Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-700/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydadasında şikayətlə Xəzər Rayon Məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, o, X6 ilə 17 yanvar 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 07 dekabr 2018-ci il təvəllüdlü X7, 02 iyul 2020-ci il təvəllüdlü X8 və 02 iyul 2020-ci il təvəllüdlü X9 anadan olmuşdur. Evliliklərinin ilk vaxtlarında ər-arvad münasibətləri normal olsa da, sonradan bu münasibət korlanmışdır. A.Bayramovun özünü qeyri adekvat aparması, davamlı olaraq ona və azyaşlı uşaqlarına işgəncə verməsi, psixi və fiziki şiddət göstərməsi (fotoşəkillər mövcuddur) ailənin dağılmasına gətirib çıxarmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)-1434/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə A.Bayramovla aralarındakı nikah pozulmuşdur. Nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyi gündən bu günə qədər bu şəxs ortaq tanışlar, qohum-əqrəba arasında ona şər-böhtan ataraq həqiqətə uyğun olmayan məlumatlar yayaraq şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa ictimai yerlərdə, insan içində, nalayiq sözlərlə onu təhqir edir, TŞ kameralarının olmadığı yerdə üstünə hücum çəkərək fiziki şiddət göstərir. Onu davamlı olaraq ölümlə təhdid edir. Onun təhdidləri ucbatından o və uşaqları evdən qorxa-qorxa çıxırlar, uşaqlarını bağçaya rahat aparıb gətirə bilmir, gəzməyə apara bilmir. Bu adam onu hər yerdə izləyir və əlinə fürsən düşən kimi ünvanına alçaldıcı sözlər işlədərək fiziki xəsarətlər yetirir. 2024-cü ilin Novruz bayramı ərəfəsində A.Bayramov ona məxsus avtomobilin dövlət qeydiyyat nömrəsini satmasına icazə vermədiyi üçün İçərişəhər ərazisində onu nalayiq sözlərlə təhqir etmiş, fiziki şiddət göstəmiş və avtobobilinin nömrəsini söküb özü ilə aparmışdır. Bununla bağlı Səbail RPİnin 9-cu PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, ekspertizadan keçmişdir. Bundan başqa mülkiyyətində olan və yaşadığı ünvan 1 ünvanında yerləşən evindən tibbi ləvazimatları (əməliyyat olunmuşdur) götürməyə getdiyi zaman siqnalizasiya işə düşdüyündən qardaşı Rəşad Mehdiyev keçmiş əri Azər Bayramova zəng edərək ona evə onların gəldiklərini bildirmiş və siqnalizasiyanın parolunu istəmişdir (onun evə girə bilməməyi üçün parolu dəyişmişdir). Buna baxmayaraq Azər Bayramov onu, üç oğul uşaqlarının anasını oğru kimi qələmə vermək məqsədi ilə 102 polis xidmətinə zəng edərək onun evə daxil olaraq qızıl və pul oğurladığı barədə yalan məlumat vermişdir. Onun evə daxil olduğunu bildiyi halda polis çağırması onu nüfuzdan salmaq, adını ləkələmək istəyi olmuşdur. Çünkü o, İçərişəhər ərazisindəki hadisə ilə bağlı Səbail RPİ-nin 9-cu PB-nə şikayət etdiyini, ondan icazəsiz azyaşlı uşaqlarını rayona qaçırtması və qızıl-zinət əşyalarını məhz onun özü X6 tərəfindən oğurlanması faktı ilə bağlı Xəzər RPİ-nə şikayət edəcəyini bildiyi üçün belə bir çirkin addım ataraq ona şər və böhtan atmışdır. Bir qədər sonra iki post patrul avtomobili gəlmiş və o öz evinə polis əməkdaşları ilə girib lazım olan ləvazimatları götürüb oranı tərk etmişdir. Bildirir ki, həmin qızıllar ona məxsusdur. Onun qızıllarını və seyfin hər iki açarını A.Bayramov özündə saxlayıb (şahidlər var) və indidə saxlayır (oğurluq faktı təsdiqini tapmadı), seyfin parolunu isə tək özü bilir. Sonuncu dəfə 15 iyul 2024-cü il tarixdə axşam saatlarında yenədə öz evində A.Bayramov onu nəlayiq sözlərlə təhqir edərək üzərinə 2 dəfə hücum çəkərək azyaşlı uşaqlarının və qonaqlarının gözü qarşısında yumruq-təpiklə döymüş, saçından tutub sürüyərək ona fiziki əzab vermiş, qarın, döş və baş nahiyələrinə təpiklə vurmuşdur. O aldığı zərbələrdən huşsuz vəziyyətdə təcili tibbi yardım avtomobili ilə “X12” PHŞ-nə çatdırılmışdır. Hazırda sonuncu qeyd etdiyi hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində şikayəti əsasında araşdırma aparılır. O, bir anadır və himayəsində 3 azyaşlı uşaqları var. Onların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı onları tək, yəni maddi və mənəvi dəstək almadan böyüdür. Bir insanın digər bir insan haqqında ortaq tanışlar, qohumlar arasında şər-böhtan ataraq danışması, haqqında nalayiq ifadələr işlətməsi və ən əsası polisə yalan məlumat verərək şərləməsi ilə onun şərəf və ləyaqətini alçaltmış olur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin icraata qəbul edilməsini, işin məhkəmə baxışına təyin edilməsini və X3 təqsirləndirilən şəxs qismində cəlb olunmasını məhkəmədən xahiş etdi. Şikayətinin əsasını - qohumlar yanında X6 tərəfindən nüfuzdan salınması və barəsində əsassız olaraq oğurluqla bağlı polis orqanına şikayət etməsinin təşkil etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirdi ki, şikayətdə şikayət vermiş şəxsin yaşadığı yer göstərilməmişdir. Bundan başqa ona qarşı hansı cinayət əməlinin törədilməsi göstərilməmişdir. Həmçinin şikayətə fotoşəkillər əlavə edilmişdir ki, həmin şəkillərin şikayətə aidiyyəti yoxdur. Şikayətlə bağlı hər hansı bir sübut əlavə edilməmişdir. Ona görə də hesab edir ki, şikayətin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X1 Esmira Bilal qızının şikayətin icraata qəbul edilməməsi xahiş etdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında baxdığı məsələlərdən biri də Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə ilk öncə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, şikayət vermiş şəxs haqqında məlumatlar tam şəkildə göstərilməmişdir. Həmçinin barəsində şikayət verilmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək barəsindən ittihamedici hökm çıxarılması xahiş olunsada, şikayətdə həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin harada, nə vaxt və necə törədilməsi, bu əməlinin hansı sübutlarla təsdiq olunması və s. hallar göstərilməmişdir. Belə ki, şikayətin əsası kimi qohumlar yanında X6 tərəfindən şikayət vermiş şəxsin nüfuzdan salınması və sonuncunun barəsində əsassız olaraq oğurluqla bağlı polis orqanına şikayət etməsi olaraq göstərilmişdir. Şikayətin birinci hissəsi ümumi ifadələrdən ibarət olmaqla konkret olaraq hansı əməlin, nə vaxt, harda törədilməsi və nə ilə təsdiq edilməsi göstərilməmişdir. Şikayətin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, şəxs barəsində əsaslı və ya əsassız hüquq mühafizə orqanlarına şikayət edilməsi və həmin şikayətdə böhtan xarakterili məlumatların göstərilməsi AR CM-in 147.1-ci maddəsi ilə məsuliyyət yarada bilməz. Beləliklə məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdən və məhkəmə iclasında verilmiş izahatlardan barəsində şikayət verilmiş şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-700/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-700/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver