Məhkəmə qərarları › İş №1(003)-71/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-71/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-71/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada xadimə işləyən, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri F.Əmirov küçəsi ev 48-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə-Hövsan Südçülük sovxozu yolunun 4,6-cı km-də, üzü Hövsan Südçülük sovxozu istiqamətində yolun sağ tərəfində fəaliyyət göstərən “193 avtoyüyücü”nun qarşısında Zərərçəkmiş şəxs onun qızı X2 zəng etməsi, SMS mətnləri göndərməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində mübahisə etmiş, münaqişə zamanı Zərərçəkmiş şəxs qəsdən sol sarğı və sol bud nahiyəsinə cib bıçağı ilə qəsdən bir neçə dəfə vuraraq sonuncuya sol sarğının və sol budun deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, oğlu Şahid oğu və qızı X4 ilə birlikdə yaşayır. Həyat yoldaşı Rasim Rüstəmovdan rəsmi olaraq 2004-cü ildə boşanmış, hazırda onun harada yaşaması barədə heç bir məlumatı, onunla münasibəti yoxdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində oğlu Müşfiq ona zəng vurub Ləmanın istifadəsində olan ***- ***-**-** nömrəsinə Binə qəsəbə sakini Çingizin SMS mətnləri göndərdiyini, bir-biri ilə telefonda danışdıqlarını söyləmiş, bu məsələyə aydınlıq gətirmək üçün Çingizin iş yerinə, yəni Binə qəsəbəsindəki avtoyuma məntəqəsinə getdiyini demişdir. Müşfiqə işdən çıxdığını və yolda olduğunu, qeyd olunan yerə çatmaq üzrə olduğunu deyib, Binə qəsəbəsində yerləşən məsçidin yanında onunla görüşmüş və saat 16:20 radələrində birlikdə Çingizin işlədiyi avtoyuma məntəqəsinə çatmışlar. Oraya çatan kimi Müşfiq Çingizin yaxasından yapışmış və onunla dalaşmışdır. O, onları ayırmaq və normal söhbət etmək istəmiş, bir anda Müşfiq Çingizi yerə yıxmışdır. Yerdə onları ayırmağa çalışmış, Çingiz Müşfiqi tutub buraxmadığından çantasında olan, meyvə doğramaq üçün saxladığı cib bıçağını çantadan çıxarıb yavaşca Çingizin sol buduna vurmuşdur. Çingiz əvvəl Müşfiqi buraxsa da, sonra yenidən onun üstünə atılmış və bu zaman Müşfiq dizi ilə Çingizin sifətinə vurmuş və onlar yenidən yerdə yaxalaşıb dartışmışlar. Yenidən Çingizin sol buduna bıçaqla vurub onu Müşfiqi buraxmağa məcbur etmişdir. Bu zərbədən sonra Çingiz və Müşfiq ayrılmış və o, Müşfiqi özü ilə evə aparmışdır. Qızı Ləmandan isə telefonunu almış, ona evdən çıxmasına, Çingizlə əlaqə saxlamasına qadağa qoymuşdur. Həmin gün faktla bağlı izahatları alınmış və qeyd etdiyi cib bıçağı protokola əsasən götürülmüşdür. Növbəti gün isə Çingizlə görüşüb bu münasibətlərə aydınlıq gətirmiş, Çingizin münasibətinin hansı formada ciddi olduğunu öyrənmişdir. Hadisəyə kimi nə özünün, nə də X1 münasibəti olmasını, bir-birlərini tanımalarını bilməmişdir. Çingizlə eyni qəsəbənin sakini olaraq qonşu evlərdə yaşasalar da, onunla hər hansı münasibəti olmamışdır. Münaqişə ümumilikdə təxminən 5 dəqiqə davam etmiş, ətrafda təxminən 5- 10 nəfər tanımadığı şəxs olmuş, lakin onlardan heç biri münaqişəyə müdaxilə etməmişdir. Hadisə zamanı nalayiq ifadələr işlədilməmiş, söyüş söyülməmişdir, münaqişə zamanı o, özü heç bir xəsarət almamışdır. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq Çingiz ilə barışiq əldə etmiş və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də Çingizin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 10 ildir Binə qəsəbəsi Hövsan Südçülük sovxozu nömrəsiz fərdi tikili evdə yaşayır. 2020-ci ilin avqust-sentyabr ayları ərzində Binə-Hövsan Südçülük sovxozu avtomobil yolunun sağ tərəfində fəaliyyət göstərən avtoyuma məntəqəsində işləmiş, orada avtomobillərin yuyulması işi ilə məşğul olmuşdur. 2020-ci ilin təxminən iyul ayında Binə qəsəbəsində yaşayan “Ləman” adlı bir qızla təsadüfən tanış olmuş, bir-birinə öz telefon nömrələrini verib tez-tez zəngləşib danışmış, SMS mətnləri göndərmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə Ləmana zəng vurmuş, lakin ona zəng çatmamışdır. Ləmanın telefonunu ailə üzvlərinin əlindən alıb və onların danışdıqlarını öyrəndiyini başa düşmüşdür. Ləmanla ailə qurmaq niyyəti ilə tanış olmuş və əlaqə saxlamış, onun qardaşı Müşfiqi və anası Qərənfili tanımışdır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:20 radələrində işlədiyi avtoyuyucuda olan zaman Müşfiq və Qərənfil onun yanına gəlmişlər. Onlar mübahisə edib Ləmanla aralarındakı əlaqənin kəsilməsini tələb etmişlər. Fikrinin ciddi olduğunu söyləmiş, bu əsnada aralarında dartışma yaranmış və o, yerə yıxılmışlar. Həmin vaxt sol budu sıyrılmışdır. Qərənfil onun sol bud nahiyəsinə hansısa əşya ilə zərbə vurmuşdur. O, Müşfiqi buraxmış və hər ikisi ayağa qalxmışdır. Qərənfilin əlində bıçağa oxşayan əşya görmüşdür. Əyilib buduna baxan zaman Müşfiq sağ dizi ilə onun sol gözünə zərdə vurmuşdur. Bu səbəbdən yenə yaxalaşıb dartışaraq yerə yıxılmışlar. Həmin vaxt Qərənfil əlindəki bıçağa oxşayan əşya ilə yenidən onun sol bud nahiyəsinə zərbə vurmuşdur. Bununla da aralanıb ayağa qalxmışlar. Qərənfil və Müşfiq çıxıb getmiş, münaqişə başa çatmışdır. Təcili yardım çağırmış və həkimlər onu götürüb 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Orada tibbi yardım alıb evə buraxılmışdır. Bundan sonra araşdırma aparılmış, ərizə və izahatı alınmış, məhkəmə-tibbi müayinə olunmuşdur. Növbəti gün Qərənfil və Müşfiq yaşadığı evə gəlib məsələnin hansı ciddiyyətdə olduğundan məlumatsız olduqlarını, onun Ləmanı yoldan çıxarmağa çalışdığını zənn etdiklərini, bu səbəbdən də mübahisə yarandığını deyərək onları bağışlamağı xahiş etmişlər. Münaqişə ümumilikdə təxminən 5 dəqiqə davam etmiş, ətrafda təxminən 5-10 nəfər şəxs olmuş, lakin onların heç birini tanımamışdır. Avtoyuma məntəqəsində tək işlədiyindən yanında heç kim, o cümlədən müştəri olmamış, hadisə zamanı söyüş və ya nalayiq ifadələr işlədilməmişdir. Hazırda Qərənfil onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Qərənfildən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Qərənfil barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, anası Təqsirləndirilən şəxs və bacısı X4 ilə birlikdə yaşayır. X6 anası Təqsirləndirilən şəxs rəsmi olaraq 2004-cü ildə boşanıb, hazırda atasının harada yaşaması barədə heç bir məlumatı, onunla münasibəti yoxdur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində bacısı Ləmanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə SMS mətni gəldiyini görüb telefonu götürüb baxmışdır. Telefonda bir oğlanla Ləmanın danışdığını və onların bir-birinə SMS mətnləri göndərdiyini müəyyən etmiş, bu səbəbdən də Ləmanla mübahisə etmiş, SMS yazanın şəxsiyyəti ilə maraqlanaraq onun Binə qəsəbəsində avtoyuma məntəqəsində işlədiyini öyrənmişdir. Bununla bağlı anasına məlumat vermiş, anası yolda olduğunu və artıq çatmaq üzrə olduğunu demişdir. Binə qəsəbəsindəki məsçidin yanında görüşərək birlikdə Çingizin işlədiyi avtoyuma məntəqəsinin yanına getmişlər. Orada Çingizdən bacısına SMS mətnləri yazmamasını tələb etmiş, bu əsnada aralarında dartışma yaranmış və yerə yıxılmışlar. Anası Qərənfil onları ayırmağa çalışsa da, Çingiz onu buraxmamışdır. Birdən Çingiz onu buraxmış və hər ikisi yerdən ayağa qalxmışdır. Bu zaman o, dizi ilə Çingizin sifət nahiyəsinə zərbə vurmuşdur. Yenə yaxalaşıb yerə yıxılmışlar və bu zaman anası onları ayırmışdır. Anası ilə hadisə yerindən gedən zaman o, ona demişdir ki, Çingizin onu buraxmadığını görüb çantasında olan cib bıçağı ilə Çingizin sol bud nahiyəsinə iki dəfə vurmuş, bundan sonra Çingiz onu buraxmışdır. Münaqişə ümumilikdə təxminən 5 dəqiqə davam etmiş, ətrafda təxminən 5-10 nəfər tanımadığı şəxs olmuş, onların heç biri münaqişəyə müdaxilə etməmiş, hadisə zamanı nalayiq ifadələr işlədilməmiş, söyüş söyülməmiş, həmin vaxt özü heç bir xəsarət almamışdır. Evdə anası ilə birlikdə Ləmandan telefonunu almışlar, onun evdən çıxmasına, Çingizlə əlaqə saxlamasına qadağa qoymuşlar. Həmin gün faktla bağlı izahatları alınmış və qeyd etdiyi cib bıçağı protokola əsasən anası Qərənfildən götürülmüşdür. Növbəti gün isə Çingizlə görüşüb bu münasibətlərə aydınlıq gətirmişlər. Çingizin münasibətinin hansı formada ciddi olduğunu öyrənmişlər. Bu hadisəyə kimi anası Qərənfilin və özünün Zərərçəkmiş şəxs bacısı Ləmanla tanışlıqları, onların bir-biri ilə telefon əlaqəsi barədə məlumatı olmamışdır, həmçinin Çingizlə eyni qəsəbədə, qonşu evlərdə yaşasalar da, onunla hər hansı münasibəti olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı söyləmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və xx xxxxxxxx 2020-ci il tarixli protokola əsasən götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassayə malik olan, soyuq silah hesab edilməyən və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməyən turist bıçağı maddi sübut kimi tanınmış, işin məhkəmə həllinədək saxlanması üçün Bakı şəhəri Xəzər RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3/1269 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassayə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X3 X8 Bakı şəhəri Xəzər rayon şöbəsinin 1001 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxxx 2020-ci il tarixdə yetirilməsi istisna olunmayan, deşicikəsici təsirə malik əşya (alət) ola bilsin bıçaq təsirindən yetirilə bilinən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol sarğının və sol budun deşilmiş-kəsilmiş yaraları, küt əşya (əşyalar) təsirindən yarana bilən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən sol göz orbitasının qançırı, sol budun sıyrığı xəsarətləri aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 64,00 (altmış dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 cəmi 18,00 (on səkkiz) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 64,00 (altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 cəmi 18,00 (on səkkiz) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar