Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-681/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən Özbəkistan Respublikasının vətəndaşı X2 direktoru olduğu "xxxx" MMC-yə məxsus evdə heç kəsin olmadığını görüb bildikdən sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə evin həyətinə hasardan aşıb həyətə və yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olmaqla 2023-cü ilin dekabr ayını ortalarından xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində gecə saatlarında 4000 manat dəyərində 10 tonluq dəmir su çənini (dayaqları ilə birlikdə), bundan 2-3 gün sonra gecə saatlarında 1500 manat dəyərində pilləkənlərin və balkonların dəmir barmaqlıqlarını, bundan 2-3 gün sonra gecə saatlarında 800 manat dəyərində 12 ədəd dəmir barmaqlıqları, bundan 2-3 gün sonra gecə saatlarında 500 manat dəyərində 1 ədəd dəmir darvazanı və 1 ədəd 300 manat dəyərində seyf qapını, bundan 2-3 gün sonra gecə saatlarında 1200 manat dəyərində kaçalkanı (bütün avadanlıqlarıiləbirlikdə), bundan 2-3 gün sonra gecə saatlarında evin içərisindən 1000 manat dəyərində təxminən 200-300 metr uzunluğunda elektrik kabellərini, bundan 2-3 gün sonra gecə saatlarında evin müxtəlif otaqlarından 500 manat dəyərində 8 ədəd su qizdirici radiatorları, bundan 2-3 gün sonra gecə saatlarında evin koridorundan 700manat dəyərində 1 ədəd kombi aparatını və 100 manatdəyərində elektrik avtomatları qutusunu, bundan 2-3 gün sonra gecə saatlarında evin hamamından 500 manat dəyərində 1 ədəd çuqun vannanı, bundan 3-4 gün sonra gecə saatlarında evin hamamından 400 manat dəyərində 2 ədəd çakkuzini, bundan 2-3 gün sonra gecə saatlarında evin sanuzelindən 150 manat dəyərində 3 ədəd unitazı, bundan 2-3 gün sonra gecə saatlarında evin hamamından 150 manat dəyərində 3 ədəd əl-üz yuyanı və bundan 2-3 gün sonra gecə saatlarında evin mətbəxindən 500 manat dəyərində mətbəx mebelini ümumilikdə 12.300 manat dəyərində əmlakını arabaya yükləyib hissə-hissə daşıyaraq aparmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə özgəsinə məxsus əmlakları yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə 12300 (on iki min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2023-cü ilin dekabr ayında narkotik vasitə almaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu səbəblə Şüvəlan qəsəbəsində gecə saatlarında gəzərkən köhnə, baxımsız ev görüb hasardan həyətə aşmışdır. Ətrafa göz gəzdirdikdən sonra həyətdəki su çənini əvvəlcədən üzərində gətirdiyi dəmir kəsənlə hissələrə ayırıb həyətin darvazasını açıb araba ilə aparıb boş ərazidə gizlətmişdir. Səhəri gün gəlib ərazidə avtomobillə dəmir yığımı ilə məşğul olan tanımadığı şəxslərə 150 manata satmışdır. Bundan təxminən 2-3 gün sonra yenidən həmin ünvana gəlib evin balkon hissəsinin dəmir barmaqlıqlarını dəmir kəsənlə kəsib yenidən arabaya yükləyib həmin boş ərazidə gizlətmiş və sabahı günü ərazidəki dəmir yığımı ilə məşğul olan tanımadığı şəxslərə 100 manata satmışdır. Bundan təxminən 2-3 gün sonra həmin ünvana gəlib evin pəncərələrinin dəmir barmaqlarını dəmir kəsənlə kəsdikdən sonra arabaya yükləyib həmin boş ərazidə gizlətmiş və sabahı günü ərazidə dəmir yığını ilə məşğul olan tanımadığı şəxsə 300 manat müqabilində satmışdır. Bundan təxminən 2-3 gün sonra həmin ünvana gəlib evin pilləkənlərinin tutacaqlarını dəmir kəsənlə kəsdikdən sonra arabaya yükləyib həmin boş ərazidə gizlətmiş və sabahı günü gəlib ərazidə dəmir yığını ilə məşğul olan tanımadığı şəxsə 200 manata satmışdır. Bundan təxminən 2-3 gün sonra yenidən həmin ünvana gəlib evin darvazasını dəmir kəsənlə kəsdikdən sonra arabaya yükləyib həmin boş ərazidə gizlətmiş və sabahı günü gəlib ərazidə dəmir yığımı ilə məşğul olan tanımadığı şəxsə 50 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Bundan təxminən 2-3 gün sonra həmin ünvana gəlib evin həyətində olan “kaçalka”nı arabaya yükləyib həmin boş ərazidə gizlətmiş və sabahkı günü gəlib dəmir yığımı ilə məşğul olan tanımadığı şəxslərə 100 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələblərinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs kızı məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs kızının ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, Özbəkistan Respublikasının vətəndaşı olsa da, Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə oxumağı və yazmağı bilir. İfadəsinin kompüter vasitəsi ilə Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazılmasına və printer vasitəsi ilə çap edilməsinə etirazı yoxdur. Zərərçəkmiş şəxs kimi tanınmağı haqqında qərarla tanış olmüş, hüquq və vəzifələri ona aydın izah olunmuşdur. Hüquqları tam şəkildə ona aydın olmuşdur. Bildirmişdir ki, o və anası X4 Özbəkistan Respublikasının vətəndaşıdırlar, qeydiyyatda olduqları ünvan Daşkənd şəhərində olsa da ünvan 3 ünvanında yaşayırlar. O, ali təhsilini rus dilində Bakı şəhərində İqtisadiyyat Universitetində almışdır və həmin ali məktəbin məzunudur. Bununla bağlı sənədlərini istintaqa təqdim edə biləcəyini qeyd etmişdir. Hazırda anası Zulfıya işləri ilə əlaqədar olaraq Özbəkistan Respublikasındadır. Anası Zulfıya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi anasının direktoru olduğu MMC-yə məxsusdur. İşlərinin çoxluğu ilə əlaqədar olaraq 2023-cü ilin dekabr ayının ortalarından 12 fevral 2024-cü il tarixədək olan müddət ərzində həmin ünvanda yerləşən evə gedib baş çəkə bilməmişlər. Fevral ayının 12-də anasının həmin ünvana gəldiyi zaman evdən 300 manat dəyərində 1 ədəd seyf qapının, 1500 manat dəyrəində pilləkənlərin və balkonların çəpərlərinin, 500 manat dəyərində 1 ədəd dəmir darvazanın, 800 manat dəyərində 12 ədəd dəmir barmaqlıqların, 1000 manat dəyərində təxminən 200-300 metr uzunluğunda elektrik kabellərinin, 500 manat dəyərində 8 ədəd su qızdırıcı radiatorların, 700 manat dəyərində 1 ədəd kombi aparatının, bütün avadanlıqları ilə birlikdə 1.200 manat dəyərində su kaçalkasının, dayaqları ilə birlikdə 4.000 manat dəyərində 10 tonluq dəmir su çəninin, 100 manat dəyərində elektrik avtomat qutusunun, 500 manat dəyərində 1 ədəd çuqun vannanın, 400 manat dəyərində 2 ədəd cakkuzinin, 150 manat dəyərində 3 ədəd unitazın, 150 manat dəyərində 3 ədəd əl-üz yuyan və 500 manat dəyərində mətbəx mebelinin oğurlanmasını aşkar etmiş və bununla bağlı anası həmin tarixdə polisin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bildirmişdir ki, bu oğurluq hadisəsi nəticəsində onlara cəmi 12.300 (on iki min üç yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-3652/2024 saylı məktubundan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, 2-ci mərtəbədə qonaq otağında yerdən götürülmüş 01 (bir) ədəd “Kingston” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1994-cü il Bakı şəhəri) məxsusdur. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 20 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs kızının xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan tamamilə ödənilmiş və bununla bağlı şikayət, iddia və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 03 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanılması həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 21/1-26852/19 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-131/2024 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, xx.xx.2024cü il tarixə məhkum cəzasının 03 ay 19 gün hissəsini çəkmiş, 01 il 08 ay 07 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu əməli etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-131/2024 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırki cinayət işi üzrə isə cinayət əməli təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin dekabr ayında törədilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon xx.xx.2023-cü il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsin əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Həmin cəza çəkildiyi müddətdə Təqsirləndirilən şəxs tərəfindən yenidən eyni xarakterli cinayət əməli törədilmişdir. Bu hal təqsirləndirilən şəxsin ona təyin edilmiş cəzadan nəticə çıxarmadığına və eyni xarakterli cinayət əməlləri törətməyə meyilli şəxs olmasına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən “Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.” Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 08 ay 07 gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 10 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-681/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-681/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver