Məhkəmə qərarları › İş №1(003)-702/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-702/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-702/2024 28.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil X4, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Türkiyə Respublikası Eleşkirt şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Eleşkirt şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşamaq və işləmək məqsədilə Avropa ölkələrinə getmək üçün viza əldə edə bilmədiyindən, vətəndaşlığı olmayan şəxs statusunda olmadığı halda özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan Yunanıstan Respublikasına məxsus AA8014318 nömrəli pasportu əldə edib, 22 iyun 2024-cü il tarixdə R-0078 nömrəli İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “Heydər Əliyev” X6 sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 02:13-də həmin pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhəddini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, onun təqdim etdiyi Yunanıstan Respublikasına məxsus AA8014318 nömrəli pasportu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən böyüdücü lupa və “Regula 4203” markalı cihazla yoxlanıldıqda həmin sənəddə müdafiə elementlərinin olmaması, mikroçapların və ofsetin nümunəyə uyğun olmaması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində qeyd etdi ki, maddi vəziyyətinin pis olmasına görə Fransa Respublikasına işləmək məqsədilə getmək qərarına gəlmişdir. Türkiyə Respublikasından birbaşa Fransa Respublikasına getmək mürəkkəb və çətin olduğu üçün ilkin olaraq yaxın Avropa ölkələrindən birinə getməyi planlamışdır. 2019-cu ilin sonlarında işləmək məqsədilə Türkiyə Respublikasından Yunanıstan Respublikasına, daha sonra isə orada təxminən 5-6 gün müddətində qaldıqdan sonra Fransa Respublikasına getmişdir. 2023-cü ilin fevral ayında siyasi sığınacaqla bağlı müraciəti rədd edilmiş, lakin müvəqqəti yaşayış üçün icazə sənədinin etibarlılıq müddəti 28 mart 2024-cü il tarixədək olduğu üçün, habelə sözügedən yekun məhkəmə aktından şikayət vermə hüququnun olması səbəbilə müraciətinin rədd edilməsinə baxmayaraq Fransa Respublikasında qalıb işləməyə davam etmişdir. Daha sonra isə ailəsini xeyli müddət görmədiyi üçün onlara baş çəkmək məqsədilə 2023-cü ilin dekabr ayında Türkiyə Respublikasına getmişdir. Bir müddət Türkiyə Respublikasında qaldıqdan sonra yenidən Fransa Respublikasına getmək qərarına gəlmişdir. 19 aprel 2024-cü il tarixdə İstanbul şəhərindən Serbiya Respublikasının Belqrad şəhərinə getmiş, lakin Belqrad hava limanında təyyarəni tərk etdikdən dərhal sonra onu və digər tanımadığı 12 nəfər Türkiyə Respublikasının vətəndaşlarını geriyə, yəni İstanbul şəhərinə qaytarmışlar. İstanbul şəhərinə qaytarıldıqdan sonra inşaat sahəsində işləməyə davam etmişdir. Odur ki, yenidən Fransa Respublikasına qayıtmaq üçün digər yollar axtarmağa davam etmişdir. Əvvəllər Fransa Respublikasında olarkən tanış olduğu və birgə yaşadığı, gürcü əsilli Lali adlı qadınla Fransa Respublikasına qayıtmaq istəyi ilə bağlı söhbət edərkən sonuncu ona bildirmişdir ki, İrina adlı rəfiqəsi Fransa Respublikasına getməsi ilə bağlı ona kömək edə bilər. Sonuncu ilə razılaşaraq İrina ilə əlaqə saxlamasını və hansı üsulla ona kömək edə biləcəyini öyrənməsini xahiş etmişdir. Lali İrina ilə əlaqə saxladıqdan sonra ona bildirmişdir ki, İrina Yunanıstan Respublikasına məxsus pasport və müvəqqəti yaşayış üçün icazə sənədi ilə Almaniya Federativ Respublikasına və ya İtaliya Respublikasına getməsinə kömək edə bilər. İrinanın bu köməyindən yararlanmağa qərar vermişdir. İrina ona sözügedən köməyin, o cümlədən bu məsələdən irəli gələn digər işləri həll etməyi üçün 3800 ABŞ dolları istəmişdir. Bununla razılaşmış və təxminən 15-18 gün sonra Lali bildirmişdir ki, İrina Yunanıstan Respublikasına məxsus pasportun və müvəqqəti yaşayış üçün icazə sənədinin hazır olduğunu deyib. 21 iyun 2024-cü il tarixdə, saat 22 radələrində İstanbul-Bakı aviareysi üzrə Türkiyə Respublikası dövlət sərhədini keçərkən, Türkiyə Respublikasına məxsus, öz adına rəsmiləşdirilmiş pasportu sərhəd naryadına təqdim etmişdir. Uçuş zamanı Lalinin tanışı Giorgi adlı şəxs ona vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan Yunanıstan Respublikasına məxsus pasportu və Yunanıstan Respublikasında müvəqqəti yaşayış üçün icazə sənədini vermişdir. Pasportla Azərbaycan Respublikasından asan şəkildə Yunanıstan Respublikasına gedə biləcəyini düşünərək və bu məqsədlə həmin pasportla Azərbaycan Respublikasına giriş etməyi qərara almışdır. 22 iyun 2024-cü il tarixdə, saat 02 radələrində “Heydər Əliyev” X7 sənədlərin rəsmiləşdirilməsi zamanı sərhəd naryadına saxtalaşdırılmış, Yunanıstan Respublikasına məxsus AA8014318 nömrəli pasportu təqdim etmişdir. Lakin o, sənədlərin rəsmiləşdirilməsi zamanı sərhədçilər tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər Əliyev X7” sərhəd nəzarəti şöbəsinin növbə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, 21 iyun 2024-cü il, saat 20:00-dan 22 iyun 2024-cü il, saat 09:00-dək X9 Hava Limanı SNŞ-də 1 №-li Terminalda gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 22 iyun 2024-cü il tarixdə saat 02:13 radələrində nəzarətçi işləyən Şahid1 R-0078 saylı İstanbul- Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, 20 fevral 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs təqdim etdiyi AA8014318 nömrəli pasportunu rəsmiləşdirdiyi zaman həmin pasportda saxtalaşdırma əlamətlərinin olması ilə bağlı şübhəsini bildirmişdir. Dərhal Şahid1 yaxınlaşaraq Təqsirləndirilən şəxs təqdim etdiyi AA8014318 nömrəli pasportu təkrar olaraq böyüdücü lupa və “Regula 4203” markalı cihazla yoxlamış və saxlaşdırma əlamətlərinin olması, yəni müdafiə elementlərinin olmamasını, mikroçapların və ofsetin nümunəyə uyğun olmamasını müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə “Heydər Əliyev” X11 SNŞ-də saxlanılaraq müvafiq sənədləşdirmə işləri aparılmışdır. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Heydər Əliyev” X7 sərhəd nəzarəti şöbəsinin nəzarətçisi işləyən Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin xx.xx.2024-cü il tarixli, 3-38/33/2-16-1023//24 nömrəli məktubundan görünür ki, xx.xx.2024- cü il tarixdə, saat 02:13-də R-0078 saylı İstanbul- Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn, Türkiyə Respublikası vətəndaşı 20 fevral 1990-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi AA8014318 nömrəli Yunanıstan Respublikasına məxsus pasportda saxtalaşdırma şübhəsi olması səbəbindən saxlanılmışdır; - İnzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 08:05–də tutulmuşdur; - Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/785 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan AA seriyalı, ******* nömrəli Yunanıstan Respublikasına məxsus pasportun vərəqləri xüsusi mühafizə vasitələri ilə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə şırnaqlı çap üsulu ilə hazırlanmamışdır. Həmin pasport bu növ sənədlərin çap olunmasında istifadə olunan üsullarla hazırlanmamışdır. E seriyalı, 04875748 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin blankı mətbəə üsulla çap olunub, poliqrafik, texnoloji və fiziki-kimyəvi mühafizə vasitələri ilə təchiz edilmişdir. Təqdim edilmiş sənədlərdə hər-hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. Pasportda olan möhür və ştamp əksləri reylef klişelər vasitəsilə birbaşa vurulmuşdur. Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin və pasportun nümunəsi olmadığına görə ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan AA seriyalı, ******* nömrəli Yunanıstan Respublikasına məxsus pasportun və E seriyalı, 04875748 nömrəli Yunanıstan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin Yunanıstan Respublikasına məxsus müvafiq sənədlərə uyğunluğunun müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır; - Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/804 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan U seriyalı, 30081710 nömrəli Türkiyə Respublikasına məxsus pasport və **********8 nömrəli Türkiyə Respublikasının kimlik kartı mətbəə üsulla çap olunub, poliqrafik, texnoloji və fiziki-kimyəvi mühafizə vasitələri ilə təchiz edilmişdir. Təqdim edilmiş sənədlərdə hər-hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. Pasportda olan möhür və ştamp əksləri reylef klişelər vasitəsilə birbaşa vurulmuşdur. Türkiyə Respublikasının pasportunun və kimlik kartının nümunəsi olmadığına görə tədqiq olunan sənədlərin Türkiyə Respublikasına məxsus müvafiq sənədlərə uyğunluğunun müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, AA seriyalı, ******* nömrəli Yunanıstan Respublikasına məxsus pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd AA seriyalı, ******* nömrəli Yunanıstan Respublikasına məxsus pasport cinayət işinin materiallarında saxlanılmalı, 180 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 29,318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CMnin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 180 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınan AA8414318 nömrəli pasport cinayət işinin materillarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar