Məhkəmə qərarları › İş №1(003)-703/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-703/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-703/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 1(001)-393/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,313 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metmafetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 04 iyun 2024-cü il tarixdə saat 21:30 dəqiqədə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 14 saylı poliklinikanın yaxınlığında psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb Bakı şəhəri, Xəzər rayonu, Zuğulba qəsəbəsi, Zuğulba prospekti 100 ünvanında yerləşən Xəzər RPİ-nin 2-cü PŞ-nə gətirilərək həmin gün orada iş otağında saat 23:15 radələrində videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,313 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs oğıundan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə psixotrop maddə metamfetamini 10 manat məbləğində pula almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 14 saylı poliklinikanın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu 2-ci PŞ-nə dəvət etmiş, o da razılaşıb onlara etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamini, 1 manat pul, sol yan cibindən 2 ədəd siqaret, 1 ədəd alışqan, 1 ədəd ətiri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Xəzər RPİnin 2-ci PŞ-də əməliyyat müvəkkili işləyir. 04 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 14 saylı poliklinikanın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demiş və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Xəzər RPİ-nin 2-ci PŞ-nə dəvət etmiş, o da razı olaraq onlarla birlikdə 2-ci Polis Şöbəsinə gəlmişdir. 2-ci PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş ağ rəngli psixotrop maddə matemfetamini, 1 manat pul, sol yan cibindən 2 ədəd siqaret, 1 ədəd alışqan, 1 ədəd ətiri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə kimi tanıdığı metamfetamin olmasını, həmin bükümün onun özünə məxsus olmasını, həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində tanımadığı şəxsdən 10 manat məbləğində pula almasını bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş fiziki-kimyəvi ekspertizanın 05 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3117 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün №193” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddə: /imza/ Təqsirləndirilən şəxs: /imza/ Müdafiəçi: /imza/ Şahid1: /imza/ Şahid2: təhqiqatçı: /imza/ F.Məmmədov” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi- 0,313 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrinin siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 iyun 2024-cü il tarixli, 4225 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomoniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 69.3-cü maddələrinə əsasən 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan: -Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 1(001)-393/2024 nömrəli, 18 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. -şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 04 iyun 2024-cü il tarixdə, saat 22:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 iyun 2024-cü il tarixdə, saat 21:30-dan tutulmuş hesab edilmişdir. - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, üzərinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 2 ədəd siqaret, 1 ədəd alışqan, 1 ədəd ətir, həmin cins şalvarın sağ yan cibindən 1 manat pul və gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə olan “metafetamin” olduğunu, həmin bükülülünü xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülünün içərisində bərk formalı şəffaf rəngli kristall parçaları psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş bir ədəd gümüşü rəngli kağızın içərisində olan psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru isgəndərov Əli əsgər oğlu tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsinin 1(001)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, cəzasının əvvəli həmin tarixə, sonu isə xx.xx.2026-cı il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 19 gününü çəkmiş, çəkilməmiş hissəsi 01 il 05 ay 7 gün təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və Binəqədi Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Həmin hökm üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını icra edərkən, yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunmamış və onun islah edilməsi, cəzanın məqsədinə nail olmaq üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən “Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,263 qram psixotrop olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən ediməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 1(001)- 393/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il, 05 (beş) ay, 06 (altı) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,263 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 6 saata görə 36 manat, ümumilikdə 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar