, 1 ədəd 200 manat dəyərində “Toshiba” markalı televizoru, həyətdə yerləşən qarajın qıfılını sındırma yolu ilə oraya daxil olub 5 ədəd hər biri 200 manat dəyərində olan ümumi dəyəri 1000 manat təşkil edən kombi barmaqlıqları, 1 ədəd 150 manat dəyərində samovarı gizli olaraq talayıb ona 1480 manat zərər vuraraq oğurluq etmişdir. Zərərçəkmiş şəxs2 həmçinin izahatında bildirdi ki, ona dəyən zərər ödənilməsə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, oğurluq olan evdə yay mövsümündə yaşayır. İttham aktında göstərilən ona məxsus olan əşyalar oğurlanmışdır. Həmçinin ona məxus köhnə samovar da olmuş, həmin samovar da oğurlanmışdır. Lakin, həmin vaxt samovarın oğurlandığını bilmədiyi üçün bu barədə ibtidai istintaq zamanı bildirməmişdir. Ona dəyən zərər ödənilmədiyi üçün hazırda şikayətçidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-4969/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 3 ədədi xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət, orta və adsız barmaqlarının (ikinci mərtəbə yataq otağındakı paltar şfanerindən götürülmüş iz) əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. -xx.xx.2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X4, həmin tarixdə saat 19:00-da Xəzər RPİ-in İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il il tarixli cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, Xəzər RPİ-in İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən ********* nömrəli cinayət işinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi və əmlin Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən Həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-in İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında Xəzər RPİ-in İŞ-nin müstəntiqi, polis kapitanı X3 qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “yetkilik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. -xx.xx.2024-cü il tarixli künüllü təqdim etmə və götürülmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mikrodalğalı soba iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün maddi sübut qismində götürülmüşdür. - məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş: - Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, həmin ərizədə ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. -Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, həmin ərizədə iş üzrə mülki iddiaçı qismində tanındığını, cinayət əməli nəticəsində ona 1935 manat məbləğində maddi ziyanın vurulduğunu bildirmişdir. Həmçinin həmin ərizədə iddiasının tam təmin edilməsini (itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini və ya əmlakın qaytarılmasını, həmçinin CPM-nin 190.0.3-cü maddəsini rəhbər turaraq ona vurulmuş ziyana görə 55 manat məbləğində kompensasiyanın ödənilməsini) xahiş etmişdir. Ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzdən görünür ki, X6 tərəfindən 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, həmin Məcəllənin 59.2-ci maddələrinə əsasən törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin ifadələrinə, iş üzrə müəyyən edilmiş sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən onlara cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsində göstərilmiş halları nəzərə alaraq, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir, yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ərizəsi (mülki iddiası) ilə bağlı məhkəmə qeyd edir ki, həmin ərizənin mülki iddia kimi qəbul edilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizə yuxarıda qeyd olunan cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada verilməmişdir. Belə ki, ərizədə zərərin ödənilməsi üçün konkret məbləğin tutulması və kimdən tutulması barədə xahiş öz əksini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizənin (mülki iddianın) qəbul edilməsindən imtina edilməli və ona müvafiq iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Ərizənin icraata qəbul edilməsindən imtina edildiyindən tərəfindən ödənilmiş 39 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Maddi sübut qismində tanınmış və Xəzər RPİ-nin maddis sübutların saxlanılması otağında saxlanılan bir ədəd mikrodalğalı soba iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, türkan qəsəbəsi 5 evlər küçəsində yerləşən nömrəsiz evi axşam saat 09:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizənin (mülki iddianın) qəbul edilməsindən imtina edilsin və ona müvafiq iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Zərərçəkmiş şəxs1 tərəfindən dövlət rüsumuna görə ödənilmiş 39 manat (********** nömrəli qəbz) məbləğində pul dövlət nəfindən Zərərçəkmiş şəxs1 geri qaytarılsın (AZE ********, fin: xxxxxxx). Maddi sübut qismində tanınmış və Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd mikrodalğalı soba hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 240 manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar