Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-71/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X2 iştirakları ilə, 22 yanvar 1984-cü il tarixdə Türkiyə Respublikasının Yerköy rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, Türkiyə Respublikasında fəaliyyət göstərən “Dərya tekstil” şirkətində satış meneceri işləyən, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikasında fəaliyyət göstərən “Dərya tekstil” şirkətində satış meneceri işləyən, məhkumluğu olmayan, Türkiyə Respublikası İstanbul şəhəri Fatih rayonu Ak Şəmsəddin məhəlləsi Yaren küçəsi 3 Fatih ünvanında qeydiyyatda olmaqla ünvan 1 yerləşən “Atlas Hotel”də faktiki yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan respublikası CM-nin) 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə özünə məxsus 10000 (on min) ABŞ dollarını üzərində “GUARD” yazılmış əl çantasına qoymuş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “EWONİX” yazılmış çamadanda olan qara rəngli şalvarın sol ön cibinə 12000 (on iki min) ABŞ dollarını, göy rəngli şalvarın sağ ön cibinə 10000 (on min) ABŞ dollarını, digər açıq göy rəngli şalvarın arasına isə 10000 (on min) ABŞ dolları yerləşdirmiş, həmin gün saat 15 radələrində TK335 Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin inzibati ərazisində yerləşən X6 Hava Limanında fəaliyyət göstərən, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda əl çantasındakı 10000 (on min) ABŞ dollarını Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, müşayiət etdiyi çamadandakı 32000 (otuz iki min) ABŞ dollarını isə gömrük nəzarətindən gizli, ümumilikdə xeyli miqdarda, 71400 (yetmiş bir min dörd yüz) manat məzənnəsində 42000 (qırx iki min) ABŞ dollarını qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Türkiyə Respublikasında yaşayır, lakin işləri ilə əlaqədar olaraq Azərbaycan Respublikasına gedib-gəlir. Uzun müddətdir ki, Türkiyə Respublikasının İstanbul şəhərində tekstil sahəsi üzrə fəaliyyət göstərməklə “Dərya Tekstil” şirkətində satış meneceri işləyir. Çalışdığı şirkət ailə şirkətidir və özü də satış təmsilçisi olaraq həmin şirkətin adından özlərinə məxsus olan malları satır. Həmin şəhərin “Aksaray” adlanan ərazisində ofisləri vardır və müştərilərin qəbulunu, onlarla işgüzar görüşləri orada keçirirlər. Ofislərinə Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlar da müraciət edirlər və onlar həmin müraciətlər əsasında Azərbaycana da karqo vasitəsilə müxtəlif tekstil malları göndərirlər. Bu iş əsnasında mütəmadi olaraq Azərbaycan Respublikasına gəlir. Azərbaycana səfərləri zamanı həm işlə bağlı, həm də ticarət fəaliyyəti sayəsində tanıdığı dostları ilə görüşür. Bakı şəhərinə sonuncu səfəri 12 iyun 2021-ci il tarixdə baş tutmuşdur. Səfərinin əsas məqsədi burada yaşayan dostları ilə Azərbaycanın Vətən Müharibəsindəki zəfərini bayram etmək, həm də xəstə qızının müalicəsi üçün lazım olan pulu ona borclu olan şəxslərdən toplamaq olmuşdur. Balaca qızı X10 böyrək çatışmazlığından əziyyət çəkir və sağlamlığına qovuşmasına görə əməliyyatı üçün müəyyən məbləğdə pul lazımdır. Azərbaycanda olduğu müddət ərzində Bakı şəhərinin “Binə” və “Sədərək” ticarət mərkəzlərində bir çox şəxslə işgüzar görüşlər keçirmişdir. Azərbaycan Respublikasına gəldikdə üzərində 9400 ABŞ dolları pul olmuş, həmin puldan 900 ABŞ dollarını xərcləmiş, bundan başqa, satdığı malların qarşılığı olaraq 31000 ABŞ dolları Vidadi Əhməd oğlu kimi tanıdığı şəxsdən, 5000 ABŞ dollarını Elşad Astanov kimi tanıdığı şəxsdən, 4500 ABŞ dollarını isə Namiz Balaşov kimi tanıdığı şəxsdən almışdır. Həmçinin oğlu Türkiyədə həkim kimi çalışan Həsən kimi tanıdığı şəxsdən 3000 ABŞ dollarını almışdır. Belə ki, Həsənin oğlu Şirvan kimi tanıdığı şəxs Türkiyənin İstanbul şəhərində yerləşən Marmara Universitetində həkim işləmişdir. Onunla təxminən 2019-cu ilin əvvəlindən bir-birlərini tanıyırlar və səmimi münasibətləri vardır. Bir dəfə söhbət əsnasında 2021-ci ilin may ayında ondan avtomobil almaq məqsədi ilə 3000 ABŞ dolları məbləğində borc almış və Bakı şəhərinə gələcəyi halda atasının ona həmin pulu qaytaracağını bildirmişdir. Beləliklə, ümumilikdə 43500 ABŞ dolları məbləğində özünə məxsus pulları qəbul etmişdir. 15 iyun 2021-ci il tarixdə günorta saatlarında hoteldə çantasını və çamadanını yığmışdır. 20000 ABŞ dollarını qara rəngli əl çantasına, 32000 ABŞ dollarını isə çamadana qoyduğu şalvarın ciblərinə, balağına qoymuş və tanışı Elşənlə birlikdə Hava Limanına yola düşmüşlər. Həmin gün saat 15 radələrində Bakı şəhərində yerləşən X9 Limanına çatmış və çamadanı baqaja təhvil verib qara rəngli çantasını əl baqajı kimi üzərində saxlamışdır. Pasport nəzarətindən keçdikdən sonra təyyarəyə minməyi gözləyən zaman gömrük əməkdaşları ona yaxınlaşmış və əl çantasına, çamadanına keçirilən baxış zamanı ümumilikdə 52000 ABŞ dolları aşkar edilərək götürülmüşdür. Bir daha bildirir ki, müşayiət etdiyi əl çantasından və çamadandan aşkar edilərək götürülmüş pullar ona məxsusdur, ticarət fəaliyyəti nəticəsində əldə etmişdir. Pul dağılmasın və ya əzilməsin deyə 32000 ABŞ dollarını çamadanda olan şalvarların ciblərinə qoymuşdur. Baqaja təhvil verdiyi çamadan xırda ölçülü olmuş, normal şərtlər altında səfərləri zamanı həmin çamadanı da əl baqajı kimi özü ilə birlikdə götürmüşdür. Lakin bu səfərində pandemiya ilə əlaqədar həmin ölçüdə çamadanın baqaja verilməli olduğunu bildirildiyindən məcbur qalıb çamadanı baqaja təhvil vermişdir. Əl çantasında isə şəxsi istifadəsi üçün, şəkər və panik atak xəstəliyinin müalicəsi üçün qəbul etdiyi dərmanlar olduğundan ora yalnız 20000 ABŞ dollarını qoya bilmişdir. Pulları ayrı-ayrı qoymaqda hər hansı başqa məqsədi olmamışdır, çünki hər iki çantasının yanında olacağını fikirləşmişdir. X1 onun müşayiət etdiyi çanta və çamadanda 52000 ABŞ dollarının olmasından xəbəri olmamışdır, onlar uzun müddətdir tanışdırlar, Bakıda olan zaman onunla görüşə bilmədiyi üçün ən azından Hava Limanına gətirməklə ona yaxşılıq etmək istəmişdir. Türkiyə Respublikası vətəndaşı olduğundan Azərbaycan Respublikası qanunlarını bilmədiyi üçün pulla bağlı məlumat verməyin vacib olduğunu bilməmiş, bu səbəbdən də üzərində olan 52000 ABŞ dolları məbləğində pulun olması barədə gömrük orqanına məlumat verməmişdir. İlk dəfə törətdiyi bu əməldən peşmandır, himayəsində üç azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X3 Tətbiqi şöbəsinin böyük inspektoru Şahid1 göstərdi ki, xidməti vəzifəsi X6 Aeroportunun 1-ci terminalında gömrük nəzarətini həyata keçirən əməkdaşların iş bölgüsünü həyata keçirmək və işlərə ümumi nəzarətdən ibarətdir. 15 iyun 2021-cu il tarixdə, saat 17 radələrində növbəlik cədvəlinə əsasən Bakı-İstanbul aviareysi ilə gedən sərnişinlərin təyyarəyə təqdim etdikləri baqajlara rentgen qurğusu vasitəsilə Hava Limanının bunkerində gömrük baxışını həyata keçirən Şahid2 onunla əlaqə saxlayaraq baqajların birində pul təsvirləri gördüyünü, üzərindəki birkada olan məlumatlara əsasən baqajın Təqsirləndirilən şəxs adlı şəxsə məxsus olduğu barədə məlumat vermişdir. Dərhal məsələni araşdırmaq və qeyd edilən baqaja baxış keçirilməsini təmin etmək üçün bunkerə gedib hava limanı işçilərindən Təqsirləndirilən şəxs adlı Türkiyə Respublikası vətəndaşını həmin yerə gətirmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs steril zonadan bunkerə gətirildikdən sonra onun çiyninə asdığı da əl çantasında da xarici valyuta vəsaiti olması məlum olmuşdur. Təqsirləndirilən şəxs baqaja təqdim etdiyi çamadana, həmçinin müşayiət etdiyi əl çantasına gömrük baxışı keçirmək üçün onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət etmişlər. Binadakı yoxlama otağında dəvət olunmuş tərcüməçinin iştirakı ilə və videoçəkilişlə keçirilmiş gömrük baxışı zamanı Təqsirləndirilən şəxs məxsus qara rəngli əl çantasından 200 ədəd 100 nominallı əskinaslardan ibarət olmaqla 20000 ABŞ dolları, çamadandakı şalvarların ciblərindən və bir şalvarın balağına bükülmüş vəziyyətdə olmaqla, cəmi 32000 ABŞ dolları, beləliklə də ümumilikdə 52000 ABŞ dolları aşkar edilmişdir. Sonradan onun üzərində axtarış aparılmış, qanunvericiliklə qadağan edilmiş və ya bəyan edilməli olan hər hansı bir predmet aşkar olunmamışdır. Sonda araşdırma zərurəti ilə əlaqədar olaraq aşkar edilmiş pul vəsaitləri qablaşdırılmış, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Sənədləşmə işi başa çatdıqdan sonra toplanmış materiallar və aşkar edilmiş pullar araşdırma aparılması üçün aidiyyəti üzrə təhqiqat orqanına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus, baqaja təqdim etdiyi çamadandan ümumilikdə 32000 ABŞ dolları aşkar edilmiş, həmin pulun 12000 ABŞ dolları bir şalvarın, 10000 ABŞ dolları digər şalvarın yan cibində, qalan 10000 ABŞ dolları isə başqa bükülmüş şalvarın arasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Skanlaşdırma və X3 Tətbiqi şöbəsinin böyük inspektoru Şahid2 da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tərtib edilmiş 15 iyun 2021-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında və 30 iyun 2021ci il tarixli baxış keçirilməsi haqqında protokollarla Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus olan üzərində “GUARD” sözü yazılmış, çiyindən asılan qara rəngli əl çantasından əvvəlcədən gömrük orqanlarına şifahi, elektron və kağız üzərində yazılı formada bəyan etmədiyi 200 (iki yüz) ədəd 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla 20000 (iyirmi min) ABŞ dolları, üzərində “EWONİX” sözü yazılmış açıq sarı rəngli çamadanın içərisində olan qara rəngli şalvarın sol ön cibindən 12000 (on iki min) ABŞ dolları, göy rəngli şalvarın sağ ön cibindən 10000 (on min) ABŞ dolları, digər açıq göy rəngli şalvarın arasından 10000 (on min) ABŞ dolları olmaqla cəmi 32000 (otuz iki min) ABŞ dolları, ümumilikdə 52000 (əlli iki min) ABŞ dollarının aşkar edilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 12 iyul 2021-ci il tarixli, 5/724 nömrəli ekspert rəyindən görünür ki, 15 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 520 ədəd 100 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 62,00 (altmış iki) manatdır. İş materiallarında olan Pul vəsaitinin qaytarılması haqqında 03 sentyabr 2021-ci il tarixli Protokoldan görünür ki, 15 iyun 2021-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Təqsirləndirilən şəxs götürülmüş 52000 (əlli iki min) ABŞ dollarının 10000 (on min) ABŞ dolları Təqsirləndirilən şəxs qaytarılmış, daha sonra 42000 (qırx iki min) ABŞ dolları Əməliyyat-İstintaq Baş idarəsinin “zərflər üçün” möhürü ilə möhürlənərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bağlamasında yenidən qablaşdırılmışdır. İş materiallarında olan şəxsi yoxlama aparılması və yoxlama haqqında və əşyaların və sənədin götürülməsi haqqında protokollarla 15 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 42000 (qırx iki min) ABŞ dolları 11 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılır. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin TŞ-nin 16 iyun 2021-ci il tarixli arayışından və iş üzrə tərtib edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinə baxış keçirilməsinə dair “Baxış protokolu”ndan da görünür ki, 15 iyun 2021-ci il tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyutalar üzrə məzənnəsində 1 ABŞ dollarının 1.7 AZN olması nəzərə alınmaqla, 52000 (əlli iki min) ABŞ dolları 88400 (səksən səkkiz min dörd yüz) manat təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “Atlas Hotel”dən verilmiş 02 sentyabr 2021-ci il tarixli Arayışdan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ünvan 1 yerləşən “Atlas Hotel”də faktiki yaşayır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. İnsan Hüquqlarının və X5 Haqqında 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə özünə məxsus 10000 (on min) ABŞ dollarını üzərində “GUARD” yazılmış əl çantasına qoyması, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “EWONİX” yazılmış çamadanda olan qara rəngli şalvarın sol ön cibinə 12000 (on iki min) ABŞ dollarını, göy rəngli şalvarın sağ ön cibinə 10000 (on min) ABŞ dollarını, digər açıq göy rəngli şalvarın arasına isə 10000 (on min) ABŞ dolları yerləşdirməsi, həmin gün saat 15 radələrində TK335 Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən X6 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda əl çantasındakı 10000 (on min) ABŞ dollarını Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, müşayiət etdiyi çamadandakı 32000 (otuz iki min) ABŞ dollarını isə gömrük nəzarətindən gizli, ümumilikdə xeyli miqdarda, 71400 (yetmiş bir min dörd yüz) manat məzənnəsində 42000 (qırx iki min) ABŞ dollarını qaçaqmalçılıq yolu ilə keçirməsi onun özünün etiraedici ifadəsindən başqa, şahid ifadələri, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla da tam sübut edildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli, 68-VİQD Qanunun 1.38.1-ci bəndinə əsasən 206.1-ci maddənin dispozisiyasında “külli” sözü “xeyli” sözü ilə əvəz edilmişdir. Həmin Qanunun 1.38.2-ci bəndinə əsasən 206.1-ci maddənin sanksiyasında “beş” sözü “cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç” sözləri ilə əvəz edilmişdir. Bu Qanunun 1.38.4-cü bəndinə əsasən maddənin Qeyd hissəsinin birinci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur, onun cəmiyyətdən təcrid olunmadan da cəza çəkməsi və islah olunması mümkündür. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, cinayət törətdiklərinə görə təyin olunmuş cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilən həllar nəzərə alınmaqla tətbiq edilə bilər”. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında yaşayır, uzun müddətdir ki, Türkiyə Respublikasının İstanbul şəhərində tekstil sahəsi üzrə fəaliyyət göstərməklə “Dərya Tekstil” şirkətində satış meneceri işləyir. Çalışdığı şirkət ailə şirkətidir və özü də satış təmsilçisi olaraq həmin şirkətin adından özlərinə məxsus olan malları satır. Həmin şəhərin “Aksaray” adlanan ərazisində ofisləri vardır və müştərilərin qəbulunu, onlarla işgüzar görüşləri orada keçirirlər. Ofislərinə Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlar da müraciət edirlər və onlar həmin müraciətlər əsasında Azərbaycana da karqo vasitəsilə müxtəlif tekstil malları göndərirlər. Bu iş əsnasında mütəmadi olaraq işləri ilə əlaqədar Azərbaycan Respublikasına gedib-gəlir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün tətbiq olunmasını məqsədə uyğun hesab etmir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə yalnız azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nətiçəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş pullar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət- Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan pulun dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə pulların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan pul vəsaitinin müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş pulların müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Belə ki, həmin məbləğ Cinayət Məcəlləsində əmlak xarakterli cəza kimi nəzərdə tutulmuş cərimə cəzasının yuxarını həddindən də böyükdür. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. Məhkəmə Dövlət Gömrük Komitəsinin Xəzinəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş 42000 (qırx iki min) ABŞ dolları məbləğində pula dair münasibət bildirərək hesab edir ki, həmin pullar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri – 62,00 (altmış iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmeti olan 71400 (yetmiş bir min dörd yüz) manat məzənnəsində pulun qırx faizi miqdarında, yəni 28560 (iyirmi səkkiz min beş yüz altmış) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan bəyan edilməmiş 42000 (qırx iki min) ABŞ dollarını məbləğində pul hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 62,00 (altmış iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-71/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-71/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver